3. 1917-1918-ci ilin əvvəlində Azərbaycanda ictimai-siyasi vəziyyət. Azərbaycanlıların soyqırımı. 1916-cı ilin sonu-1917-ci ilin əvvəllərində Rusiyada inqilabi şərait yetişdi. Petroqrad fəhlələrinin üsyanı fevralın 27-də qələbə çaldı, çar hökuməti devrildi. Çarizmin yıxılması xəbəri Bakıya martın 2-də çatdı, şəhərdə mitinqlər keçirildi. Bakıda 2 hakimiyyət orqanı yaradıldı: bir tərəfdən (martın 7-də) 52 nəfərdən ibarət fəhlə deputatları Soveti, digər tərəfdən isə (martın 17-də) tərkibi burjuaziyadan ibarət olan Ictimai Təşkilatların Icraiyyə Komitəsi. 1917-ci il martın 9-da RSDFP-nin 5 nəfərdən ibarət Xüsusi Cənubi Qafqaz Komitəsi (2 bolşevik və 3 menşevik) və “Hümmət”in müvəqqəti Komitəsi seçildi. Martın 27-də müsəlman ictimai təşkilatlarının yığıncağında Bakı müsəlman ictimai təşkilatları Sovetinin müvəqqəti Komitəsi təşkil edildi (neft sənayeçisi Ş.Əsədullayev, müsavatçıların rəhbərlərindən M.Ə.Rəsulzadə və b.). Cənubi Qafqazdakı milli şuralar içərisində ən nüfuzlusu Bakı Müsəlman Milli Şurası idi.
Fevral inqilabından sonra Azərbaycanda başlanan milli-azadlıq hərəkatının əsas cəhətləri:
1)milli hərəkatın daha kütləvi səciyyə alması,
2)hərakata milli ziyalıların rəhbərlik etməsi;
3)əhalinin bütün təbəqələrinin milli dövlətçilik ideyası ətrafında birləşməsi.
1917-ci il aprelin 15-20-də Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayı Rusiya müsəlmanlarının birləşdirilməsi şüarı altında keçdi. Bu qurultayda yaranmış zəmin əsasında 1917-ci ilin iyun ayının ikinci yarısında federalistlər (Türk Ədəmi Mərkəziyyət Partiyası) Müsavatla birləşdi və Türk Federalist Müsavat Partiyası adlandı. 1917-ci il mayın 1-də fəaliyyətə başlayan Ümumrusiya müsəlmanlarının qurultayının gündəliyinə milli-məhəlli muxtariyyət, maarif, mədəniyyət, müəssislər məclisi, siyasi təşkilatlar və s. məsələlər daxil edilmişdi. 1917-ci ilin martında Bakıda bolşeviklərin “Ədalət” təşkilatı yaradıldı. 1917-ci ilin avqustunda “Birlik” təşkilatı yaradıldı. 1917-ci il oktyabrın 26-da Müsavat Partiyasının I qurultayı oldu. 1917-ci ildə Azərbaycanda milli-azadlıq uğrunda mübarizə 3 istiqamətdə aparılırdı:
1) müvəqqəti hökumətin əsarət altında olan xalqlar barəsində yeritdiyi müstəmləkəçilik siyasətinə qarşı;
2) Sovetlərə qarşı;
3)ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımın qarşısının alınması.
1917-ci il oktyabrın 25-də Petroqradda bolşevik çevrilişi nəticəsində Müvəqqəti hökumət devrildi. Oktyabrın 25-26-da V.İ.Lenin başda olmaqla sovet diktaturasının əsası qoyuldu. Bundan sonra Azərbaycanda başlayan istiqlaliyyət uğrunda mübarizə 1918-ci ilin may ayında milli dövlətçiliyin bərpası ilə nəticələndi.
Dostları ilə paylaş: |