Səfəvi dövlətinin yaranması. Azərbaycan torpaqlarının vahid dövlət tərkibində birləşdirilməsi 1499-cu ilin yayında Ərdəbil şeyxlərinin varisi İsmayıl və onun tərəfdarları siyasi mübarizəyə başlamaq üçün əlverişli şərait yarandığını anladılar. Ağqoyunlu şahzadələr arasındakı ara müharıbələri və ölkədə yaranmış ictimai-iqtisadi və siyasi böhran Azərbaycanın birləşdirilməsini zəruri edirdi. 1499-cu il avqustun 13-də 13 yaşlı İsmayıl Lahicandan yola düşəndə onu yeddi nəfərdən ibarət şəxslər – Hüseyn bəy Lələ Şamlı, Əbdüləli bəy Dədə (Dədəbəy), Xadim bəy Xüləfa, Rüstəm bəy Qaramanlı, Bayram bəy Qaramanlı, İlyas bəy Ayqut oğlu Xunuslu və Qarapiri bəy Qacar müşayiət edirdilər. Rumdan, Qaracadağdan və Əhərdən gəlmiş çoxlu tərəfdarları da onlara qoşuldular. İsmayıl Gilandan cənuba və cənub-qərbə doğru irəliləyib Xalxal istiqamətində hərəkət etdi. Məqsəd Xalxal ərazisində Qızılüzən çayının sahillərində toplanmış şamlı tayfasından olan tərəfdarları ilə birləşmək idi. Xalxala yaxınlaşan zaman İsmayılın tərəfdarlarının sayı 1500 nəfərə çatırdı. İsmayıl tərəfdarları ilə birlikdə qışı Xəzərin sahilində – Ərcivanda (Astara rayonu) keçirdi. Onlar burada Azərbaycanın cənub hissəsindəki tərəfdarlarının gəlib çatmaları üçün dayanmışdılar. 1500-cü ilin yazında qızılbaş rəhbərləri Kiçik Asiya - Ərzincan istiqamətində hərəkət etmək qərarına gəldilər. Onlar Ərzincana birbaşa deyil, Araz çayının quzey hissəsindən Göyçə 15 gölünün cənub sahillərindən keçərək getdilər. Ərəşli və zülqədər tayfaları da qızılbaşlara qoşuldular. Qızılbaşlar tezliklə oradan Çuxursədə (İrəvan) gəldilər. Çuxursədi keçdikdən sonra Anadolu qızılbaşlarına rəhbərlik edən Qaraca İlyas öz dəstəsi ilə onlara qoşuldu. İsmayıl Kiçik Asiyaya doğru hərəkət edərək ustaclı tayfasının yaşadığı Mingöl (Arazın mənbəyində) yaylağından və Tərcan ərazisindən keçərək Ərzincana çatdı. Ərzincanda İsmayılın ətrafında şamlı, rumlu, ustaclı, təkəli, zülqədər, əfşar, qacar, varsaq tayfalarından, həmçinin “Qaradağ” sufilərindən ibarət 7000 qazi toplanmışdı. Şirvan üzərinə yürüş. Ərzincanda qızılbaş əmirlərinin toplantısında hərbi yürüşün növbəti istiqaməti məsələsi müzakirə edildi. Əmirlərin bir hissəsi qışı Ərzincanda keçirərək yazda Təbriz üzərinə yürüş etməyi təklif etdilər. Bu təklif qəbul olunmadı. Çünki Təbriz üzərinə hücum etməklə Əlvənd Mirzə, Murad Mirzə və Şirvanşah Fərrux Yasarın qüvvələri ilə qarşılaşa bilərdilər. Bəzı əmirlər Gürcüstan üzərinə yürüş etməyi təklif etsələr də bu təklif də əksəriyyət tərəfindən etirazla qarşılandı. Əmirlərin əksəriyyəti və İsmayıl Şirvanşah Fərrux Yasara qarşı hücumun tərəfdarı idilər. Əvvəla Şirvanı ələ keçirməklə çoxlu var-dövlət əldə edə bilərdilər ki, bu qızılbaşların sonrakı yürüşləri üçün böyük maddi imkan yaradardı. İkincisi, Şirvanşahların Ağqoyunlu Əlvənd Mirzə və Murad Mirzə ilə birləşməsinin qarşısı alınardı. Üçüncüsü, qızılbaşların Şirvanşahlara qarşı güclü nifrətləri var idi, onlar Şeyx Cüneydin və Şeyx Heydərin ölümü üçün Şirvan hakimindən qisas almaq istəyirdilər. Bu zaman dini təriqət ədavəti də az rol oynamırdı. Ona görə qızılbaş əmirlərinin toplantısında gecikmədən Şirvanşah Fərrux Yasara qarşı yürüşə başlamaq qərara alındı. 1500-cü ilin payızında qızılbaşlar İsmayılın başçılığı ilə Kür çayını keçərək Şirvan üzərinə irəlilədilər. Fərrux Yasar Şirvanın paytaxtından Qəbələyə çəkildi. Qızılbaşlar Şirvanın 16 paytaxtını döyüşsüz ələ keçirdilər. Əhalinin çoxu dağlara çəkildilər. Şirvanşah Fərrux Yasar müəyyən hərbi hazırlıqdan sonra Gülüstan qalası istiqamətində hərəkət etdi. 1500-cü ilin sonunda qızılbaşlar Gülüstan qalası yaxınlığında Cabanı deyilən yerdə Şirvanşah qoşunları ilə qarşılaşdılar. Qızılbaş qoşununun sağ cinahında şamlı, sol cinahında isə ustaclı tayfalarının döyüşçüləri dayanmışdılar. İsmayıl isə təkəli, rumlu, zülqədər tayfalarının üzvlərindən ibarət hərbi hissə ilə mərkəzdə dayanmışdı. Döyüşün əvvəllərində Şirvanşah qoşunları üstünlük qazansa da, İsmayılın süvari dəstəsinin zərbəsi ilə qizilbaşlar üstünlüyü ələ keçirdilər. Şirvan qoşunu məğlub olaraq qaçmağa başladı. Fərrux Yasar Buğurd qalasına doğru qaçsa da Gülüstan qalası yaxınlığında qızılbaşlar ona çatdılar. Şahgəldi ağa onu vurub atdan saldı və başını kəsərək İsmayıla gətirdi. Fərrux Yasarın döyüşdən sağ çıxmış oğlu İbrahim Xəzər dənizi sahilində Şirvan qoşunundan sağ çıxmış hissələri toplamağa çalışsa da Xadim bəy Xüləfanın onu təqib etdiyini eşitdikdə gəmilərlə Gilana getdi. İsmayıl yenidən Şamaxı şəhərinə qayıtdı, şəhər əyanları onu ehtiramla qarşıladılar. O, qışı keçirmək məqsədi ilə Muğandakı Mahmudabad şəhərinə yola düşdü. İsmayılın Bakını tutması. XV əsrdə Bakı iri sənətkarlıq və ticarət mərkəzi idi. Xəzər dənizində ən böyük liman şəhəri olmaqla Şirvanşahların ikinci iqamətgahı idi. Şirvanşahların xəzinəsinin bir hissəsi burada məşhur Şirvanşahlar sarayında saxlanılırdı. Bakının bir hissəsi Xəzər dənizi ilə əhatə olunsa da qalan hissəsi hündür qala divarları ilə əhatə olunmuşdu. Quru hissədə qala divarlarının ətrafı dərin xəndəklə əhatə olunmuşdu ki, təhlükə yarandıqda həmin xəndək su ilə doldurulurdu. İsmayıl Bakını ələ keçirmək üçün Məhəmməd bəy Ustaclı və İlyas bəy Xunuşlunun rəhbərliyi ilə qoşun göndərdi. Quru hissədən Bakının hündür divarlarla əhatə olunduğunu görən qızılbaş sərkərdələri danışıq yolu ilə şəhərin təslim olunmasına 17 çalışdılar. Bakı qalabəyisi Fərrux Yasarın oğlu Qazi bəy Şirvan ərazisindəki uca dağlarda növbəti döyüş üçün hazırlıq apardığına görə Bakının müdafiəsində mənbələrdə adı çəkilməyən, əslində Bakının idarə olunmasını öz əlinə almış arvadı rəhbərlik edirdi. Cəsur təbiətli bu qadın Qalanın təslim edilməsi haqqında tələb gətirən elçini edam etdirdi. Hətta onu bu işdən çəkindirməyə çalışan Bakı darğası Əbülfəth bəyi də öldürtdu. Bakının alınmasına qarşı inadlı müqavimət göstərilməsi qızılbaş əmirlərini qalanı hücumla almağa məcbur etdi. İsmayıl vəziyyətin çətinliyini görüb bacarıqlı sərkərdə Xadim bəy Xüləfanı Mahmudabaddan Bakı üzərinə göndərməli oldu. Sonra özü də gəldi. Qızılbaşlar qala bürclərindən birinin altına lağım atmaqla qalaya yol aça bildilər. Lakin üç gün yenə ciddi müqavimətlə qarşılaşaraq qalaya daxil ola bilmədilər. Nəhayət qızılbaşlar qala döyüşçülərinin müqavimətini qıraraq şəhərə daxil oldular. Şəhərdə qətl və qarətlər törədildi. Bir qrup şəhər əyanları əllərində Quran İsmayılın hüzuruna gəldikdən sonra qətl və qarətlər dayandırıldı. Xadim bəy Xüləfa şəhər əyanlarının müşayiəti ilə Bakıya daxil oldu. İsmayılın əmri ilə Bakı əhalisindən 1000 tümən qan bahası alındı. Şirvanşahların