Microsoft Word Hazir secilmis eserleri mir celal doc



Yüklə 2,54 Mb.
Pdf görüntüsü
səhifə28/54
tarix30.12.2021
ölçüsü2,54 Mb.
#18854
1   ...   24   25   26   27   28   29   30   31   ...   54
EHTİRAM 
 
Ağsu yoxuşu  şoferlərin gözünə durur. Ancaq aşandan, gədiyin başına 
çıxandan, üfüq boyu əlvan xalça kimi açılan Şirvan düzünə tamaşa edəndən 
sonra bütün zəhmət və  çətinlikləri unudursan, quş kimi yüngül və yeyin 
gedirsən. 
Həyat da belədir. Yüksəlmək çətin və  zəhmətli, ancaq səfalı, fərəhli 
olur; enmək isə asan, ani və qüssəli olur. 
Düzənliyə enib Ağsu kəndinin tozlu küçələrinə çatanda susuzluq 
duyursunuzsa, maşını dayandırıb sıx ağaclı, hasarlı bir həyətin qapısını 
döyürsünüz. 
- Ay ev yiyəsi, bir stəkan sərin su olarmı? 
Ürkək və utancaq kənd qızları nabələd qonağı görən kimi "bu saat" 
deyib budaqları bir-birinə sarmaşan nar, heyva, gilənar, gilas, armud 
ağaclarının altında yox olur, bir dəqiqə sonra abı kasada sizə su gətirirlər. 
Öz  əksinizi göstərən duru, sərin suyu başınıza çəkib məktəbli qızına 
təşəkkür deyəndə, qızdan  ədəblə "afiyət olsun" eşidəndə cürətə  gəlib bir 
xahiş də edirsiniz. 
- Qızım, bu kasanı bir də doldurmaq olarmı? 
- Niyə olmur, əmi, suyumuza nə gəlib? 
Qız içəri qayıdan kimi ucaboy bir qadın kəlağayısını yellədərək qapıya 
yaxınlaşır: 
- İçəri buyurun, qardaş, bizlərdə qonağı qapıda saxlamazlar, keçin içəri! 
- Sağ olun, yol keçirik, gedəcəyik. 


172 
 
 
- Nə olar, gedəndə də gedərsiniz, içəri buyurun, dincəlin. 
Kəlağayılı qadın qəti  əmr ilə sizi içəri çağırır, kiçik gözləri ilə maşını 
süzəndən sonra soruşur: 
- Gəlişiniz deyəsən Bakıdandı, qardaş? 
- Bəli, Bakıdandır! 
- Çünki buralara Moskvadan, Tiflisdən də gələnlər olur. 
- Yox, biz Bakıdan gəlirik. 
- Xoş gəlibsiniz, səfa gətiribsiniz. Bakıda mənim nəvəm oxuyur. 
Bəlkə eşitmiş olasınız. Ehtiram! 
- Ehtiram? 
- Bəli, Ehtiram! 
- Harada oxuyur Ehtiram?! 
- İnstitutda oxuyur. 
- Oğul nəvənizdir, ya qız? 
- Qızdan bircəsi var, sizə su verən. Oğuldandı, kiçiyidir, böyük qardaşı 
aqronomdur, həmişə  əkin, tikinti üstündə olur. Qız da, allah sizinkiləri 
saxlasın, daş-torpağı oxuyur. Yanlarınca fəhlə aparırlar, yeri qazır, intiresni 
şeylər tapırlar, hər yay dağlara çıxır. 
- Bacı, famili nədir Ehtiramın? 
Qadın üzünü həyətin lap içərilərinə tərəf tutub, su verən qızdan soruşdu: 
- Nədi ağız, Ehtiram nə yazdırır, Həsən qızıdı, yoxsa Qarayev? 
Qızdan səs gəlmir. Səs gəlmir, ancaq siz bu sualın üzündən Ehtiramın 
kim olduğunu öyrənirsiniz?! 
Öyrənirsiniz demək də düz olmaz, tanıyırsınız, tanıyırsınız, çünki 
Ehtiram sizin çalışdığınız institutun tələbəsidir. Yaxşı bilirsiniz ki, üçüncü 
kursdadır. Özü də hər il yay ekspedisiyalarında iştirak edir. İştirak edir, ona 
görə ki, siz, lap siz özünüz dekanata göstərib zəmanət vermisiniz ki, "bu 
zirək qızdır. Kəndləri də pis tanımır, alimlərə köməyi dəyər, briqadaya 
salın!". 
Dekan da sizin zəmanətinizi nəzərə alıb, Ehtiramı  kəşfiyyat işinə  cəlb 
eləyib, qızın sevincinin hüdudu yoxdur. Ancaq kəlağayılı qadın bu işlərdən 
xəbərsizdir. O nə sizin kim olduğunuzu, nə Ehtirama zəmanət verildiyini, nə 
də işlərinin məhz siz tərəfdən yoxlanıldığını bilir. 
Bunların heç birini bilməyə-bilməyə  kəlağayılı qadın sizi yarıxoş, 
yarıcəbr çəkib evə, qonaq otağına aparır ki: 
  


173 
 
- Maşından nigaran olmayın, baxanımız var, bizim yerlərdə  əyrilik 
olmaz.  Əyləşin bir stəkan çay için! Hələ günortadır, dincəlib sonra 
gedərsiniz. 
Əslinə baxsan sizin ,heç yolda dayanıb dincəlmək niyyətiniz yox idi. 
Bəlkə bu kəlağayılı qadın Ehtiramdan söhbət salmasaydı, siz heç 
dayanmayacaqdınız. Nəvəsinin sizdə oxuduğunu biləndən sonra siz də istər-
istəməz dayanmalı oldunuz, qadının dedikləri ilə maraqlandınız. 
Həqiqətən maraqlıdır.  İki adamın arasında üçüncü bir adam haqqında 
söhbət gedir. Özü də danışanların biri kəlağayılı qadın, güman edir ki, siz 
onun nəvəsini tanımırsınız. Tanımadığınız bir adam haqqında bes nə üçün 
söz açırsınız? 
O da məlumdur: kəlağayılı qadın Ehtiramı sizə tanıtmaq, həm nəvəsi ilə 
fəxr etmək, həm də sizin Bakıya qayıdandan sonra Ehtiramı tapıb əhvalatı 
danışmağınızı  xəyalında arzulayır. Siz isə öz təmkinini pozmur, tələbəniz 
Ehtiram haqqında danışmazdan  əvvəl onun ailədə, kənddə, valideyn 
yanındakı ehtiramını bir növ yoxlamaq istəyirsiniz. Bunun özü pis deyil. 
- Bacı, nə dediniz, necə oxuyur, dərslərindən neçə qiymət alır, 
razısınızmı?.. 
- Qardaş, qızın oxumağına söz ola bilməz. Bir od parçasıdı. 
Deynən! Gecə-gündüz, yay-qış, tətil demə, bayram demə, kitab əlindən 
düşərmi. Deyirəm, ay ərkansızın qızı saralmısan anqutun çıxıb, yatağa 
düşəcəksən, bu nədi. Dəftər-kitaba da adam belə aludə olar, sən mənim 
üçün professor-zad olmayacaqsan ki... 
Siz qadının mühakimələrinə gülürsünüz: 
- Ay xanım, məni bağışlayın, adınızı da bilmirəm. 
- Səltənət! 
- Səltənət xanım, nədir bəyəm, qızlardan professor çıxmağına siz 
inanmırsınız? 
- Niyə inanmıram?!  Şura hökuməti bunlardan lap yaranal da çıxardar, 
amma ki... 
- Amma niyə? 
- Amması var, çünki qız xeylağının bir ayrı yeri var, oğlanın da bir ayrı. 
- Qızın oğlandan nəyi əskikdir?! 
- Qız, qadan alım, qardaş, tez azır. 
- Azmaq nəyə deyirsən, teatr-kinoyamı?! 
  


