Azərbaycan XV əsrin sonu XVI əsrin əvvəllərində. XV əsrin sonunda Səfəvi dövlətinin yaranması



Yüklə 22,59 Kb.
səhifə2/3
tarix16.10.2023
ölçüsü22,59 Kb.
#156213
1   2   3
Azərbaycan XV -XVI əsrdə.

Səfəvilərin Ərdəbil hakimliyi XIII əsrin ortalarından sonra monqolların istila etdikləri ərazilərdə müxtəlif dini təriqətlər yaranırdı. Belə təriqətlərdən biri əhalinin zəhmətkeş təbəqəsi, sənətkarlar və kəndlilər arasında yayılmış sufi –dərviş təriqəti idi. Bu təriqətin mərkəzi Sufilik- təsəvvür, sirranlamlı dini-fəlsəfi təlim Ərdəbil şəhəri idi. Bu dini-fəlsəfi təlimin əsası Şeyx Səfiəddin İshaq əl-Musəvi-əl-Ərdəbili (1252-1334) tərəfindən qoyulmuşdu. Onun dövründə Kiçik Asiyanın türk tayfaları ilə əlaqələr yaranmışdı. XIV əsrin ikinci yarısında bu təriqətin tərəfdarları daha geniş əraziləri əhatə edərək Kiçik Asiyada (Rumda), Farsda, İraqda, Gilanda, Talışda yayılmışdılar. XV əsrdə Səfəvilərin Kiçik Asiya və Şimali Suriyada yaşayan tayfalarla əlaqələri daha da möhkəmlənirdi. Bu dövrdən, yəni XV əsrin ikinci yarısından Ərdəbil hakimliyi daha da möhkəmlənərək dünyəvi və ruhani işləri ələ aldı. Səfəvilər şiəliyi həmin ərazilərdə yayır və onu ideoloji təbliğat vasitəsinə çevirirdilər. Səfəvilər sülaləsinin yeddinci şiə imamı Musa Kazımdan törəməsi, Həzrət Əlinin və peyğəmbərin qızı Fatimənin nəslindən olması haqqında yaranmış rəvayət bu sülaləyə olan etiqadı daha da artırırdı. Sufi-dərviş şeyxlərinin xalq içərisində yayılmış nüfuzu feodal hakimlərinin bu təriqətə qoşulmasına təsir göstərirdi. Səfəvilər ölkədə yaranmış sosial vəziyyətin ağırlığından məharətlə istifadə edərək şəriətdə nəzərdə tutulan vergilərdən başqa alınan vergilərin əleyhinə çıxır və bunun günahını sünnü hakimiyyətinin mövcudluğunda görürdülər. Onlar şəriətdə nəzərdə tutulmayan vergilərin ləğv edilməsini irəli sürərək zəhmətkeş kütlənin mənafeyinin müdafiəçisi kimi çıxış edirdilər. Səfəvi şeyxləri “açıq bidət”çilikdən məharətlə istifadə edir, cəmiyyətin ictimai-siyasi həyatına fəal müdaxilə edir və hakimiyyət uğrunda mübarizəni genişləndirirdilər. Şeyx Səfiəddin Musanın (1334-1392), Şeyx Xacə Əlinin (1392-1427), Şeyx İbrahimin (1427-1447), Şeyx Cüneydin (1447-1460), Şeyx Heydərin (1460-1488), Şeyx Sultanəlinin (1488-1494), Şah İsmayılın (1494-1524) dövründə şiəlik təriqətindən məharətlə istifadə edilir və hakimiyyət uğrunda mübarizə daha kəskin xarakter alırdı. Orta əsrlər dövrünün görkəmli tədqiqatçısı İ.P.Petruşevski Səfəvilərin tarixini dörd dövrə bölmüşdür. Onun tərəfindən göstərilən dördüncü dövr paytaxtın İsfahana köçürül- məsi ilə əlaqədar dövlətin mahiyyətinin dəyişməsi kimi verilmiş, həmçinin I Şah Abbasın mərkəzi hakimiyyəti möhkəmləndirmək istiqamətində həyata keçirdiyi tədbirlər düzgün təhlil edilməmişdir. Odur ki, Səfəvilərin tarixini üç dövrə bölmək daha obyektiv yanaşma olardı. XIII əsrin sonlarından 1447-ci ilə qədər olan birinci dövrdə Səfəvilər şiəliyi yayır, xalq kütlələrinin antifeodal hərəkatına başçılıq etməyə çalışırdılar. XV əsrin əvvəllərindən Səfəvi şeyxi bütün Kiçik Asiya tayfalarına öz nümayəndələrini (xəlifə və pirə) təyin etsə də Səfəvilərin hakimiyyəti Ərdəbil mahalından kənara çıxmır. 1447-1501-ci illəri əhatə edən ikinci dövrdə Səfəvilər müstəqil feodal ruhaniləri kimi çıxış edir və Azərbaycanın siyasi həyatında mühüm rol oynayır. 1501-1736–cı illəri əhatə edən üçüncü dövrdə Səfəvilər hakimiyyəti yaranır, möhkəmlənir, geniş əraziləri ələ keçirərək imperatorluğa çevrilir. Yaxın Şərqin iqtisadi-siyasi həyatında mühüm rol oynayırlar. Şeyx Cüneydin və Şeyx Heydərin zamanında Səfəvilər daha fəal siyasət yeridərək təsir dairələrini genişləndirmişlər. XV əsrin ortalarından etibarən Muğanın bir hissəsi, Qarabağ və Azərbaycanın Talış dağlarına qədər şərq torpaqları Səfəvilərin təsiri altına düşmüşdü. Şeyx Cüneyd və Şeyx Heydər daha çox siyasi xadim kimi çıxış edirdilər. Şeyx Heydər Azərbaycanın əraziləni birləşdirmək vəzifəsini qarşıya məqsəd qoymuşdu. 1449-cu ildə Şeyx Cüneyd Qaraqoyunlu hökmdarı Cahanşahın tələbi ilə Ərdəbili tərk edərək Misir, Suriya, Mesopotamiya ərazilərində bir müddət fəaliyyət göstərmiş və tərəfdarlarının sayını artırmışdı. Diyarbəkirə qayıdan Cüneyd Uzun Həsən tərəfindən çox yaxşı qarşılanıb və Qaraqoyunlu Cahanşaha qarşı ittifaq yaratmışdı. Şeyx Cüneyd Uzun Həsənlə qohumluq əlaqəsi yaradaraq onun bacısı Xədicəbəyimlə evlənir və bu nikahın sorağı Kiçik Asiya və Suriyanın ərazilərinə yayılaraq onun nüfuzunu daha da artırır. Şeyx Cüneyd Ərdəbili tərk etdikdən sonra Ərdəbildə hakimiyyəti Şeyx İbrahimin oğlu Şeyx Cəfər idarə edirdi. 1459-cu ildə Şeyx Cüneyd Ərdəbilə qayıtmaq istədikdə Şeyx Cəfər onu və müridlərini Ərdəbilə buraxmadı. Belə bir vəziyyətdə Cüneyd Dağıstan və Şirvan istiqamətində yürüş etməyi qərara aldı. Onun bu yürüşü Qaraqoyunlu Cahanşah və Şirvanşah Xəlilullahın ona qarşı ittifaqına səbəb oldu. 1460-cı ilin mart ayında başlanan yürüş Dərbənd yaxınlığında Samur çayı sahilində tərəflər arasında döyüşlə nəticələndi. Döyüş Qaraqoyunlu ilə Şirvanşah hərbi birləşmələrinin qələbəsi ilə nəticələndi. Döyüşdə Şeyx Cüneyd öldürüldü. O, indiki Qusar rayonunun Həzrə kəndində dəfn edildi. I Şah Təhmasibin hakimiyyəti dövründə onun göstərişi ilə Şeyx Cüneydin qəbri üzərində məscid-məqbərə tikildi. Şeyx Cüneydin ölümündən sonra oğlu Şeyx Heydər (1460-1488) atasının siyasətini davam etdirmiş, Ağqoyunlularla qohumluq əlaqələrini daha da möhkəmləndirərək dayısı Uzun Həsənin qızı Aləmşah bəyimlə evlənmişdir. Qaraqoyunlu dövlətinin süqutu və Teymuri Əbu Səidin ölümündən sonra Uzun Həsənin köməyi ilə 1470-ci ildə Şeyx Heydər Ərdəbildə ordenin irsi taxtında oturmaqla Ərdəbil hakimi olmuşdur. Şeyx Heydər qazi, sufi dəstələrini hərbi qaydada qurmuş, türkman papaqlarını on iki imamın şərəfinə on iki zolaqlı qırmızı çalma ilə əvəz etdirmişdir. Bununla o, qızılbaşlığın əsasını qoymuşdur. Şəhər sənətkarları, oturaq əkinçiləri təmsil edən əxilər və qazilər sufi dərviş zümrəsinə qoşularaq təriqət döyüşçülərinə çevrilib əsgəri qulluq adamları olurdular. Bu tədbirlər Şeyx Heydərin nüfuzunu daha da artırmışdır. Şeyx Heydər Ağqoyunlu hökmdarı Yaqub padşahın razılığı ilə Şirvan və Dağıstan ərazilərinə yürüşlər etmişdir. 1483 və 1487-ci illərdə etdiyi yürüşlərdə çoxlu qənimət və əsirlərlə geri qayıtmışdır. Şeyx Heydərin bu müvəffəqiyyətli yürüşləri onu daha da şöhrətləndirmiş və tərəfdarlarını artırmışdır. Onun nüfuzunun artmasından ehtiyat edən Ağqoyunlu Yaqub padşah 1488-ci ildə Şirvan üzərinə etdiyi üçüncü yürüş zamanı Şirvanşah Fərrux Yasarla ittifaqa girərək Şirvanşahlara kömək etmişdir. Ağqoyunlu və Şirvanşahların birləşmiş hərbi qüvvələri ilə qızılbaşlar arasında 1488-ci il iyun ayının 30-da Şahdağın ətəyində Tabasaran yaxınlığında baş vermiş qanlı döyüşdə qızılbaşlar məğlub edilmiş və Şeyx Heydər öldürülmüşdür. Şeyx Heydərin üçüncü yürüşündə Rum, Talış, Qaracadağ sakinləri ilə birgə şamlı tayfası da iştirak etmişdir. Şeyx Heydər Xızı rayonunun Tıxlı kəndində müridləri tərəfindən dəfn edilərək yeri gizli saxlanılmışdır. I Şah İsmayıl Şirvan ərazisinə yürüşü zamanı atasının məzarını tapmış, üzərində türbə tikdirib orada Şıxlar kəndini saldırmış, məqbərə ziyarətgaha çevrilmişdir. Şeyx Cüneydin məqbərəsindən fərqli olaraq Şeyx Heydərin məqbərəsi dövrümüzə qədər qalmamış, sonradan unudulmuşdur. Şeyx Cüneydin və Şeyx Heydərin məzarları sonradan Ərdəbilə aparılmışdır. Şeyx Heydərin ölümündən sonra qızılbaşların qüvvəsi xeyli zəifləyir. Yaqub padşah Ərdəbili və səfəvilərə məxsus digər əraziləri asanlıqla ələ keçirir. Şeyx Heydərin oğlanları ələ keçirilərək Şiraz yaxınlığında İstəxr qalasına salınırlar. Sultan Əli, İbrahim və İsmayıl Rüstəm padşah hakimiyyətə gələnə qədər İstəxr qalasında saxlanıldılar. Ağqoyunlu şahzadələri arasında hakimiyyət uğrunda baş verən çəkişmələr zamanı bir sıra əmirlərin tələbi ilə Rüstəm Şeyx Heydərin oğlanlarını həbsdən azad etməyə məcbur oldu və Sultan Əlini Ərdəbil hakimi təyin etdi. Rüstəm padşah (1492-1497) Sultan Əlidən hakimiyyət iddiasında olan, dayısı Şirvanşah Fərrux Yasarın yanına qaçmış Baysunqura qarşı istifadə etmək niyyətində idi. Həmin vaxt İsfahan hakiminin Rüstəm padşaha qarşı çıxaraq Baysunquru müdafiə etməsi Sultan Rüstəmin vəziyyətini daha da ağırlaşdırdı. Rüstəm Sultan Sultan Əlini Baysunqura qarşı döyüşə göndərdi. Əhər-Şekin yaxınlığında baş vermiş döyüşdə Baysunqurun qüvvəsi məğlubiyyətə uğradı. Sultan Əlinin bu qələbəsi onun şöhrətini daha da artırdı, ölkənin hər tərəfindən onun tərəfdarları Ərdəbilə gəlməyə başladılar. Sultan Əlinin nüfuzunun artması və tərəfdarlarının fəallaşması Sultan Rüstəmi qorxuya saldı. O, Şeyx Heydərin övladlarını Təbrizə gətirərək nəzarət altında saxlamağı qərara aldı. Lakin bir qədər sonra şahzadələrə qarşı hazırlanan suiqəsdin üstü açıldı. Sultan Əli qardaşlarını götürərək tərəfdarları ilə birlikdə Təbrizi tərk etdi. Ərdəbil istiqamətində hərəkət edən Sultan Əlinin arxası ilə ağqoyunlu sərkərdəsi Eybə Sultanın beş min nəfərlik hərbi qüvvəsi irəlilədi. Sultan Əli döyüşün qaçılmaz olduğunu görüb Sufi əmirlərinin toplantısında İsmayılı təriqət şeyxi vəzifəsinə təyin etdi. 1494-cü ildə Ərdəbil yaxınlığında ağqoyunlularla qızılbaşlar arasında baş vermiş Şəmsi döyüşündə Sultan Əlinin tərfdarları məğlubiyətə uğradılar. Sultan Əli həlak oldu . Şəmsi döyüşündən sonra Şeyx Heydərin oğlanları İsmayıl və İbrahim sədaqətli sufilər tərəfindən bir müddət Ərdəbildə gizlədildilər. İsmayılın Ərdəbildə gizlədilməsində anası Aləmşah Bəyim, bibisi Paşa xatunun, Xancan və Uba adlı qadınların böyük rolu olmuşdur. Eybə Sultan tərəfindən ciddi axtarışlar davam etdiyinə görə Ərdəbilin ətrafında Baqrov dağında gizlənmiş sufilərdən Rüstəm bəy Qaramanlı öz adamları ilə gecə gizlicə şəhərə gələrək İsmayılı Baqrov dağında yerləşən Kərkan kəndində Fərruxzadın evində gizlətdi. Hüseyn bəy Lələ, Xadim bəy Xüləfa, Məhəmmədi bəy Türkman (Şeyx Cüneydin qızı Paşa xatunun əri) və başqaları qərara aldılar ki, İsmayılı Rəşt hakimi Əmir İshaqın yanına aparsınlar. Rəştdə az müddət qaldıqdan sonra onu Lahicana, Gilanın Biyepiş vilayətinin hakimi Karkiya Mirzə Əlinin sarayına gətirdilər. İsmayılı Rüstəm bəy Qaramanlı, Məhəmmədi bəy Türkman 80 nəfərlik qızılbaş dəstəsi ilə müşayiət edirdilər. 14 Lahicanda İsmayıl və qardaşı İbrahim Key Əfridun məqbərəsi yanındakı evdə saxlanıldılar. Şəmsəddin Lahıci ərəb və fars dillərini öyrətmək və Quranı oxumaq üçün onların tərbiyəçisi oldu. Ağqouynlu Sultan Rüstəm Lahican hakimindən dəfələrlə İsmayılı tələb etsə də Karkiya Mirzə Əli üzürlü bəhanələr gətirməklə onun tələblərini rədd etdi.

Yüklə 22,59 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin