104.Azərbaycan oğulları müharibə səbhələrində,partizan və antifaşist müqavimət hərəkatında.
Azərbaycandan olan hərbi əsirlər Almaniya, İtaliya, Fransa, Polşa və digər ölkələrin ərazilərində yerləşən hərbi düşərgələrdə düşmənə qarşı müxtəlif mübarizə formalarından istifadə etmişdilər. Onlar gizli təşkilatlar yaradır, faşistlərə işləyən müxtəlif hərbi obyektlərdə təxribat işləri aparır və əsirlərin qaçıb antifaşist müqavimət hərəkatına qoşulmasını təşkil edirdilər.
Hərbi əsirlərin saxlanıldığı ən böyük əsir düşərgələrindən biri Polşanın Yedlina şəhərində idi. 1942-ci ilin yazında Hadi Qiyasbəyov, Mirzəxan Məmmədov, Xələf Hacıyev, Əşrəf Süleymanov və başqalarının rəhbərliyi altında Yedlina hərbi əsir düşərgəsində gizli təşkilat yaradılmışdı. Təşkilatın fəal üzvü Əli Əliyev polyak müqavimət hərəkatının iştirakçıları ilə əlaqə yaradıb, onlardan parol almışdı. B.Hacıyevin rəhbərliyi altında bir dəstə hərbi əsir qaçıb bu parol vasitəsilə müqavimət hərəkatına qoşulmuşdu. Həmin döyüşçülər əsasən Polşa ərazisində fəaliyyət göstərən T.Novakın partizan briqadasında bir ildən çox vuruşmuş, öz cəsarəti ilə xalq intiqamçılarının rəğbətini qazanmışdılar.
Zeynal Zeynalov və Həsən Novruzov P.Karloviçin partizan dəstəsi tərkibində faşistlərə qarşı qəhrəmanlıqla vuruşaraq polyak xalqının azadlığı naminə gedən mübarizədə şəhid olmuşlar. Polşa qoşununun briqada generalı Z.Duşinski azərbaycanlı partizanlar haqqında xatirələrində yazır: "Onlar öz vətənlərinin və bizim Polşanın azadlığı uğrunda mübarizə aparmış, bu azadlıq yolunda canlarını fəda etmişlər".[1]
Polşa ərazisində fəaliyyət göstərən "Avanqard" partizan dəstəsinin tərkibində 12 azərbaycanlı döyüşçü 1944-cü il noyabrın 28-də A.Bubnovun rəhbərliyi ilə alman generalı Ernest Rostu əsir almışdılar. Qəzəblənmiş faşist qərargahı xalq intiqamçılarına qarşı hücuma 3 piyada batalyonu göndərmişdi. Bu döyüşdə son patronadək qəhrəmanlıqla vuruşan azərbaycanlı partizanlardan Kərim Doşqan oğlu və Əli Qarabala həlak oldular. Polşa ərazisində fəaliyyət göstərən müxtəlif partizan dəstələrində Vahab Əmirov, Surxay Hacızadə, Əli Əliyev, Həsən Rəsulov, Xəlil Məlikov, Ənvər Səfərəliyev, Şamil Muxtarov, Məmməd Həsənzadə və onlarca başqaları polyak vətənpərvərləri ilə birgə faşist işğalçılarına qarşı amansız mübarizə aparmışdılar.[2]
Çexoslovakiya ərazisində fəaliyyət göstərən müxtəlif partizan dəstələrinin tərkibində 500-ə qədər Azərbaycan döyüşçüsü vuruşurdu. Xüsusi desant dəstələrinin tərkibində düşmən arxasına göndərilən M.Abışov, A.İbadov, H.Məmmədov, müxtəlif əsir düşərgələrindən qaçıb müqavimət hərəkatına qoşulan A.Kastryulin, Ə.Baxışov və başqaları döyüşlərdə xüsusilə fərqlənmişdilər. Ə.Əlimərdanov Çexoslovakiyanın beş orden və medalı ilə təltif edilmişdi.[3]
Çexoslovakiya ərazisində fəaliyyət göstərən "Fakel", "Qrom", "Yan Qus" və başqa partizan dəstələrində çoxlu azərbaycanlı döyüşçü vardı. M.İ.Şukayevin partizan birləşməsindəki azərbaycanlılardan ibarət Uritski adına partizan dəstəsi Çexoslovakiya ərazisində fəaliyyət göstərdiyi müddətdə faşistlərlə 25 dəfə döyüşə girmiş, 7 dəfə düşmən qarnizonuna hücum edib, hitlerçilərdən 246 nəfərini öldürmüş, 49 nəfərini əsir almış, 41 parovoz, 85 avtomobil, 21 təyyarə məhv etmiş və xeyli qənimət ələ keçirmişdi.[4]
Hərbi əsirlər, hərbi hissələrdəki gizli antifaşist təşkilatların üzvləri qaçaraq Yuqoslaviya partizanlarına qoşulurdu.
Azərbaycanlı partizanlar əvvəl Yuqoslaviya Xalq Azadlıq Ordusunun 31-ci diviziyası tərkibində olan İvan Qradnik adına 3-cü zərbə briqadasında döyüşürdülər. Sonralar isə xüsusi sovet partizan bölüyü yaradılmış, Cavad Həkimli onun komandiri, Miryaqub Ağalarov isə komissarı təyin olunmuşdu. 1944-cü ilin yazında sovet partizanları İtaliya və Slaven partizanları ilə birlikdə Otlitsa, Sepovan, Çernı Verx, Serkino və Qodoviç kəndlərinin faşistlərdən təmizlənməsində fəal iştirak etmişdilər. 1944-cü ilin əvvəlində Yuqoslaviya Xalq Azadlıq Ordusunun 9-cu korpusu qərargahında xüsusi kəşfiyyatçılar qrupu yaradıldı. Onun tərkibinə slovak partizanları ilə yanaşı, azərbaycanlı partizanlardan Mirdamət Seyidov, Tağı Əliyev, Ənvər Məmmədov da daxil edildilər. Kəşfiyyat qrupuna Mehdi Hüseynzadə başçılıq edirdi. Bu kəşfiyyat qrupu, xüsusilə onun komandiri M.Hüseynzadə - "Mixaylo" özünün əfsanəvi qəhrəmanlıqları ilə Yuqoslaviyanın Adriatik dənizi sahillərində yaşayan bütün əhalinin dərin rəğbətini qazanmışdı.
1944-cü ildə sovet döyüşçüləri İtaliya hərbi düşərgələrindən kütləvi surətdə qaçaraq partizan dəstələrinə qoşulurdular. Onlardan Əvəz Mirzəyev, Şahbaba Məcidov, Məhərrəm Nəcəfov, İsa Məmmədov, Məmməd Xəlilov, Həmzə Əsgərov, Mikayıl Abdullayev, Süleyman Vəliyev, Şərif Şərifov, Həsən Quliyev, Hilal Cavadov, Vilayət Hüseynov, Cəlil Rəfiyev və bir çox başqaları İtaliya müqavimət hərəkatında faşistlərə qarşı qəhrəmanlıqla vuruşmuşlar. Mussolinini həbs edən partizanlar arasında Vilayət Hüseynov da vardı. Ümumiyyətlə, Şimali İtaliyada 300-dən çox azərbaycanlı döyüşçünün müqavimət hərəkatında vuruşduğu müəyyən edilmişdir.[11]
1943-cü ilin axırlarında Fransada faşist işğalına və mürtəce Peten üsuliidarəsinə qarşı xalq müharibəsi gündən-günə yeni qüvvə ilə alovlanırdı. Faşist komandanlığı partizan hərəkatına qarşı mübarizə aparmaq və ölkə daxilində asayişi qorumaq üçün xeyli silahlı qüvvə saxlamağa məcbur olmuşdu.
1944-cü ilin əvvəllərində Fransa ərazisində 25 mindən çox döyüşçünü birləşdirən 30-dan çox partizan dəstəsi fəaliyyətdə idi. Döyüşçüləri əsasən sovet vətəndaşlarından ibarət olan "Çapayev", "Azadlıq", "Vətən", "Donbas", "Kotovski" və digər partizan dəstələrinin şöhrəti hələ o dövrdə bütün Fransaya yayılmışdı. Bu partizan dəstələrinin tərkibində Azərbaycan xalqının oğulları da qəhrəmanlıqla vuruşmuş və fransız xalqının rəğbətini qazanmışdılar.[12]
Dostları ilə paylaş: |