Azərbaycan Tibb Universiteti Fakültə: Kafedra: Patoloji Anatomiya Tələbə: Qrup: Mövzu



Yüklə 15.53 Kb.
tarix26.11.2016
ölçüsü15.53 Kb.
Azərbaycan Tibb Universiteti

Fakültə:

Kafedra: Patoloji Anatomiya

Tələbə:

Qrup:

Mövzu: Stomatit

Stomatit



Stomatit – ağız boşluğunun yumşaq toxumalarının (yanaq, yumşaq və sərt damaqlar, ağız boşluğunun dibi) selikli qişalarının iltihabına deyilir. Stomatit stomatoloji praktikada ən çox rast gəlinən xəstəliklərdən olub, bütün yaş qruplarında təsadüf edilir.

Stomatit ağız boşluğunda həm izolə olunmuş şəkildə, həm də digər ağız boşluğu üzvlərinin selikli qişalarının iltihabları – gingvit, xeylit və qlossit ilə birlikdə də inkişaf edə bilir. Müxtəlif klinik və morfoloji xüsusiyyətlərdən asılı olaraq stomatitlərin müxtəlif formaları ayırd edilir. Klinik gedişinə görə - kəskin və xroniki; morfoloji dəyişikliklərin xüsusiyyətlərindən asılı olaraq – seroz, kataral, fibrinoz, irinli (fleqmona və ya xırda irinciklər – apostematoz), qanqrenoz və s.; patoloji dəyişikliyin dərinliyindən asılı olaraq səthi və dərin stomatitlər və s. ayır edilir. İltihab ocağının xarici görünüşündən və morfoloji xüsusiyyətlərindən asılı olaraq stomatitlər xoralı, deskvamativ, kataral-xoralı, kataral-deskvamativ, irinciklər, ləkələr, vezikul, qovuqcuq, düyüncük, düyün, eroziya, afta və s. forma və xarakterlərdə ola bilirlər.

Afta” – bozumtul rəngli fibrinoz-ekssudativ ərplə örtülmüş və kınardan qırmızı rəngli nazik haşiyə ilə əhatə olunmuş oval formalı eroziyaya deyilir. Aftanın əmələ gəlməsi ilə müşaiyət olunan stomatitləri isə aftoz stomatitlər deyilir. Adətən ağrılı, xroniki gedişə və residivləşməyə meylli olur. Əhali arasında geniş yayılmış uşaq və yeniyetmə yaşlarda daha çox rast gəlinən bu patologiyanın etiologiyası dəqiq məlum deyildir. Lakin, afto stomatitlərin etiopatogenezində psixo-emosional əsəb gərginliklərin və stresslərin, autoimmun və yüksəkhəssaslıq reaksiyalarının xroniki residivləşən septiko-allergik vəziyyətlərin, hamiləliyin, infeksiyaların, xüsusilə də streptokok və stafilokokların və s. bu kimi bəzi amillərin böyük rolu göstərilir.

Əvvəllər stomatit yerli patogen amillərin təsirləri nəticəsində baş verən yerli xarakterli patologiya hesab edilirdi. Lakin sonradan məlum oldu ki, stomatit bəzən digər üzv və sistemlərin patologiyaları nəticəsində baş verən morfoloji əlamətlərdən və ya ağırlaşmalardan biri kimi də meydana çıxır. Bu səbəbdən stomatitlərin müasir təsnifatı nəinki klinik-morfoloji, eləcə də onların etio-patogenetik xüsusiyyətləri də nəzərə alınmaqla tərtib edilir. Hal-hazırda bütün stomatitlər aşağıdakı ayrı-ayrı qruplara bölünürlər.

1. Travmatik stomatitlər. Bu qrupa mexaniki amillərin, yüksək və aşağı temperaturların, şüalanmaların, kimyəvi maddələrin, dərman maddələrinin (medikamentoz stomatit), meteroloji amillərin kəskin və ya xroniki təsirindən baş verən stomatitlər aiddirlər. Patogen amillərin əsas etibarilə yerli xarakterli təsirləri nəticəsində baş verir və bütün stomatitlər içərisində ən çox rast gəlinən formalarıdır.

2. İnfeksion stomatitlər. Bəzi patogen mikroorqanizmlərin, xüsusilə də herpes virusların (HSV), bakteriyaların, göbələklərin, spiroxetlərin və s. təsirindən sərbəst şəkildə baş verir. Məsələn, Vensan spiroxetlərinin (Borrelia vinsenti) və fuzobakteriyaların (Fusobacterium fusiforme) birgə təsirilə inkişaf edən “Vensanın xoralı-nekrotik stomatiti”. Bu xəstəlik yalnız diş ətində lokalizə olunarsa, buna “xoralı-nekrotik gingvit” və ya “Vensan gingviti”, damaq badamcıqlarında yerləşərsə, “Vensan anginası” adlanır. Xoralı-nekrotik gingvit givostomatit adətən immun sistemi həddən artıq zəifləmiş şəxslərdə baş verir.

Bəzi hallarda isə infeksion stomatitlər müxtəlif kəskin və ya xroniki infeksion xəstəliklər (qızılca, skarlatina, dabaq, vərəm və s.), o cümlədən zöhrəvi xəstəliklər zamanı onların morfoloji əlamətlərindən və ya ağırlaşmalarından biri kimi inkişaf edir.

3. Allergik stomatitlərin patogenezini tez və ya ləng tipli reaksiyalar təşkil edir. Müxtəlif xarakterli və kimyəvi tərkibli allergenlərin, məsələn, dərman preparatları, diş məcunu, eliksir və s. maddələrin bilavasitə ağız boşluğunun selikli qişasına təsiri nəticəsində baş verə bilir. Buna kontakt allergik stomatit də deyilir. Bəzən isə müxtəlif allergik və ya toksiki-allergik, autoimmun xəstəliklərin əlaməti kimi də inkişaf edir. Məsələn, revmatik xəstəliklər və s.

4. Ekzogen intoksikasiyalar nəticəsində baş verən stomatitlər. Bu qrupa həmçinin peşə stomatitləri də daxil edilir.

5. Ayrı-ayrı üzv və sistemlərin müxtəlif patologiyaları, eləcə də müxtəlif metabolik pozğunluqlar nəticəsində inkişaf edən stomatitlər. Məsələn, avitaminozlar, endokrin xəstəliklər, mədə-bağırsaq traktı xəstəlikləri, hamiləlik patologiyaları, qan sistemi xəstəlikləri və s.



6. Bəzi dermatozlar zamanı baş verən stomatitlər. Məsələn, Dyurinq dermatit və s.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə