Siyasi mühacirət. Minlərlə adam siyasi motivlər üzündən 1920-ci il aprel işğalından sonra, dəhşətli kollektivləşmə illəri və 1937-1940-cı illərdəki kütləvi repressiyalar zamanı xaricə getməyə məcbur olmuşdu. 1919-cu ildə başda Ə.M.Topçubaşov olmaqla Paris sülh konfransına göndərilmiş Azərbaycan nümayəndə heyətinin üzvləri-M.Ə.Mehdiyev, C.Hacıbəyov, M.Məhərrəmov, Ə.Şeyxülislamov, A.Ağayev Avropada qalmışdılar. Təqribi hesablamalara görə II Dünya müharibəsinə kimi müəyyən vaxtlarda Azərbaycandan 50 mindən çox siyasi mühacir olmuşdu. Çoxu Türkiyədə məskunlaşmışdı. M.Ə.Rəsulzadənin təşəbbüsü ilə 1923-cü ildə “Müsavat” partiyasının Xarici Bürosu yaradılmışdı. Onun işində X.Xasməmmədov və M.S.Axundzadə fəal iştirak etmişdilər. M.Ə.Rəsulzadənin başçılığı ilə bütün müsəlmanları birləşdirmək məqsədilə 1924-cü ildə İstanbulda gizli fəaliyyət göstərən Azərbaycan Milli Mərkəzi yaradılmışdı. Azərbaycan mühacirləri Avropada fəaliyyət göstərmək məqsədilə 1924-cü ildə “Azərbaycan İstiqlal Komitəsi” təşkilatını yaratmışdı. Onların başlıca amalı Azərbaycanın müstəqilliyini bərpa etmək, vahid müstəqil Azərbaycan yaratmaq idi.