36.Azərbaycanda xilafət əleyhinə ilk üsyanlar və onların nəticələri.
Babək xürrəmilər icmasında rəhbərliyi qəbul edən zaman onun tərəfdarlarının miqdarı kifayət qədər çox deyildi. O, xürrəmilərə silah paylayıb göstəriş verdikdən sonra əlverişli məqam çatana kimi gözləmələrini tapşırdı. Həmin müddətdə Babək öz adamlarını Azərbaycanın hər tərəfinə göndərərək ölkəni xilas etmək üçün onları ərəblərə qarşı azadlıq mübarizəsinə çağırdı. Ölkənin hər tərəfindən minlərlə insan Babəkin bayrağı altında toplandı. Bəzi mənbələrə görə, Babəkin ordusunda təkcə atlılar 20 min nəfər idi. Babək orduda ciddi intizam yaratmışdı.
Azadlıq ordusunun əsas hərəkətverici qüvvəsini kəndlilər təşkil etsə də, orada şəhər yoxsulları, sənətkarlar, orta və xırda feodallar, əhalinin müxtəlif təbəqələrinə mənsub adamlar da az deyildi.
Xürrəmilər xilafət orduları üzərində parlaq qələbələr çalaraq Azərbaycanı onlardan təmizlədikcə azadlıq mübarizəsinə qoşulanların sayı artırdı. Ərəb tarixçisi Bağdadın verdiyi məlumata görə, Azərbaycanın cənubunda Babək tərəfdarlarının sayı 300 min nəfərə çatırdı.
İşğalçılara qarşı kəskin narazılıq və müqavimət bir çox əraziləri bürüsə də, bütün mənbələr təsdiq edir ki, azadlıq mübarizəsinin əsas mənbəyi Babəkin və xürrəmilərin vətəni Azərbaycan idi.
IX əsrin 30-cu illərinin əvvəlləri azadlıq mübarizəsinin ən uğurlu dövrü idi.
Üsyançılar xilafəti lərzəyə salmışdılar. Ərəb tarixçisi Dinəvərinin məlumatına görə, bu zaman "Babəkin işi böyük vüsət aldı və ərəblər ondan qorxmağa başladılar. Onunla vuruşurdular, lakin qalib gələ bilmirdilər. Babək qoşunları dağıdır və sərkərdələri öldürürdü."
835-ci ildə xəlifə Mötəsim məşhur sərkərdə Afşin Heydər ibn Kavusu xürrəmilərə qarşı döyüşən ərəb ordusunun baş komandanı təyin etdi. Ərəblərin xürrəmilərə qarşı mübarizə taktikasını dəyişən Afşin Babəkin tərəfdarları və müttəfiqləri olan yerli feodallar Səhl ibn Sumbatı, ibn Bəisi, Əbu Musanı və onlarla başqalarını öz tərəfinə çəkdi. Xəyanət nəticəsində Babəkin cəsur sərkərdəsi İsma əsir alındı, 836-cı ildə isə daha bir sərkərdə - Tərxan öz evində öldürüldü.
Azadlıq müharibəsinin ilk dövründə, üsyan sürətlə genişləndiyi şəraitdə mübarizəyə qoşulan, onları silahla, ərzaqla, pulla təmin edən yerli feodallar hərəkatın müəyyən məqamında mülk və imtiyazlarını itirəcəklərini güman edərək mübarizədən uzaqlaşdılar. Bununla belə, təcrübəli sərkərdə olan Babək ağıllı taktika ilə düşmənin planlarını pozur və onları çıxılmaz vəziyyətə salırdı.
Ərəb sərkərdəsi Afşin Babəkə sülh danışığına başlamağı təklif edərək onu inandırmağa çalışırdı ki, bağışlanması haqqında xəlifədən fərman alacaq. Lakin Babək əqidəsindən dönmədi. O, vətənin istiqlaliyyətini şəxsi xoşbəxtliyinə qurban vermədi. Xəlifənin təklif etdiyi imtiyazları və hədiyyələri xalqına xəyanət kimi qiymətləndirdi.
Müvəffəqiyyətsizliklə nəticələnməsinə baxmayaraq, Babək hərəkatı bütün xilafəti lərzəyə salmış, Şərqdə ərəb hökmranlığına ağır zərbə vurmuşdu. Babək hərəkatı dövründə xilafətin təqribən 500 min əsgəri məhv edilmişdi. Xilafətin əsasını sarsıdan və onun dağılmasını xeyli sürətləndirən Babək hərəkatı qonşu xalqların azadlıq mübarizəsini xeyli yüngülləşdirdi və onların ərəb əsarətindən azad olmasını asanlaşdırdı.
Orta əsrlərdə baş verən digər kəndli müharibələrindən fərqli olaraq bu müharibə hər şeydən öncə istiqlaliyyət uğrunda azadlıq müharibəsi idi. Mübarizədə xalqın imtiyazlı təbəqəsinin dönüklüyü, ərəblərə nisbətən daha cəsur və döyüşkən türk sərkərdələrinin eyni və digər mənşəli üsyançılara qarşı səfərbərliyə alınması, ən başlıcası ermənilərin xəyanəti və ərəblərə köməklik etməsi azadlıq müharibəsinin məğlubiyyətlə nəticələnməsinə səbəb oldu. Ağır məğlubiyyətə baxmayaraq, xürrəmilər hərəkatı digər asılı xalqların azadlıq mübarizəsinə təkan verməklə yanaşı, Azərbaycanda xalqın şüurunda və əməlində əsrlərlə yaşadı. Üsyançılar və onların rəhbəri Babəkə nifrət hissi bəsləmələrinə baxmayaraq, hərəkatın təsirini və əzəmətini ərəb tarixçiləri də etiraf etmişlər. İbn Təğriberdi adlı tarixçi yazırdı ki, "Babək öz zəmanəsinin qəhrəmanı və xilafəti dəhşətə gətirən bir igiddir".