Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə80/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   76   77   78   79   80   81   82   83   ...   139
Andlar,  dualar.  Etnosun  maddi  və  mənəvi  mədəniyyətinin  hərtərəfli 

öyrənilməsində  mühüm  mahiyyət  kəsb  edən  etnoqrafiyanın  etiket  sahəsi  cəmiyyətdə 

əxlaq,  davranış,  rəftar,  vərdiş,  hərəkət,  həmçinin  danışıq-nitq  normalarını  özündə 

ehtiva  edir.  Qədim  inam  və  etiqadlarla,  insanların  ilkin  təsəvvür  və  düşüncələri  ilə 

bağlı yaranan andlar da gündəlik danışıq etiket tipidir. Ünsiyyət vasitəsi olmaqla and 

tərəflərin hadisəyə, olmuşa və olmalıya  münasibətlərini ifadə edir. Andlar əsasən iki 

yolla  yaranır.  Birincisi,  mifoloji  təsəvvürün  ortaya  çıxardığı  sakral-müqəddəs 

sayılanlara içilən andlar. Əski çağlardan yaranan bu qəbil andlar elə indinin özündə də 

məişətdə  yaşamaqdadır.  İkincisi,  müəyyən  bir  iş,  məsələ,  əhvalat,  hadisə  ilə  bağlı 

yaranan  andlardır.  Andların  hər  iki  növündə  söylənilmiş  fikirdəki  mahiyyətin  yalan 

yox,  doğru  olması  andiçmə  ilə  təsdiqlənir.  Bu  səbəbdən  andiçməyə  həmişə  ciddi 

yanaşılmış,  yalandan  andiçmənin  isə  fəlakət  törədəcəyinə  inanmışlar.  Bir  vaxt  ölüm 

cəzası yalnız  yalandan andiçməyə  görə təyin olunurmuş. Bir qədər yüngülləşdirilmiş 

şəkildə  olsa  da,  belə  bir  yönün  davamını  andiçmənin  yalan,  yoxsa  doğru  olmasını 

müəyyənləşdirmək üçün keçirilən "Qurd seyiri" ayinində  də  görürük. Qaydaya  görə, 

bir  kimsənin  andının  doğru  olub-olmamasını  yoxlamaq  üçün  qurd  seyiri  (qurdun 

topuğunun  üst  hissəsi  seyir  adlanır)  yandırılır.  Qurd  seyiri  yandırıldıqda  yığılırsa, 

deməli,  sınanılanın  da  andı  yalandır  və  o  da  özündən  asılı  olmayaraq  yığılmağa 

başlayır.  Qurd  seyiri  qutsal  sayılır.  Ümumiyyətlə,  onun  yandırılması  uğursuzluğun 

başlanğıcı  işarəsidir.  Buna  görə  də  yalandan  and  içən  qurd  seyirinin  yandırılmasına 

razı olmayıb günahını boynuna alır[11]. 

İslam dini ənənələrinin Azərbaycana gəlişi ilə bu sayaq andlar öz yerini, əsasən 

"Qurani-Kərim"ə verməli olmuşdur. Yəni, "Quran"a and içmək ən ağır, çətin imtahan 

sayılmışdır. Bir kimsənin "Quran"a yalandan and içdiyi bilinsə belə, and içdirən and 

içənə  inanmalı  olmuşdur.  Çünki  Tanrının  "Quran"a  yalandan  and  içəni  mütləq 

cəzalandıracağına  şübhə  edilməmişdir.  Məhz  belə  bir  anda  "Kitabi-Dədə  Qorqud"da 

tuş  oluruq.  Sözsüz,  bu  abidə  islamiyyət  vaxtından  çox-çox  əvvəllərin  yaradıcılıq 

örnəyidir.  Bəlli  olduğu  üzrə,  "Kitabi-Dədə  Qorqud"da  çox-çox  zamanların  izləri 

vardır. İslamiyyət də onlardan biri kimi. 

