32.Alban hökmdarı Cavanşir,onun daxili və xarici siyasəti.
Cavanşir - Alban dövlətinin hökmdarı, görkəmli dövlət xadimi və sərkərdəsi, məşhur Mehranilər sülaləsinin ən qüdrətli nümayəndəsi olmuşdur.O, 637-ci ildən 681-ci ilədək Alban dövlətini idarə etmiş, öz ölkəsinin qüdrət və nüfuzunu qaldırmağa müvəffəq olmuşdur.
Cavanşirin anadan olduğu vaxt bəlli deyil. Atası Mehrani Qriqor Varaz Girdman dövlətinin ilk hakimi və bütün Albaniyanın knyazı olub. Atasının göstərişi ilə Cavanşir ərəb-sasani müharibələrində Sasanilər tərəfində döyüşüb. 637-ci ildə baş vermiş Kadisiyyə döyüşündə xüsusən fərqləndiyinə görə Sasani şahı II Yezdəgerd tərəfindən qızıl kəmərlə, qızıl dəstəkli qılıncla mükafatlandırılıb və başına qızıl tac qoyulub.
638-ci ildə ərəb ordusu Sasani dövlətinin paytaxtı Ktesifonu mühasirəyə aldığı zaman Cavanşir, 6 ay sasanilərin tərəfində şəhərin müdafiəsində dayanıb. Lakin Sasanilərin sonunun yaxınlaşdığını, Ərəb Xilafətinin isə gücləndiyini görərək müqavimət göstərməyin faydasız olduğunu dərk edərək Girdimana qayıdıb.
642-ci ildə atası Qriqor Varazın vəfatından sonra hakimiyyətə keçən Cavanşir hökmdarlığın paytaxtını Partav (Bərdə) şəhərinə köçürüb.
654-660-cı illərdə Bizans imperatoru II Konstantinlə siyasi müttəfiqliyə dair müqavilələr imzalayıb. Lakin sonradan Bizansın zəifliyini görərək ərəblərlə danışıq aparmağa başlayıb. Danışıqlar Albaniyanın daxili müstəqilliyinin saxlanması ilə nəticələnib. Bundan başqa, Cavanşir Xilafət xəzinəsinə ödəniləcək vergilərin üçdə birə qədər azaldılmasına da nail olub.
Alban hökmdarı Cavanşir Xilafətlə aparılan danışıqlardan narazı qalan bizanspərəst feodallar tərəfindən 681-ci ildə sui-qəsd nəticəsində qətlə yetirilib.
İsmayıllı rayonu ərazisində Cavanşir qalası yerləşir. Qafqaz Albaniyasında Mehranilər sülaləsinin hakimiyyəti dövründə hökmdar Cavanşir tərəfindən tikdirilən qala onun adını daşıyır. Qalanın inzibati mərkəz kimi istifadə olunduğu güman edilir.
O zaman Şimali Afrikadan Hindistan sərhədlərinədək uzanan Ərəb xilafəti dünyanın on möhtəşəm dövləti idi. Bunu anlayan və əbəs yerə öz adamlarının qanını axıtmaq istəməyən Cavanşir ərəblərlə danışıqlara başlamaq qərarına gəlir.
Ərəb xəlifəsi Müaviyə düşmən hesab etdiyi Cavanşirin cüzi mühafizə dəstəsi ilə Dəməşqə doğru gəldiyini eşidəndə əvvəlcə buna inanmır. O, 633 - 642-ci illərdə ərəblərə qarşı Cavanşirin igidliklə vuruşduğunu bilirdi və ona görə də albanlarla müharibə olacağını gözləyirdi. Cavanşirin gözlənilməz hərəkəti onu çaşbaş salır. Hər halda, mərd insanlara daim hörmətlə yanaşan xəlifə Müaviyə Cavanşiri hörmətlə qarşılamağı əmr edir. 667-ci ildə Dəməşqdə aparılan danışıqlarda xəlifə Albaniyanın daxili müstəqilliyini tanıyır. Bu o demək idi ki, ərəb qoşunları Albaniyaya yeridilməyəcək, Albaniyanın daxilində heç bir işə qarışmayacaqlar. Əvəzində Cavanşir hər il müəyyən məbləğdə vergi ödəyəcək. Ölkəsinin müstəqilliyini qoruyub-saxlaya bilmiş Cavanşir verginin miqdarının da az olmasına razılıq alır. Xəlifə Cavanşirə fəxri silah, qiymətli hədiyyələr və hətta fil bağışlayaraq onu hörmətlə yola salır.
Vətəninə qayıdan Cavanşir qısa zaman ərzində ölkənin həyatını normallaşdırmağa nail olur. Albaniya iqtisadi baxımdan çox inkişaf edir. Onun paytaxtı Bərdə bütün Şərqdə iri ticarət mərkəzi kimi tanınmağa başlayır. Burada şərq və qərbdən, şimal və cənubdan gələn yollar kəsişirdi. İri feodalların hakimiyyətini məhdudlaşdıran Cavanşir ölkəsində sabitlik yaratmağa müvəffəq olur. Ölkədə yeni-yeni qalalar tikilir (onlardan Cavanşir qalası öz möhtəşəmliyi ilə seçilir), şəhərlərdə yeni-yeni binalar inşa edilir.
Lakin 681-ci ildə bir neçə alban feodalı Cavanşirə sui-qəsdi təşkil edərək onu öldürür. Salnaməçilər göstərir ki, başdan-ayağadək silahlanmış suiqəsdçi saray əyanları gecə ikən silahsız Cavanşirə hücum etmişlər. Lakin o, qılıncını sıyırmağa macal tapmış və güclü müqavimət göstərmişdir. Arxadan vurulan zərbə onu ölümcül yaralamış və o, üç gün sonra dünyasını dəyişmişdir. Müəyyən edilmişdir ki, sui-qəsdin təşkilində Bizansın da əli olub: imperator Cavanşirin ərəblərlə yaxınlıq etməsindən və xəzərlərlə müttəfiqliyindən çox narahat olmuşdur.
Dostları ilə paylaş: |