174 
 
- Yox, kinoya yox, televizoru özüm də hər axşam evdə qurub baxıram. 
Ona azmaq deməzlər. Azmaq odu ki, dindən-imandan kənar şeylər. 
- Bizim qızlar indi çox ağıllı-kamallı böyüyürlər, Səltənət xanım. 
- Kamalına sözüm yox, qudurmasın, azmasın. 
- Azmazlar, yox! 
- Bax elə Ehtiram, May bayramında gəlmişdi. Yenə dastan başladı. 
- Nə dastan?! 
- İndi də yeri qurtarıb, göydən başladı. Deyir ki, göydən adam 
gəlıb. 
- Necə yəni? 
- Deyir göyə fışənglə adam gedir, bir saatda külli dünyanı dolanıb, xəbər 
gətirir! 
- Səltənət xanım, siz buna inanmırsınız? 
- Qardaş, fışəngə barıt qoyarlar, indi də göyə fışəng atırsınız. 
- Lap böyük fışənglər atılır, içində maşın, cihaz, adam da gedir. 
Bizim alimlər indi elə maşın çıxardırlar ki, doğrudan möcüzə. 
- Qız deyir, təyyarəçi oğlan fışəngə oturub göyə gedib. Deyirəm, bəsdi-
bəsdi! Ağlın olsun, asi-asi danışma. Qız durub məni başa saldı ki, indi göy 
aləminə belə deyirlər. Mars belə getdi. Nə bilim, ay qardaş, bu qız 
göylərdən, ulduzlardan şeylər danışır, quruyub qalırsan. 
Deyirəm, qızım, sən yerdə, skamyada otura-otura, göydən nə  xəbər 
bildin?! Deyir yox, alimlər göydə  nə var öyrənirlər. Fişəng atıb  şəkil 
çəkirlər. Göyün altını da görüb götürüblər, üstünü də. Vallahı, Ehtiram 
bayram günlərində burada şeylər danışdı ki, daha nə deyim?! 
- Səltənət xanım, Ehtiram oxumuş qızdır, mövhumat, xəyalat danışmır, 
elm danışır. Bu saat bütün dünya göyə gedib-gələn təyyarəçi igiddən 
danışır. Eşitməmiş olmazsan: Qaqarin. 
- Bəli, radiolardan eşitmişəm. Şəklini də görmüşəm. Ailəsi ilə bir yerdə. 
Ehtiram gətirmişdi, bütün qonum-qonşu baxıb. Bir boylu-buxunlu, igid 
oğlandı, sağ olsun! 
- Qaqarin saat yarım ərzində yeri də fırlanıb, göyün də iqlimini, havasını 
öyrənib gəlib. Bütün dünya onun möcüz kimi sifətinə heyrandır! 
- Hə, Ehtiram deyir guya göydə  dəmir də, daş da yarpaq kimi yüngül 
olub uçur. Lap mat-məəttəl qalmışam. 
- Göydə  təəccüblü  şeylər çoxdur. Qaqarinin səfərindən sonra təzə 
kitablar bağlanır, mühazirələr oxunur, şəkillər çəkilir. Səltənət xanım, 
  


