Microsoft Word Hazir secilmis eserleri mir celal doc



Yüklə 2,54 Mb.
Pdf görüntüsü
səhifə37/54
tarix30.12.2021
ölçüsü2,54 Mb.
#18854
1   ...   33   34   35   36   37   38   39   40   ...   54
Dördüncü fəsil 
 
Vağzal qapılarından çıxan camaatdan bilinirdi ki, qatar gəlmişdir. 
Adamlar daş pilləkənlərdən təmiz küçəyə enəndə  qırılmış boyunbağı kimi 
səpələnib dağılırdılar. Bayaqdan döşəməyə  mıxlanan maşınlar, müntəzir 
dayanan faytonlar hərəkətə gəlir, sanki bu qiymətli muncuqları yığmaq üçün 
qaçışırdılar. Tramvayçılar zəngi daha da bərk vurur, hamballar 
yüyürüşürdülər. 
Gələnlərin bəzisi böyük və möhtəşəm binalar arxasında, geniş küçələrdə 
yox olurdular. Lakin nə Sadıq kişi, nə də onun məktəbdən 
  


240 
 
qovulmuş  oğlu gözdən itdi. Lap şəhərin içərisində  də onları - qabaqda 
məyus yeriyən oğlanı, onu izləyən çiyni xurcunlu, addımı qayım kişini 
görənlər nabələd olduqlarını seçə bilirdilər. Sadıq kişi ayağında yumşaq 
məst,  şalvarı dolaqla qıvraq bağlanmış halda oğlunun dalınca gedirdi. O, 
bəzən adamlara yol vermək üçün səkidən aşağı düşür, hamının keçib 
qurtarmağını gözləyirdi. Lakin camaatın dalısı üzülmürdü. Şəhərin izdihamı 
və ehtişamı kişini elə tutmuşdu ki, heyrətdən deyirdi: "İlahi, görəsən, bu 
qədər camaatın çörəyini kim bişirir? Buna xamırmı çatar, tabaqmı dözər, 
təndirmi yetər... Bütün ömrümdə tutduğum bal bunların bir səhər çayına 
çatmaz..." 
Sadıq kişi tamaşadan doymasa da bu gecənin fikrini unutmamışdı: 
mehmanxanada və ya kənd evində yatacaq yer tutduqdan sonra oğlunun işi 
ücün gedəcəkdi. 
Vahidlə görüşməyə  tələsirdi. Ancaq üzünü tük basmışdı, üst-başını 
düzəltməli ıdi. Məktəbdə belə görünmək istəmirdi. Atası soruşdu: 
- Hara gedirik? 
Vahid dedi: 
- Çatmışıq! 
Onlar inşaat institutunun uca, ağır və yaylı qapısını açanda dəhliz 
başındakı  kəfkirli saat ikini vururdu. Vaxtı yoxlamaq Vahidin yadına 
düşməmişdi. Saat ilə üz-üzə gələndə işin axırına az qaldığını bilib darıxdı. 
O istəyirdi ki, tələbələr tənəffusə çıxanda onu görməsinlər və atasını çəkə-
çəkə iltimasa gətirdiyini bilməsinlər. İllah da Rübabə ilə bu vəziyyətdə üz-
üzə gəlməyi heç istəmirdi. 
Onlar direktor kabinetinin ağzındakı  dəhlizdə gözləyənlərə qarışdılar. 
Vahid atasına pıçıldadı: 
- Burada olur. 
Necə danışmaq haqqında bəzi şeylər öyrətmək istədisə də artıq vaxt yox 
idi. Ona elə  gəldi ki, bu saat göyköynək qadın qapını açıb, adamları 
direktorun yanına buraxacaqdır. Sadıq kişi bu balaca dəhlizə  sığmırdı, o 
yan-bu yana gəzinir, vurnuxurdu. Dayananların birindən soruşdu: 
- Direktor burdadımı? 
- Burda deyil, bəs biz nə gözləyirik? 
- Daha niyə acığın tutur? 
Vahid atasının artıq-əskik danışacağından çəkinib, divanı göstərdi: 
  


241 
 
- Otur dincəl, - dedi. 
Sadıq kişi üzünü qapıdan çevirmədi. 
- Oturmağa gəlməmişik ha! 
İçəridən çıxan bir qadın baş  ləçəyini düzəldib örtdü. Qapıdakılardan 
gödəkcəli, arıq bir oğlan direktor otağına girdi. Sadıq kişi qapını örtməyə 
qoymadı. 
- Yoldaş direktor, bağışlayın, uzaqdan gəlmişik, olarmı sizə  zəhmət 
verək? 
Qapısında xurcunlu kişini görən direktor nəsə dedi. Sadıq kişi içəri girdi. 
Vahid atasında bu cürəti bilməzdi. Özünü itirdi, deyəcək idi: "Kişi, 
xurcunu burda qoy". Macal tapmadı. Onun dalınca kabinetə daxil oldu. 
Sadıq kişi xurcunu çiynindən aşırdı, direktorun qabağına yeriyib, çoxdanın 
tanışı kimi əl verdi. Vahid də görüşdü. Direktor irigöz, şişburun bir adamdı, 
üzündə çopura oxşayan çil vardı. Sadıq kişiyə yer göstərdi: 
- Əyləşin! Nə qulluq? 
Sadıq kürsünü irəli çəkdi, gödəkcəli oğlanı göstərib dedi: 
- Qul sahibi olasınız. Bu yoldaşı yola salsanız yaxşı olar. Bizimki bəlkə 
tul çəkdi. 
Gödəkcəli oğlan  əlindəki dörd qatlanmış kağızı direktorun qabağına 
qoydu. Direktor açıb oxudu. Başını qaldırıb dedi: 
- Başarmaram, bala, başarmaram! 
Gödəkcəli oğlan tələb elədi: 
- Başarmalı bir iş yoxdur, bu mənim haqqımdır, yazın versinlər. 
- Niyə komissiyaya ərizə yazmamısan? 
- O vaxt müalicədə olmuşam, ailəli yoldaşların hamısı necə, mən də elə. 
O qayda ilə yazın, təqaüd versinlər. 
- Axı onlar ərizə vermişdilər, komissiyadan keçiblər. 
Gödəkcəli oğlan onun sözünü yarımçıq qoydu: 
- Budur, mən də yazmışam. 
- Gərək komissiyaya yazasan. Orada partiya nümayəndəsi, komsomol 
nümayəndəsi... 
Gödəkcəli oğlan ərizəsini onun qabağından götürmək istədi: 
- Verin, başını yazım komissiyaya. 
- Sən yazmaq ilə deyil, təzədən komissiya çağırmayacağam ki... 
- Özünüz qol qoyun! 
- Əcəb danışırsan, mən nəçiyəm? 
  
