Azərbaycan XV əsrin sonu XVI əsrin əvvəllərində. XV əsrin sonunda Səfəvi dövlətinin yaranması



Yüklə 22,59 Kb.
səhifə1/3
tarix16.10.2023
ölçüsü22,59 Kb.
#156213
  1   2   3
Azərbaycan XV -XVI əsrdə.


Azərbaycan XV əsrin sonu XVI əsrin əvvəllərində.

XV əsrin sonunda Səfəvi dövlətinin yaranması Azərbaycan ərazisində Ağqoyunlular və Şirvanşahlar dövlətləri mövcud idi. Səfəviyyə təriqətinin davamçıları olan feodal nümayəndələri Ərdəbil şəhəri və ətraf əraziləri müstəqil idarə etsələr də Ağqoyunlulardan asılı idilər. Uzun Həsənin hakimiyyəti illərində Ağqoyunlu dövləti Azərbaycandan başqa İraq-i Ərəb, Şərqi Anadolu, Qərbi İranı (İraq-i Əcəm, Xuzistan, Fars və Kirman) özündə birləşdirən qüdrətli bir dövlətə çevrilsə də, onun ölümündən sonra (5 yanvar 1478) varisləri arasında hakimiyyət uğrunda çəkişmələr mərkəzi hakimiyyəti zəiflətmiş, feodal ara müharibələrinin başlanmasına səbəb olmuşdu. Uzun Həsənin ölümündən sonra hakimiyyətə gələn böyük oğlu Sultan Xəlilin sülalə üzvləri arasındakı çəkişmələr nəticəsində hakimiyyəti 6 ay çəkmiş və qardaşı Yaqub tərəfindən hakimiyyətdən salınaraq öldürülmüşdür. Hakimiyyətə gələn Sultan Yaqubun (1478-1490) ölümündən sonra Ağqoyunlu dövləti zəifləmişdi. Az müddət ərzində Baysunqur (1490- 1492), Rüstəm (1492-1497), Gödək Əhməd (1497), Sultan Murad (1497-1500), Əlvənd (1498-1500), Məhəmmədi (1498- 1499) hakimiyyətdə olmuşlar. Məhəmmədinin Sultan Murad tərəfindən öldürülməsindən sonra Əlvəndlə Murad arasında hakimiyyət uğrunda mübarizə 1500-ci ildə Əbhər barışığı ilə nəticələndi. Tərəflər arasında bağlanan sülh müqaviləsinə əsasən Qızılüzən çayı sərhəd olmaqla Azərbaycanın cənub hissəsi, Qarabağ, indiki Ermənistan ərazisi Əlvəndin, İraq-i Ərəb, İraq-i Əcəm, Fars və Kirman Muradın hakimiyyəti altına keçdi. Azərbaycanın Şirvan bölgəsi isə Dərbəndi sülaləsinin hakimiyyəti altında idi. XV yüzilliyin sonunda feodal ara müharibələrinin artması ölkədaxili təsərrüfat əlaqələrinin inkişafına mane olur, məhsuldar qüvvələrin inkişafını ləngidir, kənd təsərrüfatı və sənətkarlığın tənəzzülə uğramasına, ticarət əlaqələrinin pozulmasına səbəb olurdu. Azərbaycan dövlətində tez-tez baş verən ara müharibələri, hərbi-köçəri əyanların özbaşınalığı oturaq əhali ilə hərbi-köçəri əyanlar arasında ziddiyyəti daha da artırır, təsərrüfat dağınıqlığına gətirib çıxarırdı. Nəticədə şəhər və kənd əhalisinin vəziyyəti ağırlaşırdı. Belə bir şəraitdə Azərbaycanın siyasi cəhətdən birləşmək zərurəti daha da artır, ara müharibələrinə, hərbi-köçəri əyanların özbaşınalığına son qoymaq və mərkəzləşmiş dövlət yaratmaq uğrunda xalq kütlələrinin hərəkatı genişlənirdi. Ölkədəki feodal pərakəndəliyi ticarətin inkişafını ləngidirdi. Tacirlər hər bir feodal hakiminin ərazisindən keçərkən gömrük ödəməyə məcbur olur, karvan yollarının təhlükəsizliyi qayğısına qalınmadığına görə ticarət karvanları qarət edilirdi. Ölkədəki mövcud durumdan narazı olan tacirlər daxili və xarici ticarətin inkişaf etdirilməsi üçün mərkəzləşmiş dövlətin yaradılmasını dəstəkləyirdilər. Orta və xırda feodallar da mərkəzləşmiş dövlətin yarandılması tərəfdarı idilər. Onlar iri feodalların özbaşınalığından əziyyət çəkir və qüvvətli dövlətin yaranmasına ehtiyac hiss edirdilər. Bir çox ictimai təbəqələr ölkəni böhran vəziyyətindən çıxarmaq, vergi sistemində qayda yaratmaq, feodal ara müharibələrinə son qoymaq üçün yeni, vahid dövlət yaratmaq ideyasına tərəfdar idilər. Ağqoyunlu dövlətində soyurqal torpaq sahibliyi formasının genişlənməsi mərkəzi hakimiyyətin zəifləməsinə, dövlət xəzinəsinə daxil olan gəlirlərin azalmasına səbəb olurdu, çünki soyurqal sahibləri vergidən azad olub inzibati-məhkəmə imtiyazına malik idilər. Torpaqların iri feodalların əlində mərkəzləşməsi separatizmi daha da gücləndirirdi. Göründüyü kimi mərkəzləşmiş dövlətin yaradılması əhalinin geniş təbəqələrinin mənafeyinə uyğun gəlirdi. Mərkəzləşmiş dövlətin yaradılması xarici təhlükədən müdafiə baxımından zəruri idi. Feodal pərakəndəliyi və özbaşınalığı mərkəzi hakimiyyəti zəiflətdiyinə, dövlətin hərbi gücünə mənfi təsir göstərdiyinə görə dövlətin xarici müdaxiləyə qarşı müqaviməti zəifləyirdi. XV yüzilliyin son illərində Bayandur şahzadələri arasındakı çəkişmələrdən, savaşlardan əziyyət çəkən və nəticədə mərkəzləşmiş dövlətə ehtiyac hiss edən Azərbaycan xalqının Səfəviyyə cəmiyyətinin irsi şeyxi olan İsmayıla rəğbəti gündəngünə artırdı. Azərbaycanın ayrı-ayrı hakimlər arasında bölünməsi, vilayətlər arasında təsərrüfat əlaqələrinin zəifləməsi, məhsuldar qüvvələrin inkişafının ləngiməsi ilə əlaqədar olaraq, artıq xalqın qüvvətli dövlət hakimiyyətinə ehtiyac hissi artırdı. Belə bir vaxtda İsmayılın bayrağı altında Azərbaycanı yenidən birləşdirmək uğrunda böyük bir siyasi hərəkat başlandı. XV yüzilliyin sonlarında pərakəndəliklə səciyyəvi olan ara müharibələrinin ölkə miqyasında iqtisadi həyata vurduğu dağıdıcı zərbələrdən bütün xalq kütləsi, xüsusilə mülk sahibləri, rəiyyət, sənətkarlar, tacirlər əziyyət çəkmiş, müflisləşmiş və elə buna görə də onların çoxu mərkəzləşmiş dövlət yaratmaq uğrunda mübarizədə Səfəviyyə hərəkatına qoşulurdular.

Yüklə 22,59 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin