НАРОДНАЯ МЕДИЦИНА В ТВОРЧЕСТВЕ НИЗАМИ ГЯНДЖАВИ
РЕЗЮМЕ
В статье показывается связь между творчеством великого поэта Низами Гянджави и фольклором. Здесь говорится о медицине и о прекрасной сокровищнице поэзии Гянджави «Хамса».
Ключевые слова: Хамса, медицина, фольклор, Искендер
Vüsalə KƏRİMOVA
AMEA Folklor İnstitutu
NİZAMİ GƏNCƏVİNİN “SİRLƏR XƏZİNƏSİ” ƏSƏRİNDƏ FOLKLOR MOTİVLƏRİ
Folklor hər bir xalqın tarixini, ədəbiyyatını, mədəniyyətini, bütövlükdə xalqın ruhunu özündə əks etdirən yaddaş güzgüsüdür. Bu baxımdan on ikinci əsr şeirinin zirvəsi sayılan Nizami yaradıcılığı, demək olar ki, folklordan qaynaqlanır.
Nizaminin əsərlərində xalqın bütün adət-ənənələri, xalqın istəyi, xalqın özünəməxsusluğu, milli-mənəvi dəyərləri, böyük ustalıqla qələmə alınmış və poetikləşdirilmişdir. Dahi Nizaminin ustalığı onda idi ki, o, on ikinci əsrin siyasi mənzərəsini xalqın öz dili ilə qələmə almış və dövrünün hakimlərini də məhz xalqın öz dili ilə tənqid etmişdir.
Şair xalqdan süzülüb gələn ibrətamiz məsəllər, atalar sözləri və xalq hekayələrindən bəhrələnərək öz dövrünün bütün siyasi, mənəvi eybəcərliklərini böyük ustalıqla qələmə almış və xalqa çatdırmışdır.
Ayrı-ayrı mövzuları özündə əks etdirən iyirmi məqalət və iyirmi hekayətdən ibarət ”Sirlər Xəzinəsi”ndə şair dövrünün ictimai-siyasi eyiblərini, xalq əhvali-ruhiyyəsini, ürək ağrılarını, sarsıntılarını oxucuya çatdırır. Lakin Nizami yaradıcılığına, konkret olaraq “Sirlər xəzinəsi”nə, yalnız dövrünün çatışmazlıqlarını özündə əks etdirən bir əsər kimi baxmaq düzgün olmazdı. Çünki Nizaminin əsərlərində qələmə aldlğı ibrətamiz fikirlər, xalq hikmətləri, məsəllər artıq aforizmləşmiş və hər bir dövr üçün öz orijinallığını qoruyub saxlayan bir sənət nümunəsinə çevrilmişdir.
Hər kəs yaxşılıq etsə yatmış bəxti ayıldar,
Bir gün həmən yaxşılıq öz üstünə qayıdar (159, s. 3).
Dərin məzmunlu bu poetik parçada, şair insanları yaxşılıq etməyə çağırır və həmin yaxşılığın mütləq hər kəsin öz üstünə qayıdacağını bildirir. Yəni insan əməlinin yetişdirdiyini biçir. Məsələn, el arsında yayılan məşhur deyim:
“Nə əkərsən, onu da bicərsən”
Fərqi yoxdur, ya payla, ya da yığ sərvətləri,
Sənə hər nə veribsə alacaq dünya geri.
Aləm əzəldən bəri alver evinə bənzər,
O dünyanı alırlar, bu dünyanı verirlər (3, s. 164)
Dünya böyükdür, lakin əbədi deyil. Dünyada hər şey fanidir. Çoxlu var-dövlət, sərvət dünyada heçnəyin daimi qalacağından xəbər vermir. Sonunda dünya bütün verdiklərini geri alır. Yalnız əbədi qalan bu dünyada elədiyin yaxşılıqlar, xeyirxahlıqlar hesabına, o dünyanı, yəni axirət dünyasını qazanmaqdır.
Ey qəflət yuxusunda xoşbəxt uyuyan xumar,
Yeyən, içən eşşəkdən, öküzdən fərqinmi var?
Xəbərsizsən aləmin mavi günbəzindən ,
Dövr eyləyən günəşdən, göylərin mərkəzindən.
Sirri dərk edir ancaq nəzər əhli, baş bilən,
Nadanın nə ilgisi, dövrün keşməkeşliyindən (3, s. 164)
Şair qəflət yuxusunda xoşbəxt uyuyanların yeyən, içən heyvandan fərqi olmadığını deyir, lakin bu təkcə belə deyildir, onlar yerin günbəzi olan mavi göydən xəbərsizdirlər və daim dövr eləyən aləmin sirli bir qüvvə tərəfindən idarə olunduğunu dərk etmirlər. Bu sirri yalnız nəzər əhli, elm aləmindən xəbərdar olan, dünyadan qafil olmayanlar dərk edər. Nadanı isə dövrün keşməkeşliyi maraqlandırmır.
Nizami “Sirlər Xəzinəsi” də bir çox mövzulara toxunmuşdur. Belə demək mümkündürsə, şair istər öz dövrü, istərsə də bütün dövrlər üçün aktual olan mövzulara toxunmuş və bu mövzuları böyük ustalıqla əhatə etmişdir.
Ruzigara bax ki, sən nə üns qalıb, nə insaf
Namərdlik ucbatından insandan qaçır insan.
Hanı ülfət, mərifət, itib, tələf olubdur,
İnsanlar qalırsa da, insanlıq məhv olubdu.
Dünya uzaq düşübdür, Süleyman dünyasından,
Sanki qeybə çəkilib, gerçək insan, ər insan ( 3, s. 105)
Şair bu parçada dövrün, bütövlükdə aləmin poetik mənzərəsini yaratmışdır. Çünki bu inikas hər dövrdə özünü göstərməkdədir. Dünya bərqərar olandan dünyada xeyirlə şərin mübarizəsi gedir.
Dünyada yaxşı, xeyirxah insanların sayı çoxdur, lakin, dünya namərd, insafdan uzaq insanlardan da uzaq deyildir. Namərdlik ucbatından insanlar bir-birindən uzaq düşüblər.
Şair dostluğun, mərifətin məhv olduğunu deyir. Şair, kəmiyyəti yox, keyfiyyəti ön plana çəkir. Yəni əsas insanların sayının çoxluğu deyil, insanlıqdır.
Nizami əsərlərində sinfi və ictimai bərabərsizliklərin hökmdar və xalq problemlərinin, qarşı-qarşıya qoyulması on ikinci əsr intibahının ən böyük nailiyyətlərindən biri idi və Nizaminin bu problemlərə real, açıq fikirli yanaşması onun dahiliyindən irəli gəlirdi. Elə buna görə də şairin “Sirlər xəzinəsi” əsərindəki məqalət və hekayətlərinin mövzuları onu düşündürən, narahat edən problemlər idi.
Zülm eləmək yaxşı deyil, heç zaman,
Tökmə nahaq qan, gedər abrın-həyan.
Hümməti xalqın pis olar, qorx aman.
Məzlum ahından çəkin ey hökmran.
Bu parçada, əlbəttə ki, zalım hökmdarlara qarşı ağır bir ittiham vardır.
Nizaminin əsərlərində şahların ədalətsizliyi, hökmranlığı önə çəkilən mövzulardandır.
Tək “Sirlər xəzinəsi” deyil, Nizaminin bütün əsərləri sanki aforizmlər, məsəllər toplusudur. Məsələn, “Leyli və Məcnun” əsərində az danışmağın gözəlliyi haqqında parçaya diqqət edək:
Sözün də su kimi lətafəti var,
Hər sözü az desən daha xoş olar.
Bir inci saflığı varsa da su da,
Artıq içiləndə dərd verir o da.
İnci tək sözlər seç, az danış, az din,
Qoy az sözlərinlə dünya bəzənsin.
Az sözün inci tək mənası solmaz,
Çox sözün kərpic tək qiyməti olmaz.
Bu parça el arasında yayılan çox məşhur xalq deyimində öz əksini tapır:
“Danışmaq gümüşdürsə, susmaq qızıldır”
Nizaminin əsərləri ilə folklor nümunələri arasında tam bir eyniliyi araşdırma obyekti etmək düzgün olmazdı. Çünki zaman, vaxt özünün hakimliyini hər yerdə göstərdiyi kimi, burada da göstərmişdir.
Belə ki, Nizami dövründən bu dövrə qədər olan zaman fasiləsində folklor nümunələri müəyyən assimilyasiyalara uğramışdır. Bu fikir görkəmli folklorşünas alim Sədnik Paşayevin “ Nizami və xalq əfsanələri” kitabında da öz dolğun əksini tapmışdır. O qeyd edir:
“Nizami dövründən bəri keçən müddətdə həmin folklor nümunələri böyük inkişaf yolu keçmiş, zaman keçdikcə dəyişmələrə məruz qalmış, eyni zamanda xalqın şair xəyalının qüdrəti ilə zənginləşərək yeni bədii keyfiyyətlər qazanmışdır“ (6, s. 44).
Nizami yaradıcılığına nəzər yetirəndə görürük ki, o təkcə folklor nümunələrinə əsaslanmamış, digər mənbələrdən də istifadə etmişdir. Lakin bunu xüsusi qeyd etmək lazımdır ki, şair kiçik folklor süjetlərinə əsaslanıb, onlara yeni nəfəs gətirmişdir. Məsələn, buna şairin “Sirlər xəzinəsi“ndə ki bir çox hekayələri, xüsusi ilə, “Süleyman və əkinçi”, “Bülbül və qızılquşun dastanı” və başqalarını da misalgöstərmək olar.
Əlbəttə, şair bu hekayələrin mövzusunu xalqdan almış və onu öz ideya və fikirləri ilə əsaslandırmışdır.
