Altıncı fəsil
Atası Danqır Abbas qəbirdən qalxıb desəydi ki: "Bala, tələsmə,
düşmənin basılacaq, işlərin belə rəvac tapacaq" Gəldiyev inanmazdı. İndi
onun Rübabə sarıdan işləri belə axırdı ki, deyərsən suda balıq üzür. Vahidin
nümayişdə özünü tələyə salmağı, atasının da işə qarışmağı, milis nəfərinin
Gəldiyevə kömək çıxmağı... Bütün buriar Gəldiyevin döşünə yatırdı. Söz-
sözə gələndə deyirdi:
- Buna Sovet hökuməti deyərlər!.. Beş gün maskalanarsan, üç ay
gizlənərsən, bir il ötüşərsən, axırda elə yaxalayarlar ha! Odur Nayıbov göz
qabağında. Mən deyəndə ki: canım, istismarçı balasından xeyir gəlməyəcək,
ağzıma vururdular: "Köpəkoğlu, sən qərəz aparırsan!".
De, buyurun, buyurun beşinci nahiyə milis naçalnikinin kabinetinə! Bir
sandıq material var. İfşa materialını yazıqlar baxmaq ilə qurtara bilmirlər.
Hələ dalısı gəlir, gəlir ha!..
266
Doğrudan da "materialın" dalısı gəlirdi. Bayram gününün səhərisi
Gəldiyev, Vahidə bir "qardaşlıq" elədi: institutun partiya komitəsi adından
"məktəbin sabiq tələbəsi, hazırda ifşa olunub bayıra atılmış müzür ünsür
Nayıbov Vahid" haqqında əməlli-başlı bir xasiyyətnamə yazdı. Məktəb
nümayiş komisyonunun akta oxşayan bir məlumatını da əlavə etdi. Şübhəsiz
ki, bu məlumatda Gəldiyev bütün yaradıcılıq qabiliyyətini işlətdi. İnstitut
tələbələrinin "bu müzür ünsürə" qarşı hidlətləndiyini və onun məhkəmə
vasitəsilə cəzalanmasını tələb etdiyini, əks təqdirdə işin böyüyəcəyini yazdı
və möhürlədi.
Direksiya adından milis rəisinə bir xahiş düzəltdi. Səliqə ilə maşında çap
elətdirdi, kağızların üstünə tikdi. Bu xahişi direktora imazalatmaq lazım idi.
Hərçənd Verdiyev onun qabağında dinməz, sözünü yerə salmazdı. Ancaq
yenə ehtiyat elədi. Müavinə qol çəkdirmək istədi. Müavin təbiəti yumşaq
adam idi, rədd eləmək əlindən gəlməzdi. Adi bir uşaq onun yaxasından bərk
yapışsa, hər yana aparar, istədiyinə nail olardı.
Gəldiyev bir şeyi seçə bilmirdi ki, müavin ancaq xeyirxah işlərə, yaxşı
əməllərə mülayimdir. Pislik, yamanlıq isə əlindən gəlmir. Elə yerdə o,
daşdan da bərk olur. Gəldiyev kağızı gətirib tələsik: "Verdiyev burda
yoxdur, qolla getsin, zəng eləyib istəyirlər" deyəndə, müavin qələmi
götürdü. Gözü rəis, nahiyyə sözünə sataşdı. Kağızı oxudu, dedi:
- Yaxşı olar ki, Verdiyev özü qol çəksin.
Gəldiyev sözə basdı:
- Əşi, burda nə var... Qorxaqlıq, yəni bu qədər? Partkom səndən az
cavabdeh deyil ki!
Müavin qəzəbini güc ilə boğdu: Direktor özü gələr, qol çəkər!
- Bəlkə bu gün heç direktor idarəyə gəlmədi.
- Gəlməsə qol da çəkilməyəcək.
Gəldiyev hirs ilə kağızları qapıb qayıtdı. Verdiyevin komissarlıqda
olduğunu bilib, ora getmək istədi. Sonra məsləhət bilmədi. Direktor gələndə
kağızlan kargüzara verdi, imza üçün göndərdi. Özü də dalınca, guya bir ayrı
iş üçün direktorun kabinetinə getdi.
İçəri girəndə kargüzar dayanmışdı. Verdiyev çay içir, həm də özünü
kağızdan ayırmırdı. Gəldiyevə baxıb gülümsədi, qələmi alıb ımzaladı:
267
- Aşnanın işini deyəsən bitirmisən hə?..
- Aşnanın işini aşna bitirdi. Atalar demiş, insanın özü-özünə elədiyini, el
yığıla başarmaz. Zalım oğlu, məktəbdən qovulmusan, yaxşı, get başqa yerə,
bir sənət tap özünə, yoxsa, acığa düş, gəl inqilab bayramına sataş, dəstələrə
şuluxluq sal? Bilirsən də hansı maddəyə düşür? Diversiya!
Verdiyev başı ilə işarə elədi ki, bilirəm. Gəldiyev dedi:
- Dünən naçalnikə zəng eləmişdim. Dedim, təcili baxılacaq? Dedi, hə,
təcili! İctimai asayişi pozmaq maddəsinə düşür, azı bir üç ili var kürəyində,
hələ azı!
Direktorun yanına adamlar gəldi. Gəldiyev kağızları alıb çıxdı, birbaş
milis idarəsinə götürüldü. O, Vahidin atasının Bakıda olmağına, nizamsız
camaat içində dəstələrə "soxulmağına" ayrıca məna verməyə çalışırdı.
İstirahət günü məktəb binasına getmələrini, "qarovulu narahat etmələrini"
söyləyir və dizinə döyürdü: "Nə bilirsən, bəlkə sovet məktəbinə qəsdən
ziyan vurmağa, odlamağa gəliblər, nə bilirsən?".
Milis idarəsində bütün yazılanları, deyilənləri yığıb yoxlamaya, istintaqa
verdilər. Vahidi isə Səttarzadə zəmanətə götürmüşdü.
Gəldiyev bunu eşidib telefon kitabçasından Səttarzadənin nömrəsini
tapdı. Gecələrin birində kabineti içəridən bağladı:
- Mənə Səttarzadə lazımdır.
- Danışan Səttarzadənin özüdür?
- Yoldaş Səttarzadə, salam! Necəsiniz, kefiniz lap yaxşıdırmı?
Sizə zəhmət də olsa, mühüm bir yerdən zəng edirlər. Xahiş olunur,
deyilənləri diqqətlə dinləyəsiniz, eşitdiklərinizi təkrar etməyəsiniz, düzgün
cavab verəsiniz, yanmızda kim var? Siz bu günlərdə bir nəfər müqəssirin
zəmanətini boynunuza almışsınızmı? Almışsınız! Çox yaxşı...
Gəldiyevin söbbəti xüsusi bir rəsmiyyətlə başlaması Səttarzadəni
vahiməyə saldı. O ha istədi soruşa:
"Bağışlayın, danışan kimdir?" - Nə ürəyi gəldi, nə də telefonda macal
tapdı. Bir əli ilə stola söykənmiş, gələn səsi dinləyir, itaətkarlıqla cavab
verirdi: "Bəli, bəli, baş üstə, yox, tanımamışam, olar..."
Gəldiyev deyirdi:
- Görünür ki, siz Nayıbovun cinayətlərindən bixəbərsiniz. Sizi zablujdat
eləyiblər. Belə bir vredni adam gərək sizin sayıqlıq barədəki səhvinizdən
istifadə etməyə imkan tapa bilməyə idi. Amma heyif!
268
Xalq arasında, qulaq asın, təmiz adınız var. Biz bu adın ləkələnməyinə
təəssüf etməyə bilmərik. Demək vəzifəmizdir, vəzifəmizdir!
Gəldiyev sözünü bitirəndə cavab gözləməyib telefonun dəstəyini asdı.
Səttarzadə isə, eşitdikləri ilə kifayətlənmirıniş kimi, bir neçə dəfə çağırdı:
"Alo, alo..." cavab çıxmadı. Əlacsız qalıb dəstəyi yerinə qoydu. Tezədən
götürüb qulağına tutdu. Yenə səs verən olmadı. O biri otağa keçdi.
Kişi, simasında bir iztirab olduğu halda, pianonu silməklə məşğul olan
Rübabəyə baxırdı. Sanki Rübabəyə nə isə xəbər verdilər. O da atasına tərəf
döndü. Atasının nəzərlərində qeyri-adilik duyub, yaxın gəldi. Səttarzadə
bunu istəyirdi.
- Qızım, - dedi, - bu nə hoqqadır mənim başıma gətirirsən?
Rübabə yeridiyi yerdə donub qaldı. Kişinin də rəngi qaçdı. O, ailədə
söz-sov, ovqattəlxlik görmüşdü, hətta bərk inciklik də xatırlayırdı, ancaq
yeganə övladı olan əziz Rübabənin adı ilə bağlı olan heç bir inciklik yadına,
gümanına gəlmirdi. Atası Rübabəyə güldən ağır söz deməzdi. Bir fəlakət üz
vermiş, əlindən xata çıxmış kimi Rübabənin halı dəyişdi. İşdən çəkildi,
atasının qəzəbli üzünə baxdı, deməyə söz tapmadı. Səttarzadə təkrar elədi:
- Qızım, bu nə hoqqadır mənim başıma açırsan?
Rübabə dedi:
- Ata, sənə nə olub?
Səttarzadə əlini saqqalına atdı:
- Bu vaxtımda razı olursan divan-dərə ayağına çəksinlər?
- Sənə nə olub, ata?
- Yaşım altmışı ötüb, hələ divan-dərə tanımamışam, məhkəmə
görməmişəm. Məni sən qalmaqala calayırsan, kimin üçün calayırsan?
- Sənə nə olub, ata?
- Bilirsən ki, mənim indi bircə arzum, fikrim-zikrim sənsən? Qeydini
çəkirəm, gecə-gündüz əl-amandayam ki, qəlbi sınıqdır, ürəyinə qubar
gəlməsin. Həm ata olaram, həm ana, təki boya-başa çatsın...
Rübabə məsələnin özünə aid olduğunu yəqin edib, səsini qətiləşdirdi:
- Nə olub, ata?
- O Vahid kimdir müsahib olmusan? Mən sənin sözünə uyub zaminə
götürürəm, bəs sən düşünmürsən ki, atamı hər lotunun ayağına verməyim?
269
Rübabə doluxsundu, hirsindən ağladı:
- Ata, - dedi, - sənə nə olub? Vahidəmi deyirsən o sözü? Xainlərə
inanma, ata! Ata cu!
Rübabə əlləri ilə uzünü örtdü, hönkürtü ilə üzü üstə çarpayıya yıxıldı...
* * *
Bütün günü Rübabənin üzü gülmədi. Səhər iki dərs oldu. Tarix müəllimi
gəlməmişdi. Saat 12-də evə qayıtdı. Qulluqçudan öyrəndi ki, atası
zəmanətini geri götürüb. Ürəyi sıxıldı, xəyalında özünün səhv etdiyini
fıkirləşdi: "Vahidin adı məni xiffətlə, fıkir-xəyalatla bağlayır. Nə üçün mən
əl çəkmirəm? Qızlar kimi üz döndərib getmirəm? Aramızda ki, rəsmi, ya
qeyri-rəsmi heç bir şey yoxdur... Bir salamməleyk üçün bu qədər iztirab
olarmı? Omu bədbəxt, mənmi talesizəm?.."
Bu tərəddüd Rübabəyə dağlardan ağır gəldi. Mənəvi bir qüvvə sanki
onun çiyinlərindən tutub vücudunu ağac kimi bərk silkələdi. Əsəblərindən
bir gizilti keçdi, qəlbinin dərinliklərindən qopan odlu bir ah yaz yeli kimi
onu ayıltdı:
"Vahidlə aramızda heç bir şey yoxdur! Mənim üçün bundan dəhşətli
sözmü var? Olan şeydinni? Birləşmiş qəlbləri qılıncdan başqa nə ayıra
bilər?"
Vahid ilə keçirdiyi az, lakin şirin tələbəlik günləri bir barama mərasimi
kimi nəzərində cilvələndi. İki ad bir-birini çağıran işıq kimi zehnində yanıb-
söndü: "Vahid - Rübabə! Rübabə - Vahid!"
Rübabə elə tutulmuşdu ki, cırtmaq vursan, qanı axardı. Həyəcan onun
bütün vücudunu qabartmışdı. Bu saat gözlərindən yaş, damarlarından qan,
dilindən odlu fəryad qopacaqdı. Divardan tan alıb istəkli kimi bağnna basdı,
simləri dindirdi. Onlann hər biri sirdaş, müsahib kimi Rübabənin dərdinə
şərik, ürəyinə təsəlli idilər.
Rübabe kirpiklərini qaldırıb, atasını qarşısında görəndə ürəyinə təskinlik
verməyə, hissini cilovlamağa çalışdı:
- Ata, - dedi, - Vahid heç kim deyil, ancaq məktəb yoldaşımdır. Lakin
vəziyyəti pis olan yoldaşdan üz döndərmək, bilirsən ki, çirkinlikdir.
Gəldiyevlər dəstə ilə onun kölgəsini qılınclayırlar. Mən Vahiddə günah
görməmişəm. Onun məndən kömək ummağa haqqı vardır. Bəs yoldaş
nədir? Yoldaş harda lazım olar? Yadındadırmı bu bayatı:
270
Göyərçinəm, uçdum gəl,
Dost bağına düşdüm gəl.
Yaxşı günün yoldaşı,
Yaman günə düşdüm, gəl!
Mən yaxşı günün dostu olmaq istəmirəm. Namərdlik nə sənə, nə mənə,
nə zəmanəmizə yaraşır.
- Qızım, sən ispalkom deyilsən, məhkəmə deyilsən, nə köməyin
dəyəcək? Onun ata-anasına nə gəlib, qohum-əqrabasına nə gəlib? Bir qız
xeylağı qabağa düşüb nə edəcəksən? Nə borcuna, nə bilirsən kimdi? Bəlkə
sabah sənin özünü də ona qatdılar...
Rübabə atasının iztirabına dözə bilmədi, qalxıb onun boynunu
qucaqladı:
- Ata, sən Vahidin işindən heç şübhəyə düşmə. Sonra görəcəksən ki,
düşmənləri onu dolaşdırırlar. Paxıllar. Mən əyri işə tərəfdar durmaram.
Məni danlama.
* * *
Rübabə qəfəsdəki quş kimi darıxırdı. Əlinə kitab aldı, baxa bilmədi.
Telefonla söhbət eləmək istədi, hövsələsi gəlmədi. Geyinib çıxdı, yavaş-
yavaş tək gedir, başını fıkirdən qaldırmırdı. İndi-indi atasının təklifi onu
odlandırır, təhqir edirdi. Elə bir işi Rübabə özü üçün çox qəribə sayırdı.
Bütün ömrü boyu qadınlar haqqında eşitdiyi böhtanlar xatırına gəldi. O,
həmişə bunları istehza ilə dinləmiş, nifrətlə unutmağa çalışınışdı. Bir an
üçün özünə yaraşdırdığı etibarsızlıq üçün Vahid gəlib qabağını kəsir,
soruşurdu...
Gözəl qızlar, vaxtilə pərəstiş etdiyi adamlar Rübabənin xəyalında
canlandı. Turgenevin qəhrəmanı Yelena, məhəbbət deyib İnsarov üçün
üzülən, el-günündən ayrılıb gedən o pak xilqət Rübabənin ətəyindən
tuturdu: "Mənim adımı böyük hərflərlə yazan sən deyildinmi? İqrarıma and
içən, sözlərimi mahnı ilə təkrar eden sən deyildinmi?".
Füzulinin Leylası günəş kimi fəzada görünür, Rübabənin yoluna işıq
salırdı; sanki o, kədərləri, dərdləri, vahimələri, tərəddüdləri vurub əritmək
üçün çıxmışdı. Onun şüaları yerlərə, küçələrə, kölgələrə, bağçalara, daşlara,
göy qübbə kimi təmiz və qabarıq dayanan dəniz sularına yazırdı:
271
"Ey munisi-ruzigarım, ana.
Qəmxarım, qəmgüsarım ana.
Mən dari-bəqayə ezm edendə,
Dünyaya vida edib gedəndə,
Mənsiz çəkib ahlar, fəğanlar
Səhralara düşdüyün zamanlar,
Düşsə yolun ol olan diyarə,
Ərzi-qəmim eylə ol nigarə,
Zinhar ona olanda vasil,
Xoş kimsədir, ondan olma qafıl,
Damarımın tut, rizasın istə,
Mən mücrüm üçün duasın istə!.."
Dərviş Nakamın dərdi ilə yorğan-döşəklərə düşən Gövhər Tacın zəif,
xəstə vücudu göründü. Onun son nəfəsində, solğun dodaqlarından qopan
"məhəbbət!" sözü Rübabənin qulaqlarında məhkumların son fəryadı kimi
həzin səsləndi.
Budur çiynində ipək əba, xəstə qızın nəbzini yoxlayan filosof Əbu-Əli
Sina, böyük həkim dayanmışdır. Xəstənin yaşadığı şəhərin küçələrini
saydırır. Bir küçənin adı gələndə qızın qəlbi çırpmır. Həmin küçənin evləri
sayılır, bir evin adında qızın nəbzi bərk vurur. Həmin evdəki gənclərin adını
deyirlər. Bir gəncin adını söyləyəndə qız özündən gedir. Həkim ayağa
qalxıb ah çəkir. Ev sahibindən üzr istəyir: "Bunun, - deyir, - dərdi
böyükdür, bu vurulmuşdur..."
Rübabənin nəzəri gəlib öz küçələrində bənd aldı. Budur, süd
kombinatında zəif, lakin üzündən-gözündən sönmüş bir məlahətin izələri
seçilən bir qadın çalışır, o, kimsənin nəzərində deyil. Nə məclisələrdə, nə
mərasimlərdə, nə qəzetlərdə adı çekilir, onu az adam tanıyır, lakin
tanıyanlar yaxşı tanıyır. O həmin Zəhradır ki, on beş il bundan qabaq
vərəmdən ölən sevgilisi Xəlilin xahişinə əməl edirdi. Xəlildən yeddiaylıq
bir uşaq qalmışdı; kişi son nəfəsində demişdi: "Zəhra, oğlumu ögeylər
umuduna qoyma". Zəhra əlini ağlar gözlərinin üstünə qoymuşdu. O gündən
uşağa həm də ata olmuşdu. Rübabə bilirdi ki, Zəhra qadınlıq hissi və
məhəbbətini öz körpəsinin başına sadağa elədi. Oğlunu böyütdü. İndi onun
oğlu qabiliyyətli gənclərdən biridir. Anası ilə qol-qola gedəndə deyirsən
bacı-qardaş gəlir.
Sanki bu saat Zəhra da Rübabənin qabağına çıxacaq idi. Ancaq tamam
başqa, gözlənilməz bir adam çıxdı. Rübabə Gəldiyevlə qabaq-
272
laşdı. Özünü görməməzliyə vurub, ötmək istədi, küçənin o biri tərəfınə
keçdi. Gəldiyev səsləndi:
- Rübabə!
Rübabə dinmədi. Gəldiyev dalınca yeridi:
- Rübabə! Yoldaş Rübabə!
Rübabə məcbur olub döndü. Tramvay onların arasını kəsdi. Rübabənin
ürəyindən bir arzu keçdi: "Tramvaylar kimi gurultulu bir hərəkət bizi
həmişəlik gəldiyevlərdən ayırsaydı!.."
Gəldiyev küçəni adlayıb gəldi:
- Dayanın!
Onun sözü də, mətləbi də Rübabəyə aydın idi. Üzünü görmək isə
mənəvi əzab idi, tələsib ötəri dedi:
- Nə hələ soruşursunuz?
Gəldiyev onu kənara çəkmək istədi.
- Vacıb yerə gecikirəm, tələsirəm. Qalsın, məktəbdə danışarıq!
Rübabə bunu elə bir ahəng ilə dedi və getməyə üz qoydu ki, Gəldiyev
macal tapmadı. O, Rübabəni saxlamaq üçün söz axtarır, bəhanə düşünürdü.
Rübabə tramvaya yönəldi. Vaqonlar onu götürüb sanki Gəldiyevin
şərrindən uzaqlaşdırmaq üçün yeyinlədilər.
Rübabə düşünürdü tramvaydan harda düşsün? Komsomol komitəsinə,
yoxsa milis idarəsinə getsin? Ancaq yaxşı bilirdi ki, bu təşkilatlardan hər
birinin rəyi işə təsir edəcəkdir. Hansından Vahidin xeyrinə ümid çoxdursa
oraya getmək lazımdır.
Yeddimertəbə ağ daş binanm qabağında düşüb, komsomol komitəsinə
çıxdı. Birbaş katibin yanına getmək fikrində idi. Ürəyinə nə gəldisə mədəni-
maarif şöbəsinə döndü. Şöbə müdirini tapmadı. İşçilərdən kim isə, cavan bir
qız, qovluğa kağız tikirdi:
- Əhmədov hardadır?
- İclasdadır.
Rübabə təşkilat şöbəsinə gəldi. Otağın qapısı açıqdı, anıma heç kes yox
idi. İki nəfər gənc paltolarının yaxalarını qaldırmış, əlləri ciblərində kimi isə
gözləyirdilər.
Qapıçı savad kitabını qabağına qoyub hərfləri höccələyirdi.
- Qasımov yoxdur?
- Müşavirədədir.
Rübabə şöbə müdirlərinin katibin yanında olduqlarını düşünüb, oraya
gəldi. Qapı bağlı idi. Qapıçı qabağında qəzetləri qatlayıb sahmana salırdı.
273
- Qəhrəmanın yanında kim var?
Rübabə qəsdən katibin adını tutdu. Qapıçı birinci dəfə görsə də onu ya
katibin qohumu, ya da hardasa məsul komsomol işçisi güman edib, ayağa
qalxdı. Balaca açarı qapıya salıb qıfılın işkilini qaldıra-qaldıra Rübabənin
familiyasını soruşdu. Rübabə dedi. Qapıçı deyəsən pis eşitdi. Rübabə təkrar
elədi. Bir dəqiqə keçmədi, qapıçı gəldi ki: "Məşğuldur", Rübabə bir az
hirsləndisə də büruzə vermədi:
- Bəs haçan qəbul edir o?
Qapıçı divardan asılmış əl boyda kağızı göstərdi. Rübabənin qəbul
cədvəlini oxuyacağından və bu günün qəbul vaxtı olduğunu bilib dara-bara
salacağından qorxdu. Dilucu dedi:
- Bu gün vacib işləri var. Adam gəlib, Tbilisidən.
Rübabə nə onun dediyinə, nə də qəbul cədvəlinə fıkir vermədi. Vaxtı
itirməmək üçün milis idarəsinə yollandı. Dəhlizin başında Əhmədov ilə
qabaqlaşdı. Əhmədov Vahidin işi ilə onsuz da məşğul idi. Gəldiyevin
yazdıqlarını bir-bir oxumuşdu.
- Arxayın ol, - dedi - işi özüm izləyəcəyəm.
Rübabə milis idarəsinə gələndə bildi ki, komsomol komitəsi işin əsil
rəngini bunlara hiss etdirmişdir. Milis işçisi bir-birinə tikilmiş müxtəlif
sərlövhəli, müxtəlif həcmli, lakin eyni məzmunlu, eyni imzalı kağızlara
murdar əsgiyə baxan kimi baxır, təəssüflə deyirdi:
- Bəyəm belə böhtanlar birdir, ikidir!..
İş ilə tanış olandan sonra, Vahidi axırıncı dəfə rəis özü dindirdi. "İctimai
yerdə asayişi pozmaqda" özünü müqəssir bilib-bilməməsi haqqında
soruşdu. Vahid bir misal ilə kifayətləndi:
Topal Teymurun barigahına yaxın düşmək qan-qada imiş. Hökmdar
ordugahın ortasında məskən qurarmış, quş quşluğu ilə ora yol tapa
bilməzmiş. Hökmdar gecənin bir vaxtında fəryadlar qoparan bir qadının
ağlayaraq, çadıra girdiyini, itirdiyi övladını istədiyini görüb təəccüb edir.
- Ey qadın, - deyir, - sən buraya necə yol tapdın? Mənim
keşikçilərimdən qorxmadınmı?
Qadın cavab verir:
- Sənin barigahına poladdan, dəmirdən hasar çəkilmişdir, sənin
qərargahın odlar, alovlar, tilsimlər, əli qılınclı mühafizəçilərlə qorunur.
Ancaq bunların hamısı bir qüvvənin - ana məhəbbətinin önündə acizdir.
Mən balasını itirmiş bədbəxt anayam. Odlu ahım dəyən dağlar
274
alçalır, dənizlər quruyur, çaylar dayanır, hamı, her şey mənə yol verir.
Mənim fəryadımı bütün kainat eşidir! Mən anayam! - Vahid üzünü yana
çevirdi: - Mən sizin diqqətinizi ona, bax, o küncdə qoyulmuş qızıl bayrağa
çevirınək istəyirəm. Rəis dönüb baxdı. Vahid dedi:
- O bayrağın kölgəsi bizim 190 milyon bir xalqın ana sayəsidir.
Dünyada heç bir qüvvə övlad əlini böyük ananın ətəyindən üzə bilməz. Mən
Vahid Nayıbov da bu xalqın oğluyam. Bayram günündə yüz minlərlə
camaat bu bayrağın dalınca, bu bayrağın kölgəsində addımlayanda, dayana
bilməmişəm, yoldaşlarıma qoşulmuşam. Bu bir cinayətmidir? Övladın
anaya qovuşması bir cinayətmidir? Təhqir olunmuş bir gəncin özünə ruh
verməsi, səsini səslərə qatması qəbahətmidir? Zərbələr yeyən bir yolçunun
doğru yoldan dönməməsi, mətanəti, möhkəmliyi təqsirıni, günahmıdır?.. -
Vahidin boğazı tutulan kimi oldu. Düşmənlərinin adını çəkdi. - Bunları, -
dedi, - görəndə yem dalınca yüyürən həşərat yadıma düşür. Hər işıldayana
gövhər, hər guruldayana güc deməyəcəyəm. Bunlar, bu adamlar, yoldaş
rəis, inkişaf edən hər kəsin düşmənidirlər. Siz məni camaat içinə, minlərlə
məktəblilər, komsomolçular içinə çıxarın, uca səslə həyatımı danışım.
Görək o bayraqları əllərində aparan məğrur gənclər bunlarımı cərgələrinə
çağıracaq, mənimi...
Artıq nə deyim, sözüm yoxdur...
Vahid haqqındakı iftira kağızları arxivə veriləndən, bu barədə həm
müdiriyyətə, həm institut komsomol təşkilatına yoxlama yazılandan sonra
inşaat institutu rəhbər işçiləri əl-ayağa düşdülər. Gəldiyev xəlvətdə
pıçıldayırdı ki: "Burada, deyəsən, rüşvət məsələsi var".
İslam Verdiyev Vahidi də, atasını da hörmətlə qəbul edib, köhnə əmri
dəyişdi. Üzünü Sadıq kişiyə tutub minnət qoydu:
- Yazıram keçən ayların da təqaüdünü versinlər. Oğluna da nəsihət ver
ki, ürəyini sıxmasın. Belə işlər çox olur. Cavanlar işə bəzən qeydsiz
baxırlar. Min beş yüz tələbə var, birdən-birə tanımaq olmur, səhvdir, baş
verir... - Vahidə tərəf dönüb ərk ilə dedi: - Di get dərsinə! Get, amma gərək
əlaçılığında davam edəsən, yoxsa aramız deyər.
Gəldiyevin inadını eşidəndə Verdiyev hirslənirdi: - Əl çək, mən ölüm!
Köpəkoğlunun şəhərində sənə qız qəhət olmuşdur? Aləmi qarışdırırsan bir-
birinə, demirsən adamı dolaşdırarlar?!
275
Verdiyevin geri durması Gəldiyevi bərk vahiməyə salmışdı: "Sonra
üstümə böhtan-zad yıxarlar ha... mənim özümü Vahidin gününə salarlar..."
Tezliklə Vahidin qəlbini ələ almağı, "barışmağı" məsləhət gördü.
Dostları ilə paylaş: |