İNSANLIQ FƏLSƏFƏSİ
1
Bəzi adamın adı heç özünə yaraşmır. Amma bu qızın adını, deyəsən
sonradan qəddinə, qamətinə, məlahətinə baxıb qoyublar. Ağca! Qubanın ağ
alması!
Heç tanımayan, bilməyən bir adam da rast gəlsə, yəqin ki, özgə ad
deməz, bunu deyər: Ağca!
Ağca yaraşıqlı bir qız idi, tamaşasından doymazdın. Həmişə dik və düz
baxan iri, ala gözləri, ağ sifəti dairələyən qara tellər, qulac saçlar, şumal,
göyərçini gərdən, sakit yeriş.
Başının ipəkyaylığı ağ, döşünün sancağı, donunun düyməsi, çəkməsinin
qotazı da ağ; sadəcə ağ yox, bir növ bahalı, may şənliklərini andıran
təravətli ağ! Çoxları qızı məktəb həyətində, nümayiş sırasında, tarla
düşərgələrində, küçə-bacada görəndə, baxa-baxa qalırdı. Ağcanın ən acığı
gələn də bu idi.
- Niyə baxırsan, xala, buynuz-zad çıxartmamışam ki!
- Qızım, sənə baxmıram, yaradanın qüdrətinə heyranam!
- Bəsdi sən allah!
- Allah yaman gözdən saxlasın!
Bəlkə də buna görə, dilə-dişə düşməkdən ehtiyat elədiyi üçün Ağca
Baxışın ilk işarəsini rədd etmədi, ona könül verdi.
Oktyabr bayramında inşaatçılar klubundakı görüşdən, məktəb
məzunlarının ikinci buraxılışı axşamından sonra Baxış buraya trest rəisi ilə
gəlmişdi ki, məktəb qurtaranları tikintidə işə çağırsın. Ağcaya məktub
yazmağa məcbur oldu. Məcbur oldu deyirik, çünki doğrusu budur: heç
evlənmək xəyalında deyildi. Çox qızları tanıyıb xoşlasa da, belə fikrə
düşməmişdi. Amma Ağcanı görəndə özünü itirdi. Bir gün, iki gün lap kefli
kimi gəzdi. Güman elədi ki, ötüb gedər, gördü yox, gedənə oxşamır.
Oxlanıb, özü də yaman yerdən oxlanıb. Dərdini kimə desin, kimi
göndərsin? Fəhlə adam, ana yox, bacı yox, özü utancaq, açılışmamış.
Birdən-birə durduğu yerdə adamın başına bu iş gəlsin!..
Nə isə, ha fıkirləşdi, gördü ki, məsələni açmaqdan savayı çarə yoxdur.
Özü də üzbəüz yox, qiyabi, məktub ilə! Baxış heç bir zaman savadın qədrini
indiki qədər bilməmişdi. Kağız hazırladı. Çox yazdı, çox pozdu, axırda
sevdiyinə belə bir məktub göndərdi:
158
"Məni ordudan tərxis edəndə ürək zəifliyini səbəb qoymuşdular.
Yürüşlərdə, yoxuşlarda təngnəfəs olurdum. Güman etmişdim ki, bundan
sonra mənim qəlbim ilə ancaq həkimlər maraqlana bilərlər. Amma
görüşümüzdən belə məlum oldu ki, yox, orada həyat qaynayır və yeni bir
işıq yanır. Onu siz yandırmısınız. Ümidvaram ki, həmin işığı söndürməyi
heç bir zaman rəva görməzsiniz!
Ehtiramla, Baxış"
Gəlin gəldiyi ilk gündən Ağca Baxış ilə şərtləşmişdi: uşaq bağçasında
qulluğa girəcək, fəhlə balalarına tərbiyə verəcək, sonra da ali təhsil alacaq.
Toy dəsgahı, mehriban ailə həyatı başlanan günün səhərisi Ağca iki
nömrəli uşaq bağçasına mürəbbiyə təyin olundu. Ağcanın arzuladığı
bağçanın balaca həyətində hovuz tikilmiş, cərgə ilə ərik, iydə, badam
ağacları basdırılmış, tənəklər baş-başa vermiş, qızılgüllər neçə yerdən calaq
elənmiş, təzə binanın eyvanı, qapı-pəncərəsi qəşəng rənglənmiş, dirəkdən
çilçıraq asılmışdı. Oğlanlı, qızlı körpə uşaqlar quşlar kimi səs-səsə
vermişdilər.
Ağca yenicə ayaq basdığı bu körpələr evini özünün həyat və əmək ocağı
saymışdı. Gündə neçə dəfə uşaqları bir-bir dindirməsə, ağacları sulamasa,
hovuzun suyunu təzələməsə, otaqların səliqəsini yoxlamasa qərarı gəlməzdi.
Birinin düyməsini tikir, birinə şəkil çəkir, bir başqasına hesab öyrədir, nağıl
danışırdı. Cücəli toyuq kimi körpələri başına yığıb cürbəcür mahnılar
oxuyur, onlara oyunlar öyrədir, cərgələrə düzürdü. İş görəndə qalın
hörükləri kürəyindən sürüşür, gözünün qabağını kəsir, bəzən hovuz suyuna
batırdı.
Qız, saçını cəld düyünləyib dalına atanda, bir dəfə müdirə gülə-gülə
demişdi:
- Qızım, onlar sənə kəndir deyil ki, nemətin qədrini bil! Onun həsrətini
çəkənlər var!
Ağca sonra hörüklərini bir ipək tor içinə yığıb kürəyinə atardı. Boynunu
tərlətsə, darıxdırsa da, müdirənin sözünü yaddan çıxarmazdı.
Ailə həyatının dadlı meyvəsi, ay parçası kimi bir oğlan uşağı da
muştuluq şənliyi ilə gəlib çıxdı. Gənc ailədə körpə səsi saf musiqi kimi
eşidilməyə başladı.
159
Bənna Baxışla Ağcanın günü, dirliyi xoş keçməkdə idi.
Ailədən, güzərandan söhbət düşəndə, hərə bir arzudan deyəndə, Baxış
da küsənə-küsənə öz səadətindən danışardı:
- Qardaş, bizim zəmanədə insanın canı sağ olsun, yaxşı da ömür-gün
yoldaşın olsun, qalan hər şey ötüşər. Ağca ilə qabaq-qabağa oturanda,
kəlmə verib kəlmə alanda, bir də Nadirin qığıltısını eşidəndə, elə bilirəm
bütün yorğunluğum getdi. Deyəsən, heç ağır daşları divara düzən, səhərdən
axşama belədən-belə mizan çəkən, sement vuran, fəhlələr ilə çənə döyən
mən deyiləmmiş. İnsana könül həmdəmi hər şeydən fərzdir. Can deyib can
eşidəsən, bir-birinin başına and içəsən. Məhəbbət də, həyat da, ləzzət də
budur. İdarədə də adamın kefı saz, ürəyi işıqlı olur. Həyat yoldaşı, mehriban
ailə işdə də adama bir arxadır.
Baxış tamamilə haqlı idi. Ağcanın yoldaşlığı, bağçadakı qulluğu, ailə
qayğısı bu tərifə tamamilə layiq idi.
Qadın var həmişə fıkri-zikri konsertlərdə, bu teatrda, o tamaşada,
gəzməkdə, seyrəngahda, bayır-bağçada olar. Evinin işini yükləməyə də
qulluqçu axtarar. Ərinin işdən gəlməyi yadına düşəndə, qaçıb restorandan
bir boşqab soyuq kotletdən-motletdən alıb gətirər, qabağına atar, sonra
poçtalyon kimi qapıdan yox olar...
Belə evin mehmanxanadan nə fərqi!
Yox! Baxışın ailəsi hara, bu söhbətlər hara!
Ağca qulluğunu ikinci növbəyə, nahardan sonraya salmışdı. Səhər
yerindən qalxan kimi birinci işi ərinə yemək vermək, onu yola salmaqdı.
Uşağı yedirib, geyindirib havaya çıxarmaq, sonra nahar tədarükünə düşmək.
Ağca ərzağın təzəsini, yaxşısını, həm də bahalısını alardı. Handa bir şeyi
bəyənməz, dönə-dönə seçərdi ki, Baxışın xoşuna gəlsin. Onun hazırladığı
süfrə zənginliyi ilə olmasa da, səliqəsi səhmanı ilə həmişə seçilirdi. Stol
üstündə hər şey par-par parıldardı. Deyərdin bunlara əl vurmaq heyifdi,
hansı qəzetə, hansı sərgiyə getmək üçün şəkil çəkiləcək.
Baxış işdən gec gələndə Ağcanın gözü qapıda qalardı. Tez-tez həyətə
çıxıb evə girərdi. Tramvay zəngi cınqıldayan kimi ürəyində deyirdi: "Baxışı
gətirir".
Uşaq da böyümüşdü. Ata-bala qabaq-qabağa oturub, Ağcanın bişirdiyi
xörəyi iştahla yeyəndə, qaşığı qoyub çəngəli, çəngəli qoyub stəkanı, stəkanı
qoyub kağız dəsmalı götürəndə, "əllərin var olsun!" deyə təşəkkür edəndə,
Ağcanın ürək rahatlığına söz ola bilməzdi.
160
Görərdin axşam, şirin söhbət vaxtı Baxış bir kağız bağlamanı ortalığa
gətirir, ana-balaya göstərib soruşurdu:
- Kim bilər bu nədir?
Biri konfet, biri çəkmə, biri dəsmal, biri corab, biri ətir deyərdi.
- Bilmədiniz!
Nadir tələsik bağlamanı atasından almaq istəyəndə, bir də görərdi ata
qutudan bir sputnik çıxarıb stol üstünə qoydu. Göyə üz qoyan sputnik əvvəl
marş çalmağa, sonra da fıt verməyə başlardı. Nadirin sevincinin həddi
olmazdı...
Deyirlər xain, çəp bir göz bütün xoşbəxt ailələrin pəncərəsindən baxır,
içəriyə soxulmağa fürsət axtarır. Bizim tanıdığımız evdə bu etiqada
inananlar, bəlkə də, yoxdur. Amma xanımlardan uzaq olsun, Baxışın evinə
birdən-birə əsən acı ruzigarı, ürəyim ağrısa da, deməyə məcburam.
Ağcanın başına elə bir iş gəldi ki, ailə səadəti alt-üst oldu.
Baxış yağlı maşın kimi çox işlək adam idi. Ağrı, yorğunluq, zəiflik ona
kar salmazdı. On beş ilin ərzində onun işdən qaldığını görən olmamışdı. Adı
həmişə məruzələrdə, şəkli lövhələrdə, işi dillərdə idi. Heç kimin gümanı
gəlməzdi ki, bu zirək kişiyə də xəstəlik yaxın düşər.
Bəzən kürək sancısından, ürək ağrısından şikayət eləsə də, Ağcanın
sözünə baxmaz, işə gedər, neçənci mərtəbədə divar qoyar, tavan örtərdi.
İşdən qayıdan kimi dalbadal rəngli çay içər, bir-iki saat uzanıb dincələndən
sonra durub qəzet oxuyar, radio eşidərdi.
Ağca ərinin həkim çağırmağa kahıllıq etməsinə bir növ alışmışdı,
inanmışdı ki, baş ağrısı, kürək ağrısı... bunlar işlək adamlarda soyuqdan,
havadan, küləkdən olan, tez keçib gedən şeylərdir. Bu "adi" şeylərdən belə
müdhiş bir fəlakət baş verə biləcəyini Ağca heç xəyalına gətirməzdi. Elə bir
fəlakət ki, nə həkim, nə dost, nə idarə, elgün, nə qurulu ev-eşik, nə bəslənən
şirin arzular qarşı dura bildi!
Ölüm qara qartal qanadını bu gözəl, bu munis xanıman üstündə gö-
rəndə, iti caynaqları ilə Baxışın qəlbini parçalayanda, sanki hər şey bitdi!
Ağcanın illər boyu bəslədiyi arzu və ümidlər elə sarsıldı, tamaşasına
durduğu füsunkar qayalıqlar kimi birdən-birə elə uçulub töküldü ki, dünya
və aləm başına fırlandı.
Baxışın vəfatından xəbər tutanlar axışıb gəldilər, idarə qalmadı baş
sağlığı yazmasın, maşın qalmadı dəfn mərasiminə çıxmasın, adam qalmadı
bu adlı-sanlı ustaya yanıb heyifsilənməsin.
161
Orkestr gətirdilər, cah-calal ilə götürdülər, şəklini çəkdilər, nitq dedilər,
qəzetlərdə yazdılar, uşağa kəsəmət kəsdilər.
Mərhumun yeddisi, ayı, qırxı keçdi. Ağcanın üzü gülmədi. Necə gülə
bilərdi! Ürək sevgilisini, dağ kimi kişisini itirən cavan gəlinin əlləri
qoynunda qalmışdı. Qadın la rəng-ruf dəyişdi. Bədən tufana tutulmuş gülzar
kimi quruyub soldu. Bütün o gözəllik, məlahət uçub getdi. Şəkil kimi
gəlindən bir dəri, bir sümük, bir də quyu suyu kimi dərinə enmiş gözlər
qaldı.
Hanı qəzetlər, telefonlar, radiolarda Baxışın çəkilən adı, hörməti! Hanı
səhər-axşam isti nəfəsi ilə "sağ ol" deyib evdən çıxmağı, şəst ilə "salam"
deyib qapıdan girməyi, bükülü bazarlığını stol üstünə qoyub mübarək
deməyi, uşağı qucaqlayıb min bir dil ilə oxşamağı, cibindən cürbəcür
hədiyyələr çıxarmağı, rəngli, şəkilli kitablar göstərməyi? Hanı axşamlar
sevgilisinin qolundan tutub bir məclisə, bir cəmiyyətə, toya, təvəllüdə,
görüşə getməyi! Hanı evinin səadəti, şənliyi? Deyərsən, dəyirmanın suyu
sovrulub, işıq həmişəlik sönüb. Qtaqlarda qu vursan, qulaq tutulur.
Divarlardan sükut, soyuqluq sezilir...
Baxışın tanışlarından biri, ara-sıra mərhumun qapısını açan, ərk ilə
yeyən-içən gödək, gövdəli kişi başsağlığına gələndə, Ağcanın kənara
çağırdı. Gizli söz deyən kimi, səsini alçaltdı:
- Ağca xanım, heç fıkir-zad çəkmə. Allah rəhmət eləsin. Dünyanın
işidir. Bir yandan bağlayan fələk, bir yandan açar. Özün bilməmiş olmazsan
ki, mən yenə subayam. Səni özüm nikah eləyəcəyəm, uşaqdaki...
- Tfu sənin murdar sifətinə! Sən bu evdə nə qədər çörək yemisən, ay
xain! Tfu alçaq üzünə sənin, tfu!..
Gödək kişi daş dəymiş köpək kimi zingildəyərək yox oldu.
Ağcanın - bu balaca həyətdə tənəyə, təhqirə uğrayan cavan ananı qəhər
tutdu. Ona elə gəlirdi ki, Baxışın matəmi onun bütün vücudunu qurutmuş,
gözündə bir damla da yaş qoymamışdır. Ancaq düşmən sözünün, acı
tənənin yarası sanki indi onun kövrək qəlbini yenidən qanatmışdı.
Gözlərindən yaş yox, qızıl qanlar axırdı. Yanaqlarından damla yox, ağır isti
qurğuşun dənələri tökülürdü.
Qonşular, qohumlar təkrar yığıldı, çox təsəllilər deyildi. Kimsə bilmədi
ki, nə olmuşdur.
3
Trestdən gələnlər olmasa, Ağca bəlkə də, kiriməzdi. Üç nəfər abırlı-
təmkinli kişi qapının rəzəsini tərpətdi, salam verib içəri girəndə, Nadir qaçıb
anasına xəbər elədi. Ağca dərhal gözünün yaşını silib eyvana çıxdı. Gələnlər
Baxışın dostları idilər. Biri yoldaş Cuvarlı, biri də usta Mixaylov idi.
Üçüncüsünü Ağca tanıya bilmədi. Cuvarlı hal-əhval soruşandan sonra
bənnanın şəklini əlinə alıb xeyli baxdı.
- Ağca xanım, - dedi, fotoqraf gələcək, bu şəklin üzünü çıxardacaq,
böyütmək istəyirik. Baxın, bəlkə ayrı şəkli məsləhət bilirsiniz.
Deyərsiniz çəkər, neçə nüsxə lazımdır.
Trestin köhnə ustası Mixaylov da əlindəki bağlamanı kənara qoyub
əyləşdi. Ağcanın kefini, Nadirin dərsini soruşdu.
Qonaqlar çox oturmadılar, bir stəkan çay içdilər. Nəsə himləşdilər,
həyət-bacanı gəzdilər, baxdılar. Mixaylov bayaqkı qəzet bağlamasını əlinə
aldı, Ağcaya üz tutdu:
- Qızım, - dedi, - sən heç demə ki, Baxış yoxdu. Nə qədər biz varıq,
Baxış da var. Onun kimi sədaqətli yoldaş, handa bir usta heç vaxt yaddan
çıxmaz. Keçən ay tələbələrə yataqxana tikirdik, binanı on beş gün tez
verdik. Təhvilə nazir də gəlmişdi. Müzakirə oldu, bəyəndilər. Briqadaya iki
aylıq mükafat yazdılar. Rəisimiz elan eləyəndə, ustasından fəhləsinə qədər
hamı bir ağızdan dedi:
- Bu mükafat Baxış Baxışovun ailəsinindir. O kişi canını tikintidə
qoyub, indi budur, onun pulunu, neçə mindi, gətirmişəm, qol çəkib götürün!
Mixaylov danışa-danışa bir dəstə yüzlüyü güzgünün qabağına qoydu,
üstünü qəzet ilə örtdü. O, sözünü qurtarmamış cavan, ucaboy oğlan - trestin
həmkarlar komitəsinin təzə sədri sözə başladı:
- Ağca bacı, rəhmətliyin işini eşidən gündən partkomda da, trestkomda
da söhbət olub, Nadirə məktəbi qurtarana qədər təqaüd kəsilir, danışmışıq.
Sizə də...
Bu yerdə trestkom sədrinin dili gəlmədi. Ağcanın cavanlığına görə
təqaüdə düşməməsini demək istəyirdi ki, dili gəlmədi. "Nə lazım, bəlkə heç
soruşmayacaq, soruşsa, deyərəm..." - deyə düşündü. Sonra tez əlavə etdi:
- İndi, odur, iki nömrəli bağça uzaq olsa, o birinə keçirə bilərik.
Mürəbbiyə yeri var. Məsləhətinizə baxın, ürəyiniz istəsə, ora keçə
bilərsiniz, baxın.
162
Ağca razılığını bildirdi, Nadiri Cuvarlı yoldaşa tapşırdı:
- Gözünüz üstündə olsun, bir sənət öyrənsin.
Cüvarlı ananı arxayın etdi ki, Nadiri trestə gətirəcək, həm işləməyinə,
həm də oxumağına göz qoyacaq.
Ağca güman etməzdi ki, ən ağır dəqiqələrində qüvvətli, qüdrətli insan
əlləri onun qollarından tutub qaldıracaq, dizinə taqət, qaralan gözlərinə işıq
verəcək. Səhərdən axşama başları qarışıq olan, böyük planlar tökən, binalar
tikən, Moskvada belə yüz idarə ilə bağlı olan, neçə yüz fəhlənin işinə əncam
çəkən bir trestdə Baxış Baxışovun -sıradan çıxmış bir kişinin adını bu qədər
əziz tutarlar.
Bayram olmazdı Baxışın evinə dəvətnamələr gəlməsin, albom olmazdı
şəkli vurulmasın, qəzet olmazdı adı çəkilməsin, xeyir iş olmazdı. Ağca
başda olmasın, təzə il olmazdı Nadirin payı göndərilməsin, səyahət olmazdı
uşağı aparmasınlar.
Trest qadınları Ağcasız bir qonaqlıq keçirməz, bir tamaşaya getməzdilər.
Evlər təmir olunanda, işıq, su, qaz, sobalar yoxlananda, ilk dəfə Ağcanın
evinə usta gələrdi. İstirahət evinə putyovka paylananda, Ağca siyahıdan
düşməzdi...
Ağca bütün bunları yaxşı başa düşürdü, görürdü ki, Baxış yalnız
ailəsində deyil, iş məqamında yoldaşlar içərisində də sədaqəti və ləyaqətilə
məşhurdur. Görürdü ki, isti bir qayğı onu həmişə, hər tərəfdən əhatə edir,
qol-qanadından tutaraq həyatın sürətli axnında aparır, dəstədən, mühitdən
ayrılmağa qoymur. Bu həyatın özü də belə bir gedişə müsaid və münasibdir.
Özünün bağçada işə, oğlunun məktəbdə dərsə aludəliklə vaxt keçirdiyini,
gündən-günə qüvvətlənən sürətli gələcək meylini aşkar görürdü.
Dostları ilə paylaş: |