Microsoft Word Hazir secilmis eserleri mir celal doc



Yüklə 2,54 Mb.
Pdf görüntüsü
səhifə30/54
tarix30.12.2021
ölçüsü2,54 Mb.
#18854
1   ...   26   27   28   29   30   31   32   33   ...   54
AY İSMAYIL, BAŞA SAL! 
 
Deyirlər rüşvətlə  bərk mübarizə aparılır. Bu doğrudur. Amma mən 
bilmək istəyirəm ki, rüşvət nəyə deyirlər? Rüşvət ona deyirlər ki, mənim bir 
vəzifəli şəxsə işim düşür. Qanun buna ziddir. Amma vəzifəliyə filan qədər 
pul verirəm, o da qanunu ayaqlayır, mənim işimi düzəldir. Buna deyirlər 
rüşvət! 
Bir də var ki, mənim nazir rəisi filankəsə hörmətim, məhəbbətim var. 
Plov bişirəndə onsuz boğazıma getmir. Çağırıb dəsgah düzəldirəm. Bəzi 
alimlər güman edir ki, bu da bir növ natəmizlikdir. Ancaq burada 
  


181 
 
nağd pul məsələsi yox, natura ilə ifadə olunan rüşvət var, amma bu işlərin 
eləsi var ki, nə rüşvət, nə  də hörmət adlandırmaq olar. Bunun adını  mən 
özüm də bilmirəm. Soruşanda deyirlər, yox, bu ayrı  şeydir. Mən bilmək 
istəyirəm ki, ayrı şey, yəni nə? 
Mən bir on-on beş il əvvəl Xaçmaz tərəfdə müəllim idim. Rayonun lap 
mərkəzində, meydanın qabağında, orta məktəbdə hesab dərsi deyirdim. 
Orda da bir "paxodnı" çəkmə geyən, saçı kəsik arvad, daha doğrusu xanım 
var idi. Nə istəsə heç kəs ondan müzayiqə eləmirdi. Adı da Rütubət xanım 
idi. Görürdün, Rütubət xanım budur gəldi qəssaba işarə elədi: 
- Əmioğlu, o şaqqa necə şeydir? 
- Erkək ətidir. 
- Çək onu! 
- Baş üstə! 
- Ya mədəd! 
Qəssab şaqqanı çəngəldən götürüb tərəziyə qoymaq istəyəndə 
xanım səsləndi: 
- Ya heç çəkmək lazım deyil, bük bir kağıza aparım. 
- O da baş üstə! 
Qəssab  şaqqanı, quyruğu da üstündə  səliqə ilə  qəzetə büküb verirdi. 
Rütubət xanım düzəlirdi yola. Mən təəccüb eləyirdim: 
- Bəs niyə pul vermədi? Düşünürdüm ki, yəqin tanışdırlar, sonra 
haqq-hesab çəkəcəklər. 
Həmin qadını  aşxanada xörək yeyib ayağa duran, ağız-burnunu silib 
çıxan görürdüm. Ya görürdüm ərzaq mağazasına girdi, qənddən, çaydan, 
düyüdən, yağdan səbətini doldurub çıxdı. Mağaza müdiri də baxa-baxa 
qalırdı. Lap məəttəl qalmalı işdir... Bəlkə lap kommunizmə keçmişik. Pullar 
götürülüb, mənim xəbərim yoxdur? 
Onu da deyim ki, saçı  kəsik qadın, yəni Rütubət xanım bu 
səyahətlərində  tək deyildi. Yanında ucaboy bir milis işçisi gəzirdi, onun 
səbətini, ya çamadanını gəzdirirdi. Bazarı gəzdikcə səbət dolub ağırlaşırdı, 
amma xanımdan bir qəpik də çıxmırdı. Lap təəccüblü iş idi? Bazarkom belə 
olmaz. Naloq yığan heç olmasa qəbz verir! Dequstator da belə eləməz! 
Bir dəfə gördüm təzə açılmış  bəzzaz mağazasında Rütubət xanım top-
top parçalar töküşdürdü, hərəsindən bir paltarlıq kəsdirib səbətinə yığdırdı, 
yoluna düzələndə bəzzaz çağırdı: 
 


182 
 
- Bura bax! 
- Nə var? 
- Bacı, pulu qaldı axı? 
- Nə pul? 
- Parçaların pulu! 
Arvad yanındakına tərəf döndü: 
- Ay İsmayıl yoldaş, sən başa sal! 
İsmayıl da bəzzaza yanaşdı ki: 
- Bənd olma! 
- Necə? 
- Deyirəm, bənd olma! 
- Bəs necə olsun? 
- Kişinin bacısıdır, yaz spesə! Spesə yaz! 
- Nəyə yazım? 
- Spesə! 
Bezzaz mat qalmışdı. Arvad barmaqlarını az qala onun gözünə soxub 
deyirdi: 
- Bu qanmazı hardan gətiriblər bura? Bəyəm məni tanımırsan? 
- Yox, bacı, tanımıram! 
- Tanıyarsan, keç otur yerində! 
- Axı necə? 
- Ay İsmayıl, bunu başa sal! Görəsən hansı dərədən gətiriblər. 
Guya Quba mahalında adam tapılmırdı. Başa sal, ay İsmayıl! 
İsmayıl da mağaza müdirini səslədi. Müdir satıcının üstünə qışqırdı: 
- Əyə, işin olmasm, spesdir! Yaz spesə! 
Mən də  kənardan bunları görüb mat qalırdım. Axı bu nə rüşvətdir, nə 
hörmətdir? 
Deyirlər bu qorxudandır. 
Qorxudan adam malını, pulunu quldura, oğruya, yol kəsənə verər, o da 
dağda, xəlvət dərədə, yamacda. Axı, günün günortaçağı,  şəhərin ortası, 
camaatın gözünün qabağı, Sovet hökumətinin oğlan vaxtı, kişi niyə malını 
əldən versin, belə şey görünməyib, canım! 
- Qorxudan! 
Sən demə, bu qorxu ayrı qorxu imiş. 
Sən demə, Rütubət xanım ayrı xanım imiş. Lap böyük adamın bacısı 
imiş. Qabağında kimsə dinmirdi. O, bazara çıxdımı, hamı gizlənməyə 
çalışır, satdığı malları qaçırdırdı. O da ayıq adam idi. İsmayıla göz 


183 
 
vurur, qırğı kimi gedəni yolda saxlayıb, ovlayır, xurcunları tökür, 
bəyəndiyini səbətə atırdı. Neçə illər həmin xanım mahalda atını oynatdı. 
1953-cü ildə, daha doğrusu,  əlli üçüncü ilin yazında birdən-birə Rütubət 
xanımın ayağı kəsildi. 
- Nə oldu bu xanıma? 
Xəbər verən yox idi. Biri deyirdi naxoşdur, biri deyirdi qaçıb. Kimisi 
deyirdi ölüb, amma milisioner İsmayıl yenə bazarda idi. İki  əlini dalında 
çataqlayıb dayanır, deyəsən məzuniyyətə  çıxmışdı, dayanıb bu fani 
dünyanın işlərinə tamaşa eləyirdi. 
- Ay İsmayıl, Rütubət xanım hanı bəs? 
İsmayıl bir ayağını götürüb o birisini qoyub, ətrafına baxınır, dinmirdi. 
Vaxtı ilə hamını "başa salan" İsmayıl, indi nitqdən düşmüşdü. Susurdu. 
-  Ay Ismayıl, necə oldu bəs o arvad! 
- Nə arvad,əyə? 
- Rütubət xanım. 
İsmayıl susub, boynunu qaşıyırdı. 
- Rütubət xanım hanı? 
- Ayrı söhbət danış! 
Rütubət xanım o gedən getdi, bir xəbər çıxmadı. 
Rütubət xanımın  şəhərdə boğazlı  çəkmə ilə addımladığını,  İsmayılın 
kölgə kimi həmişə onu izlədiyini,  əmrinə "baş üstə" deyib durduğunu, 
səbətini xüsusi bir zirəkliklə götürdüyünü görən adam deyirdi, bu arvad 
rayonun allahıdır. Heç güman etmək olmazdı ki, bu rayonda kök salan 
Rütubət xanım bu tezliklə yox ola! 
Amma  əlli üçüncü il yaman il idi. O ilin yazında nə oldusa, Rütubət 
xanımın çərxi çevrildi. Xanım o gedən getdi, nə onu görən, nə  də  əmrini 
eşidən oldu. Şəhər camaatı gülüb sevinir, şükür eləyirdilər ki, koxadan, 
yüzbaşıdan yaxamız qurtardı. 
Rütubətdən var-yox, bir İsmayıl qalmışdı. O da payız yarpağı kimi lap 
saralıb solmuş, kiçilib yüngülləşmişdi. Daha "başa salmalı" adam tapmırdı. 
Taqəti də yox idi. Rütubət xanım haqqında bir söz eşidəndə  xəcalətindən 
qızarır, üzünü yana çevirir, xahiş edirdi: 
- Ayrı söhbət danış! 
- Getsin o gunlər gəlməsm, ay İsmayıl! 
- Sənə dedim ayrı söhbət danış! 
 
1962 
 


184 
 

Yüklə 2,54 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin