Tətbiqetmə qazanılmış bilik və bacarıqların yaradıcı tətbiq edilməsidir. Uşaqların əldə
etdikləri bilik və bacarıqları möhkəmləndirir, praktik əhəmiyyətini artırır. Bu məqsədlə uşaqlara
praktik tapşırıq verilir. Məktəbəqədər yaş dövründə əsas fəaliyyət növü oyun olduğu üçün
tətbiqetmə zamanı mövzuya uyğun oyundan istifadə edilməsi məqsədəmüvafiqdir.
Gündəlik planlaşdırma apararkən tərbiyəçi-müəllimin ilk işi mövzunun standarta
uyğunluğunu müəyyənləşdirməkdir. Standart müəyyənləşəndən sonra, ona müvafiq mövzu seçilir.
Artıq standarta və öyrənilən mövzuya uyğun müəyyənləşdirilən təlim nəticələri tərbiyəçi-
müəllimə deyil, uşağa yönəlməlidir. Əgər tərbiyəçi-müəllim məşğələnin məqsədini uşağın
maraqları üzərində qurarsa uğurlu və nəticəyönümlü təlim təşkil edə bilər. Uşağı təlimə cəlb
etməyin bir yolu mövzuya və məqsədə uyğun fəal təlim forma və üsullarından yerində istifadə
edilməsidir.
Tərbiyəçi-müəllim motivasiyanı elə qurmalıdır ki, uşağı təlimə cəlb edə bilsin. Bu mərhələdə
tərbiyəçi-müəllim müxtəlif baxışların və variantların toqquşmasından yaranan vəziyyət əsasında
sual qoyaraq uşaqları düşünməyə hazırlayır. Motivasiya ilk növbədə tədqiqat üçün həm mümkün,
həm də uşağın öz bacarığını və qabiliyyətini həyata keçirilməsinə imkan verən, onun inkişaf
xüsusiyyətlərinə müvafiq olmalıdır.
İkinci mərhələdə motivasiyadan çıxan fərziyyələr dəqiqləşdirildikdən sonra artıq yeni biliyin
əldə edilməsi işinə başlamaq olar. Tədqiqat müxtəlif formalarda – bütün qrupla birlikdə, qruplarda,
cütlər şəklində və ya fərdi şəkildə aparıla bilər. İrəli sürülmüş problemin həlli üçün müxtəlif
variantlardan istifadə olunur.
Növbəti mərhələdə uşaqların qazandıqları bilik və bacarıqların tətbiq edilməsi prosesi başlayır.
Belə ki, bu mərhələdə təfəkkürün müxtəlif növlərinin səfərbərliyə alınması baş verir. Sonrakı
mərhələdə tərbiyəçi-müəllim qazanılmış biliklərin ümumiləşdirilməsi məqsədilə suallar qoyur və
bu suallar əsasında biliklər sistemləşdirilir. Uşaq əldə etdiyi bilikləri, gəldiyi nəticəni, irəli
sürülmüş fərziyyələrlə tutuşdurur.
Təqdim edilən mərhələlər məşğələ zamanı hiss olunmadan biri-birini əvəz etməlidir.
Məşğələlər zamanı uşaqların yorulmasına yol vermək olmaz. Odur ki, məktəbəqədər təhsil
müəssisələrində məşğələlərə oyunlar və ya oyun elementləri daxil edilməli, onlardan təsirli bir
öyrənmə vasitəsi kimi istifadə olunmalıdır. Eyni zamanda, idman dəqiqələrindən istifadə edilməsi
məqsədəuyğundur.