Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə78/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   74   75   76   77   78   79   80   81   ...   139
Ovsunlar.  Dünyagörüşün  bir  sıra  yönləri  ilə  bağlı  olan,  xalqın  etnoqrafik 

həyatını  da  özündə  əks  etdirən  ovsunların  yaranmasına  səbəb  bir  yandan  hələ  tam 

formalaşmamış təfəkkürün mücərrəd aləmi, eləcə də bəzi həyat hadisələrinin düzgün 

qavranılmaması,  o  biri  yandan  və  daha  əsaslısı  sözün  təsir  gücünə  güclü  inamın 

olmasıdır. 

Ovsunlar  yaranışlarında  uzun  bir  formalaşma,  təkmilləşmə  yolu  keçmiş  və  bu 

yolda  özlərinə  yaxın  mərasim  ayinləri,  folklor  mətnləri  ilə  semantik  əlaqədə  olmuş, 

bəzən hətta onlarla qovuşmuş, birləşmişdir. Elə buna görə də bir sıra hallarda ovsunlar 

tilsim, fal, sehrlə eyniləşdirilmişdir. 

"Ovsun" da, "tilsim" də eyni məna, funksiya daşıyan məfhum kimi izah olunur. 

Həqiqətdə isə onlar şəkilcə bir-birinə oxşamadığı kimi, lüğəvi məna və mahiyyətcə də 

bir-birindən  seçilən  anlayışlardır.  Nağıl  və  dastan  süjetlərində  sıx-sıx  təsadüf  edilən 

tilsimlər  virdlə,  lövhlə  bağlıdır  və  onu  bilən,  icra  edən  də  əsasən  qara  qüvvələrin 

təmsilçilərindən sayılan cadugərlərdir. Ovsunlar isə bilavasitə gerçək yaşayış, xüsusən 

də  ailə-məişət  hadisələri  çevrəsində  təzahür  edir.  Ovsunlarda  tilsimlərdəki  kimi  nə 

lövh oxuyub göyərçin cildinə girən pərilər, nə küpəgirən qarılar, ifritələr, nə dərvişlər 

(xeyirxah  və  bədxahlıqlarından  asılı  olmayaraq),  nə  də  insan  övladı  üçün  min  bir 

əngəl törədən divlər var. Ovsunlarda insan istəyinə əks olan, yaşayışı çətinləşdirməyə 

cəhd edən qüvvələrə qarşı mübarizə var və bu da, əsasən, ayin, mərasim, sözün sehrli 

təsir gücü ilə həyata keçirilir. 

Ovsunun  faldan  da  fərqi  var.  Düzdür,  falın  bəsit  növü  ilə  ovsun  arasındakı 

seçilməni  müəyyənləşdirmək  çətinlik  törətmir.  Ovsun  üçün  söz  əsas  sayıldığı  halda, 

falın bəsit növündə buna ehtiyac yoxdur. 

Falın  mürəkkəb  növündə  də  ovsun  ilə,  azacıq  da  olsa,  fal  arasında  oxşarlıq 

nəzərə çarpır. Amma bu, zahiri bənzəyişdir. Yəni hər ikisində olsa-olsa sözün aparıcı 



319 

 

olmasıdır. Tipoloji baxış bunları asanlıqla fərqləndirir. Belə ki, ovsunların icrası üçün 



mütləqləşdirilmiş  zaman,  vaxt  anlayışı  olmadığı  halda,  xüsusi  mərasimlə  bağlı  olan 

qulaq  falı  yalnız  ilaxır  çərşənbədə,  yeni  il  axşamında  icra  olunur  və  həm  də 

qabaqcadan tutulmuş niyyətdəki istəyə uyğun hərəkət edilir. 

Ovsunu sehrlə də eyniləşdirmək olmaz. Qədim insanların, passiv formada olsa 

da,  təbiət  hadisələrinə  münasibət,  müdaxilə  cəhdi  öz  inikasını  sehrdə  tapıb.  Misal 

üçün,  qədim  əcdadlarımız  elə  biliblər  ki,  Günəşin,  Ayın  tutulmasının  səbəbkarı  cin, 

şəyatin  və  s.  şər  qüvvələrdir.  Odur  ki,  ayrı-ayrı  nəsnələri  (bir  qədər  sonra  dəmir 

alətləri)  bir-birinə  vurmaqla  səs  çıxarmış  və  bununla  həmin  qüvvələri  qorxuzub 

qaçıracaqlarına inanmışlar. Yaxud, körpə uşaq şər qovuşanda evdən çıxarılarkən onun 

yanına pambıq, şəkər, kömür qoyaraq sehr edilərmiş. Burada pambıq  – xəta-bəladan 

uzaq ol, xoşbəxt, ağgünlü, işıqlı həyatın olsun, şəkər - dilin şirin olsun, kömür - sənə 

pis  nəzərlə  baxanın  gözləri  qaralsın  deməkdir.  Başqa  bir  nümunə:  məhsulunun  tez 

hasilə  gəlməsi  arzusu  ilə  yaşayan  əkinçi  əkin  zamanı  sahənin  qırağında  qayğanaq 

bişirir, bununla da məhsuluna "sən də bu qayğanağa oxşa, tez hasilə gəl" - deyə sehr 

edirmiş. 

Tədrici inkişaf, digər sahələrdə olduğu  kimi, sehrə də öz təsirini  göstərmişdir. 

Passiv formada sehr aktiv münasibət çevrəsinə daxil olaraq, yəni sözlə birləşərək yeni 

biçim qazanmağa başlamışdır. Bərk quraqlıqdan məhsulunun məhv olacağı təhlükəsi 

ilə  üzləşən  əkinçi  ilkin  mərhələdə  bir  quru  daşı  isladılmış  daşların  yanına  qoymaqla 

yağış  arzusunda  olduğunu  ifadə  etmiş,  yaxud  bunun  əksinə  olaraq,  yağışın  çox 

yağması ilə məhsulunun tələf olacağı təhlükəsindən qayğılanaraq yağışın dayanması, 

səngiməsi  üçün  ağzıaçıq  qabları,  ocaq  üstündəki  sacı  arxası  üstə  çevirmiş,  bir  qab 

yağışı  buxarlanıb  qurtarana  qədər  qaynatmış,  qolunu  dişləməklə  onun  kəsiləcəyi, 

yağmayacağı zənnində olmuşdur. Daha sonrakı mərhələdə isə bu akta - sehrə yeni bir 

düstur  -  söz  də  əlavə  etmişdir.  "O,  iki  çaxmaq  daşını  bir-birinə  vurmaqla  yağışın 

müjdəçisi olan ildırımın süni bənzərini yaradır, başqa sözlə, sehr edir, eyni zamanda 

həm də: 

Çax daşı,  

Çaxmaq daşı,  

Allah versin  

Yağışı - 

deyə  xüsusi  bir  ovsun  nəğməsi  yaradıb  oxuyurdu"[8].  Yaxud  bədənində  ziyil  olan 

kimsə əlinə süpürgə alıb onu süpürə-süpürə birgecəlik Aya müraciətlə: 

Təzə Ay, səni xoş gördük,  

Ziyilin yerin boş gördük - 

deyə üç kərə bu ayini və sözləri təkrar etməklə ziyilin düşəcəyinə inanır. 

Bəlli olduğu üzrə, yay ayları əkin-biçin, mer-meyvənin hasilə gəldiyi çağdır və 

bunun  üçün,  sözsüz,  Günəş  işığının,  istiliyinin  bolluğu  vacibdir.  Havaların  yağıntılı, 

çox sərin keçməsi isə təsərrüfatçının qayğısını, narahatlığını artırır. Odur ki, ailənin ilk 

uşağı Günəşi - işığı, istiliyi çağırış məqsədi ilə kölgəni döyəcləyə-döyəcləyə: 




320 

 

Kölgə dağlara,  



Gün buralara - 

söyləyir.  Yaxud,  yenə  elə  bu  uşaq  ocaqda  qızdırılmış  şişlə  buludların  seyrəkliyindən 

süzülüb gələn Günəş şüasını sanki yandırır, damğalayır və bu zaman: 

Mən nənəmin ilkisiyəm,  

Ağzı qara tülküsüyəm,  

Mən səni yandırdım,  

Sən də məni yandır - 

ovsun nəğməsini oxuyur. 

Qədimdə 

insanlar  təbii  uğursuzluqlara,  başvermə  səbəbini  düzgün 

qavramadıqları  xəstəliklərə  qarşı  mübarizədə,  ağır  əməklərini  yüngülləşdirməkdə, 

arzu və istəyin həyata keçməsində də ovsunları vasitə saymışlar. Onlar bu münasibətlə 

xüsusi  ayinlər  yaratmış  və  məsələnin  mahiyyətinə  uyğun  olaraq  bu  ayinləri  ovsun 

nəğmələri  ilə  müşayiət  etmişlər.  Misal  üçün,  göz  səyriyəndə  adamlar  mütləq  bəd, 

uğursuz  hadisənin baş verəcəyini düşünmüşlər. Hətta belə  bir inam da olub ki,  guya 

sağ  gözün  səyriməsi  xeyir  deməkdir  və  bu  cəhət,  adətən,  "sevinərsən",  "kimsənlə 

görüşərsən",  "şad  xəbər  eşidərsən"  kimi  ümidverici  deyimlərlə  yozulmuşdur.  Sol 

gözün səyriməsi isə qorxulu, təhlükəli, ziyanlı bir hadisənin başlanğıcını xəbər verən 