Abidədən aydın olur ki, oğuzların yaşadıqları vaxtlarda da anda inam, sözsüz, 

çox  güclü  olmuşdur.  İçilmiş  andı  sındırmaq,  ona  əməl  etməmək  bağışlanmazmış. 

Oğuzlar  hətta  ölümü  yalandan  and  içməkdən  üstün  tutmuşlar.  Abidənin  sonuncu 

boyunda  deyilir  ki,  Bozoklar  və  Ucoklar  eyni  zamanda  yığılıb  gəldikdə  Salur  Qazan 

evini yağmaladarmış. O, bir kərə bu adəti pozur. Bu işi yalnız Bozoklar olanda görür. 

Oğuzun Ucoklar tirəsi bundan inciyib müshəfə ("Quran"dan hissə, parça) and içməklə 

Salur  Qazana  düşmən  kəsildiklərini  bildirirlər.  Amma  onlar  Oğuzun  dörd  niqablı 

igidlərindən  biri  olan  Bamsı  Beyrəkdən  hüşəndiklərindən  Salur  Qazanın  üstünə 

hücum etməkdən çəkinirlər. Odur ki, hiylə işlədib Bamsı Beyrəyi çağırırlar. Müshəfə 

and  içdirib  öz  tərəflərinə  çəkmək  istəyirlər.  Əks  halda,  ölümlə  hədələyirlər.  Bamsı 

Beyrək isə ölümünə razı olur, amma canını qurtarmaq üçün müshəfə yalandan əl basıb 




326 

 

and içmir. Salur Qazana dönük çıxmayacağına and içir: 



Mən Qazanın nemətini çoq yemişəm,  

Bilməzsəm, gözümə dursun!  

Qaraqucda Qazılıq atına çoq minmişəm,  

Bilməzsəm, mənə tabut olsun!  

Yaxşı qaftanlarını çoq geymişəm,  

Bilməzsəm, kəfənim olsun!  

Ala bargah otağına çoq girmişəm,  

Bilməzsəm, mənə zindan olsun!  

Mən Qazandan dönməzəm...[12]. 

Eyni  baxımdan  "Kitabi-Dədə  Qorqud"un  on  birinci  boyunda  Salur  Qazanın 

özünün də and içdiyi maraq doğurur. Kafirlər Salur Qazanı yatmış halda qarmalayıb 

əsir aparırlar. Oğuz ərənləri onu qazamatdan qurtarmağa gələndə kafirlər Qazan xana 

deyirlər:  "And  iç  kim,  bizim  elimizə  yağılığa  gəlməyəsən.  Həm  bizi  öy,  Oğuzı 

sındırgil, səni qoyu verəlim, var get!"[13]. Salur Qazan yalandan and içə bilməz. Bu, 

Oğuzların şərəfinə sığan iş deyil. Nə etməli? Ya Oğuzları sındırmalı, kafirləri öyməli, 

ya da ölümünə razılaşmalıdır. O, çıxış yolunu ustalıqla tapır. Dolayısıyla belə and içir: 

"Vallah, billah, doğrı yolu görər ikən əyri yoldan gəlməyəyin!"[14]. Kafirlər elə zənn 

edirlər ki, bu andla Qazan xan onların tərəfinə keçmişdir. Əslində isə Salur Qazan xan 

Oğuzların yolunu "doğru yol" saymış və "bu yoldan dönüb əyri yola" getməyəcəyinə, 

kafirlərlə əlbir olmayacağına and içmişdir. 

Qədim  zamanlardan  Azərbaycanda  Günəş,  Ay,  su,  od,  ocaq  müqəddəs 

sayılmış,  torpağa,  çörəyə  ehtiram  bəslənilmişdir.  Bütün  bunlar  məişətimizdə  indi  də 

yaşamaqda  olan  "Günəşə  and  olsun",  "Aya  and  olsun",  "Su  haqqı",  "Torpağa  and 

olsun",  "Ocağa  and  olsun",  "Od  haqqı",  "And  olsun  anamın  üz  qoyduğu  torpağa", 

"And  olsun  kəsdiyimiz  duz-çörəyə",  "İşığa  and  olsun"  və  s.  kimi  andların  yaranıb 

yayılmasına yol açmışdır. 

