1920-ci il aprel çevrilişindən sonra da Ermənistan Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ və Şərur-Dərələyəz torpaqlarını ələ keçirmək niyyətində idi. Erməni hərbi hissələri 1920-ci ilin yayında Zərgəzuru dağıdıb Naxçıvana hücum etdilər. Əhalinin tələbi ilə Naxçıvanı müdafiə etmək üçün Veysəl bəyin başçılığı ilə köməyə gələn türk qoşun hissələri Naxçıvanı nəzarət altına aldılar. 1920-ci ilin iyulunda XI Qırmızı ordu hissələri də Naxçıvana girdi. 1920-ci ilin avqustunda Sovet Rusiyası ilə Ermənistan arasında bağlanmış müvəqqəti sazişə görə, Şərur-Dərələyəz qeyd-şərtsiz Ermənistana verildi, rus qoşunlarının zəbt etdiyi Qarabağ, Zərgəzur və Naxçıvan mübahisəli ərazilər elan olundu. 1920-ci il oktyabrın əvvəllərində təcili olaraq Naxçıvanda fövqəladə komissarlığın yaradılması faktiki olaraq Naxçıvanı Ermənistan idarəçiliyinə vermək məqsədi güdürdü. Ermənistan sovetləşdikdən (29 noyabr 1920) sonra AK(b)P MK Siyasi və Təşkilat bürolarının 1920-ci il 30 noyabr tarixli qərarına müvafiq olaraq dekabrın 1-də Nərimanovun “…Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir…” bəyanatı erməniləri Azərbaycandan yeni ərazilər qoparmaq iddialarını daha da artırdı.