Kadrların planlaşdırılmasına təsir edən daxili amillərin yeri və rolu. İşlərin analiz edilməsi. Müəssisədaxili faktorlar analiz edilərkən əsas diqqəti xüsusilə müəssisənin işçi qüvvəsi baxımından güclü və zəif tərəflərini nəzərdən keçirməkdir.
İşçilərin səriştə və bacarığının analiz edilməsi.Planlaşdırma fəaliyyətini yüksək səviyyədə həyata keçirmək və bu planla uyğun olaraq müəyyən edilən işçi qüvvəsini əldə etmək üçün müəssisənin malik olduğu işçilərin sayı, bacarıqları, xüsusiyyətləri, güclü və zəif tərəfləri haqqında məlumata malik olmaq lazımdır. Bu işi müasir texnikanın yəni kompyuterlərin köməyi ilə də həyata keçirmək mümkündür. Müəssisədə işləyən işçilərlə əlaqədar verilənlər müəyyən sənədlərdə öz əksini tapmalıdır. Belə bir inventarlaşdırma fəaliyyətinin həyata keçirilməsi nəticəsində müəssisədə çalışan insanların yaşları, cinsləri, bacarıqları haqqında məlumatlar toplanır. Gələcəkdə bu məlumatlar, boşalan yerləri kadrlarla doldurmaq üçün istifadə olunur. İşçilərlə bağlı məlumatlar hər il, bəzən isə hər ay dəyişiklik göstərə bilər. Buna görə də bu məlumatlar mütəmadi olaraq gözdən keçirilməlidir. İşçilərə aid məlumatlar əsas etibarilə kadrlar uçotunun şəxsi vərəqində göstərilir. Bu vərəqələrdə işçinin adı, soyadı, cinsi, yaşadığı yer, doğum tarixi, işə daxil olduğu tarix, xarici dilbilmə qabiliyyəti, təhsili, aldığı maaş artımları, işləmə müddətində aldığı tərifnamələr və ya töhmətlərlə bağlı məlumatlar göstərilir. Eyni zamanda əmək kitabçasında göstərilən məlumatlar da bunlar arasındadır.
Kadr potensialına olan tələbatın proqnozlaşdırılması. Kadr potensialına olan tələbatın təhlil obyektlərinə aşağıdakı ünsürlər daxildir: vəzifənin(peşənin) adı; vəzifə (peşə) üzrə mövcud işçilərin sayı; vəzifə (peşə) üzrə mövcud vakant yerlərin sayı; vəzifə (peşə) üzrə yekun saylar; təhlil edilən dövr ərzində ştatlar üzrə kadr axınının faizinin öyrənilməsi; vəzifə (peşə) üzrə mövcud işçilərin yaş (təqaüd yaşı, həqiqi hərbi xidmətə çağırılma yaşı) göstəricilərinin öyrənilməsi; vəzifə (peşə) üzrə mövcud işçilərin staj göstəricilərinin öyrənilməsi; proqnozlaşdırılan dövr üçün kadr təminetmə imkanlarının öyrənilməsi; proqnozlaşdırılan dövr üçün vəzifə (peşə) üzrə mövsümi və müvəqqəti xarakterli işçilərin öyrənilməsi, proqnoza təsir etmə mümkünlüyünün öyrənilməsi; proqnozlaşdırılan dövr üçün kadr potensialına olan tələbata təsir edən digər faktorların və onların təsiretmə əmsallarının öyrənilməsi.