əlamət tək yozulmuşdur. Odur ki, sol göz səyriyəndə fəlakətdən yaxa qurtarmaq üçün 

elə  indinin  özündə  də  uğur  simvolu,  Günəş  rəmzi  sayılan  qırmızı  rəngli  sap  kəsiyi, 

parça qırıntısı göz qapağının üstünə yapışdırılır və səyriyən gözə sağ əllə üç kərə sığal 

çəkə-çəkə: 

Xeyrə atırsan, at!  

Şərə atırsan, yat! - 

söyləməklə ovsun edilir. 

Belə ovsunlarda dualist dünyagörüşün izləri də özünü göstərməkdədir. Belə ki, 

başqa bir ayin zamanı oğul istəyində olan qadın, qızını bir növ qutsallaşdırmış, hami 

ucalığına qaldırılmış daşın yanına gətirib: 

Ağ daş, qara daş,  

Buna bir qardaş! - 

deməsi, yaxud şər qovuşanda evi süpürən adamın tez-tez "toy evi süpürürəm" söyləyib 

və süpürdüyünü də evin bir küncünə yığıb "axşamın xeyrindən sabahın şəri yaxşıdır" 

ifadəsini işlətməsi, itiyini axtaranın 

Tapıl, tapıl, pul verrəm,  

Tapılmasan, kül verrəm - 

ovsunu  bu  və  ya  digər  ölçüdə  elə  adını  çəkdiyimiz  dualist  görüşlə  bağlıdır.  Sonuncu 

ovsun  ayinini  icra  edən  elə  düşünür  ki,  şər  qüvvələr  sırasında  olan  şeytan  itmiş 

nəsnənin tapılmasına mane olur, onu gizlədir. Odur ki, həmin məqamda cib yaylığının 

ucunu da düyünləyir. Bununla zənn edir ki, guya şeytanın quyruğunu düyünləyib, onu 

zərərsizləşdirib. 

Məhsulun  tez  yetişməsi,  bol  olması,  mal-qaranın  salamatlığı  üçün  ayrı-ayrı 



321 

 

tədbirlərə,  o  sıradan  ovsunlara  da  tez-tez  müraciət  edilmişdir.  El  arasında  "Göy 



qurşağı",  "Fatma  qarının  örkəni"  də  adlanan  qövsi-qüzehdəki  yaşıl,  sarı,  qırmızı 

rəngləri  əvvəllər  yalnız  seyr  etməklə  kifayətlənən  əkinçi  indi  quraqlığı  qovmaq, 

qıtlıqdan yaxa qurtarmaq üçün xüsusi ayin icra edir. O,  qövsi-qüzehi görüncə torpaq 

üzərində iki zəmi təsviri çəkir. Bunlardan yaşıl rənglisini özününküləşdirir və 

Fatma nənə, Fatma nənə,  

Sarısı sizin zəmiyə,  

Yaşılı bizim zəmiyə! - 

deyərək  əli  ilə  həmin  "zəmi"lərə  işarə  edərək  ovsun  nəğməsi  oxuyur.  Güclü  xəzrini 

dayandırmaq  üçün  isə  bulaq,  su  quyusu  yanında  xəzri  səmtə  ocaq  qurulur,  amma 

yandırılmır. Əkiz doğmuş qadın: 

Xəzri, səni alaram,  

Ələyimə salaram.  

Üç deyincə kəsməsən,  

Od-ocağı qalaram - 

ovsun  nəğməsini  oxuya-oxuya  boş  ələyi  üç  dəfə  bu  ocağın  üstünə  endirib  qaldırır. 

Sürüdən,  naxırdan  ayrılmış,  yaxud  gecə  kövşəndə  qalmış  heyvanın  qurd-quşa  yem 

olmaması  üçün  də  ayrıca  ovsun  ayini  icra  edilmişdir.  Heyvan  sahibi  ağzıaçıq  bıçağı 

sanki canavar ağzı bilir və 

Yağladım, zağladım,  

Qurdun ağzın bağladım - 

ovsun  nəğməsini  oxuyandan  sonra  bıçağın  ağzını  bağlamaqla  qurdun  da  ağzını 

bağlamasını, heyvanının salamat qalacağını düşünür. Heyvan tapılandan sonra bıçağın 

ağzı  açılmalıdır  ki,  qurdun  da  ağzı  açılsın.  Qurdun  ağzını  bağlı  saxlamaq  günah 

bilinib.  Bilavasitə  qurdla  bağlı  belə  ovsun  və  etiqad  nümunələri  çoxdur.  Misal  üçün, 

"Heyvan itən və çöldə qalan zaman qurdun ağzını bağlamaq üçün ərə getməmiş yetkin 

bir qızın yanına gəlirlər. Qız saçını əlinə alar və bir tel ayırıb deyər: 

- Qurdun ağzını bağlayıram, itmiş heyvanı yeməsin. 