Lakin ”Sirlər xəzinəsi“ndə xalq xəzinəsindən gələn motivlər bununla bitmir. “Ovçu ilə tülkünün dastanı”, “Sultan Səncər və qarı” hekayəsi, “Firidun və maralın dastanı”, “Bir şahzadənin dastanı”, “Bir-biri ilə çəkişən iki həkimin dastanı” Azərbaycan folklorunun qədim əsatirlərindən qaynaqlanır.
Məsələn, “Bir şahzadənin dastanı” folklorumuzda “Bostan əhvalatı” ilə səsləşir. “Bostan əhvalatı”nda məzmun belədir:
Ata oğlunu başqa ölkəyə səfərə göndərir. Həmin ölkədə şah seçmək mərasimi təzəcə başlayıbmış. Adətə görə şahı seçmək üçün huma quşunu uçurdurlar və quş uçurdanda kimin başına qonarsa, həmin şəxsi şah eçirlər.
Quş üç dəfə uçub oğlanın başına qonur. Ölkənin ağsqqalları çarəsiz qalıb oğlanı şah seçirlər. Təcrübəsizlik və bir yandan da qəribçilik yeniyetmə gənci çox sıxır. Digər tərəfdən də, köhnə vəzir-vəkillər, saray əyanları əl-ayağına dolaşır. Gənc məcbur qalıb atasının yanına qasid göndərir. Qasid sifarişi oğlanın atasına çatdırır.
- Ata, huma quşunu uçurdurlar, gəlib başıma qondu və məni şah seçdilər. İşlərim yaxşı getmir, bilmirəm, ölkəni neçə idarə eliyim.
Arif qoca susur heç nə demir. Lakin sakitcə bir xəncəri götürüb, bostana girir və nə qədər qarpız, qovun varsa, hamısını tağdan üzür. Sonra gələn qasidə üzünü tutub deyir ki:
- Oğluma deyərsən, atan dedi ki, mən heç nə bilmirəm.
Qasid saraya qayıdıb gördüklərini şaha nəql edir. Gənc şah hər şeyi anlayır. Sarayda nə qədər, köhnə şaha yaxın saray adamı, vəzir-vəkil var idisə, hamısını dar ağacından asdırır. Qalanı qorxuya düşür və gənc şah rahatlıqla ölkəni idarə edir.
O, bir gül üzdü bağdan, çəməndən gülə-gülə,
Bir əfsun oxuyaraq, üflədi həmin gülə.
Yağını öldürməkçün gülü məndən al dedi,
Bu gül zəhərdən də güclü, təsirli idi.
Düşmən əfsunlu gülü əlinə alan zaman.
Qorxudan məğlub olub, bircə anda verdi can (6, s. 45)
Yuxarıda qeyd olunan bu parçada Nizaminin “Bir-biri ilə çəkişən iki həkimin dastanı”nda göstərdiyi “Gül və Zəhər” əfsanəsi, xalq arsında yayılan, eyni məzmunlu, adı isə “Loğman və şagirdi” adlanan əfsanə ilə tam səsləşir.
Əfsanədə göstərilir ki, loğman şagirdinin ölkədə şan-şöhrət qazanmasından ehtiyat edir və nəhayət, şagirdini çağırıb, deyir ki, ya sən yaşamalısan, ya mən.
Belə şərt kəsirlər ki, hər ikisi zəhərli dərman hazırlasın. Şagird birinci imkanı öz ustadına verir və loğman zəhərlə dolu piyaləni öz şagirdinə verir. Şagird loğmanın əlindəki piyaləni alıb, zəhəri başına çəkir. Zəhəri şərbət kimi içir. Sonra isə zəhərin qarşısını alan otların, çiçəklərin suyunda çimib qurtulur.
İkinci növbə isə, əlbəttə, şagirdin idi. O, böyük mis qabı götürür, içinə iri bir keçə parçasını qoyaraq onu gecə-gündüz daşla döyür. Loğman bu mənzərəni seyr edir. O, bütün çiçəklərin ətrinə bələd idi, lakin şagirdin hazırladığı dərmandan heç bir qoxu gəlmir. Şagird daşla keçəni hər dəfə döydükcə bu səs onun beynində əks-səda verir və loğman qorxudan, vahimədən ölür.
Nizami yaradıcılığında həmçinin el arasında məhşur atalar sözləri ilə sələşən misralara da tez-tez rast gəlinir.
Çox yemə, süfrədə hər şey çox da var,
Artıq bir qətrədən qədəh də daşar.
Bu misralar el arasında çox məşhur olan və tez-tez işlənən atalar sözü ilə eyni fikri özündə ifadə edir.
“Artıq tamah baş yarar.”
Beləliklə, dahi Nizami Azərbaycan folklorundan məharətlə bəhrələnmiş və əfsanə və əsatirlərimizə tarixdə yaşamaq hüququ qazandırmışdır. Bununla da, Azərbaycan folkloru həmişə Nizami yaradıcılığından faydalanmış və bundan sonra da faydalanacaqdır.
Dostları ilə paylaş: |