33.Ərəb ordularının Azərbaycana yürüşləri,Azərbaycanın Xilafətin tərkibinə qatılması.
Ərəb tarixçisi Təbəri və başqaları VII əsrin 30-cu illərində ərəb sərkərdələrinin Vətənimiz Azərbaycana ilk yürüşləri və burada yerli xalq olan türklərlə döyüşlər aparması haqqında məlumat vermişdilər. 639-cu ildə ərəb qoşunu cənubdan Azərbaycana soxulsa da, çox güclü müqavimətə rast gəldi. Ərəblər Ərdəbil şəhəri üzərinə hücum edib, qalib gəldiklərindən Azərbaycanın cənub torpaqlarının mərzbanı İsfəndiyar 644-cü ildə ərəb sərkərdəsi ilə müqavilə bağlamağa məcbur oldu. Müqaviləyə görə əhali tabe olub torpaq və can vergisi ödəməli idi. Ərəblər isə onların dini etiqad və adətlərinə toxunmayacaqlarına söz verir, ölkəni tərk etmək istəyənlərə aman verir, ərəb qoşununda qulluğa girmək istəyənlər bir il vergidən azad olunurdular. 639 -642-ci illərdə ərəb qoşunları Muğanda və Şirvanda güclü müqavimətlə qarşılaşdılar, ancaq son nəticədə qalib gələrək hər iki ərazinin hakimləri ilə xərac və cizyə ödəmək haqqında müqavilələr bağladılar. 646-cı ildə Arana hücum edən ərəb ordusu Beyləqan və Bərdə şəhərlərini ələ keçirdi. Bu şəhərlərin də əhalisi xərac və cizyə vermək şərti ilə ərəblərlə sazişə girməyə məcbur oldular. Göründüyü kimi, ilk vaxtlar ərəblər ələ keçirdikləri ərazilərdə tam möhkəmlənmək gücündə olmadıqlarından öz hakimiyyətlərini müqavilələr şəklində rəsmiləşdirirdilər.
VIII əsrin əvvəllərində ərəb ordularının Azərbaycan torpaqlarına yürüşləri daha geniş və intensiv xarakter aldı. Xilafət 705-ci ildə Albaniyada Mehrani sülaləsinin hakimiyyətinə son qoydu. Ərəblər VIII əsrin əvvəllərində Azərbaycanın işğalını başa çatdırdılar. VIII əsrin 20-30-cu illərində Azərbaycan torpaqlan uğrunda ərəb-xəzər savaşları da xilafətin qələbəsi ilə başa çatdı.
Ərəblər Tövrata, İncilə ibadət edən yəhudi və xristianların (Kitab əhli olanların) dininə toxunmur, onlardan cizyə adlanan can vergisi almaqla kifayətlənirdilər. Ərəblər əslində Albaniyada xristian kilsəsinə və kitab əhli olan xristianlara toxunmamalı idilər. Ancaq maraqlıdır ki. Xilafət başqa xristian ölkələrindən fərqli olaraq Azərbaycanın şimalında-Albaniyada kilsəyə qarşı VIII əsrin əvvəllərindən çox amansız tədbirlərə əl atmışdı. Daha çox siyasi mahiyyət daşıyan bu tədbirlər Alban feodallarının və kilsə xadimlərinin ərəblərə qarşı qəti düşmən mövqedə dayanması və öz din qardaşları olan Bizansa arxalanması ilə bağlı idi. Bunun nəticəsidir ki, Albaniyada vahid allaha tapınan bir dinin vahid allah ideyasını təbliğ edən başqa bir dinlə əvəz olunması prosesi bir qədər uzun və ağrılı keçmişdir. Burada islam dininin «qılınc gücünə» yayılması göz qabağındadır. Alban katalikosunun və Alban çarının dul arvadının xəlifə Əbdülmalikin əmri ilə 704-cü ildə edam etdirilməsi bu tarixi reallığı açıq-aydın göstərir. Nəticədə Alban kilsəsi ərəblərlə əməkdaşlıq edən qriqoryan kilsəsinə tabe edildi. Bundan sonra kilsə işləri, ibadət və yazı Alban dilində deyil, qrabarda (qədim erməni dili) aparılmalı idi. Kim Alban kilsəsinin müstəqilliyinə çalışardısa, «qılıncla yox edilməli» idi. Alban yazısı 705-ci ildə qadağan olundu.
Tariximizin ana qaynaqlarından sayılan «Kitabi Dədə Qorqud» boylarında Əmən bəyin Ərəbistana gedib Peyğəmbərin gül üzünü görüb qayıtması, əsgi türk Tanrısının yerinə tez-tez Allah adının çəkilməsi, hardansa gəlmiş bir saqqalı uzun tat (ərəb) kişinin əzan verməsi, oğuzların müqəddəs kitab olan Qurana and içmələri, kafirlərə qarşı Məhəmməd dini yolunda döyüşlərə girmələri haqqında çox maraqlı məlumatlara rast gəlinir. Oğuz igidi Dəli Domrulun yaxşı igidlərin canını alan Əzraillə cəng etməsi və bu döyüşdə Əzrailin qalib gəlməsi rəmzi olaraq oğuz türklərinin islamı qəbul etməsinin göstəricisi sayıla bilər. Dədə Qorqud boyları ulu əcdadımız olan Oğuz türklərinin islamın yayılma çağında yaşadıqlarını tarixi baxımdan sənədləşdirmişdir.
Dostları ilə paylaş: |