 
 


242 
 
Onun sözü gödəkcəli oğlanı heyrətə saldı, içəridə özgə adam olsa da 
ürəyindəkini saxlamadı: 
- Siz institutun direktorusunuz! 
- Çox da direktoram, komissiyasız mən bir şey edə bilmərəm, sabah... 
- Onda komissiyanı direktor qoysunlar da. 
- Nə demək istəyirsən, yoldaş tələbə? 
- Demək istəyirəm ki, öz vəzifənizi nahaq yerə özgənin boynuna 
yükləməyin, buna siz qol çəkməlisiniz. 
- Ərizənə qol çəkim, eləmi? 
- Qanuni olmasını yoxlayın, sonra qol çəkin. 
Direktor duruxdu: 
- Sabah cavab verməli olanda elə bilirsən sənin yaxan ələ keçməyəcək? 
Tələbə başını tovladı: 
- Mən həmişə buradayam, tutanda ikimizi də bir apararlar. 
Direktor qızaran kimi oldu, ərizəni götürüb bir də oxudu: 
- Beş baş? 
- Bəli! 
- Kimdir onlar? 
- Anam, bacım, yoldaşım, bir uşaq. 
- Bunlar işləmirlər? 
Yoldaş direktor,  işlədi-işləmədi təqaüd məsələsinə dəxli yoxdur. Külfəti 
olan adama nə təqaüd kəsilibsə, mən onu istəyirəm. 
Direktor zəngi basıb hesabdardan təlimnaməni istədi. Sadıq kişi  əvvəl 
gödəkcəlinin, sonra da Vahidin üzünə baxıb him elədi: "Uzun çəkəcək..." 
Direktor təlimnaməni oxuyub hesabdardan soruşdu: 
- Bunu havaxt almısınız? 
- İlin əvvəlində. 
- İlin əvvəli uzundur, tarixini de. 
Hesabdar dəftər-kitabı töküşdürdü: 
- Avqustun 21-də. 
- Ondan bu yana ayrı təlimnamə almamısınız? 
- Necə almamışıq, təlimnamə hey gəlir. 
- Bu barədə, ailələr təqaüdü barəsində? 
- Elə budur ki, var! 
Sadıq oğlunun qulağına pıçıldadı: 


243 
 
- Yaman diqqətcil adamdır. 
Direktor qələmini əlinə aldı, mürəkkəbə batırıb ərizənin üstünə gətirdi. 
Dayanıb sətirlərə baxdı. Deyəsən mürəkkəbin öz-özünə tökülməyini 
gözləyirdi. Əli havada titrədi, dönüb tələbədən soruşdu: 
- Birinci dəfədir siz ailəli olursunuz? 
- Mən çoxdan ailəliyəm. 
- Yox ey, təqaüd məsələsində. 
- Birinci dəfədir ailəli təqaüdü tələb edirəm. 
Direktor qələmi yerinə qoyub ayağa durdu, əli cibində gəzindi, gözünün 
ucu ilə təlimnaməni göstərdi. Hesabdardan soruşdu: 
- Bəlkə dəyişiblər? 
- Dəyişsələr yazarlar. 
- Bəlkə yazacaqlar? 
- Yazanda biz də əməl elərik. 
- Bu yoldaşın ərizəsini bəlkə razılaşdıra bildik? 
- Hara ilə? 
- Hara ilə olur olsun, ya komitə, ya komissıya, ya bura... 
Tələbə qalxıb papağını başına qoydu. 
- Yoldaş direktor, bağışla, incitdim sizi, o təqaüdü mən alsam, hər qəpiyi 
qiyamət günündə od olub canıma yapışar. Bu əzab ki, siz çəkirsiniz, mənim 
vicdanım qəbul eləməz. Azara-zada düşərsiniz, uşaqlarınız var, yazıqdır, 
qoy dursun. 
Tələbə  ərizəsini götürdü və parça-parça edib səbətə atdı, xudahafız 
deyib çıxdı, hesabdar da onun dalınca getdi. Direktor tələbənin qarasına 
baxdı-baxdı: 
- Di gəl beləsi ilə  işlə görüm necə  işləyəcəksən. Vəziyyəti düşünmür, 
məsuliyyəti bilmirlər. 
O, xeyli vaxt başını qaldırmadı. Onu böht aparmış, on-on iki il əvvəlki 
bir zamana atmışdı. "Kənd-şəhər rabitə  cəmiyyəti"ndən kəndə  təhkimçi 
gəlmişdi, söhbətində məsəl çəkmişdi. 
"Məşhur məsəldir, yoldaşlar, toyuğun başı  kəndə, quyruğu  şəhərə sarı 
dursa quyruq başdan şərafətlidir". 
Komsomolçular irad tutub güləndə, Verdiyev bir-iki nəfəri çağırıb göz 
ağartması vermişdi: 
"Babam  əfəndi olub babalarınıza böyüklük eləyib, atam ağsaqqal olub 
atalarınıza ağıl öyrədib, özüm də  fırqəçi olub özünüzə  rəhbərlik eləyirəm, 
nə belə atılıb düşürsünüz?.." 
  


244 
 
Komsomolçular Verdiyevin hədəsini car çəkib yerinə yetirmişdilər. 
Vilayət komitəsi çağırıb onun kitabçasını almışdı. 
Ara sakitləşəndən sonra Verdiyev sübut edə bilmişdi ki, "belə söhbətləri 
mən ayıq baş ilə deməmişəm". Birtəhər özünü düzəltmiş, "Çocuq Dostları 
Cəmiyyətində", sonra "Göy birliyi"ndə  işə girmişdi. Rayonda hansı seçki 
idisə, kimin barəsində müzakirə edilirdisə, Verdiyev əlini tovladı: 
"Eh, - dedi, - uzatmaq nəyə lazım, hər kəs eşşək olsa, biz ona palan 
olarıq". 
Yenə onu qurdaladılar. Uzun dava-məşəqqət, yalvar-yapış... Axırı ki, bir 
töhmət ilə canını qurtarıb Bakıya qaçdı: 
"Canım, - dedi, - adamın biliyi kəm olanda tez çaşır, göndərin ali təhsilə, 
qoyun oxuyum..." 
Bakıda onun işi avand geldi. Müəllim kurslarına girdi, iki il oxudu. Orta 
məktəblərin birinə müdir müavini təyin olundu. Gündüzlər işlədi, gecələr 
təşkilatın təkidi ilə "Kommunist Darülfünununa" davam elədi. Özək 
katibinin yanında xətir-hörmət qazandı. Bir də gözünü açıb özünü məsul bir 
kürsüdə, başqa bir institutdan ayrılıb yenidən təşkil olunan inşaat 
institutunun ağası gördü. Keçdiyi yollar xəyalən göründükcə, Verdiyev 
tələbənin dalınca deyinirdi: 
"Rəhmətlik oğlu, bilsən ki, əskim necə tüstülüdü. Bilsən ki, mənim 
tərcümeyi-halım partiyadan qovulmaq və partiyaya qaytarılmaq tarixindən 
ibarətdir; bilsən ki, hər qovulanda beş kilo ət itirirəm, heç bu sözü 
deməzsən..." 
Onu hövsələyə gətirmək üçün Sadıq kişi təsəlli verdi: 
- Böyük olmaq belədir də, siz atasınız, gərək hamısının nazını çəkəsiniz. 
Bunu deyib daha da yaxın oturdu. - Bu mənim, biədəb də olsa, oğlumdur, 
yoldaş direktor! Necəsə dolaşdırıb məktəbdən qovublar. İndi neçə müddəti 
külfətdə ovqattalxlıqdır. Çox xahiş edirəm  ədalətlə bu işə baxasınız, uşağı 
oxutmağa düzəldəsiniz. 
Direktor Vahidin üzünə baxırdı, sanki demək istəyirdi ki: "Bəli, yadıma 
düşdü". 
Vahiddən soruşdu: 
- Neçənci sinifdə idin? 
- İkincidə. 
- Qarabağlı deyilsən? 
- Bəli. 
  
 
  


245 
 
Direktor düyməçəni basdı, içəri girən göy geyimli qadına dedi: 
- Partkomda gör kim var, Kərimi çağır! 
Vahidin ürəyi döyündü, Gəldiyevlə üz-üzə gəlmək çətin idi. İstədi çıxıb 
dəhlizdə dayansın, qapıçı qayıtdı: 
- Bayram komisyonundadır, harasa gedib. 
Direktor Sadıq kişiyə dedi: 
- İşə tanış adam burda yoxdur, Gəldiyev yaxşı bilir, sabah gəlin baxaq. 
Sadıq kişi əlini xurcuna atdı: 
- Səhərçağı gəlsək necədir? 
- Gəlin, doqquzdan burada oluram. 
- Gəldiyev neçədə olur, onu da bilək da! 
- O da doqquzda. 
Vahid utana-utana soruşdu: 
- Ərizə lazımdırmı, yoldaş direktor? 
- Əlbət ki! Partiya təşkilatının üstünə yazın. 
Sadıq "baş üstə" deyib çıxdı. 
Pilləkənlərdən enəndə oğlundan soruşdu: 
- Direktor elə budur? 
- Elə budur, Geldiyev kimisinə uyandan nə ağıl umursan. 
- Adamdı da! Deyəsən canavar əli görsədiblər, qorxur. 
- Gərək qorxmasın axı! 
- O qədər haramzadə var ki, gözünü qorxudublar da! 
- Qorxur qırağa çəkilsin, niyə  vəzifəni boynuna alır? Onun bir qol 
çəkməsi ilə adamlar o yan-bu yan olur axı. Düz apara bilmirsə, iş başına 
niyə oturub? 
Sadıq kişi başını tovladı: 
- Ay pir olmuş, hələ uşaqsan. Sən deyən kimi olsa, Şura hökuməti daha 
qoşunu neyləyir, - küçədə duran, əli ilə maşınlara yol göstərən milisə işarə 
etdi, - milisi neyləyir, məhkəməni neyləyir, hələ o qədər anasının əmcəyini 
kəsən var ki! 
Onlar söhbət eləyə-eleyə Sabir bağının qabağına çatdılar. Sadıq kişi 
heykələ baxdı: 
- Bu Nikolaya sataşan şair deyilmi, Vahid? 
- Bəli, Sabirdir. 
- Ciyərli adam imiş rəhmətlik. 
- Ciyər xəstəliyindən də öldü. 
 


246 
 
Sadıq kişi bir az susandan sonra dedi: 
- Elədir, düşmən adamın tutarlı yerindən vurur. 
Vahid "Şərq" mehmanxanasına tərəf döndü. Orada yer olmadığını bilib 
ötdülər. Bu mehmanxana sənin, o mehmanxana mənim, ha gəzdilər, boş yer 
tapılmadı ki, tapılmadı. Kəndli evində eyvanda da yatmağa razı oldular, 
ancaq direktor icazə vermədi; qaşqabaqlı, qara, ortaboy dalandar gözünü 
yumub, başı ilə rədd edirdi: 
- Yerimiz yoxdur, yoldaş! 
Onun təşəxxüsü Sadıq kişiyə  ağır gəldi; bir cavabla da acığını ifadə 
etməyə çalışdı: 
- Nə qansız adamsan, a kişi, Allah sənə qapıçılıqdan artıq qulluq qismət 
eləməsin, qırarsan xalqı! - Sonra Vahidə döndü: - Görürsən? 
Yazıq hökumət neyləsin, Nikolayla aşkara tutuşurdu, amma bunlar tülkü 
ölümcüllüyü ilə iş görürlər. Sən də deyirsən belə. Görmürsən köpək uşağını! 
Uşaqdan aldığı qəzetə baxanda Vahidin yadına düşdü ki, sabah istirahət 
günüdür, birisi gün də bayram. 
- Bəs necə eləyəcəyik, bir gecəliyə yer tapmırıq, üç gün qala bilərikmi? 
- Yox canım, kişi bizə söz verdi, səhər orada olacaq. 
Vahid ürəyində dedi: "İdarəyə gəlməsə, evinə gedib qapısını kəsərik". 
Şəhər bağında bir az oturdular. Gecəni buralarda keçirmək lazım idi. 
Ancaq mümkün deyildi. Sadıq kişi hiss edirdi ki, gəzməkdən ayaqları 
qızışmış, keyimişdir, baldırları gizildəyir. Soyuqda oturduqca, özünə 
gəldikcə vücudu ağırlaşır, kürəkləri sancır. 
Vahid də  əlləri cibində oturmuş, dayanacağa söykənmişdi. Birdən 
düzəldi, üzünü yana çevirdi, papağının günlüyünü gözünə basdı. 
Rübabə bir oğlan ilə söhbət eləyə-eləyə  gəlib düz onların qabağından 
keçdi, onun sözlərini eşidən Vahid əsən kimi oldu: "Şərqdə" yoxdurlar. 
"Avropada" olacaqlar. 
Rübabənin səsi ilə Vahidin məyusluğu sönüb getdi: o, yenə özünü dərs 
otaqlarında, Rübabənin yanında hiss etdi. Bu səs nə qədər xoş idi. Bir anda 
Vahidin yadında işıq kimi yanıb-sönən xatirələr bir-birini təqib etdi. 
Uzaqlaşıb gedən Rübabəni, gözdən itənə qədər, arxadan, həsrət nəzərləri ilə 
yola saldı. Vahid elə  həsrətlə baxırdı ki, deyərdin gedən qız  əbədi olaraq 
gedir və onun bütün sevinclərini özü ilə aparır. 
 


247 
 
Sadıq kişi də Rübabəni gördü. Oğluna, onun vəziyyətinə də diqqət elədi. 
Ürəyində dedi: "Cütdülər". 
Rübabə ötəndə Vahid özünü itirmişdi, çaşmışdısa da, indi yavaş-yavaş 
özünü danlayırdı: "Niyə qalxıb görüşmədin, niyə çağırmadın!". Bu fıkir ona 
çox gülünc və bir qədər də  təhqirli gəldi: "Məni belə görməməlidir, 
yanındakı  bəlkə heç məni tanımır. "Parapet" küncündə qalan bir oğlanla 
tanışlığını  qızın başına qaxa bilər. Yox! Mən Rübabə ilə ya əvvəlki 
vəziyyətdə görüşəcəyəm, ya da heç görüşməyəcəyəm!". 
Rübabənin sözləri Vahidin qulağında yenə  də  səslənirdi: "Şərqdə" 
yoxdurlar, "Avropada" olacaqlar!". Qız coğrafiyadanmı danışırdı, yoxsa 
adam həsrətində idi? Birdən bir şey xatırlamış kimi Vahid barmağını 
dişlədi: 
"Rübabə bizi axtarır, "Şərq" mehmanxanasına gedib, buradan da 
"Avropa" mehmanxanasına dönür..." 
Rübabə axşamüstü məktəbə gedəndə direktorun qapıçısı  həmin 
göyköynək qadın xəbər vermişdi: 
- O oğlan gəlmişdi axı! 
- Hansı oğlan? 
- O ki qovdular ha... şuşalı. Yanında bir kişi də var idi, görmədin? 
- Yox, görmədim. 
Rübabə zahirdə bu xəbəri soyuq qarşılamışdı. Bu işsiz, çənədən saz 
qadınların ağzına saqqız vermək istəməmişdi. Vahid qovulan zamanlar 
Rübabənin Verdiyev ilə deyişməsini uzun bir macəraya çevirib şirin söhbət 
elədilər. Həmin qadın dizinə çırpıb deyərdi: 
"Qızışıblar, bacım, qızışıblar! Az qalıb kişinin üstünə daşlana!". 
Həyətdə dalandarı tutub razılıq eləmişdi: "O şuşalı  gədənin mitilini 
atdınmı bayıra?". Dalandar bilmədi kimi deyir. 
- Hansı şuşalı? 
- Biri var ey, direktor qovan. 
- Qovulanların şeyini təhvil almışıq, necə bəyəm? 
Göyköynək əlini onun kürəyinə vurmuşdu: 
- Elə bax, qoy getsin mal otarmağına. Tərəkəmə köpəkoğlu çobanlıqdan 
gəlib burada rahat durmur. Kimə  bənd olsa yaxşıdır. Səttarın qızı  nədir, 
xanəndə Səttarın qızına tamah salırdı. İştaha bir bax! 
Əcəb olub!.. 
Göyköynək qadın Rübabəni tanımırmış: ancaq qızlar ilə  oğlanlar, 
qadınlar ilə kişilər, böyüklər ilə kiçiklər, tələbələr ilə müəllimlər ara- 
  


248 
 
sında olan-olmazı izləməyi, seçməyi, qurdalamağı özü üçün peşə, adət 
eləmişdi. Bu hiss onda çox ayıq idi. Bir şey duydumu, deməsə, danışmasa, 
axırına çatmasa, tanıdıqlarına çatdırmasa bağrı çatlardı. Kimin kiminlə 
öpüşdüyünü, zarafatlaşdığını, kimin kimdən xoşu gəldiyini, ya gəlmədiyini, 
kimin kimə tamah saldığını, ya salmadığını, hansı qızın necə bəzəndiyini və 
niyə  bəzəndiyini, niyə  bəzənmədiyini həmdisurə kimi qiraət ilə danışardı. 
Səhər otaqları süpürüb qurtarar, direktorun gəlməyinə bir saat qalmış 
boşalardı, özünü dalandarın yanına verərdi: 
"Ötən axşam urus müəlliməsi ilə müavini bulvarda görüblər... 
Fəridə yenə geyinib-kecinib, gedəndən kağız alıb axı, yanına çağırır... 
Elə hey cütləşirlər ha. Küncdə öskürürsən, görürsən serçə kimi bir cüt 
çıxdı, elə əyirirlər, qıldan incə..." 
Başqa xidmətçilər otaqları  təmizləyib işini qurtaranda rahat olurdusa, 
göyköynək qadın durub-gördüyü, eşitdiyini qapı-qapı gəzib, bütün tanışlara 
çatdırmamış rahat olmurdu. Şirin iş vaxtında birisindən bir xəbər eşitdimi, 
dərhal süpürgəni yerə qoyub qaçırdı. "Xəbərləri" yerinə yetirməsə, rahat 
olmurdu. 
 
* * * 
 
Bağda dayanmaq mümkün olmayacaq idi. Gecə keçdikcə, adam 
seyrəldikcə  dəniz tərəfdən sahil küçəsi ilə axıb gələn sazaq üzlərə  dəyir, 
payız soyuğu kəsməyə başlayırdı, qalın paltar azlıq edirdi. Ata-bala 
tramvaya oturub vağzala gedəsi oldular. Bilet zalında daldalanmaq mümkün 
idi. Bura həm isti, həm səliqəli idi... 
Vahidin ayrı bir ümidi var idi. Faytonçulara, ya hambalların birinə 
yanaşıb, yer xahiş edəcəkdi, güman ki, iyirıni-otuz manat versə, bir-iki 
günlüyə yer tapmaq çətin olmazdı. Ancaq kimə yaxınlaşdısa, bir şey 
çıxmadı. Axırda hirsləndi, papağı qırmızı haşiyəli dəmiryolçuya yanaşdı: 
- Qardaş, - dedi, - bəlkə biri azıb Bakıya düşdü, gecəni harada 
qalmalıdır? 
Dəmiryolçu dedi: 
- Necə harada, şəhərdə mehmanxanalara nə gəlib, kəndli evi var... 
Sadıq kişi baldırlarını göstərdi: 
- Tökülür ey! Səhər açılandan ələk-vələk eləmişik. Yer verən kimdi? 
- Şəhəri gəzmisiniz? 
- Bəs nədi, əşi! Yer qalıb baş vurmamış olaq? 
  


249 
 
Dəmiryolçu bir xeyli sükutdan sonra cavab verdi: 
- Vaxt elədi, baxtınızdan bayram qabağına düşüb, şəhərə gələn çoxdur. 
Sadıq kişi oğlunun əhvalatını danışdı: 
Bu gecəliyə daldalana bilsəydik. Mən heç, uşaq lap üzülüb, vaqonda da 
yatmayıb. Deyirəm get yoldaşların ilə görüş. Ona da utanır. Dəmiryolçu 
dedi: 
- Kəndə, rayona baxmayın, Bakı çox basırıq, qarışıqlıq olan yerdir. 
Camaat çox, hərənin bir otağı var, çəkilib oturub; mehmanxanalar da 
azlıq eləyir. Qonaq yanında adam doğrudan utanır. 
- Bəs necə olsun, axı səhər vacib işimiz var... 
- Necəsi yoxdur, gedək bizə. Birtəhər qalarıq. Qonağa layiq olmasa da 
bir otaqdır. Darıslıq olsa da atalar demiş: "Ürək geniş olsun!". 
- Qonağınız çox olsun, sizə zəhmət vermək də yaxşı deyil. 
- Bir zəhməti yoxdur, gedək! 
Dəmiryolçu onları otağına apardı. 
- Qardaş, - dedi, - bu mənim mənzilim, bu da bir dəst yorğan-döşəyim, 
növbədə olacağam, yata bilərsiniz. Bu radio, o da elektrik çayniki, qənd-çay 
da ki, var. Öz eviniz kimi! 
Sadıq razılıq elədi: 
- Çox sağ olun. Uşaq rahatlansın, mən lap kürsüdə də otura bilərəm. Bəs 
özünüz necə? 
- Altı saat növbədə duracağam. Məndən nigaran olmayın, gündüz 
doyunca yatmışam. 
Sadıq dəmiryolçunun girib-çıxmasından duydu ki, kişi mənzili onların 
ümidinə qoyub gedə bilmir. Vahidin də, özünün də pasportunu çıxarıb 
verdi: 
- Buyurun, şəhər yeridir, sizdən soruşub eləyən olar. 
Dəmiryolçu pasportları götürmək istəmədi: 
- Yox canım, bir gecəliyə nə pasport. 
- Ehtiyatdır da, sizdə qalsın, demək olmaz. 
Dəmiryolçu pasportları qaytardı: 
- Eyib deyilmi? Biri-birimizə etibar etməsək, daha nə yoldaşıq! 
Qapını haradan bağlamağı öyrətdi. Mənzili qonaqlara tapşırıb getdi. 
Sadıq dalbadal bir neçə stəkan tünd çay içib qızışdı, rahatlandı, Vahidin heç 
nəyə meyli yox idi. Atası çarpayını göstərdi: 
- Gəl, yat! 
Vahid dedi: 


250 
 
- Mən dirsəklənəcəyəm, sən gir yat! 
Ata-oğul bir-birinə təklif etdi. Axırda Sadıq kişi döşəmədəki təlisi açıb 
xurcunu başı altına qoydu, çuxasına bürünüb uzanmaq istədi. Vahid onun 
qolundan tutub, çarpayıya tərəf çəkdi. Kişi nə  qədər dartındısa Vahid 
buraxmadı: 
- Mən yatmayacağam, bil! Bu cür işin var idi, kişiyə niyə minnət 
eləyirdin?! 
Sadıq çarpayıda yatmağa məcbur oldu. Vahid isə döşəmədə özünə yer 
elədi. 
O, xüsusilə indi atasından xəcalət çəkirdi: 
"Böyüdüb başa çatdırıb. İndi onun oğul dalınca düşmək vaxtı deyil mən 
onun dalınca düşməliyəm. Gərək otursun, rahatlığını eləsin, qayğı 
çəkməsin, qulağı dinc yaşasın. Övladına baxıb fərəhlənsin. Amma nə eləsin 
ki, gəldiyevlərin ucundan mən onu köməyə çağırmalı oluram, gör nə aciz 
oğulam! Qoca kişidir, yorğunluq, soyuq... Sabah xəstələnə bilər, 
təhsilimdən ona xeyirim budurınu?.." 
Xəyalat içində köks ötürüb duran Vahidin gözünə xeyli vaxt yuxu 
getmədi. 
Sadıq kişi də yerinə uzanan kimi papiros yandırmışdı, hərdən sümürüb 
fikirləşirdi. Ancaq fıkir çəkdiyini oğlundan gizlədirdi. O da Vahiddən 
xəcalət çəkirdi: "Mən bir qulluq sahibi olsaydım, oxumuş olsaydım, altımda 
maşınım,  əlimdə portfelim olsaydı, kim oğluma burdan dur, orda otur, 
deyərdi?! Uşaqdır, yar-yoldaş içində  sıxılır. Bəziləri qumar üstündə, 
oğurluqda danlananda, Vahidi də atasının ucundan incidirlər. İndi nə qədər 
qüssə eləyir! Niyə qapılarda boynunu büksün, niyə ona-buna təvəqqe 
eləsin? Soyuq yerlərdə yatsın... Belə  də  ədalətsizlik olar? Gör nə  qədər 
mərdimazar var hələ içimizdə! Bəyin, xanın toxumu kəsilmir da!". 
Sadıq kişinin atalıq ürəyi cuşa gəldi. Dikəlib oturdu. Papirosunu 
işıldadıb Vahidə sarı baxdı. "Deyəsən, o yatıb, yuxudadır". Köynəkçək 
qalxdı, balıncı aparıb yavaşca Vahidin başı altına qoydu. Çuxanı götürdü, 
üstünə yorğan saldı. Bundan bir ürək arxayınlığı duydu. Qaranlıqda bir 
qədər dayanıb, Vahidin rahat və isti nəfəsini dinlədi. Çuxanı üstünə çəkdi, 
qollarını qoltuqlarına büküb, papağı qulağının altına qoydu, əsnəyə-əsnəyə 
"Ya haqq!" dedi, yatdı. 
Vahid qayğılı olsa da yorğunluq onu götürüb yuxu aləminə atmışdı. 
Orada o, boş və sakit bir yerdə rahat əyləşib kitab oxuyurdu. Qəribə 


251 
 
bir kitab! Ağ ipək vərəqləri açılıb uzanır, uzandıqca Vahidin baxışları da 
gedir, onların axırını görmək olmurdu. Bulud kimi qatılaşan, lay-lay yığılan 
ipəkdən gah ildırım kimi şaqqıldayan, gah gözəl xəzəl kimi xısıldayan 
vərəqlərdən savayı heç nə görünmürdü. Vərəqlərin örtdüyü uzaq üfüq 
qızarır, arxasından süngü kimi şüalar çıxır, göyləri yazırdı. Vahid vərəqləri 
qatlamaq istəyirdi. O, vərəqləri çevirir, lakin çevirə bilmirdi. Onlar qalın 
laylar, qurşun vərəqlər kimi ağırlaşırdı. Kitabı bükmək istəyir, qatlanmırdı. 
Sayrışan hərflər oynaşıb dururdular. Kitab örtülmürdü. Vahid kitabı 
dizindən yerə buraxdı, ipək vərəqlər içindən işıqlı bir şəkil seçildi. Bu şəkil 
böyüyür, cana gəlirdi. Vahid sevinc və heyrət içində Rübabəni qucaqlamaq 
istəyirdi. Rübabə kitabı yuxarı qaldırır. Vahid bir vəreqi oxuyurdu: 
"Rübabə!" 
Rübabə ikinci vərəqi oxuyurdu: "Vahid!" 
Vahid heç bir şey başa düşmürdü. Vərəqləmək istəyəndə Rübabə kitabı 
ağır-ağır örtürdü. Adlar, sətirlər bir-birini öpəndə, vərəqlər yumulanda 
Vahidin gözü açıldı, o özünü özgə otağında, yataqda qan-tər içində gördü: 
"Of, ay aman!" 
Vahid üzərində  ağırlaşan yorğanı  cəld aşırıb dikəldi. Yerin içində 
oturub, yuxudan tamam ayılmaq üçün bir neçə  dəfə kirpiklərini çaldı. 
Halbuki o daha da yuxulamaq, o xoş  mənzərəni, vərəqlərin üz-üzə  gəlib 
qovuşmasını bir də görmək istəyirdi. Rübabənin o sirli kitabı hansı bir 
qüvvətləsə tutub saxlamasına bir də baxmaq istəyirdi.  İndi ürəyində  nəsə 
deməli sözü də var idi. 
"Hanı Rübabə, hara getdi, nə tez durub getdi?.." 
Başı altında balıncı görüb durdu: "Yazıq kişi!" - dedi. 
Yorğanı atasının üstünə  çəkdi, balıncı da qoymaq istəyirdi, 
ayılmağından qorxub tərpənmədi. 
Gecənin nə vaxtı idisə Sadıq kişi oyandı. Yorğanı öz üstündə görüb, 
oğluna acığı tutdu, qalxıb yenə onun üstünü basdırdı, bir papiros yandırıb 
işıldatdı. Pəncərəyə yanaşıb üffiqlərə baxdı, qaranlıq idi, hava işıqlanana 
oxşamırdı. 
Səbər tezdən ata-bala gəlib, inşaat institutunun qapısını  kəsdilər. 
Qarovulçu onları başa saldı ki, istirahət günüdür, idarə açılmayacaq. Vahid 
direktorun söz verdiyini söylədi. Saat birə  qədər gözlədilər. Axırda durub 
gedəsi oldular. Sadıq kişi acıqlanmışdı: 
 


252 
 
- Sən oxumuş adamsan. Cüməni niyə çaşdırırsan? 
- Özü dedi sabah gəlin də!.. 
- Daha dəmiryolçunun evində qala bilmərik. Deyər üz verdik, astar 
istəyirlər. 
Onlar məktəb həyətindən çıxıb, mehmanxanalara getdilər. 
"Şərqdə" yer tapmadılar. Ancaq dəftərdar olmadığından növbətçi onları 
gözlətmək istəyirdi. Vahid xahiş elədi: 
- Qaçmırıq ha, al bu sənin otuz manatın qabaqcadan! İki gecə qalacağıq, 
çox yox, dəftərdar gələr yazarsan. Sən hələlik yerimizi göstər, rahatlanaq. 
Növbətçi pulu götürüb onlara yer verdi. Yer tapılandan sonra tələsməyə 
ehtiyac yox idi. Müdirin başı açılmamış Vahidin şikayətinə arxayın baxması 
çətin idi. Bayram günlərinə isə iki gün qalırdı. Hər yerdə  bərk hazırlıq 
gedirdi, şəhər toya hazırlaşan gəlin kimi bəzənirdi. 
Bayramı Bakıda qalmalarına xüsusilə Sadıq kişi sevinirdi. O heç vaxt 
belə yerdə bayram keçirməmişdi. Şənliyə doyunca tamaşa edəcəkdi. 
 
* * * 
 
- Məxluqa bax, ay Vahid! Adama bax! Düzü-dünyanı götürüb... 
Vay atannan hey! 
Vahid hələ bayaqdan şəhəri başına alan orkestr gurultularını  eşidir, 
tələsik geyinib hazırlaşırdı. Pəncərəyə  əyiləndə  əllərdə dalğa kimi açılıb-
bükülən qırmızı bayraq, böyüdülmüş  şəkil və  zər yazılı  şüarlar, dəstələrin 
böyük küçələr boyu ilə axıb getdiyini gördü: 
- Gedək, ata, - deyib, paltosunu geyindi. 
Onlar gəlib, mərkəz küçənin bir kənarında dayanacaq, tamaşa 
edəcəkdilər. 
Milislər tinləri kəsib əsas küçələrə adam buraxmırdılar. Beş addım yeri 
ötmək üçün beş küçə  hərlənməli olurdun. Vahid bələd adam kimi dala 
baxmadan ötür, atası da onun izincə yüyürürdü. Onlar əyri küçədən, 
"Avropa" mehmanxanasının qabağından burulub nümayiş yerinə, sahilə 
çıxdılar. Nümayişçilər gəldikcə, meydana yollanmaq üçün buraya 
yığılırdılar. Vahid küçə yuxarı yeriyib, dayanan dəstələri atasına tanıdırdı. 
- Bəs sizinkilər hanı? 
Atası soruşmasa da Vahid öz məktəblərini axtarırdı. Hər il institut ali 
məktəblər ilə bir cərgədə gələrdi. Bu il isə bütün rayon təşkilatları 
  


253 
 
ilə  gəlmişdi. Dəstələr dəqiqədə bir düzülür, beş-on addım gedir, sonra 
dayanırdı. Dayananda adamlar dağılışıb kürsülərdə, səkilərdə otururdular. 
Yuxarılardan, dəstələrin lap başından bir işıq kimi süzülüb gələn "Farağat" 
komandasını duyunca hamı öz yerinə qaçır, dağınıq, topa-topa duran 
adamlar əvəzində, yanaşı iki cərgə, zolaq kimi müntəzəm və əlvan dəstələr 
uzanırdı. Belədə təşkilatları bir-birindən tez seçmək olurdu. Hər iyirıni-otuz 
addımdan bir dayanan bayraqdarlar dəstələri ayırırdılar. 
Vahid tələbələri görmədikdə darıxdı, həvəsdənmi, həsrətdənmi bir 
müddət çox axtardı. Lakin sonra xatırladı ki, "Sən qovulmusan, daha tələbə 
deyilsən. Birisi gəlib soruşsa: "Kimsən?", nə cavabın var? Tələbə deyiləm. 
Kolxozçu da, qulluqçu da deyiləm". 
Zehnində doğan bu sualdan sonra Vahid ətrafına baxdı, özünü nü-
mayişçilərdən, ümumi və qaynar bir həvəslə axıb gedən dalğalardan 
kənarda gördü. O indi sanki həyatın hərəkətindən ayrılmışdı,  əli  əsalı 
qocaların, evdar qadınların,  əlillərin, uşaqların, qərib-qürəbanın, 
müsafirlərin arasında idi. Ətrafında tay-tuşlardan, yoldaşlardan, yaşıdlardan 
görmürdü. 
Öz vəziyyətindən utandı. Ürəkdən qopan bir kədər soyuq cərəyan kimi 
bütün damarlarından keçdi. Vücudu sustaldı. Nəzərləri söndü. Ona elə gəldi 
ki, küçələrə  çıxan bu yüzminlər, yerindən oynayan bu kütlələr arasında, 
tamaşaya duranlar içərisində ondan küskünü, ondan bəxtsizi yoxdur. Bu 
talesizliyinə odlandı. Qəzəbmi, hirs, ya təəssüfmü, hansı bir alovdansa 
alışan qəlbilə bütün bədəni yandı. "Hanı  mənim yoldaşlarım? Dostlarım? 
Hanı könül vermək istədiyim? İndi mənim könlüm - kənara atılmış köhnə 
bir kitab onun nəyinə lazımdır..." 
Fikirdən baş qaldıran Vahidin gözü dalğalanan dəstələrə düşdü. Elə bil 
yuxudan ayıldı: 
- Bu nə aləmdir! 
Milislər vurnuxaraq cəld ötən, özünü haraya isə yetirməyə can atan bir 
gənci yolundan qaytardılar. O, şəfəq kimi tez o biri tərəfdə görünür, eyni 
sürət, eyni təlaş ilə yüyürür, qarşısını kəsən milisin üzünə baxmırdı. Elə hiss 
ilə danışırdı ki, hamı təəccüb edirdi. 
Kənardan baxan, hər dəstəyə diqqət yetirdiyini görən olsaydı, onun kimi 
isə  bərk axtardığını düşünərdi; çünki o gah dəstələrin yanınca yeriyir, gah 
qabağa qaçır, gah da dala qalırdı; bir an da sakitləşmir, özünə gəlmirdi. Bu 
gənc doğrudan da adam axtarırdı, ancaq birini yox, çoxunu, çoxları 
axtarırdı. 
  
 


254 
 
O, səkkiz yaşından indiyə qədər hər bayramda və mərasimdə qoşalaşıb, 
əl-ələ verib gəzdiyi, deyə-gülə oynayıb sezdiyi pioner, şagird yoldaşlarını 
axtarırdı. Məktəb həyatından tutmuş instituta qədər kənddən  şəhərə, 
pionerlərdən komsomola, tələbədən müəllimə  və qulluqçuya qədər hər 
yerdə onun yoldaşları vardı. Onlar hanı? Onların hamısı bu gün nümayişdə, 
bayram keçirən dəstələrdədir. Onlar etibarlı yoldaşlar bu saat yanlarına 
baxırlar, "Vahid hanı?" - deyə bir-birindən soruşmurdumu? 
Yox, soruşmurdular. Xəyallarına da gəlməzdi ki, Vahid cərgədən çıxmış 
ola. Onlar inanırdılar ki, Vahid bu gün harada isə  ləpələnən bayraqların 
altmda, dəstələrdə öz yerindədir. Ümumi ahəng ilə atılan addım səsləri 
içərisində Vahidin hənirtisini də hiss edirlər. Onun, yəqin ki, arxada və ya 
qabaqda, kənddə və ya şəhərdə, Moskvada, Bakıda və ya Daşaltı kəndində 
dəstələrin birində olduğunu bilirdilər. Eşitsələr ki, Vahid kənarda qalmışdır, 
eşitsələr ki, Vahid bu günlərin sevincindən məhrum edilmişdir, addımlarını 
dayandırar, komandanı çağırar, tələb edərdilər: "Vahid gəlsin!" 
Komandan dərhal Vahidi yoldaşlarına çatdırar. 
Yox, komandan Vahidə yaxın da düşə bilməz. Vahid ilə onun arasında, 
Vahid ilə yoldaşlar, nümayişlər, bayramlar, şənliklər, sevinclər arasında 
kağızdan, lakin uçurulmaz bir sədd durınuşdur. Komandan bu səddin 
qarşısında dayanar, oxuyar. Bu əmri hamı eşitmək üçün ucadan oxuyar, nə 
cərgələr ləngiyər, nə bayraqlar dayanar, nə  şənliyə  xələl gələr, nə  rəsmi-
keçidə gələnlər bir şey bilər, yalnız Vahid məhrumiyyət payını alıb, həyatın 
unudulmuş guşələrində tərk olunar... 
Bu əmr nə qədər güclüdür? On beş illik tərbiyəni, dərsi necə puç edir? 
Bu əmrin gücü ilə pəncələşınək olmazmı? Hanı? Yoldaşlarım hanı?.. 
Vahidə elə  gəldi ki, direktorun əmri bütün camaata elan olunmuşdur. 
Hamı baxışlannda bunu bir-birinə deyir, ancaq dillərinə  gətirmirdilər. 
Vahidin ürəyi quş kimi çapaladı, o üzünü tutub nümayişçilərə  qışqırmaq 
istədi: 
- Nə üçün məni qovursunuz? Mən haman Vahidəm, sizinlə böyümüşəm, 
sizinlə oxumuşam, sirdaş olmuşam, sizinlə  də baş  ağartmaq, ölmək 
istəyirəm. Məni atmayın! 
Lakin Vahidin səsi çıxmırdı. 
  
 
  
 


255 
 
Torpaqlardan, yerin damarlarından qopan kimi görünən orkestr səsləri 
onu özünə qaytardı. Uzun, enli bir bayrağı  çəkə tutmuş iki nəfər qız 
göründü. İnşaat institutunun tələbələri, müəllimləri bir-bir göründükcə, elə 
bil, Vahid qürbətdən qayıdıb, öz ailəsini görürdü. Balıq suya atılan kimi 
özünü dəstəyə tulladı: "Rübabə!" deyən həsrətli səsi əlli addım aşağı-yuxarı 
hamı eşitdi. 
Vahid Rübabənin  əlini sıxdı, Rübabə  Rəşid ilə dünəndən Vahidi 
axtardığını dedi. Yoldaşları soruşurdular: 
- İşin düzəldimi? 
Vahid onlara qoşulub, sevinclə yoluna davam etdi. Lakin dəstəbaşı araya 
soxulan bu artıq adamı çıxartmaq istədi. Yoldaşların ona hörmətini görüb, 
öz-özünə dedi: "Bir az söhbət edib gedəcəkdir". 
Gəldiyev nizam gözləyən məsul bir adam kimi dəstəbaşını çağırıb 
danladr. 
- Yadların cərgədə nə işi var? 
Dəstəbaşı Vahiddən üzr istədi: 
- Zəhmət çəkin, razı olmurlar. 
Vahid yanındakıları göstərdi: 
- Bunlar mənim yoldaşlarımdır axı, mən də tələbəyəm... 
Gəldiyevin hirsi soyumadı. Haradansa bir milis tapıb işarə elədi. Milis 
Vahidə yanaşdı: 
- Yoldaş, - dedi, - çıxın. Yad adamların dəstəyə girməsi qadağandır. 
Vahid dedi: 
- Burada bircə nəfər yad adam var, odur bax, o göygöz! 
Gəldiyevi göstərəndə o üzünü yana çevirdi, dəstələrin arasında yox oldu. 
Beş  dəqiqə keçmədi ki, başqa bir inzibati işçi ilə  gəldi. Bu adam 
Vahiddən vəsiqə  tələb elədi, onu sıradan çıxartdı. Vahidin yanında milisi 
görəndə Sadıq kişi dəstəyə cumdu. Oğlunu çəkib aparmaq istədi. Gəldiyev 
onu itələdi: 
- Qoymayın aradan çıxsın, yoldaş milis, bunların fitnəsi var, nümayişi 
pozmağa gəliblər, yoxlamaq lazımdır! Bəlkə düşmən tapşırığı... 
- Kəs səsini axmaq, özün başdan-ayağa fitnəsən! 
Gəldiyev ha boylandı, bu cavabı deyəni görmədi. Tələbələr hamısı 
gülür, onun qəzəbdən qızarmış üzünə baxırdılar. Gəldiyev axtarırdı. 
- Onu deyən kim idi? İfşa olunmamış ünsürü tapmaq lazımdır. 
Sayıqlıq lazımdır. 
Heç kəs Gəldiyevə qulaq asmırdı. Bu onu daha da özündən çıxarırdı. 
  
 
 


256 
 

Yüklə 2,54 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin