Bakı Xalq Komissarları Soveti və onun antiazərbaycan siyasəti. Mart faciəsindən sonra bolşeviklər Bakıda siyasi hakimiyyətlərini möhkəmləndirmək üçün:
1) azərbaycanlılara məxsus bütün qəzet və jurnalları bağladılar;
2) şəhər təsərrüfatını Bakı Sovetinin-bolşeviklərin ixtiyarına keçirdilər;
3) aprelin 20-də Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Bakı şəhər Dumasını buraxdılar;
4) erməni milli şurasından başqa, bütün milli şuraların fəaliyyətini qadağan etdilər.
1918-ci il aprelin 25-də Bakı Xalq Komissarları Soveti yaradıldı, tərkibində cəmi 3 azərbaycanlı var idi. XKS-ə S.Şaumyan sədrlik edirdi. May ayında bütün köhnə hakimiyyət orqanları ləğv edildi. Fəhlə-kəndli milisi, şəhər, qəza, mahal xalq məhkəmələri yaradıldı, hərbi tribunal təsis olundu, fövqəladə komissiya yaradıldı. Bakı XKS-i Sosialist tədbirləri adı altında neft sənayesini və Xəzər Ticarət Donanmasını milliləşdirdi. 1918-ci ilin avqust ayınadək “qardaşlıq yardımı” adı ilə Azərbaycandan Sovet Rusiyasına 1 mln. 300 min ton neft və neft məhsulları göndərildi. Bakını hərbi cəhətdən möhkəmləndirmək məqsədilə V.İ.Leninin göstərişi ilə şəhərə 4 zirehli avtomobil, 13 təyyarə və bir çox hərbi dəstələr göndərildi. 1918-ci ildə Bakı XKS əsgərlərinin sayı 18 min nəfərə çatdırıldı ki, bunların da 13 min nəfəri erməni idi.
Dostları ilə paylaş: |