38.Babəkin başçılığı ilə Ərəb Xilafətinə qarşı azadlıq hərəkatı.
Xəlifə ordularının dalbadal ağır məğlubiyyətə uğradılması, Azərbaycan kimi çox mühüm ərazinin itirilməsi, Babəkin qələbələrinin digər bölgələrdə də xalqların azadlıq hərəkatını gücləndirməsi xəlifə Məmunu bərk qorxuya saldı. Məsudi yazırdı: «Babək hərəkatı elə bir əzəmətli həddə çatdı ki, onun təsiri və qoşunlarının sayı o qədər çoxaldı ki, az qaldı Abbasilər səltənəti məhv olsun». Təsadüfü deyil ki, 833-cü ildə ölüm ayağında olan xəlifə Məmun varisi və qardaşı olan əl-Mötəsimə bütün gücünü xürrəmilərə qarşı yönəltməyi vəsiyyət etmişdi. Vəsiyyətnamədə deyilirdi: «Xürrəmilərə qarşı müharibəyə qətiyyətli və rəhimsiz bir adam göndər, ona səbrlə pul, silah, atlı və piyada qoşunla kömək et. Əgər müharibə uzun çəksə, sən özün yaxın və sadiq adamlarınla onların üstünə get». Göründüyü kimi, yeni xəlifə Mötəsimin dövlət işlərində birinci dərəcəli vəzifəsi Babəki sıradan çıxartmaqdan ibarət idi. Xəlifə Mötəsim böyük xərc və güc hesabına Babəklə müharibənin gedişində dönüş yarada bildi. 833-cü ildə baş vermiş II Həmədan döyüşündə Babək böyük itki verərək ağır məğlubiyyətə uğradı.
Afşin ilk növbədə orduda ciddi intizam yaratdı. Öz qərərgahını Bəzzə yaxın olan Bərzəndə köçürtdü, yolları və Babəkin dağıtdığı qalaları təmir etdirdi. Babəkin qalaları, Bəzzeyn ölkəsinin yolları, dağ keçidləri və hərbi qüvvələri haqqında kəşfiyyat məlumatlarını toplamağa başladı.
Buna baxmayaraq Afşinin əmrindən çıxıb, Babəkə qarşı 836-cı ildə döyüşə girən türk sərkərdəsi Buğa Həşdadsər dağı yaxınlığında ağır məğlubiyyətə uğradı. Buğa qaçmaqla canını qurtara bildi. Xürrəmilər bütün ərəb ordugahını, pul və silahları ələ keçirdilər.
837-ci ildə Babəkin ərəblərlə son döyüşü Bəzzdə baş verdi. Ərəblər od püskürən və mühasirə qurğularından istifadə edərək amansız döyüşlərdən sonra Bəzz şəhərini ələ keçirdilər. İstilaçılar üç gün ərzində şəhərdə nə vardısa, dağıtdılar və yandırdılar. Mənbələrə görə buradakı nə bir ev, nə bir qala da salamat qalmadı. Bəzz döyüşündən sonra xəlifədən Babəkə aman verilməsi haqqında qızıl möhürlü məktub gəldi. Ancaq Babək bu təklifi qətiyyətlə rədd etdi. Babəkin əsir alınmış böyük oğlu da ona məktub göndərərək atasını aman almaq üçün geri qayıtmağa çağırırdı. Lakin Babək Mötəsimin aman haqqında məktubunu açmadan geri qaytarmış və oğluna belə yazmışdı: «Əgər sən mənim ardımca gəlsəydin, öz sülalənin varisi olardın və vərəsəlik sənə keçərdi... Ola bilər bu gündən sonra mən çox yaşamayım, lakin şah, məlik adı üstümdə qalır… Bircə gün rəhbər (ağa) kimi yaşamaq, 40 il zillətlə qul olmaqdan yaxşıdır.»
Babək bir neçə mühafizəçisi, qardaşı və anası ilə birlikdə müttəfiqi olan Bizansdan kömək almaq üçün yolüstü Albaniyanın Şəki vilayətinə gəldi. Ancaq burada Babək köhnə müttəfiqi Səhl ibn Smbat tərəfindən ərəblərə təhvil verildi. Babək onu ərəblərə satmış Səhlə üzünü tutaraq belə demişdi: “Olmaya sən məni yəhudilərə (ərəblərə) cüzi bir pula satmısan? Pul istəyirdinsə, məndən istəyəydin və mən sənə onlardan da çox pul verərdim.”
Babəkin başçılığı ilə Xilafətə qarşı aparılmış azadlıq müharibəsi tariximizin ən parlaq səhifələrindən biridir. Babək üç qitədə yerləşən və dünyanın ən güclü dövləti olan Xilafətlə 20 illik savaşda düşmənin 225 mindən çox əsgərini və çoxlu ərəb sərkərdəsini məhv etmişdi. Bu itkilər Xilafəti dərindən sarsıdaraq zəiflətmişdi. Babəkin apardığı savaş IX əsrin II yarısında Azərbaycan torpaqlarının Xilafətin əsarətindən qurtulması üçün bir zəmin hazırlamış və siyasi oyanışımıza təkan vermişdi.
Dostları ilə paylaş: |