Ağqoyunlu dövləti. Ağqoyunlular erkən orta əsrlərdə Cənubi Qafqazda, Qafqaz dağları ilə Araz çayı arasındakı ərazidə, həmçinin Cöyçə gölü ətrafında, Alagöz yaylaqlarında, həmçinin Azərbaycanın cənub bölgələri, Şərqi Anadolu, Qərbi İran, Dəclə və Fərat vadiləri də daxil olmaqla, çox geniş ərazidə yayılmışdılar. Ağqoyunluların başçısı Bayandur tayfasından olan Pəhləvan bəy idi (1370-1388). Pəhləvan bəyin Ağqoyunlu tayfalarını birləşdirmək uğrunda apardığı mübarizə nəticəsində XIV əsrin 80-ci illərində Ağqoyunlu tayfa ittifaqı Şərqi Anadolunun cənub torpaqlarında böyük qüvvəyə çevrildi. Pəhləvan bəyin ölümündən sonra hakimiyyətə gəlmiş Əlaəddin Turəlinin (1388-1394) Ağqoyunlu tayfa ittifaqını möhkəmləndirmək cəhdi nəticəsiz qaldı. XIV əsrin sonu-XV əsrin əvvəllərində Ağqoyunlu Qara Yuluq Osman bəy Sivas uğrunda mübaizələrdə Qaraqoyunlulara qalib gəldi və Diyarbəkirdə möhkəmləndi. Ağqoyunlu bəyliyinin əsası qoyuldu. Ərzincan və Mardin torpaqları da asılı vəziyyətə salında. Qara Yuluq Osman bəy (1394-1434) Diyarbəkiri Ağqoyunlu tayfa ittifaqının mərkəzi seçdi, öz adına pul kəsdirdi, feodal çıxışlarını yatırtdı. 1434-cü ildə Qaraqoyunlularla döyüşdə Osman öldürüldü, Ağqoyunlu tayfa ittifaqında daxili mübarizə şiddətləndi. Ağqoyunlu tayfa ittifaqının başçısı Əli bəy (1434-1444) bu münaqişələrdə müəyyən uğurlar qazandı. Az sonra Əli bəy öldü. Onun oğlu Cahangir Mirzə (1444-1453) qısa vaxtda Ağqoyunlu tayfalarını birləşdirdi və Diyarbəkirdə möhkəmləndi. Cahangir Mirzənin qardaşı Uzun Həsən (1453-1478) 1453-cü il yanvarın 16-da Diyarbəkirə daxil oldu, qardaşı Cahangir Mirzənin qüvvələrini dağıtdı. XV əsrin 50-ci illərində Uzun Həsən Gürcüstanın Qaraqoyunlulara tabe olan şərq hissəsini tutdu. 1467-ci il noyabrın 11-də Muş döyüşündə Qaraqoyunlular məğlub edildi və Cahanşah öldürüldü. Bağdada qədər ərazi Ağqoyunluların əlinə keçdi. 1468-ci ildə Uzun Həsən Azərbaycanın cənubunu və Qarabağı müqavimətsiz tutdu, Həsənəlini sıxışdırmağa başladı. Qaraqoyunluların xeyli hissəsi Ağqoyunlulara birləşdilər, Qaraqoyunlu dövləti dağıldı. Ağqoyunlu dövləti yarandı, paytaxtı Təbriz oldu. Cahanşahın ölümünü eşidən Teymuri hökmdarı Əbu Səid Ağqoyunlulara qarşı müharibəyə hazırlaşdı. Uzun Həsən müharibədən ehtiyat edərək anası Sara xatının başçılığı ilə zəngin hədiyyələrlə Əbu Səidin yanına nümayəndə heyəti göndərdi. Əbu Səid məqsədindən dönmədi. 1468-ci ilin payızında Əbu Səid Azərbaycanın cənub torpaqlarına daxil oldu. Uzun Həsən Şirvanşah Fərrux Yasar (1462-1501) və Səfəvi sülaləsindən olan Ərdəbil hakimi Şeyx Heydərlə ittifaqa girdi. Müttəfiqlər Əbu Səidi iqtisadi mühasirəyə aldılar. I Xəlilullahın vaxtında Şirvan Teymuri qoşununu ərzaqla təmin edirdi. Fərrux Yasar isə bundan imtina etdi və aclıq çəkən qoşun dağılmağa başladı. Əbu Səid 1468-1469-cu ilin qışında sülh təklif etdi, lakin Uzun Həsən rədd etdi və Teymuriləri darmadağın etdilər. Ağqoyunlu dövləti Kürdən Cənubda olan Azərbaycan vilayətlərini, Şərqi Anadolunu, Qərbi İranı, İraqı, Şərqi Gürcüstanı və s. əraziləri əhatə edirdi. Ağqoyunlu dövlətində başlıca təsərrüfat sahələri əkinçilik, ipəkçilik, üzümçülük, bağçılıq və maldarlıq idi. Şəhərlərdə sənətkarlıq və ticarət inkişaf etmişdi. Mərkəzi Asiya, Çin və Hindistanı Aralıq dənizi və Qara dəniz sahillərindəki ticarət mərkəzləri ilə birləşdirən karvan yolları Ağqoyunlu dövlətinin ərazisindən keçirdi. Əhalidən toplanan vergi və xarici ölkələrlə ticarətdən alınan gəlir Ağqoyunlu dövlətinin iqtisadi qüdrətinin əsas mənbəyi idi. Dövlətin daxili siyasətində, xüsusilə iqtisadi həyatında oturaq feodallar, ali müsəlman ruhaniləri və köçəri hərbi əyanlar mühüm rol oynayırdılar. Yenə də, Ağqoyunlu dövlətində daxili vəziyyət ağır idi. Ağır vergi və mükəlləfiyyətlərdən bezmiş əhali arasındakı hərəkatlar dövlətin siyasi əsasını sarsıdırdı. Uzun Həsən xalqın rəğbətini qazanmaq üçün bir sıra tədbirlər, vergi işlərini nizama salmaq üçün “Qanunnamə” verdi. Bu, əhalinin vəziyyətini yaxşılaşdırmadı. Uzun Həsən nizami ordu yaratdı, odlu silah istehsal etməyə təşəbbüs etdi, feodalların müqavimətini qırdı. Bəzi güzəştlərə getməyə də məcbur oldu. Lakin o, möhkəm mərkəzləşdirilmiş dövlət yarada bilmədi.