Taksonomik əlamət – hər hansı bir takson üvzünü digər takson üzvündən fərqləndirən xüsusiyyətdir. İki takson üzvü bir-birinə oxşar əlamətlərə malikdirsə, bu takson üzvləri hər hansı bir əlamətlə üçüncü takson üzvündən fərqlənirsə bu əlamət taksonomik əlamətdir. Bir populyasiyanın fərdləri bir-birindən cinsiyyətinə və ya yaş xüsusiyyətlərinə görə fərqlənirsə bu taksonomik əlamət hesab olunmur. Ancaq populyasiya (takson) bir-birindən cinsi dimorfizmə və sürfə mərhələsinin morfoloji xüsusiyyətlərinə görə fərqlənirsə bu artıq taksonomik əlamətdir. Taksonomik əlamətlər populyasiya xarakterlidir. Populyasiya və taksonun müqayisəsi taksonomik əlamətlərin ümumi öyrənilmə üsuludur. Hər hansı heyvanın gözlərinin ağ və ya qırmızı olması potensial və ya faktiki taksonomik əlamətdir. Taksonomik əlamətlər ikili xarakter daşıyır: 1)bu əlamətlər diaqnostik xarakterlidir, tədqiq olunan taksonu birmənalı təyin edir, taksonomik əlamətlərin bu xüsusiyyəti aşağı kateqoriyalara aiddir; 2)bu əlamətlər heyvanlar arasında qohumluq əlaqələrinin göstəriciləridir. Bu xüsusiyyət isə ali taksonlara şamil olunur.
Təcrübə taksonomik əlamətlərin hamısının eyni dərəcədə əhəmiyyətli olmadığını göstərir. Taksonomik əlamətlərin dəyəri onun informasiya məzmunundan asılıdır. Taksonomik əlamətlər fenotipin təzahür forması olsa da əsasında genotip proqramı durur. Müasir dövrdə taksonomik əlamətlərin genetik analizinin aparılması çox baha başa gəlir və populyasiyadaxili polimorfizm hadisələrini genotip səviyyəsində izah edə bilmir. Eyni zamanda fenotipə əsasən taksonomik əlamətlərin siyahısını tərtib etmək mümkün deyil.
Heyvanlar arasında qohumluq əlaqələrini sübut edə bilməyən əlamətlər dəyişkən xarakter daşıyır. Məsələn, onurğalı heyvanlarda arteriyanın şaxələnməsi nəinki müxtəlif növlərdə, o cümlədən bədənin sağ və sol tərəflərində müxtəlifdir. Reqressiv əlamətlər də eyni dərəcədə əhəmiyyətsiz hesab olunur. Məsələn, gözlərin, qanadların, barmaqların, dişlərin reduksiyası taksonomik əlamət kimi az əhəmiyyət kəsb edir.
Açar əlamətlər tez nəzərə çarpan, az dəyişkənliyə uğrayan, tədqiq olunan heyvanın fiksasiyası zamanı itirilməyən, digər taksonlardan fərqlənən əlamətlər olub qiymətli əlamətlər sırasına daxildir. Bir çox taksonomik əlamətlər – fizioloji, etoloji, kimyəvi, xromosom sayı təsnifatda xüsusi əhəmiyyət kəsb etsə də növün təyin olunması prosesində (xüsusən fiksə olunmuş materialı təyin edərkən) az əhəmiyyət daşıyır.
Əlamətin taksonomik dəyəri müəyyən dərəcədə onun adaptasiya səviyyəsindən asılıdır.
Dostları ilə paylaş: |