Sonra qız saçından ayırdığı tükü düyər. Heyvan tapılandan  sonra düyünü açar 

ki, qurdun ağzı açılsın. Buna "qurd ağzı bağlamaq" deyərlər. 

Heyvan  gecə  çöldə  qaldıqda  ipi  düyüb  çevrilmiş  qazanın  altına  qoysan  da, 

qurdun ağzı bağlanar, heyvanı yeməz. Canavarın ağzını bağlamaq üçün həmçinin yun 

darağının dişlərinə baltanın ağzını da keçirərlər". 

Heyvanlar dabaq xəstəliyinə tutulan zaman isə "...bir nəfər kişi əlinə çox böyük 

tabaq  alıb,  ibtidai  insan  və  şaman  rəqslərini  xatırladan  hərəkətlər  edər,  xəstə 

heyvanlara yaxınlaşıb: 

Tabaq gəldi, 

 Dabaq qaç"[9]. 

deyə ovsun ayini icra edib nəğmə oxuyarmış. Burada dabağın, yəni xəstəliyin fəna, şər 

qüvvələrin  əməli  olması  tabaq  çalıb  səs  salmaqla  onların  qorxudulub  qaçırılacağına 

inam mövcuddur. 




322 

 

Uşaqları  xəstəliklərdən  qorumaq  və  ya  sağaltmaq  üçün  el  arasında  digər  xalq 



təbabəti  üsulları  ilə  yanaşı,  ovsunlardan  da  istifadə  olunmuşdur.  Uşaq  boğaz 

ağrısından  narahatlıq  keçirdikdə,  inama  görə,  yaşlı  bir  kimsə  uşağın  boğazını 

sığallamaqla bərabər, yavaşca sillə vurur. 

Bir, İki,  

Üç, puç - 

sözlərini  üç  dəfə  təkrar  söyləyir.  O  burada  uşağın  şişmiş  vəzlərini  sığallayır  və  son 

sillə ilə xəstəliyi uzaqlaşdırmağa, qovmağa cəhd eləyir[10]. 

Uşağı  bədnəzərdən  qorumaq  üçün  də  bir  sıra  ovsunlardan  istifadə  edilmişdir. 

Uşaq  xəstələnən  zaman  tez-tez  əsnəyəndə  onun  nəzərə  gəldiyi  güman  edilibdir.  Bu 

vaxt  uşağın anası sağ əliylə bir çimdik duz götürüb uşağın  başına üç  kərə dolandırır, 

eyni  zamanda  hər  kərə  uşağın  kürəkləri  arasına  astaca  yumruq  vura-vura  "Gözü 

dəyənin gözü çıxsın" deyir. Bundan sonra isə: 

Duz, duz,  

Ocaqda qız,  

Yanıb kül olsun  

Balama dəyən göz - 

ovsun  nəğməsini  oxuya-oxuya  həmin  bir  çimdik  duzu  oda  atır.  Duz  çırtaçırtla 

yandıqda "gözü dəyənin nəzəri yandı" - düşünülür. 

Yaxud  bir  dəstə  üzərlik  götürüb  yandırılır,  xəstələnmiş  uşağa  onun  tüstüsü 

dəydikcə: 

Üzərliksən, havasan,  

Min bir dərdə davasan.  

Balama göz vuranın  

Gözlərini ovasan. 

 

Üzərliyim çatdasın,  



Yaman gözlər partdasın,  

Ağrın-bəlan tökülsün,  

Dərd üstündən atdasın. 

ovsun nəğmələri oxunularmış. 

Uşağın  canında  qada-bala,  dərd-azar,  ağrı-acı  olmasın  deyə  o  çimizdirilərkən 

də  çox  vaxt  ovsun  edilərmiş.  Ana  uşağını  çimizdirib  qurtardıqdan  sonra,  nəhayət, 

axırda bir qab suyu onun başından axıda-axıda ovsun nəğməsi oxuyarmış: 

Ağrılar səndən qaçsın,  

Yolunda güllər açsın.  

Dərd-bəlanı atasan,  

Boya-başa çatasan.  

Can bala, canım bala,  

Sən ol həyanım, bala. 


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin