Dərs vəsaiti Tomsk 2002 kbt u9(2)271



Yüklə 247,59 Kb.
səhifə4/37
tarix10.05.2022
ölçüsü247,59 Kb.
#57455
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   37
Sosial iş ixtisasına giriş - tam versiya red

Həyatın mənası şəxsiyyətin sadəcə özünü dərk etməsini deyil, həm də şəxsi ehtiyaclarının dəyər stimullarını ifadə edir. Aydındır ki, maddi ehtiyac mövcud olduqca mənəvi dəyərlər insan fəaliyyəti üçün ümumi motivə çevrilə bilməz.

Fəlsəfədə həyatın mənası probleminə üç əsas yanaşmanı qeyd edək:



  • məna əqli fəaliyyətdə, yaradıcılıqdadır.

  • məna sevməkdədir.

  • məna yaxşılıq etməkdədir.

Əvvəllər fəaliyyətin özlüyündə məna probleminin dərk edilməsi ilə bağlı bəzi yanaşmalar qeyd edilsə də, mənanın sosial fəaliyyətdə nədən ibarət olduğunu göstərmək lazımdır. İnsan fəaliyyətinin bu növü, artıq bizim dediyimiz kimi, “mənanın sevməkdə”, “mənanın yaxşılıq etməkdə” olduğunu həyata keçirir. Çünki sosial fəaliyyət insanın rifahına yönəldiyi zaman həmişə yaxşılıq etmək prinsipini irəli sürür, bununla da insana münasibətdə qayğı və məhəbbət rolunda çıxış edir.

Adi şüur səviyyəsində həyatın mənasına digər baxışlar da mövcuddur:



  • həyat özü də təbiət kimi mənaya malik deyil, yəni bütün insanlar üçün vahid həqiqi yol yoxdur, yüksək və ya aşağı həyat tərzi son nəticədə eyni mənaya malikdir. Nəticədə “həyat bir dəfə verilir və ondan maksimum həzz almaq lazımdır”, “yalnız öz sevincin üçün yaşamalısan, digər hallar heç bir əhəmiyyət daşımır” kimi fikirlər yaranır;

  • həyatın mənası əvvəlcədən Tanrı, dünya nizamı, təkamül, tale (alın yazısı) tərəfindən obyektiv olaraq müəyyən edilmişdir və insan bu mənanı yalnız dərk etməli və öncədən müəyyən edilmiş əsil yolla irəliləməlidir;

  • həyatın mənası insan tərəfindən onun sərhədsiz azadlığının sübuta yetirilməsindən ibarətdir. Həyatın mənasının inkar edilməsi insanı fərdiyyətçilik və xudbinliyə sürükləyir. İnsan başqalarının, cəmiyyətin və təbiətin rifahını qəbul etməyə bilər. Həyatın mənasını inkar edən insan sosial sahədə işləyə bilməz, onun fərdiyyətçiliyi yalnız xudbinliyə deyil, həm də digər insanlara ən antihumanist şəkildə yadlaşmağa gətirib çıxarır.

İkinci mövqe insanların əksər hissəsini cəlb edir. “İnsan cəmiyyətdə nə etməlidir”? Bu sual bütün dünya dinlərində öz yerini tapmışdır. İnanclı insanlar öz həyatlarının mənasını Tanrıya “çatmaqda” görürlər (inam, tövbə, dua, fədakarlıq, yaxınlarına yaxşılıq etmək və s.). İnanclı insanlar həyatın mənasının tapılmasını Allaha xoş gedən əməllərin həyata keçirilməsində görürlər. Qeyd etmək istərdik ki, inanclı insanların öz həyatlarının mənasını dünyəvi işlərdən kənarda gördükləri haqqında fərziyyə cəfəngiyatdır. Həyatın mənasının dini təmayülləri ona görə insanlar üçün cəlbedici görünür ki, onlar insanları yaxşılıq etməyə, həm bu dünyada, həm də axirət dünyasında insanlarla sevgi ilə yanaşmağa istiqamətləndirirlər.

Həyatın mənasının dərk edilməsi ilə bağlı üçüncü mövqe olduqca könüllü xarakter daşımasına baxmayaraq, öz nikbinliy ilə istənilən məqsədləri həyata keçirməyə və yaranan bütün məsələləri həll etməyə qadir olan insanı cəlb edir.



  • birincisi, insanın fəaliyyəti hər zaman ictimai həyatın obyektiv şərtləri və subyektiv amilləri ilə müəyyənləşdirilmişdir;

  • ikincisi, şəxsiyyət öz sərbəstliyindən istifadə edə bilmir, bunun üçün müvafiq şərtlər lazımdır;

  • üçüncüsü, böyük məqsəd və düşüncələrə malik olan insan öz işindən azad olunmaq istəməz. Əgər insan işini sevirsə, bu zaman o arzu ediləndir və insan ondan imtina edə bilməz.

Gördüyümüz kimi, həyatın mənası sadəcə həyat və ölüm haqqında, insanın məqsədi barədə “son”, “yekun” deyil, o, eyni zamanda vəziyyətdən asılı məsələdir. Axı insanın bütün həyatı istehsalatda, məişətdə, həyatın bütün sahələrində müxtəlif fəaliyyətlərin toplusundan ibarətdir. Bu, çox sayda müxtəlif sosial vəziyyətlərə, təzadlara, mübahisələrə, ünsiyyətin müxtəlif formalarına inteqrasiya olunan fəaliyyətlərdir. Şəxsiyyət özünün bütün həyat fəaliyyəti boyunca hər zaman konkret olan məqsədlərini həyata keçirir. Və məqsədlərin bu konkretliliyi mənanın ifadə edilməsi məsələsini qarşıya qoyur. Buradan artıq görünür ki, mənanın məzmunu nə qədər mühüm əhəmiyyət daşıyır, çünki o, sosial fəaliyyətin effektivliyini, “xeyir” və “şər” naminə şəxsiyyətin əməlinin istiqamətini müəyyənləşdirir.

Dəyərlər sisteminin həddən artıq geniş olduğunu qeyd etməliyik. Ona görə də insan həyatının mənası hər hansı məqsədə - dəyərə doğru azalmır.

Filosof-personalist E.Munyenin “Fəaliyyətin mənası” konsepsiyası maraq doğurur. O, “Yer üzündə insanın məsul, düşünülmüş, yaradıcı missiyası” ilə bağlı həyatın mənası problemini tədqiq etmişdir. Onun üçün şəxsiyyətin bütün fəaliyyətinin mənaya deyil, öz ümidlərinə istiqamətlənən düşüncə olmasına baxmayaraq, sonda belə görünür ki, şəxsiyyətin keyfiyyət və əməlləri həm “fərdin məşğul vəziyyətinin”, həm də onun “gərgin düçüncəsinin” nəticəsidir. E.Munye hesab edir ki, bu ümid inamlı insanda Allah və ona inamın verdiyi güclə əlaqələnir. Digər tərəfdən, yalnız “düşüncənin gərginliyinə” və onun “yaşamaq üçün insana verdiyi gücə” istiqamətlənməsi heç də hər zaman insan həyatının mənasını təmin edə bilməz. Bu isə çarəsizlik, ümidsizlik, tənhalığa gedən real körpüdür. A.Kamyunun absurd fəlsəfəsi, məhz, bu çarəsizliyi əks etdirirdi. Bu məsələlər öz mahiyyətinə görə mənəviyyatla, əxlaqla bağlıdır, belə ki, həm fərdə, həm də insanlar üçün ümumi mövcudluğun mənasına, qul taleyindən imtinaya; azadlıq: özünün insan və vətəndaş ləyaqətinin təsdiqinə gətirib çıxarır. Ekzistensializm üçün insanın fərdi mövcudluğu probleminin, daxili həyatının dərindən açıqlanması səciyyəvi xarakter daşıyır. Personalizm üçün olduğu kimi, ateist ekzistensializm üçün də “cəlb etmə” konsepsiyası çox güclüdür, bu “mövcudluğa cəlb edilmə” özünütəsdiqin sərhədlərini tanımayan qərarlılıq, risk anlayışları ilə birləşir. İnsan düşüncəsinin müstəqilliyi, şəxsiyyətin ontoloji statusu və təyinatı, fərdin azadlığı, şəxsiyyətin öz əməllərinin mənasını dərk etməsi və bunun üçün məsuliyyət daşıması problemləri; bütün bunlar J.P.Sartrın əsərlərində öz əksini tapmışdır. O, bu problemləri insanın fərdi mövcudluğunun məhkumluğunu təsdiq edən “heç nə” konsepsiyasında həll edir: fərd öz həyatında uğrunda yaşadığı mənanı tapmır. İnsan hər zaman dünya ilə “varlıq və başqası” kimi ixtilafdadır, o, hər zaman “varlıq - özündə” kimi sanki bir tələdədir¨dünya onunla “çəkişmədədir”; tənhalıq təsadüfi deyildir, zorakılıq varlığa onun taleyi tərəfindən müəyyən edilmişdir; varlıq və ya sadəcə digər varlıqlarla insani münasibət “divardır”.

Şübhəsiz ki, J.-P. Sartrın müddəalarından çoxu doğrudur və insanın öz qayğıları, həyəcanları, tələbatları, maraqları ilə mərkəzində durduğu sosial gerçəkliyin təşkili planlı şəkildə başa düşülməlidir. Şəxsiyyətin yadlaşması, düşkünləşməsi, insanın şəxsiyyət kimi özünü itirməsi ekzistensializmdə diqqətəlayiq yer tutur. Filosof- ekzistensialistlər tərəfindən işlənib hazırlanan şəxsiyyətin yadlaşması məsələsinə bizim münasibətimiz problemin təhlilinin həyatın mənası və sosial fəaliyyət aspektindən aparılmasıdır.

İnsan öz problemlərini həll etməlidir. Amma insana təqdim olunan şərait heç vaxt onu qane etmir: fərdin bu reallığa olan münasibətindən yaranan problemlər həyatın mənasını stimullaşdırır. O, eyni zamanda səmimi, ədalətli, gözəl, xeyirxah, nəcib ideal və təsəvvürlərdə təcəssüm olunan düşüncə və hislərin xüsusi cəmlənməsini ifadə edir. Həyatın mənası – bu, bir növ insanın mədəniyyətinin təməlidir. İnsan ümumbəşəri dəyərlərə nə qədər bağlı olursa, onun həyatının mənası bir o qədər nəcib, uca, insanpərvər olar.

İnsanın əqli fəaliyyətinin əsl nəticəsi kimi, həyatın mənası çoxtəbəqəlidir, müxtəlifdir, müxtəlif sosial vəziyyətlərdə fərqli şəkildə açıqlanan bir yox, bir neçə mənaya malik olmağa qadirdir, ancaq bu mənalar hər zaman ümumi mənəvi, estetik, ideyalarla birləşir.

Həyatın mənası çox vaxt gündəlik deyil, daha yüksək səviyyəli maraqlara: bəşəri məqsədlərə, sinfin, cəmiyyətin maraqlarına müraciət edən ideya kimi başa düşülür. Şübhəsiz ki, həyatın mənasının bu cür qavranılması fərdin düşüncəsini bir nöqtəyə cəmləyir, onu daha məqsədyönlü hərəkət etməyə vadar edir. Lakin bu, o demək deyil ki, digər dəyərlər insan üçün artıq mövcud deyil və ya şəxsiyyət onlara “əsas təyinat” rakursundan baxmır. İnsan yalnız rasional deyil, həm də emosional varlıqdır, elə ona görə də onun həyat fəaliyyəti həm rasional hədəf davranışı, həm affektiv (emosional), həm də ənənəvi davranışla, yəni hər kəs tərəfindən qəbul edilən normativ tələblərlə müşayiət olunur. Məhz, buna görə də həyatın mənası hər kəs tərəfindən qəbul edilmiş dəyər və normalar, ictimai və şəxsi maraqlar, o cümlədən fərdi düşüncədən keçən məqsədlər arasındakı əlaqələrin mexanizmində mühüm tənzimləyici mövqedə çıxış edir.

İnsan həyatının mənası mənəvi istehsalın təşəkkül tapan formalarının: dinin cəmiyyətdəki rolunun, mədənii və hüquqi düşüncənin səviyyəsi çərçivəsində yaranır. Cəmiyyətin inkişafının iqtisadi şərtlərini və onları əks etdirən siyasi şəraiti nəzərə aldıqda, həyatın mənası həm də fərdi dəyər kimi, nəinki cəmiyyətdə hökm sürən düşüncələri əks etdirir, eyni zamanda insanın dünyaya münasibətini ifadə edir. Beləliklə də fərdin həyatının mənası (əməlləri, davranışı, ünsiyyət və fəaliyyəti) formalaşmağa, inkişaf etməyə başlayır.

Həyatın mənası hər şeydən əvvəl mənəvi təsəvvürlərdədir. Həyatın mənası - bu, özünüdərkin apriori (təcrübədən və onun nəticəsindən asılı olmayan) biliklərinin və hamıya məlum olan həqiqətlərinin fərd tərəfindən mexaniki mənimsənilməsi deyil. Onun formalaşması insanın mənəvi gücünün, mübarizəsinin nəticəsidir. Seçimin həyata keçirilməsi həyatın mənasını insan fəaliyyətinin məqsədinə çevirir və öz növbəsində onun formalaşmasını təmin edir. Hər şeyi yuxarıdan gələn göstərişlə, əmrlə yerinə yetirən şəxs həyatının mənasını özü təyin etmir, bu halda insanın tutduğu mövqeyi mövcud sosial normalar baxımından həm əxlaqi, həm də doğru ola bilər, ancaq o müstəqil deyil, ona görə də bu fikir keçərsizdir. Nümunə üçün uzağa getmək lazım deyil: sovet hakimiyyəti illərində ideoloji təzyiq həyatın stereotip mənasını - kommunizm cəmiyyətinin qurulması naminə şəxsi maraqların ictimai maraqlara tabe olmasını tələb edirdi. Öz-özlüyündə istismardan azad, həm iqtisadi, həm siyasi, həm də sosial baxımdan bərabərhüquqlu insanların mücərrəd fikirləri kimi, onların həyatının mənası müəyyən tarixi dövrlərdə dəyişkən olmuşdur. Lakin fərdin həyatının mənasının universallaşdırılması onun davamsızlığına, dayanıqsızlığına gətirib çıxarırdı. Axı həyatın mənası dövlət və ya kiminsə göstərişi ilə deyil, şəxsiyyətin gərgin əməyinin nəticəsi kimi təzahür edir. Demək olar ki, həyatın mənası hər zaman seçimin dərk edilməsində ifadə olunan şəxsi xarakter daşıyır: “hamı bu cür hərəkət edir” və ya “mənim fikrimcə, belə olmalıdır” prinsipi ilə hərəkət etmək. Əgər həyatın mənası “hamı bu cür hərəkət edir” prinsipinə əsasən formalaşırsa, bu zaman fərdin həyat fəaliyyəti nisbətən sakit keçir. Əgər həyatın mənası şəxsiyyət tərəfindən “mənim fikrimcə, belə olmalıdır” prinsipinə yönəlmişdirsə, bu zaman ictimai münasibətlərdə münaqişə, müxtəlif cür gərginliklər, həlli heç də birmənalı olmayan mübarizə qaçılmaz hal alır.

Həyatın mənası insanın öz mənəvi prinsiplərini müdafiə etməsini, baş verənlərə məsuliyyət daşımaq üçün hazır olmasını tələb edir. Məhz, buna görə də insan onun həyatının mənası ilə ziddiyyət təşkil edən hər şeyi çətinliklə qəbul edir.

Vaxtilə Rusiyanın yaşlı təbəqəsi üçün həyatın mənası yoldaşlıq və qarşılıqlı yardıma əsaslanan kommunist ideoloqlarına xidmət etmək olmuşdur. Bunun rəsmi qurumlar və onların idealları olan şəxslər tərəfindən etibardan salınması ilə qarşılaşarkən, bu təbəqə öz həyatlarının mənasının itirilməsini böyük bir faciə kimi yaşadı. Həyatın mənasının dəyişilməsi o qədər də sadə bir proses deyil. Sanki “bazar münasibətləri şərtlərində rəflər çox sayda malla dolmuşdu və bu, dörd il ərzində həyata keçirilmişdir, onda gəlin, sovet hakimiyyətinin 70 il ərzində hətta yaxınlaşa bilmədiyi kommunist idealından imtina edək!”. Həyatın mənasının dəyişməsi sadəcə dəyərlərə yenidən baxılmasını ilə deyil, həm də onların əxlaqi normalar arasında müqayisə edilməsi ilə bağlı fərdi düşüncənin böhran vəziyyətini göstərir. Həyatın mənası dekretlər, iradi qərarlarla müəyyən edilmir, o, təcrübə ilə, insanın ictimai işlərdə və hər şeydən əvvəl əmək fəaliyyətində iştirakı vasitəsilə təyin edilir. Belə ki, əmək fəaliyyətinin motivlərinin dəyişməsi sadəcə şəxsiyyətin dəyər iyerarxiyasına yenidən baxılmasına deyil, həm də əvvəlki illərdə həyatın mənasının özünəməxsus qiymətləndirilməsinə gətirib çıxarır.

Dəyişən ictimai münasibətlər hesabına özlərini bir növ “ekzistensial vakuumda” görən insanlara xüsusi diqqət yetirilir. Onlar dəyər müəyyənləşdirmək qabiliyyətini itirmiş və ya hələ əldə etməmişlər. Bu, insanın həyat yolunun başlanğıcında olduğu kimi, onun həyatının sərt, dramatik döngələrində baş verir. Bu hal böhranlı ictimai vəziyyətdə olan insanlar üçün xüsusilə çətindir. Afina demokratiyası dövründə Sokratla baş verən hadisəyə bənzər hallar aşağıdakı suallara cavab verilməsini tələb edir: “Rifah nədir? Həyat mənası nədədir? İnsan nə üçün yaşayır?”. Faydalılığı şübhə doğuran, sosial həyatın axınına daxil olmaq hissini itirən insan üçün onun ömrü boş-boşuna xərclənmiş və ya heç vaxt mənası olmayan bir həyat kimi görünür. Bu cür vəziyyət müəyyən səbəblər hesabına (əlillik, sevimli işin itirilməsi, işsizlik, təqaüdə çıxmaq) sosial fəaliyyətdən kənarda qalan insanlarda yaranır. İnsanı yaşayış vasitələri ilə təmin edən, onun həyati məna daşıyan prinsiplərini (həmkarların, kollektivin gözündə özünü təsdiqetmə, onları qəbul etmək və hörmət etmək, cəmiyyətə fayda vermək, özünə hörmət etmək) formalaşdıran iş birdən geridə qalır. İnsan öz keçmişi ilə təklikdə qalır, halbuki ona əvvəlki hadisələrlə zəngin həyat lazımdır. Yaradıcı, məqsədyönlü, həyati zəruri fəaliyyət fərdin həyatını mənalı və səmərəli edən sosial-pozitiv dəyərləri təqdim edir. Fərd öz həyatını yalnız şəxsi məqsədlərlə məhdudlaşdırmır. Hətta adət etdiyi gündəlik məişət münasibətlərində, təlaş və kiçik qayğıların şərtlərində belə o, özü, yaşadığı və yaşamaq istədiyi əsl xoşbəxt həyat haqqında düşünür. Adi şüurda daim bir sual mövcuddur: “Mən layiq olduğum həyatımı yaşayıram?”. İnsan bu sualın cavabını öz fəaliyyətindən, doğmaları ilə ünsiyyətinin nəticələrindən əldə edir. Məhz, bu münasibətlər vasitəsilə fərd və cəmiyyətin birləşməsi, fərdin ictimai həyata “Mən” kimi daxil olması baş verir. Şəxsiyyətin özünü reallaşdırması, məhz, onun həyat fəaliyyətinin müəyyən mərhələlərində baş verir, ona görə də fərd bu gözlənilməz və ya gözlənilən hadisələri həyatın mənası kimi qiymətləndirir. Əlbəttə, şəxsiyyətin özünü reallaşdırması heç də hər zaman yüksək tələbatlarla bağlı olmayıb çox variantlıdır.

Sosial fəaliyyət təyinatına görə şəxsiyyətin özünü reallaşdırması üçün şəraitin yaradılmasını tələb edən humanist fəaliyyətdir. Bir zamanlar bu problemə Roma klubunun banilərindən biri, onun ilk prezidenti A.Peççei diqqət yetirmişdir. O yazırdı ki, insanın mənəvi keyfiyyətinin (ilk növbədə, onun insaniyyətinin) yüksəldilməsi yalnız onun şəxsi sabitliyinin, mövcudluğunun deyil, həmçinin fəallığının, eləcə də sosial fəaliyyətinin, cəmiyyəti təşkil edən fərdlərin daxili keyfiyyətinin qorunub saxlanmasındadır. A.Peççei insaniyyətin rəmzləri və onların həyatın mənasını ifadəetmə qabiliyyətinə əsasən “insan və vəziyyət”, “insan və insan”, “insan və cəmiyyət” kimi sistemlərin qarşılıqlı fəaliyyəti probleminə çox böyük əhəmiyyət verir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində işlənib hazırlanan, əhalinin sosial müdafiəsi sahəsində sosial fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirən “vasitəçi kimi” sosial işçi modeli diqqətəlayiqdir.

Əgər sosial işçinin fəaliyyətini çətin anlarda insanlara yardım göstərmək kimi xarakterizə etsək, bu zaman “sosial işçinin həyatının mənası” problemi xüsusi əhəmiyyət kəsb edir. Digər insanlara hansı yerin ayrılmasından və onlara hansı münasibətin göstərilməsindən asılı olaraq, onun həyatının mənası xüsusi sosial əhəmiyyət daşımağa başlayır. Axı insan həyatının mənası sadəcə insanın ideyalarının toplusu ilə deyil, onun müəyyən fəaliyyətə istiqamətlənməsi, eləcə də insanların qərar qəbul etmək və onlar üçün yeni problemlərin öhdəsindən gələ bilmək qabiliyyətini yüksəltmək, onların cəmiyyət(xidmətlər, resurslar) ilə əlaqəsini təmin etmək, cəmiyyətin sosial siyasətinə yardım etmək bacarığı ilə bağlıdır.

Lakin bu qiymətləndirmə müəyyən dəyərlərin sadəcə nəzəri baxımdan qəbul edilib-edilməməsi ilə bağlı deyil. Sosial işçinin fəaliyyəti onun müştərisinin yalnız təqdir və ya qınanmaya layiq olmadığının, yardım və şəfqət göstərmək kimi əməllərinin, davranışının, həyat şəraitinin mümkün təsirinin poetik qiymətləndirilməsidir. Yaddan çıxarmaq olmaz ki, həyatın mənası fərd, eləcə də sosial işçi tərəfindən öz həyatının əməli şəkildə qiymətləndirilməsi sistemidir. Ona görə də sosial işçinin və onun müştərilərinin həyatının mənası arasında mürəkkəb qarşılıqlı əlaqə mövcuddur.

Sosial fəaliyyətdə həyatın mənasına daha bariz yanaşmaları qeyd edək:


  1. Sosial işçinin özü üçün onun şəxsi həyatının mənasının aydınlaşdırılması (yalnız ümumi fəlsəfi metodologiya və xüsusi biliklər əsasında deyil, həm də onun mənəvi özünütəsdiqi əsasında).

  2. Müştərinin həyatının mənasının əsas həyati prinsiplərinin dərk edilməsi.

  3. Öz həyatının mənasının müştərinin həyatının mənası ilə üst-üstə düşməsi, qarşılıqlı əlaqələrin aşkar edilməsi.

  4. Fərd tərəfindən dərk edilən şəxsi həyat qərarlarının qəbul edilməsi.

  5. Sosial işçinin və müştərinin “şəxsi hüquqlarının” nəzərə alınması.

  6. Müştərinin yeni şəraitdə həyatının mənasını əldə edə bilməsi üçün sosial yardımın göstərilməsi.



Yüklə 247,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin