Dövlət gerbindəki simvolların məna və funksiyaları Dünya heraldika sənətində dövlət gerblərinin qalxan üzərində verilməsi təcrübəsi geniş yayılıb. Qalxandan dünya xalqları min illər boyu müdafiə, eləcə də milli simvolların nümayiş etdirilməsi məqsədilə istifadə edib. Bu da bəllidir ki, Şərq xalqlarında qalxan milli döyüş alətlərindən biri olub, qəhrəmanlıq simvoludur. Qərbdəkilərdən fərqli olaraq, şərq qalxanı dairəvi formadadır. Dövlət gerbinin həmin qalxan üzərində təsvir edilməsi Azərbaycanın Şərq dövləti olduğunu, millətin Şərq sivilizasiyasına mənsubluğunu, xalqın şərqliliyini bildirməyə xidmət edir. Qalxanın içərisindəki dairəvi mavi, qırmızı və yaşıl rəng çalarları Azərbaycan bayrağında ifadə olunan türklüyü, müasirliyi və islamlığı təcəssüm etdirir. Qalxanın ortasında yerləşən səkkizguşəli ulduz günəşin simvoludur. Günəş (eləcə də, Ay) dünya heraldika sənətində "əbədi, daimi, sonsuz həyat" mənasındadır. Günəş simvolunun ağ rənglə verilməsi isə "əmin-amanlıq, sülhsevərlik, barış" mənalarını verir. Günəşin mərkəzində alov təsviri "Odlar Yurdu"nu – Azərbaycanı simvolizə edir. Ümumiyyətlə, alov gerbşünaslıqda tərəqqi, inkişaf rəmzi sayılır. Bu simvolda qədim azərbaycanlılarda mövcud olmuş atəşpərəstlik, eləcə də oda sitayişlə bağlı milli ("Novruz" bayramında oda münasibət) ənənələr də nəzərə alınmışdır.
Palıd yarpağı möhkəmliyi, sünbül isə bərəkəti bildirir.
Səkkiz guşəli ulduz haqqında müxtəlif izahlar verilir. Bəzi tədqiqatçıların fikirlərində məsələyə dini aspektdən yanaşılır: səkkiz guşə cənnət sferasının rəmzidir. Təsadüfi deyil ki, riyaziyyatda da 8 sonsuzluq, yəni əbədi inkişafın göstəricisidir. Şumer əsatirində Tufan 7 gün 7 gecə davam edib və 8-ci gün Günəş tanrısı Utu Torpağa istilik göndərib.
Bəzi izahlarda isə səkkiz guşəli ulduz "Odlar Yurdu"-nun səkkiz hərflə yazılışına işarədir.
Bir çox mənbələrdə isə belə məlumat verilir: Səkkiz guşəli ulduz türk xalqlarının səkkiz müxtəlif qolunun rəmzi əksidir.
Azərbaycan Respublikasının bayrağı — Azərbaycan Respublikasının rəsmi simvollarından (himn və gerblə birlikdə) biri. Bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. 5 fevral 1991-ci ildə bayraq həmin il müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2010-cu ildən etibarən hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.