zəngin xəzinəsi ələ keçirildi. Xadim bəyin əmri ilə Cüneydin ölümünün səbəbkarı Şirvanşah I Xəlilullahın sümükləri qəbirdən çıxarılıb yandırıldı. Onun sərdabəsi dağıdıldı, sərdabənin qülləsi altında saxlanılan çoxlu qızıl pul aşkar edildi. Bakı ələ keçirildikdən sonra İsmayıl Gülüstan, Buğurt və Surxab qalalarında müqavimət göstərən Şirvan qoşunları üzərinə hərəkət etdi. Möhkəm qala divarlarına və çoxlu ərzaq ehtiyatına arxayın olan qala müdafiəçiləri inadlı müqavimət göstərirdilər. Bu zaman Təbrizdən Musa Xəlifinin göndərdiyi çapar Ağqoyunlu Əlvənd Mirzənin böyük qoşunla Təbrizdən Şirvan istiqamətinə gəlməsi xəbərni çatdırdı. İsmayıl divan vəziri təyin etdiyi Əmir Zəkəriyyə Köcəcinin məsləhəti ilə Gülüstan qalasının mühasirəsindən əl çəkərərək Əlvənd Mirzəni məğlub edib Təbrizi ələ keçirmək məqsədi ilə güneyə yollandı. 18 Ağqoyunlu Əlvənd Mirzə üzərində qələbə. İsmayıl Şamaxıda və Bakıda ələ keçirdiyi xəzinənin bir hissəsini döyüşçüləri arasında bölüşdürdü. Onun qələbəsi və qənimətin bir hissəsinin döyüşçülər arasında paylanması xəbəri geniş yayıldı, tərəfdarlarının sayını daha da artırdı. Naməlum Venesiya tacirinin verdiyi məlumata əsasən İberiyadan 9 min süvari Şamaxıda İsmayıla kömək etmək üçün gəldilər. İsmayıl onlara hədiyyələr bağışladı və Təbriz ələ keçirilərsə Ağqoyunlulara ödədikləri xəracdan azad edəcəyini bildirdi. Tacirin verdiyi məlumata görə İsmayılın 15-16 min nəfərlik ordusu var idi. 30 min nəfərlik qoşunla Naxçıvana gəlmiş Əlvənd Mirzə öz elçilərini Gəncə, Qarabağ və Qaradağa göndərərək yerli hakimləri qızılbaşlara qarşı qaldırmaqğa çalışırdı. İsmayıl Qarapiri bəy Qacarı və İlyas bəy Halvaçıoğlunu qoşun hissəsinin başçısı təyin edərək Naxçıvan istiqamətində hərəkət etməyi əmr etdi. Özü isə qoşunun qalan hissəsi ilə irəlilədi. İlyas bəy Əlvənd Mirzənin qızılbaşların qarşısını almaq üçün göndərdiyi qoşun hissəsini məğlub etdi və Osman bəy Mosullunu əsir götürdü. Əlvənd Mirzə İsmayıla məktub göndərərək Şirvana qayıtmasını və həmin vilayətin idarəsi ilə kifayətlənməsini təklif etdi. İsmayıldan rədd cavabı aldıqdan sonra Naxçıvandan Şərura çəkilərək döyüşə hazırlaşmağa başladı. İsmayıl Arazın cənub sahili boyunca irəliləyərək Naxçıvan ərazisində çayı keçərək Ağqoyunlu qoşunlarının qarşısını kəsdi. İsmayıl mərkəzdə mövqe tutaraq cağ və sol cinahlarda əmirlərini yerləşdirdi. Əlvənd Mirzə də mərkəzdə dayanaraq cinahlara sərkədələrini təyin etdi. 1501-ci ilin ortalarında Şərur düzündə tərəflər arasında döyüş baş verdi. İsmayıl bu döyüşdə sərkərdəlik məharəti və döyüş hünəri göstərdi. Ağqoyunlu sərkərdələri Kərçiqay bəy, Lətif bəy, Sidi Qazi bəy, Musa bəy və Qaraca Mahmud bəyin öldürülməsi Ağqoyunlu əsgərləri içərisində vahimə yaratdı və qaçmağa baş- 19 ladılar. Əlvənd Mirzə Ərzincana qaça bildi. Qızılbaşlar böyük qənimət əldə etdilər. 1501-ci ilin payızında İsmayıl döyüşsüz Təbrizə daxil oldu. Öz adına xütbə oxudaraq sikkə kəsdirdi. Beləliklə Azərbaycan Səfəvilər dövlətinin əsasını qoyaraq özünü şah elan etdi. Səfəvi dövlətinin ərazisi Şirvan, Qarabağ, Naxçıvan, Muğan və Qızılüzən çayına qədər Cənubi Azərbaycanın torpaqlarını əhatə etdi. Beləliklə, İsmayıl Şirvanşahların və Ağqoyunluların Azərbaycan ərazisindəki hakimiyyətlərinə son qoyaraq güclü mərkəzi hakimiyyətə malik bir dövlət yaratdı.