Şirvanşahlar dövləti. Xəzərin qərb sahilində yerləşən Şirvan vilayəti Kür çayından Dərbənd mahalının şimal hüdudlarına kimi olan ərazini əhatə edirdi. XIII əsrin əvvəllərində Şirvanşahlar dövlətini Güştasb (1203-1225) idarə edirdi. 1225-ci ildə III Fəribürz (1225-1243) ölkənin idarəsi ilə ciddi məşğul olmayan atası Güştasbı hakimiyyətdən qovdu və XIII əsrin ortalarına kimi Şirvanı idarə etdi. 1231-ci ildə monqollar Şirvana daxil oldular, 1239-cu ildə Şirvan və Dərbənd ələ keçirildi. Şirvanı idarə edən II Axsitan (1243-1260) Hülakülərin hakimiyyətini qəbul etməli oldu. Onun dövründə Şirvanşahlar tədricən öz müstəqilliyini itirdi. Şirvan hakimləri XIV əsrin 2-ci rübünə qədər Hülakülər tərəfindən təyin edilirdi. Şirvanşah Kavusun (1345-1372) dövründə Şirvanşahlar əvvəl Çobanilərdən, sonra isə Cəlairilərdən asılı vəziyyətə düşdülər. 1364-cü ildə Şirvanda Cəlairilərə qarşı üsyan qalxdı. 1367-ci ildə Şeyx Üveys Şirvana yürüş etdi. Kavus tutuldu, 3 aydan sonra azad edildi və yenidən Şirvana hakim təyin olundu. Kavus öldükdən sonra Şirvanı onun oğlu Huşəng (1372-1382) idarə etdi. 1382-ci ildə Huşəng öldürüldü və hakimiyyətə əmisi Şeyx İbrahim Dərbəndi (I İbrahim) gəldi (1382-1417).