Canlı  danışıqda  dini  duyğu  və  ehkamlara,  islam  müqəddəslərinə, 

ziyarətgahlara, pir-ocaqlara aid andlar da az deyil: "Tanrı haqqı", "Allah haqqı", "Bu 

üzü  qibləyə  and  olsun",  "Qurana  and  olsun",  "Yalan  deyirəmsə,  Quran  qənimim 

olsun",  "Məscid  haqqı",  "And  olsun  getdiyim  Kəbəyə",  "Kəbə  haqqı",  "And  olsun 

Əlinin qılıncına", "Bu Əli yoluna and olsun", "On iki imama and olsun", "And olsun 

Həzrət Abbasın qələm olan qollarına", "And olsun Kərbəla müsibətinə", "Peyğəmbər 

haqqı", "And olsun qıldığım namaza", "Tutduğum oruca and olsun", "Yaradan haqqı", 

"Yaradana  and  olsun",  "And  olsun  imam  Rzanın  qəbrinə",  "İmam  Hüseynə  and 

olsun", "Yalan deyirəmsə, getdiyim Həcc qənimim olsun" və s. 

Ümumi səciyyə daşıyan və geniş yayılmış bu tərz nümunələrlə yanaşı, nisbətən 

dar  çevrəli,  qohumluq,  doğmalıq,  şəxsi  münasibət  ifadə  edən  andlar  da  məişətdə 

mühüm  yer  tutur:  "Atamın  canına  and  olsun",  "And  olsun  anadan  əmdiyim  südə", 

"Başın haqqı", "Canına and olsun", "Qardaşım canı", "Tək balamın canına and olsun", 

"Əziz canına and olsun", "Sənin əziz başına and olsun", "Sabaha salamat çıxmayım", 




327 

 

"Özüm ölüm", "Sən öləsən", "Cavan canına and olsun", "Atamın goru haqqı", "Qərib 



dayımın canı üçün" və s. 

Bu  andlar  həyatda,  qarşılıqlı  münasibətlərdə  tez-tez  içilən  andlardır.  Məişətdə 

olduğu  kimi,  xalq  yaradıcılığı  örnəklərində  də  andlar  qədərincədir.  Burada  nəinki 

insanlar,  hətta  sirli-sehrli  qüvvələr  -  divlər,  pərilər  belə  verilmiş  vədi,  sözü  mütləq 

yerinə  yetirəcəklərini  bildirmək  üçün  analarının  südünə,  Süleyman  peyğəmbərin 

üzüyünün qaşına və s. and içirlər. 

Xalq  yaradıcılığı  örnəklərində  and  yalnız  sözlə,  həmçinin  ayin  səviyyəli 

hərəkət,  işlə,  əşya  vasitəsi  ilə  də  icra  olunur.  Bu  baxımdan  əhd-peyman  andı  baxışı 

çəkir.  İki  dost  həmişəlik  sirdaş,  qardaş  olacaqlarını  əhd-peyman  andı  ilə  təsdiqləyir. 

Andın  əsas  əlaməti  and  içənlərin  barmaqlarını  çərtib  qanlarını  bir-birlərinə 

qarışdırmalarıdır.  "Dostluğun  sirri"  adlı  Azərbaycan  nağılının  əsas  qəhrəmanları 

Məmmədlə  Məlik  çətin  bir  səfərə  yollanmazdan  qabaq  etibarlı  dostluğu,  sədaqəti 

qanla  möhürləyən  əhd-peyman  andı  içirlər.  Nağılda  deyilir:  Onlar  əhd-peyman 

elədilər ki, möhkəm dost olaq. İkisi də barmaqlarını çərtib qanlarını qatdılar[15]. 

Qılınc altından keçməklə andiçmə də əski təsəvvürlərlə bağlıdır. "Kitabi-Dədə 

Qorqud"un üçüncü boyunda Bamsı Beyrəyin yalandan ölüm xəbərini gətirən Yalançı 

oğlu  Yalancuq  onun  nişanlısı  Banıçiçəyi  almaq  istəyir.  Toy  başlanır.  Bu  vaxt 

əsirlikdən  qurtaran  Bamsı  Beyrək  gəlib  çıxır.  Həqiqət  aşkar  olur.  Günahının 

bağışlanması  üçün  imdad  diləyən  Yalancuq  Bamsı  Beyrəyin  qılıncının  altından 

keçməklə  bir  daha  belə  iş  tutmayacağına  and  içir[16].  Buradan  anlaşılır  ki,  andın 

pozulması qılıncla doğranmaqla nəticələnəcəkdir. 

Elə  "Koroğlu"  dastanında  Dəli  Həsən  də  Koroğlunun  qılıncının  altından 

keçməklə ona sadiq olacağına and içir. 

Sözsüz, andiçmənin bilavasitə qılıncla bağlı olması səbəbsiz deyil. Əski inama 

görə, qılınc Tanrı tərəfindən göydən göndərilib və çox vaxt qılınca elə "Tanrı qılıncı" 

deyilmişdir. Bundan savayı, məşhur türk sərkərdəsi Atillanın qılıncı da göydən gəlmiş 

qılınc  bilinmişdir.  Koroğlunun  Misri  qılıncı  da  göydən  gəlmiş  daşdan  döyülüb 

hazırlanmışdır. 

Qılıncdan  savayı,  digər  nəsnələrin  də  and  vasitəsi  olması  xalq  yaradıcılığı 

nümunələrində  özünə  yer  tapıb.  Misal  üçün,  "Daşdəmirin  nağılı"  və  "İlyasın 

nağılı"nda sirrin saxlanılacağına müxtəlif əşyalar vasitəsi ilə and içilir. Nağılların əsas 

qəhrəmanları  Daşdəmir  də,  İlyas  da  nara  iynələr  sancır,  kağızı  qayçı  ilə  xırda-xırda 

doğrayır, Daşdəmir əti  tikə-tikə  doğrayır, İlyas Quranı öpür. Bununla  bədənləri iynə 

sancılmış  nar  kimi  oxlansa  da,  kağız  kimi  doğransalar  da,  ət  kimi  tikə-tikə 

parçalansalar da, sirri gizli saxlayıb, heç vaxt, heç kəsə açmayacaqlarına and içirlər. 

Dualar insanların təbiət, cəmiyyət hadisələrinə münasibətlərində yaranan inam 

və etiqadlarının ifadəsidir. Qarşı tərəflərin bir-birlərinə arzu, istəklərini bildirən dualar 

ümumi  şəkildə  konkret  zaman  içində  olmaması  səbəbindən,  andlar  kimi 

etnoqrafiyanın  etiket  bölməsinə  daxil  olur.  Yəni  dualar  zaman  və  məkandan  asılı 

olmayaraq,  birinin  başqasına  uğur  istəyi  ilə  deyilir,  söylənilir.  Bu  səbəbdən  də 



328 

 

mərasim,  mərasim  ayini  növü  ola  bilmir.  Bununla  belə,  bir  sıra  hallarda  dualar 



mərasimlər,  ayinlər  keçirilən  vaxtlarda  da  söylənilir.  "Kitabi-Dədə  Qorqud"dakı 

boyların  sonluğunda  bildirilir  ki,  igidlərin  uğuru,  yaxud  kafirlər  üzərində  çaldıqları 

qələbə  şərəfinə  mərasimlər  keçirilir.  Bu  mərasimlərdə  iştirak  edən  Dədə  Qorqud 

dualar  söyləyir:  Yerli  qara  dağların  yığılmasın!  Kölgəlicə  qaba  ağacın  kəsilməsin! 