175 
 
siz gəlin nəvənizin sözünü qürbətə salmayın, o, boş söz danışmır. Kitab-zad 
necə, oxuyursunuz, ya yox? 
- Gecə kursunu çoxdan qurtarmışam. Başım kolxoz işinə, nəvə-nəticəyə 
qarışandan sonra daha kitab oxuya bilmirəm. Allah sizinkiləri də saxlasın, 
uşaqlar oxuyub, danışırlar. Şükür, radiomuz-zadımız var. 
- Ehtiram kimi nəvəsi olanın gərək heç nə yadından çıxmasın: nə kitab, 
nə qəzet! 
- Ehtiram çox şeylər danışır, mənim ağlım bir şey kəsmir, qocalmışam. 
- Kəsər, kəsər, Ehtiram ağıllı-kamallı  qızdır. Sənə bir şey deyəcəyəm, 
bilmirəm inanarsan, ya yox. 
Səltənət təəccüblə üzünüzə baxır və güman edir ki, siz də  nəvəsi kimi 
onunla deyişməyə hazırlaşırsınız. Özünü ciddiləşdirib soruşur: 
- Nə deyecəksiniz? 
- Onu deyəcəyəm ki, Ehtiram bizim öz institutumuzda oxuyur. 
- Yox canım! Yalan olar, qardaş! 
- Yalanı-zadı yoxdur, Ehtiram mənim öz tələbəmdir. 
- Düzünü deyin, qardaş. Ona siz dərs verirsiniz? 
- Ehtiramı dağlara, briqadalarda elmi təcrübəyə göndərən mən özüm 
olmuşam. Əgər günah bilirsənsə, onu danlama, məni danla, Səltənət xala!.. 
Səltənət xala əvvəl dediklərinizə inanmaq istəməsə də, Ehtiramın işini, 
dərsini, təcrübəsini, vaxtın yeri ilə, yurdu ilə deyəndən sonra inanmağa 
məcbur olur və yarıfərəh, yarısual deyir: 
- Qardaş, deyəsən sizi bura göndərən var axı? 
- Var, bəli! 
- Deyirəm axı! 
Səltənət lap özünü yığışdırır, ev-eşiyə göz gəzdirir, balaca qızı səsləyir, 
elçi qarşılayan analar kimi təşvişə düşür, ciddiləşir: 
- Qız, xörək-zad hazırlayın, qonaqlar acdır. Bəs, a qadan alım, kim 
göndərib sizi?! 
- Bizi də Ehtiramı  təcrübəyə göndərən institut göndərib. Göndərib ki, 
tələbələrin işləri ilə tanış olaq, onlara kömək edək. Səfərimiz  Şuşayadır! 
- Ehtiramın yanına gedirsiniz. 
- Bəli, onun briqadasına baş çəkəcəyik. Sözündən-sovundan? 
  


176 
 
Səltənət mətbəxə qaçdı. 
- Qıza bir balaca ev xörəyindən-zaddan, yazbaşı  ağartıdan, həyətdən 
dərilən göyərtidən, tərəvəzdən... 
- Şuşada nə çoxdur belə şeylər... 
- Yox, evin əvəzini verməz, qardaş, zəhmətini çəkin! Bir balaca əmanət 
aparın! 
- Gözümüz üstə! 
- Yəqin Ehtiramı görəcəksiniz? 
- Axşam onun yanındayıq. 
- Çox-çox salam-dua. Sizin yanınızda da bilmədim; artıq-əskik 
danışdım. Qardaş, qıza deməyin, utanar. 
-  Əksinə, qıza təşəkkür edəcəyəm ki, nə yaxşı dilavər, qonaqpərəst, iş 
bilən nənən var! 
- Yox canım, cavan vaxtımda qonaqpərəstliyim bişirib-düşürməyim var 
idi. İndi daha canım zəifdir, qardaş, yetirə bilmirəm. 
- İgid-igid nəvələr böyüdənin ürəyi dağ kimi olar, necə ki, görürəm. 
Bir zəiflik yoxdur. 
Səltənət xanım həm iftixar, həm də xəcalət hissi ilə başını tərpədib sanki 
təsdiq edirdi. 
Dağda, kəşfıyyat işində çalışan qıza, Ağsu təsadüfünü danışanda 
inanmaq istəmədi. 
- Nənəm elə şeyləri qonağa danışmaz. 
- Necə danışmaz, nənən Nəbinin Həcəri kimi qadındı, qonaqlara macal 
vermirdi. 
- Görünür, sizi tanımayıb. 
- Tanımadığı üçün də sərbəst danışdı. 
- Eyib olub! 
- Eyib-zad deyil, açıq danışmağı bizə  ləzzət verdi. Ancaq sən gərək 
onunla məşğul olasan, köhnə, mövhumi təsəvvürlərini dağıdasan, elmdən, 
məktəbdən, yeni həyatdan elə danışasan ki, həm maraqlana, həm də inana!.. 
- Günün tutulmasına hisli şüşə ilə baxdıranda gözləri bərəlir, hey suallar 
verir. 
- Elə olacaq. Bir dəfə maraq oyandımı, əl çəkməyəcək... Şifahi təbliğat 
bəs nədi, buna deyirlər də! 
1961 
  


177 
 

Yüklə 2,54 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin