1918-ci il mart soyqırımı. Müsavatın sosial bazasını məhv etmək, Azərbaycan milli hərəkatına divan tutmaq üçün bolşeviklər milli qırğından istifadə etdilər. Bakı Sovetinin 1918-ci il martın 15-də keçirilən iclasında S.Şaumyan azərbaycanlıların soyqırımına göstəriş verdi. Şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin tərk-silah edilməsi milli qırğına başlamaq üçün bəhanə oldu. Daşnaksütyun Partiyası və erməni milli şurası bolşeviklərin tərəfinə keçdi. Müsəlmanlara ilk atəş 1918-ci il martın 30-da saat 16:00-da erməni kilsəsinin yanında açıldı. Müsəlmanların guya İçərişəhərdə rusları qırması barədə ermənilərin fitvasına inanan rus matrosları da azərbaycanlılara qarşı çıxaraq onları atəşə tutdular. Martın 31-də “Kərpicxana”, “Məmmədli” və s. azərbaycanlı məhəllələrinə bolşevik-erməni hərbi dəstələrinin hücumları başladı. Qeyri-bərabər döyüşdə soyqırıma məruz qalan müsəlmanlar martın 31-də müqaviməti dayandırdılar. Aprelin 2-də gecə keçənədək təkcə Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirildi. Şamaxı, Quba, Kürdəmir, Salyan və Lənkəran qəzalarında azərbaycanlı əhaliyə qanlı divan tutuldu. Şamaxıda 7 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 72 kənd dağıdılmışdı. Quba qəzasında 122 kənd yandırılmışdı. 1918-ci ilin sentyabrınadək Bakı quberniyasında 20 mindən çox azərbaycanlı öldürülmüşdü. Ümumiyyətlə bu soyqırım zamanı Azərbaycanda 50 minə qədər azərbaycanlı qətlə yetirilmişdir.