Yeddinci fəsil
Partkom katibi Zahid Vəliyev məzuniyyətə gedəndən sonra hər həftə
Gəldiyev iclas eləyir, boynuna götürdüyü məsuliyyətin öhdəsindən gəlmək
istəyirdi. Axı o, Zahidi Pyatiqorskiyə yola salanda kişiyə söz vermişdi.
Gəldiyevin fikrincə, Zahid iş sarıdan bir az vasvası adamdır. Hələm-hələm
adama etibar eləmirdi. Ancaq azar yazığı salmışdı. Həkimlər demişdilər ki,
özünü mədən sularına yetirməsən, xəstəliyin qabağını almasan, peşman
olacaqsan. Müalicə komisyonundan qayıdan kimi Zahid büro çağırıb
katibliyi müvəqqəti Gəldiyevə həvalə etmişdi.
On beş gün keçməmiş xəbər gəldi ki, Zahidin xəstəliyi bərkdir, cərrahlıq
işi var. Gəldiyev indi partkomun işlərinə daha müvəqqəti yox, həmişəlik, iş
sahibi kimi baxırdı.
İki aylıq iş planını stolun üstünə, şüşənin altına qoydu. Cərgə ilə
vəzifələrin hərəsinə iclas sərf edir, onları bir-bir guya həll edirdi. Ancaq,
işdir, plana baxmır, bir də görürsən gözləmədiyin halda böyürdən beş
məsələ çıxdı, özü də hamısı təcili. İctimaiyyət müəlliminin sözü həmişə
Gəldiyevin yadında idi. "Biz bolşeviklər çətinlikdə gərək özümüzü
itirməyək".
Gəldiyev də belə zamanlarda cəld tərpəşir, özünü möhkəm saxlayır,
iclasları dalbadal çağırır, birini bağlayıb, o birini açır, yorulmaq bilmirdi.
Bakı komitəsi inşaat institutundan beş nəfər məruzəçi istəyirdisə, Gəldiyev
dərhal məsələni qoyur, siyahını tutur, on beş nəfər ayırır, əllərinə kağız
verib göndərirdi. Buna da planı "artıqlaması ilə ödəmək" adı verirdi. Əlüstü
həll olunan məsələni plana yazmağı artıq bilirdi. Ancaq bir yerdə hesab
verəcəyindən, öz fəaliyyəti heç, büronun əməyi hədər getməsin, görülən
işlər qələmdən düşməsin, unudulmasın deyə, cib dəftərinin qulağına yazıb
yadda saxlayırdı. Bu məsələlərin hamısına da "cari" ad qoyurdu.
İclas olmazdı ki, "cari"siz keçsin. Çox zaman birinci, ikinci məsələlər
yarım saat vaxt alanda, cari məsələ iki saat uzanırdı. Bunun
276
nəticəsində cari kəlməsi qeyri-cari bir məna almışdı. Əsil məsələlərə
nisbətən carilərin uzanmasına səbəb bu idi ki, əsil məsələləri çox vaxt
yuxarılardan, rəhbər təşkilatlardan tapşırırdılar. Bunların həlli asan idi.
Gəldiyev soruşur, öyrənir, iclasa hazır gəlirdi. Beş-on kəlmə izah edir,
sonra: "Mənimcə, bu qərara gələk" - deyə, səsə qoyurdu. Carilər belə deyil.
Bunlar institutun özündə, ayrı-ayrı adamların vasitəsilə doğan fərdi ixtilaflar
idi. Bir tələbə qıza məktub yazıb, biri divar qəzetinə şəkil çəkməkdən boyun
qaçırıb, bir başqası imza edib iclasa gəlməyib, daha birisi Gəldiyev ilə
sözləşib... Belə məsələlərin həlli uzun çəkirdi. Bu məsələlərdən biri də ayın
27-də Rübabə haqqında iclasa qoyulan məsələ idi.
Bunun partkom iclasına gəlib çıxmasının uzunca bir tarixi var.
Anası Semaşko xəstəxanasında yatanda Rübabə bəzən dərsini
buraxmalı, xəstənin yanına, həkim və ya xörək dalınca qaçmalı olurdu. Bir
dəfə Gəldiyev evə zəng edib, onu iclasa çağırdı. Rübabə gələ bilməyəcəyini
deyəndə Gəldiyev tələb elədi:
- Mütləq gəlməlisən!
- Gələ bilməyəcəyəm, ağır xəstəm var.
- Gəlməsəniz, məsələnizə baxarıq!
- Nə məsələmə?
- Komsomolda qalıb-qalmamaq məsələsinə!
- Axı
Atası hirslənib telefonu əlinə almışdı:
- Kimdir danışan?
- Partkomdan danışırlar.
- Bağışlaym, Rübabənin anası ağır xəstədir. Evdə də kömək yoxdur, heç
yerə tərpəşə bilmir.
Gəldiyev danışanın Səttarzadə olduğunu bilib sözünə daha rəsmi bir
ifadə vermişdi:
- O, hər şeydən əvvəl bir komsomolçudur.
Səttarzadə dedi:
- O, bir ananın övladıdır.
- Başqaları beş ananın övladı deyil ki, hərə bir ananın övladıdır.
- Anası pis vəziyyətdədir, necə qoysun gəlsin?
- Siz ki yanındasınız, anası tək deyil ha...
- Mən ayrı. Qızdır, anadır.
- Yaxşı, iclasda məsələsini qoyarıq, görək, onun üçün təşkilatın intizamı
fərzdir, yoxsa anası!
277
Səttarzadənin lap acığı tutmuşdu:
- Bura baxın, yoldaş, adınızı da bilmirəm, gedin məsələni harda
qoyursunuz qoyun, qız mənimdir, iclasa qoymuram!
- Sizin kimi köhnə mövhumat tör-töküntülərini yerində oturtmağı
bacarırıq.
- Köhnəliyimə baxma, sənin kimi boşboğaza dov gəlməyə taqətim çatar!
- Görərsiniz!
- Baxarıq!
- Baxarsınız!
- Görərik!
Səttarzadə telefon dəstəyini yerə qoyub Rübabəyə döndü:
- Bu kimdir?
- Gəldiyev.
- Sağ gəlməsin elə Gəldiyevi! Adam tapılmır, bunu katib yerində
qoyurlar?
* * *
Anasının vəfatından beş gün keçənə qədər Rübabəyə bir söz deyən
olmadı. Altıncı gün istirahət axşamı axırıncı dərsə zəng vurulanda qızlardan
biri Rübabəyə dedi:
- Gəldiyev səni axtarır.
Dərsdən sonra Rübabə partkom otağına getdi. Geldiyev stolun gözlərini
bağlayıb geyindi, "gedək" deyə Rübabənin yanına düşdü, küçəyə çıxanda
mehriban bir səslə qızın kefini soruşdu:
- Bağışla, - dedi, - evinizə gələ bilmədim. İşdən göz açmaq olmur. Başın
sağ olsun, anan sarıdan. - Sonra Rübabənin "xüsusi kefi ilə" maraqlandı: -
Rübabə, yaxşı deyiblər ki, oğul atadan, qız anadan yetim olar. Sən
komsomolçu qızsan, gərək belə şeylərdən pozulmayasan. Ancaq bir yoldaş,
bir tələbə, bir Rübabə yox, bir komsomolçu olaraq səndən inciyirəm.
- Pis komsomolçuyam ona görəmi?
- Yox, mən sənə pis deyə bilmərəm, pis komsomolçu da deyilsən.
Ancaq səndə bir qapalılıq var. Təşkilat üzvü üçün qapalılıq, dərdi
ürəyində saxlamaq nöqsandır. Axı biz ictimai adamlarıq...
Rübabə başa düşmədi:
278
- Nə barədə deyirsiniz?
- O barədə ki, biz oxumuş komsomolçular gərək hamıya nümunə olaq.
Yadındadırmı. Səriyyə Xəlilovanın faciəsi?
- Bu faciənin söhbətə nə dəxli.
- Dəxli çoxdur. Demək istəyirəm ki, bizim həyatımızda köhnəliklə
yeniliyin mübarizəsi hələ bitməyib, sinfi mübarizə kəskinləşib və biz irəli
getdikcə də kəskinləşəcək. Yeni mübarizə formaları çıxıb. Bu mübarizənin
qorxulu cəhəti odur ki, cəbhələrdə, açıq meydanlarda, səngərlərdə getmir,
bizim həyatımızın ən dərin, kölgəli yerlərində, məişətimizdə, lap öz
qəlbimizin içində gedir. Qolçomaq ilə mübarizə aşkardır. Bərkə qalanda
tutub basırsan dama. Amma, köhnəliyi özündə, öz evində görəndə ona qarşı
durmağı bacarmırsan. Bunun üçün qəhrəmanlıq, cəsarət istər. Cəsarət
çatmayanda da evin yıxılır.
Səriyyənin gününə düşürsən. Bu söhbətlər kimin barəsindədir?
Əvvəla özümüzün, bir komsomolçu kimi hamımızın barəsində. İkinci
də, konkret, şəxsən sənin ailəndən bəzi şeylər eşidirik...
- Mənim ailəm indi müsibət içindədir. Fəryaddan başqa nə eşidə
bilərsiniz?
- Bax lap bu cavabın özü! Bəyəm bu söz komsomolçunun sözüdür?
Öz aramızdır, burada özgə adam yoxdur, sən bunu başqasına desən
yaxşı olmaz. Burjua pessimizmidir. Biz göz yaşı olan dünyanı çoxdan yıxıb
dağıtmışıq. Komsomol gərək ağlamaya, gülə! Gərək lap ağır vəziyyətdə də
sən gülüb, komsomol olmağını düşmənə sübut edəsən?
- Görünür, mənim ağzımdan söz qapmaq istəyənlər var.
- Rübabə, inan ki, mənim indiki söhbətim tamam səmimi bir yoldaş
söhbətidir. Bilirəm, anan ölüb, qəlbin zədəlidir. Mən istəmirəm, ictimai
cəhətdən də sənə ləkə gəlsin. Təşkilata çatdırıblar: guya ölünün üstündə
Quran oxuyan olub. Bunu da bağlayırlar sənin atan ilə, ictimai mənşəyin ilə,
nə bilim bəzi-bəzi sözlər.
Rubabənin gözlərində qığılcım oynadı. Gəldiyevə baxdı, nə isə demək
istədi. Gəldiyev davam etdi:
- Qulaq as, belə şeylərə məna vermə. Nə qədər ki, mən buradayam. Çox
da atan, anan, filan, heç vaxt razı olmaram, təşkilat da razı olmaz ki, sənin
atan ilə, ya başqası ilə bağlayalar. Sən hər halda komsomolsan.
- Məni atam ilə bağlamaq lazım deyil? Atadan artıq insan kim ilə bağlı
ola bilər?
279
- Məfkurə məsələsi! Ancaq sənin bir şeyindən narazıyam. Atandır, ya
hər kəsindir, inkişafına mane olursa cavab verməlisən. Komsomol cavabı,
reşitelni!
- Mən atamdan elə şey görməmişəm.
- Görməmisən?
- Xeyr!
- Atanda heç köhnəlik hissi duymursan özünə qarşı?
- Atam mənə həmişə mehriban olmuşdur.
- Komsomol odur ki, bu mehribanlığın özünə ziddiyyəti, köhnəliyi hiss
eləsin.
- Burada nə köhnəlik ola bilər?
- Siz qəbir üstə getmişsiniz! Bilirsiniz bu nə deməkdir?
- Qəbir üstə getmək deməkdir.
- Bu, həyatdan üz döndərmək, məzarlardan təsəlli almaq meyli, burjua
pessimizmi deməkdir. Proletariata yaraşmayan... Bədbinlik, çürük
psixologiya!
- Proletariatın adamı ölməz? Proletariat qəbir üstünə getməz?
İkinci də proletariat qəbri geridə qoyar. Proletariat bu cür işlərə qarşı
mübarizə aparmışdır və aparacaqdır! Proletariat qəbiristanlığa yox, həyata
doğru gedib, gedir, gedəcək və qalib də gələcək! Bildinmi?
Siyasi savad lazımdır, yoldaş!
* * *
- Bu məktəbin rəhbər işçiləri harda oturur?
- Səttarzadənin qapıçıya verdiyi suala Gəldiyev otaqdan çıxdı:
- Bağışlayın, kimi görmək istəyirsiniz?
- Direktoru.
- Direktor sekaya gedib.
- Partkom necə?
- Buyura bilərsiniz!
Gəldiyev öz otağını göstərib, Səttarzadəni qabağa saldı. İçəri girib stol
başına keçdi:
- Partkoma dair nə qulluğunuz?
Səttarzadənin nəzəri stol dalında, divarda qırmızı və müstəqil bir şüşə
üstündə zər ilə yazılmış "katib" sözünə sataşdı. Kürsünü yaxına çəkib
başladı:
280
- Yoldaş partkom, zəhmət də olsa, yanınıza xüsusi bir məsələ üçün
gəlmişəm. Mənim qızım institutda oxuyur, ikinci sinifdə.
- Səttarzadə Rübabəmi?
- Bəli, Rübabə.
Bu cavabı eşidəndə, ceyran ovlamış ovçu kimi, Gəldiyevin gözləri
parıldadı. Özünü güc ilə təbəssümdən yığıb ciddiliyini saxladı. "Görüm, -
dedi - aşnam nə deyəcək".
- Yoldaş partkom, mən özüm sənət cəbhəsinin adamıyam. Varım-yoxum
bir qızdır. Arvadların sözü olmasın, nəzir-niyaz ilə böyüdüb bu yerə
gətirmişəm.
Gəldiyev ürəyində təəssüf elədi, özünü söydü; "A zalım oğlu, niyə
stenoqrafistden, katibdən saxlamırsan, kişinin ağzından qızıl kimi söz
düşdü. Nəzir-niyaz! Bax elə bu sözə də şahidim olsa Səttarzadənin abrını
ətəyinə bükərəm. Amma de gəl, sabah danacaq da..."
Səttarzadə Gəldiyevin ah-ufunu, vurnuxduğunu gördü; bir şey
axtardığını güman edib dayandı:
- Deyəsən keyfsizsiniz?
Gəldiyev xahiş elədi:
- Xeyr, siz buyurun, buyurun!
- Bu institutdan qulağıma ayrı sədalar gəlir.
- Kimin sədaları? Nə sədalar?
- Əlbəttə, sizin bəzi tələbələrin sədaları, sizin işçilərin sədaları...
Adına yaraşmayanların sədaları. - Səttarzadə təzə xəbər ifadə edən bir
səslə soruşdu:
- Gəldiyev kimdir sizdə?
Geldiyev nagahani zərbə yemiş adam kimi səndirlədi, özünü saxladı:
- Var bir eləsi.
Katibin "bir eləsi" deyə, Gəldiyev familiyasını etinasız qarşılaması
Səttarzadəyə cəsarət verdi:
- Yoldaş partkom, mən təəccüb eləyirəm, siz eləsini niyə beləsində
saxlayırsınız? - əllərini geniş açaraq bütün institutu göstərdi. Böyük bir
mədəniyyət ocağında at oynatmağa qoyursunuz! Rübabənin anası ölən gün
qıza yaxınlaşıb ki, gərək iclasa gələsən. Biz də bilirik, iclas lazımdır,
iclassız iş keçmir. Axı bir vaxtı var. Qız yazıq fəryad içində, yar-yoldaş,
qohum-əqrəba təsəlli verir, bu yandan da, bağışlayın məni, bu zırrama əl
çəkmir. Axırda telefonda acıqlanmışam, qayıdıb mənə nə desə yaxşıdır?
281
Gəldiyev gülümsədi:
- Nə dedi? "Məsələsini qoyarıq", hə?
- Sizin canınız üçün, elə lap belə dedi! Görünür qulağınıza çatıb. Bir
həyasızlığa bax ha! Gəlmişəm görəm partiya komitəsi bunları bilirıni? Buna
nə deyir? Sonrası da... Səttarzadə duruxdu, başım aşağı salıb dedi: -
Dostları ilə paylaş: |