Qamin aqan görkli suyun qurumasın! Qanadların ucları qırılmasın! Çaparkən ağ-boz 

atın  büdrəməsin!  Çalışanda  qara  polat  üz  qılıncın  gödəlməsin!  Dürtişərkən  ala 

göndərin ufanmasın! Ağbirçəkli anan yeri behişt olsun! Ağ saqqallı baban yeri uçmaq 

olsun! Haqq çırağın yana dursun! Qadir Tanrı səni namərdə möhtac eyləməsin! Axır-

sonu ari camaldan ayırmasın! "Amin" deyənlər dizar görsün!  Ağ alınanda beş  kəlmə 

dua  qıldıq,  qəbul  olsun!  Allah  verən  umudun  üzülməsin!  Yığışdırsun-durışdursun 

günahınızı adı görkli Məhəmməd Mustafa yüzi suyuna bağışlasın! Oğulla qarındaşdan 

ayırmasın! 

Məzmun  və  deyiliş  baxımından  dualar  alqışlara  çox  yaxındır.  Ayrı-ayrılıqda 

müstəqil  məfhum  olan  "alqış"la  "dua"  bəzən  paralel  şəkildə  deyilir.  "Kitabi-Dədə 

Qorqud"da övladı olmayan Dirsə xana məsləhət görülür ki, acları doyursa, çılpaqları 

geyindirsə, borcluları borcdan qurtarsa, Tanrının inayəti ilə övladı olar. Dirsə xan belə 

də edir. Eyni zamanda o, böyük bir mərasim düzənləyir. Oğuz bəylərini qonaq çağırır. 

Boyda  deyilir  ki,  mərasimdə  nə  üçün  iştirak  etdiklərini  bilən  bəylər  "Əl  götürdülər, 

hacət  dilədilər.  Bir  ağzıdualının  alqışıyla  Allah-Taala  bir  əyal  verdi:  Xatını  hamilə 

oldu,  bir  neçə  müddətdən  sonra  bir  oğlan  doğurdu"[17].  Yaxud  alqış-qarğışın  dua 

funksiyası  yerinə  yetirməsi  dastandakı  "Ol  zamanda  bəglərin,  alqışı  alqış,  qarğışı 

qarğış idi. Duaları müstəcab olurdı" qənaəti ilə dəqiq şəkildə ifadə olunmuşdur. 

Canlı  danışıqda  müşahidə  olunan  duaların  böyük  bir  qismini  bilavasitə  islam 

dini  ifadələri  təşkil  edir:  "Allah-Taala  səni  düşmənə  möhtac  eləməsin",  "Allah-

Taalanın  köməyi  ilə  heç  vaxt  "nə  edim,  necə  edim?"  deməyəsən",  "Ey  Uca  Tanrı, 

süfrəmizin  bərəkətini  bol  eylə.  Bizi  çörəklə  imtahana  çəkmə",  "Ey  Qadir  Tanrı, 

dərgahına  əl  qaldırıb  dua  eləyirəm  ki,  bütün  gedənlər  sağ-salamat  evlərinə  dönsün, 

mənim  də  bircə  balam  onların  içində",  "Ya  on  iki  imam,  düşmənlərimizi  zəlili-xar 

eylə" və s. Bu sayaq dualardan sonra, adətən "Amin!" deyilir. 

Duaların bir qismi də şəxsi münasibətlər nəticəsində yaranır. Görülən xeyirxah 

işin  müqabilində  bir  kimsə  digərinə  "Başıuca  olasan",  "Bir  əkib  -  beş  götürəsən", 

"Dost-düşmən  yanında  üzüağ  olasan",  "Kölgən  üstümüzdən  əskik  olmasın"  və  s. 

şəkildə dualar söylənilir. 


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin