2. Azərbaycan döyüşçüləri ön cəbhədə, antifaşist Müqavimət və partizan hərəkatında. Müharibənin ilk günlərində 40 mindən çox oğlan və qız cəbhəyə könüllü getmək üçün icazə istədi. Azərbaycanda 1941-ci ilin avqustunda 402-ci, oktyabrında 223-cü, 1942-ci ilin mart-sentyabr aylarında 416-cı, avqust-sentyabrda 271-ci milli atıcı diviziyalar yaradıldı. Krımın müdafiəsində şəxsi heyətinin çoxunu itirmiş 77-ci diviziya 1942-ci ilin mayında respublikada yenidən yığıldı. Ümumiyyətlə, sovet ordusuna 640 minə yaxın azərbaycanlı, o cümlədən 10 min qadın səfərbərliyə alınmşdı.
1941-ci ilin dekabrında Novqorod yaxınlığında Pustinka kəndi uğrunda gedən döyüşlərdə kiçik leytenant İsrafil Məmmədov azərbaycanlılar arasında ilk dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adı aldı. Moskva ətrafında döyüşlərdə Həzi Aslanov “Qırmızı ulduz” medalı ilə, Borodino çölündəki döyüşlərdə pulemyotçu İdris Vəliyev (50 nəfərdən çox düşmən məhv etmiş) , təyyarəçi Hüseynbala Əliyev Leninqrad səmasında (6 düşmən təyyarəsi vurub), Mozdok rayonu uğrunda 402, 416, 223-cü Azərbaycan diviziyaları, Kerç, Rostov, Stavropol və Mozdok uğrunda 77-ci diviziya, Tuapse uğrunda Qafur Məmmədov, və b. igidlikləri ilə fərqlənmişlər. Polşa və Çexoslovakiya uğrunda 271-ci diviziyadan Ziya Bünyadov və 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşlər. 1942-ci ilin dekabrında Stalinqrad uğrunda döyüşdə qəhrəmanlıq göstərdiyinə görə H.Aslanov Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. 1944-cü ildə H.Aslanov ikinci dəfə Sovet İttifaqı qəhrəmanı adı ilə təltif olundu, lakin bu haqda fərman onun ölümündən 47 il sonra, 1991-ci ildə həyata keçirildi. H.Aslanov 1945-ci il yanvarın 24-də döyüş əməliyyatları getməyən bir yerdə müəmmalı şəkildə həlak oldu. 1943-cü ilin yayında H.Əjdərov Oryol şəhəri üzərinə qələbə bayrağını sancdı. Hərbi təyyarəçilər Adil Quliyev və Züleyxa Seyidməmmədova da fərqlənirdilər. 416-cı diviziya mayın 2-də Berlinin Brandenburq darvazası üzərinə qələbə bayrağı sancmışdı. Reyxstaqın alınmasında göstərdiyi rəşadətə görə Yusif Sadıqov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Mehdi Hüseynzadə Mixaylo ləqəbi ilə Yuqoslaviyada partizan dəstəsinin kəşfiyyatçı-təxribat qrupuna rəhbərlik etmişdi və 1944-cü ildə qeyri-bərabər döyüşdə son gülləni özünə vuraraq 26 yaşında həlak olur. 1957-ci ildə ona ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verildi. Smolenskidə İsmayıl Əliyev, Belorusiyanın Borisov şəhərində Ələkbər Əliyev, Polşada Hadı Qiyasbəyov və Mirzəxan Məmmədov, İtaliyada Əli Babayev, Vilayət Hüseynov, Əkbər Ağayev kimi qəhrəmanlarımız partizan hərəkatlarında şücaətlə vuruşmuşlar. Azərbaycandan 121 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. 30 nəfər “Şöhrət” ordeninin hər 3 dərəcəsi ilə, 175 min nəfər isə müxtəlif orden və medallarla təltif edildi.
Dostları ilə paylaş: |