Microsoft Word Hazir secilmis eserleri mir celal doc



Yüklə 2,54 Mb.
Pdf görüntüsü
səhifə29/54
tarix30.12.2021
ölçüsü2,54 Mb.
#18854
1   ...   25   26   27   28   29   30   31   32   ...   54
HEYKƏL UÇULANDA 
 
Mənəm-mənəm deyənlərin inanma çox da qovluna! 
M.Ə.Sabir 
 
Yayın cızlamasında, bulvarın gur yerində su dükanının qabağında adam 
əlindən keçmək olmurdu. İki nəfər ağxalatlı zirək qız hər ovcunda dörd-beş 
stəkan siroplu su doldurub peydərpey camaata verirdi. Manatlıqdan, 
abasılıqdan hərə  əlinə  gələni yaş nimçəyə atır, su istəyirdi. Pul saymağa 
hövsələ, macal yox idi. Ucaboy, sarıyanız, həsir papaqlı, döşündən 
pəhləvanlıq nişanı sallanan bir oğlan adamları  kənara itələyib irəli yeridi, 
suçuya işarə elədi: 
- A qız, bəri dur! 
Stəkanlara qazlı su, sirop tökən başıaşağı qız etina etmədi. 
- Bəri dur demirəm sənə, həyasız! 
Oğlan bunu deyib taraş stəkanı qızın başına vurdu. Qız "vay dədə" deyib 
əli ilə başını tutdu, kürsüyə yıxıldı, fışqıran qan onun əlini, üzünü qırmızıya 
boyadı. Adamlar həyəcanla bir-birinə dəydilər: 
- Bu nə işdir? 
- Yazığın günahı nədir? 
- Bu xuliqanlıqdır! 
- Kimdir o? Niyə yaxalamırsınız cinayətkarı? 
Oğlan heç nəyə  fıkir vermədən vəhşi heyvan etinasızlığı ilə  şüşədən 
stəkana su töküb qurthaqurt içdi, stəkanı atıb getdi. 
Bütün gözlər onun tam yaraşıqlı uca boyuna, vəhşi hərəkətlərinə 
dikilmişdi, danışmaq, nəsə demək istəyənləri sakitləşdirdilər. 
-  Sus! 
- Bənd olma! 
- İş idi düşdü... 
- Necə yəni iş, xuliqanı yerinə aparmaq, alnına damğa vurmaq lazımdır. 
- Ay hay! Sən də qəribə danışırsan?! 
- Nə danışıram, əyri danışıram? 
- Axı, qardaş, bilirsən o kimdir? (Cavab gözləmədən, gizli bir sirri 
açan kimi bərkdən əlavə etdim.) Dünyamaliyevin bacısı oğlu! 
Bu sözü eşidəndən sonra danışanlar dinmədi. Qız da səsini kəsdi, 
ufuldamadı, yanındakılar da ona təsəlli verdi: "Keçib gedər, yayda qan 
aldırmaq cana xeyirdir, qızım! Qorxma, yaxşı olarsan!" 
  


178 
 
Dünyamaliyevin, daha doğrusu, Dünyamaliyev yoldaşın özünü 
tanımasam da... 
Pis danışdım; Dünyamaliyev yoldaşı yaxşı tanıyıram və bizim rayonda 
onu tanımayan yoxdur və ola bilməz. Ancaq ki, o məni tanımır, mənim kimi 
balaca bir adamı elə  mənsəb sahibi hardan tanısın və niyə tanısın, xırım-
xırda adamları tanımağa onda vaxt hanı? Onun nəyinə lazımdır ki, məni 
tanısın. 
Amma bacısı oğlunu mən tanıyıram, tanıyıram deyəndə bir əlaqəm, get-
gəlim yoxdur. Onun atası bir zaman bizim rayonda qəzet çıxardırdı. Famili 
də Aşumov idi (əvvəl Haşımov imiş, sonra belə olmuşdu), Dünyamaliyevin 
gurhagur vaxtında yeznəsi Aşumov da bizim rayon qəzetxanasının böyüyü 
idi. Düzdü, vəzifəsi qəzetxana müdirliyi idi, amma deyəsən kişi elə bütün 
rayonun ağası idi. 
Qəssabxanadan görərdin bütün bir qoyunu maşına basıb Aşumovun 
evinə aparırdılar. Xəstəxanadan "Aşumov yoldaşın evinə filan dərmanı 
göndərin". Teatrda eşidərdik ki, "hələ oyunu başlamayın, Aşumov yoldaş 
baxacaq, qoy gəlsin". Yollarda görərdik dirək uzadıblar, maşınları 
buraxmırlar ki, Aşumovun səsdən xoşu gəlmir. Aşumovun uşaqları da bunu 
bilirdilər. Aşumov budu gəldi, Aşumov odu getdi. Rayonda elə dik 
gəzərdilər ki, elə bil alçaq dağları bunlar yaradıblar. Aşumov belə Aşumov 
idi! 
Görərdin küçələrdə maşınların ağzı açıldı  nə açıldı. "Volqa"sından, 
"Pobeda"sından tııtmuş rayonda nə maşın var bəzənib yola çıxardı. Birində 
sazanda, o birində güzgü, bu birində tirmə şal, bu nədir? Aşumovun toyu! 
Özünün toyu yox ha, oğlunun, ya bacısı  oğlunun toyu! Bu dəm-dəsgah 
hamıya məlum idi. 
Adam yox idi ki, Aşumov onun yuxusuna girməsin, canına lərzə 
salmasın... Bizim rayonun camaatı buna bir növ alışmışdı, dözürdü, amma 
mərkəzdəki yoldaşlar buna dözmədilər. Gün o gün oldu ki, Aşumovu işdən 
çıxardılar. Mərkəzdən bir böyük komissiya gəlmişdi. Aşumovun işlərini 
yoxlayanda nə tapılmışdısa, nə yazılmışdısa kişi neçə həftə o yan-bu yandan 
kağız gətirdi,  şahid axtardı, heç nə  eşitmədilər. Dərhal  əmrini verib işdən 
çıxardılar.  İşdən çıxanda nə olar? Vəzifə  həmişəlik adamın boynuna 
biçilməyib ki! Amma Aşumovun məsələsi ayrı cür oldu. Camaata birtəhər 
gəldi: "Bəli, Aşumovu da dəbərtmək olarmış". 
Danışırdılar ki, Aşumov təyyarə ilə uçacaq, şikayətə gedəcək, böyük 
yerdən kağız-filan gətirəcək. Amma getmədi, məsələ ayrı cür 
  
 


179 
 
oldu. İşdən çıxandan, bilmirəm bir həftə, ya on gün sonra kişi vurğu vurmuş 
kimi yıxılıb öldü. Bir gecə yatdı, səhər durmadı. Biri dedi iflic olub, biri 
dedi ürəyindən, biri dedi böyrəyindən! Hər nəsə, yas quruldu, ağlaşma oldu. 
Kişini götürdülər, dəfn-kəfin elədilər. 
Hamı dağılıb işinə, gücünə getdi. Nə idarələrdə, nə küçələrdə, nə  də 
tarlalarda Aşumovdan bir əsər-əlamət qalmadı. 
Fələk öz işində idi. Yenə öz qaydası ilə  səhər açılır, axşam vaxtında 
düşür, günəş, bulud, külək, yağış, hava, hamısı qaydasında! Aşumovun 
uşaqlarının işi qəribə oldu. Bu firon uşaqlar indi kağız kimi qatlanmalı 
oldular. Necə  də qatlanmasınlar? Hara baxdılar, bir havadar görmədilər. 
Bunların gözünə dağ görünməz, Aşumov görünərdi. Ataları  həmişə 
qarşılarında uca bir heykəl kimi durardı. Uşaqlar elə bilirdilər ki, bu şəhərdə 
sözü keçən, adı tutulan bir adam varsa, o da atalarıdır. 
Şəhərin idarəsini, təşkilatını, adamların həyatını quran, qaydaya salan da 
ancaq atalarıdır. Amma elə ki, Aşumov öldü, gördülər yox, ey dili-qafıl! Nə 
qoyub, nə axtarırsan? Ölən bir qarğa, ya sərçə imiş! Dünyanın, camaatın heç 
vecinə deyil! 
Radiolar danışır, konsert verir, teatr tamaşaları göstərilir, tramvaylar 
zınqhazınq sağa-sola gedir. Camaat toy-bayram eləyir, evlər tikilir, küçələrə 
asfalt salınır, cərgə ilə  ağaclar  əkilir, göyərir, işıq dirəkləri ucalır, 
rəngbərəng maşınlar sürətlə belədən-belə keçir, milislər küçə  hərəkətinə 
nizam verir. 
Deyəsən heç bu şəhərdə  nə  Aşumov, nə  də  Aşumov nəsli var imiş! 
Böyük oğlu Nadir küçədə papiros damağında dayanırdı - görsün bunun 
kefini necə soruşacaqlar, gördü heç bunu görən, saya salan yoxdur. Axırda 
yanından keçən bir oğlanı tutdu: 
- Adə, student, mən Aşumovun oğluyam ey! 
Tələbə başa düşmədi: 
- Nə istəyirsən, xalaoğlu? 
- Deyirəm mən Aşumovun oğluyam. 
- Aşumov kimdir? 
- Aşumov?! 
Nadir az qaldı  tələbənin ağzından bir yumruq vura ki, "belə filan, 
Aşumovu məgər tanımırsan?" 
Tələbə onun barmağında sıxdığı papirosuna, qızaran üzünə baxdı, kefli 
olduğunu güman edib milis çağırdı. 
-Yoldaş milis, yoldan keçənə sataşır, bu keflini aparın. 
 
  


180 
 
Milis işçisi Nadirin qolundan tutanda Nadirin bütün bədəni gizildədi, 
zehnindən təəssüflü bir xitab keçdi. "Ey dili qafil, gör nə aləmdir, sən 
yatmısan, Aşumov kimdir, zad kimdir!" 
Nadir milisionerə də özünü tanıtmaq istədi: 
- Aşumov mənim papamdır! 
- Yeri, yeri, papa-mapa bilmirəm, vətəndaşlara sataşanın on beş sutkası 
var, yeri! 
Nadir bir ətrafına baxıb vurnuxdu, adamların başına vurmağa taraş-taraş 
stəkan axtardı. Milisioner onun qolundan tutanda oğlanın yadına düşdü ki, 
yox, indi daha o zaman deyil! Vaxtı ilə gözündə dikələn, böyüyən, 
parıldayan, rəngbərəng vəzifəli adamlar... Tunc, daş, sement heykəllər 
gurultu ilə uçulub töküldü, vahiməli bir mənzərə göründü... 
Nadir diksinib yuxudan ayılan kimi əllərini yuxan qaldırdı, başını tutdu, 
güman etdi ki, hamı vahiməyə düşəcəkdir. Qəribə idi, heç bu uçurumdan 
səs-səmir çıxmadı, deyesən bunlar hamısı qarışıq bir yuxu idi və ancaq onun 
gözünə görünürdü, ətrafına baxanda gördü ki, milisioner maşın çağırır: 
- Bu sərsəmdir, yeriyə bilmir, maşına qoy apar, növbətçiyə  təhvil ver, 
qoy ayıltsınlar, gəlib dərsinə baxacağam. Mən gəlməmiş damlamasınlar, 
gözləsinlər! 
Müxtəlif materialdan yaranmış cürbəcür heykəllər isə Nadirin gözündə 
hey uçulub tökülməkdə, toz-duman qoparmaqda idi. Sirli bir pərdə dalında, 
sükut içində  təkrar olunan bu mənzərəyə, deyəsən Nadirdən başqa baxan, 
tamaşa eləyən yox idi. Hər kəs öz işində idi. Adamların kefı saz, hava xoş, 
şəhər çilçıraqban idi. 
1962 


Yüklə 2,54 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin