Microsoft Word Hazir secilmis eserleri mir celal doc



Yüklə 2,54 Mb.
Pdf görüntüsü
səhifə43/54
tarix30.12.2021
ölçüsü2,54 Mb.
#18854
1   ...   39   40   41   42   43   44   45   46   ...   54
İKİNCİ HİSSƏ 
 
Birinci fəsil 
 
- Vahid! Vahid! 
Vahid dönəndə  Gəldiyevin başıaçıq, yeməkxanadan çıxıb ona əl 
elədiyini gördü. Onlar görüşdülər. Gəldiyev Vahidin qolundan tutub içəri 
çəkdi: 
- Hara gedirdin belə? 
- Evə sarı. 
- Hələ tezdir, evdə hazır olmaz, əyləşin, nahar yeyək. 
- Sağ ol, iştaham yoxdur. 
- Otur, iştah diş altındadır. Yaxşı vostoçni kababları var, yanında 
sumağı. 
Gəldiyev Vahidin etirazına qulaq asmadı, kabab, ona münasib də dəm-
dəsgah gətirtdi. Vahidə döndü: 
- Lavaş istəyirsən, ya təndir çörəyi? 
- Təfavütü yoxdur. 
Gəldiyev iki barmağını qoşalaşdırıb, xörək verənə dedi: 
- Hər ikisindən gətir! - Sonra dostyana söhbətə başladı: - Balığı at 
dəryaya, balıq bilməsə də xaliq bilər. Sən məni özünə qannıbıçaq sayırsan... 
Vahid başını tərpətdi: 
- Heç vaxt! 
- Yox, dadaş, biz də axı kilosu filan qədərə buğda çörəyi yeyirik. Azdan-
çoxdan başa düşürük, danmağa gəlməz! Amma, mən səni qınamıram, 
haqqın var... - Gəldiyev çəngəlindəki kabab tikəsini ağzına qoymamış 
Vahidə  tərəf  əyildi, az qala onun qulağına dedi: - Haqqın var... çünki 
aralıqda gedib-gələn  şeytan elə toxum səpdi ki, hər kəs olsa inciyərdi. Nə 
isə keçib. - Tikəsini sumağa batırıb ağzına qoydu: - 
Biz bolşevikik, bolşevik arasında söz də olar, sov da olar, mübahisə də 
olar. Amma elə ki, işdən kənar məqamə düşdü, gərək hamısını yaddan 
çıxardasan. Necə deyərlər: "Drujba-drujba, slujba-slujba..." 
İllah da sənin mənə andın yoxdur, bu çörək... bir yerdə  işləmirik, 
hərəmiz bir yandayıq, aramızda incikliyə  bəhanə tapılmaz, ikincisinə 
qalanda, Vahid, sənin mənə andın yoxdur, bu çörək... - Çörəkdən bir 


304 
 
çimdik qırtıb qırağa atdı, andını dayandırıb ətrafına göz gəzdirdi; divardakı 
şəkilərə baxdı, mötəbər bir şey görmədiyindən əlini yenicə qırxılmış üzünə 
qoydu: - Sənin mənə andın yoxdur, bu Kərimi öz əlinlə qəbirə qoyasan ki, 
həmişə xatırını saxlamışam, həmişə  əlimdən gələn qədər xeyirxahın 
olmuşam, elə  də varam. - Bu sözdən bir az utanan kimi oldusa da davam 
etdi: - Baxma o zamankı nümayiş  məsələsinə. Onda bizi qorxutmuşdular. 
Hökumet işidir, hamısını açıb demək olmur. Hələ partiyaya keçməmisən. 
Səni müqəssir eyləməsəydik, bütün institutun adı batardı. Çox adam güdaza 
gedərdi. Onun ucundan da bütün rayon, rayondan da şəhər təşkilatı öz 
qaydasıynan!..  Əlac yox idi, bir adamı müqəssir eləmək hara, bütün bir 
təşkilatı zapaçkat hara? Çox işlər siz bitərəflər bilmirsiniz, biz bilirik... -
Yenə Vahid tərəfə  əyilib, pıçıldadı: - Sən bitərəf adamsan, nə vecinə! –
Bitərəf deyirsən? 
- Komsomol özü də bitərəf təşkilatdı. Hər halda firqəçi deyilsən ki
yaxandan tutalar. Doğrudur, səni müqəssir elədik axırda da gördün dalında 
durduq. Bunun özü zaranee düşünülmüş tədbir idi. Rəsmiyyətə görə yazdıq, 
sonra da pozdurduq... - Kərim bir stəkan suyu başına çəkib mətləbə yanaşdı:     
Sən gərək bunu nəzərə alıb inciməyəsən, şərait elədi. 
- İncimək nə üçün? Uman yerdən küsərlər. 
Gəldiyev onun üzünə tərs-tərs baxdı: 
- Sən nə  qədər ummasan da, mən səni unutmamışam. Bir məktəbdə 
oxumuşuq, sinif yoldaşı olmuşuq, demişik, gülmüşük, ikinci də ona görə ki, 
səni bacarıqlı oğlan bilirəm. 
Gəldiyev ehtiyatında olan bütün yağlı, şirin sözləri xərcə verirdi; çünki 
bunların hamısı ancaq müqəddimə idi. Gəldiyevin  əsil məqsədi Vahidə 
elədiyi yaxşılığı xəbər vermək, boynuna minnət qoymaq idi, çay stəkanmı 
iki əlli tutub, qabağına çekdi. 
- Sən gərek ki, saray inşaatında çalışırsan, hə? 
- Bəli. 
- Neçə alırsan? 
- Mühəndis maaşı alıram. 
- Altı yüz, hə? 
- Bir az artıq. 
- Bircə yerdə işləyirsən? 
- Bircə yerdə. 
  
 
  


305 
 
Gəldiyev yeni bir xəbər söyləyirıniş kimi ahəstə dedi: 
- Dünən raykomda söhbət var idi, söz burada qalsın, bəzi yoldaşların 
irəli çəkilmək məsələsini qoydular, məndən soruşdular... - Dediklərinin 
təsirini yoxlamaq üçün susdu, Vahidin marağını gözlədi. 
Vahid isə kürəyini stola söykəyib, ardına qulaq asırdı. Gəldiyev stolunu 
bir az yaxına çəkdi, müsahibinə  tərəf  əyildi: - Hə, mən də fikrimi dedim, 
bəyəndilər. Yoldaşlar haqqında müzakirə açıldı. Bizimkilər birtərəfli 
düşündülər. Biz bolşevikik axı, insana qayğı  məsələsini gərək yadımızda 
saxlayaq. Məsələn, sən özün yaxşı  oğlansan, xatirini də istəyirəm. 
Komsomolçu, yeni mütəxəssis, niyə  gərək elə gündə beş-altıca saat 
işləməklə kifayətlənəsən? Yerində lap açıq dedim. 
Dedim, dəlləklər altı yüzdən artıq alır. Vahid kimi kadronu bir tikintidə 
bənd eləmək insaf deyil. Sən ayda min beş yüz, min iki yüz alsan, həm 
dövlətə çox xeyir verərsən, həm də qabaqda xeyir işin var, toy eləmək üçün 
korluq çəkməzsən. 
- Onu kim deyir? 
Gəldiyev gülümsədi: 
- Heç kəs demir, arifə işarə bəsdir. Bu saat bir cüt qadın çəkməsi neçə 
yüzə başa gelmir, toy eyləyən ayaqyalın gəlin gətirnəyəcək ki! 
Bunun xərci var, paltarı var, zinəti var, üzüyü-müzüyü var, çalanı-
çağıranı var... Kooperativçi deyilsən ki, oğurlayasan. Sən sovet mühəndisi, 
cibin dolu ola gərək. 
- Onsuz da keçinmək olar. 
- Yox, yoldaş Vahid, səhv eləyirsən! Bəy balaları keçmişdə toy eləyəndə 
yeddi mahal o yana hay salır,  şadyanalıq başlayırdı. Biz komsomolçu və 
fırqəçilərin toyu da torjestvenni, daha şən olmalıdır. 
Əsil jiznin ləzzətini biz çəkməliyik, biz bəhrə almalıyıq, gözəl məclisi 
biz qurmalıyıq. 
- Gözəl məclis gurultulu olmaya da bilər, gurultular çox vaxt 
peşmançılıq ilə qurtarır. 
- Bu söhbətlər qalsın sonraya, Vahid, səni bu yerə, məsul yerə 
çağıracaqlar, mühüm bir məsələ üçün... onda görərsən mən sənin xətrini 
istəyirəm, ya yox... 
Vahid Gəldiyevi diqqətlə dinləyirdi. Onun sözlərinin, zahirən səmimi 
görünən söhbətinin arxasında mütləq bir hiylə durduğunu güman edirdi. 
Raykoma çağırılmaq məsələsi Gəldiyevin işidirsə, hər halda burada bir fənd 
var, onsuz deyil! 
  


306 
 
Sabahısı gün Vahid səhər işə gedəndə "Vışka" aldı, birinci səhifədə 
hökumət qərarını oxudu. "Yeni Bakı şəhərinin plan layihəsini çəkmək üçün 
müsabiqə" elan olunmuş, üç mükafat təyin olunmuşdu. 
Vahid belə bir xəbər eşitmişdi, ancaq indi sevindiyindən qərarı dönə-
dönə oxudu, sanki özü haqqında yazılmış bir şey kimi hər sətirə diqqət 
yetirdi. Xəyalmda dedi: "Fürsətdir!" 
Bakı soveti inşaat  şöbəsinin müdiri Mikayılov doğrudan da Vahidi 
çağırdı. Qabağına sual vərəqəsi və kağız qoydu, onu əlavə  işə, yaxın bir 
inşaata təyin etmək istədi. 
Vahid razılıq vermədi: 
- Mən bir yerdə işləyirəm, bəsimdir. 
Mikayılov dedi: 
- İndi bir yerdə işləyən mütəxəssis azdır, bilirsən ki, adam çatmır, o da 
mütəxəssis. Sizi məsləhət görürlər, boyun qaçırmağına dəyməz. 
- Yoldaş Mikayılov, iki yerdə işləyə bilməyəcəyəm. Bəsimdir, axşamlar 
da məşğulam. 
- Nə ilə məşğulsan? 
- Evdə işləyirəm. 
- Evdə nə iş, yoxsa şeir-zad yazırsan? 
- Şeir olmasa da, ondan pis şey yazmıram. Xəyalımda bəzi niyyətlər var. 
- Yaradıcılıq yaxşı şeydir, amma təklif olunan iş sənin iki, ya üç saatdan 
artıq vaxtını almaz. 
- Məsələ saatda deyil, bir xasiyyətim var, cismen işdən ayrılsam da, 
xəyalımda ayrıla bilmirəm. Saat üçdə evə qayıdıram, iş, layihə, tikinti, daş, 
kərpic, maşın, fəhlə de zehnimdə  mənimlə  gəlir. Özümü onlardan ayıra 
bilmirəm. Bütün bu iş aləmi mənimlə süfrə başına oturur, mənimlə yorğan-
döşəyə girir,  zehnimi bunlardan qurtara bilmirəm. 
- Bu yaxşı deyil, dincəlməlisiniz! 
- Bəzi xeyirli niyyətlərim var. 
- Bəlkə müsabiqədə iştirak etmək istəyirsiniz? 
- Bəlkə elədim! 
- Bu gözəl fıkirdir, sizə mane olmaq cinayətdir. Onda biz düşünək, 
başqa yoldaş tapaq, bağışla. 
Səhər Gəldiyev inşaat  şöbəsinə  gəldi. Mikayılovun bir adamla söhbət 
etdiyini gördü. Mikayılov qarşısındakına inşaat haqqında məlu- 
  


307 
 
mat verirdi. Geldiyev vacib işi olanlar kimi oturdu. Mikayılovun başı 
ayılanda kürsünü yaxına çəkdi. 
- Bəs Nayıbovu çağırmadınız? 
- Çağırdıq, gedəsi olmadı. 
Gəldiyev qaşlarını düyüb, təəccüblə soruşdu: 
- Niyə? 
- Ayrı işi var, məşğuldur! 
Gəldiyev hirsləndi: 
- Canım, işi-zadı yoxdur, mən yaxşı bilirəm, bir smen işləyir. 
- Özü xüsusi çalışır, deyəsən "Yeni Bakı" müsabiqəsində iştirak edəcək
qoy mane olmayaq. 
Gəldiyev içi boşalmış maşın kimi dayandı. Nitqi kəsildi, deyəsən onun 
ürəyinə gələn, uzaq bir güman saydığı şeylər həqiqət olurdu. 
- Nə bildin? 
- Özü deyir. 
Gəldiyev əlini tovladı: 
- Hay, hay!.. 
Mikayılov soruşdu: 
- Necə bəyəm, bacara bilməz? 
Gəldiyev istehza ilə dedi: 
- "Əbləh köpək qaysavadan pay umar". Hələ  şübhə altından çıxmayıb, 
özünü doğrultmayıb, istəyir dövlətdən mükafat alsın, hay, hay! 
Mikayılov güldü: 
- Nə guruldayırsan  ə!.. Hər kəs desə  də, sən gərək bu söhbəti ağzına 
almayasan. Jürinin katibisən, deyərlər qabaqcadan... 
- Katibdə nə ixtiyar var. Qiymət qoyanlar ayrı adam... Mən ancaq yazı-
pozusuna baxıram. Amma öz aramızdır, məscidin qapısı açıq oldu, itin 
həyasına nə  gəlib? Yoldaş Mikayılov, doğrudan da bəzi qanunlarımıza 
heyran qalırsan, ötənin belə böyük işə barmaq qoymasına niyə imkan verək 
axı? Sən özün bilirsən ki... 
Mikayılov ayağa qalxdı, stolungözünü bağlayıb açarı cibinə qoydu. 
Gəldiyev layihə bürosundan zəng vurub Vahidi çağırdı, onunla 
görüşməyi vədələşdi, ancaq səbəbini gizlətdi. Axşam saat səkkizin yarısında 
mərkəzi kitabxananın qabağında Vahidi tutdu: 
- Hara belə, Vahid? 
- Kitabxanaya! 
  
 


308 
 
- Keflər, əhvallar? 
- Sağ olun. 
Gəldiyev boynunu qaşıdı. Səhərdən bəri başında hazırladığı fıkri Vahidə 
deyə bilmədi. Boğazı tikilmiş kimi səsi çıxmadı, dili dönmədi. 
"Bəzən adam uzun düşünüb ölçür, biçir, müəyyən nəticəyə gəlir. Həmin 
nəticə ilə  iş görmək, qədəm basmaq istərkən bir saniyənin içində  fıkri 
dəyişir, daha faydalı bir məsləhət yadına düşür..." 
Gəldiyev bunları fikirləşəndə  şüur, ona yetişməli olan bir meyvə kimi 
gəldi. Bu meyvəni istiyə tutmaqla, küləyə verməklə, dərib gün qabağına 
qoymaqla vaxtından qabaq yetişdirə bilməzsən. 
Budur, elə bu dəqiqəcə Gəldiyevin məsləhətləri alt-üst oldu. İndi anladı 
ki, əbəs yerə Vahid ilə görüşür, ona heç bir şey deməyəcəkdi və demək də 
məsləhət deyil. Vahidlə söhbəti daha münasib bir vaxta qoydu: 
- Eləcə görüşmək istəyirdim, yadıma düşmüşdün! 
 
* * * 
 
"Yeni Bakı" plan-layihəsinin müsabiqəsi haqqında təlimat üçün plan 
idarəsi sədri, mühəndislər, memarlar yığılmışdılar. Gəldiyev də  sədrin 
yanında əyləşmiş, əlində qələm danışanları qeyd etmək niyyətində idi. Onun 
gözü Vahidə sataşanda lap yəqin etdi: "Köpək oğlu iştirak eləyəcək". 
Müşavirədən sonra onu yanlamaq, qulağını doldurmaq  fikrinə düşdü: 
"Məbadə, məbadə belə  şeyə vaxt sərf edəsən. Elan olunmağına baxma, 
layihənin  əsil müəllifləri də var, mükafat alası adamlar da məlumdur, 
kimdir. Müsabiqə elə-belə, tak sebe, quru rəsmiyyətdir. Şəhərdə iki yüz-üç 
yüz mühəndis var, hərə bir layihə  çəkib gətirsə, baxıb qurtarmaq olmaz, 
hamı da işdən avara qalar. Bir də bu elə şeydir ki, uzağı üçcə dənə, ya ikicə 
dənə lazımdır. Artıq nəyə lazımdır. Lap yaxşı  çəkən olsa da, heç üzünə 
baxmayacaqlar. İndidən işarə elədikləri adama tapşırıblar, onunku da qəbul 
olunacaq, vəssalam. Burada işdən başqa, səndən nə gizlədim, adamın özünə, 
anketinə  də  fıkir verirlər. Baxırlar da nəçidir, necədir, nə sayaq adamdır, 
yoxsa bir ətək pulu çölə tökməyiblər. Yazıqsan, get nağd işə yapış..." 
Gəldiyev bu məsləhətləri ilə Vahidi bişirəcəkdi. Deyəsən onun ürəyinə 
bir həqiqət damdı: 


309 
 
 
"Sən yüz de, Vahid bildiyini edəcək. Ay inandırdın ha!" Gəldiyev ayrı 
yol seçdi. "Qoy otursun, çalışsın, özünü öldürsün. Bu zəhrimar bizim 
əlimizdən gəlib keçəcək, ya yox? Ona bir "mükafat" hazırlayım ki, heç 
haqq-hesabını qiyamətəcən öyrənə bilməsin. 
Gəldiyevi belə bir tədbirə vadar eləyən o idi ki, şəxsən özü layihə 
düzəltmək niyyətində idi. Müsabiqədə  iştirak etdiyi üçün Vahidin işindən 
qorxurdu. Vahid heç bir mənsəb sahibi olmasa da mütəxəssislər arasında 
böyük hörməti var idi. Hətta müsabiqə haqqında danışanlar onun adını 
çəkir, iştiraka çağırırdılar. Vəzirbəyli camaatın qabağında açıq dedi ki, "Biz 
qocaman memarlarla yanaşı, yeniyetmə və Vahid kimi ümid verən istedadlı 
mütəxəssisləri mütləq cəlb etməliyik". 
Bu da Gəldiyevə çox ağır gəldi. Aylar keçdi, il döndü, layihələr çəkildi, 
müsabiqənin qurtarmağına bir ay qalanda bağlı, möhürlü, gizli imzalı 
əsərlər gəlməyə başladı. Gəldiyev hər gün saat ikidən iş otağında oturur, 
əsərləri texniki katibdən alıb, münsiflər heyəti üzvlərinə paylayırdı.  Əlinə 
keçən layihələrə diqqət yetirməmiş, gizli imzaların  əslini tapmaq üçün 
mülahizə eləməmiş rahat olmurdu. Öz əsərini "şirin yuxu və istirahət 
hesabına yaratdığı  əsəri" səliqəli bir qutuda "Ürək" adı ilə müsabiqəyə 
təqdim etmişdi (bu adı o harada isə gördüyü bir rəsmden götürmüşdü). 
Gəldiyev sadəcə təqdim etməklə kifayətlənməmiş, xüsusi məktub ilə "Ürək" 
əsərini hamıdan qabaq münsiflər heyətinin sədri Poladova göndərmişdi. Üç 
gün sonra zəng edib rəyini soruşınuşdu, Poladov etiraf etmişdi ki: 
- Yoldaş katib, baxa bilməmişəm və yaxın günlərə söz verə bilmirəm. 
Gəl sən bunları əvvəlcə vaxtı olan yoldaşlara ver, layihələr yatıb qalmasın, 
başım ayılanda mən də tanış olaram. Qoy yoldaşlar baxsınlar! Qoy öz 
mülahizələrini hazırlasınlar. 
Gəldiyev belə fürsət axtarırdı: "Ürəy"i sədrdən alıb, Vəzirbəyliyə 
göndərdi. Bir məktüb da yazdı: 
"Yoldaş  Vəzirbəyli, müsabiqəyə  gələn "Ürək"  əsərini göndərirəm, beş 
günəcən ona baxıb rəyinizi bildirmənizi xahiş edirəm. Bu əsər haqqında 
üzvlərin fıkri vardır, yaxşıdır. Sədrə göndərilmişdir. Sizin də tez baxmanız 
məsləhət görülür". 
Vəzirbəyli katibin kağızından bir az da təşvişə düşdü. Güman etdi ki, 
layihə bəyənilmişdir. Həmin gün "Ürəy"i açdı, yanları açılmış böyük stolun 
üstündə səliqə ilə düyməçələdi. Sağına-soluna keçib baxdı, yoxladı. İki gün 
bütün vaxtını buna sərf etdi, özünü heyrətdən 
 
  


310 
 
saxlaya bilmədi. Layihə bürosuna zəng etdi, adam yox idi. Poladovu 
çağırdı: 
- Yoldaş Poladov, siz müsabiqəyə gələn əsərlərə baxmısınız, ya yox? 
- Yox, ay Vəzir, heç baş aça bilməmişəm. Məni gözləməyin, işləyin, bir-
bir əldən çıxsın. 
- "Ürək" layihəsini görməmisiniz? 
- Göndərmişdilər, baxa bilmədim, doğrusu. 
- Mən baxmışam ona. 
- Necədir? 
- Qəribədir! 
- Nə sarıdan? 
- Müəllifınin heç adi riyazi savadı yoxdur. 
- Elələrini atın kənara, vaxt itirməyin! 
- Qorxuram hər ötən ağlına gələni çəkib ata üstümüzə, vaxtımız... 
- Ləyaqətsiz  şeyləri müzakirəyə qoymaq əbəsdir.  Əvvəl, ötəri də olsa, 
bir yoldaş  gərək baxıb seçsin. Mən Gəldiyevə tapşıraram. Elə boş  şeyləri 
göndərməsinlər. 
Vəzirbəyli telefonu təzəcə yerə qoymuşdu ki, zəng çalındı. Gəldiyev 
"Ürəy"ini soruşdu: 
- Professor, keyfiniz, zadınız? Uşaqlar necədir? Layihəyə baxdınız 
yəqin, hə? Sizi çox yormadı ki? 
- Yox, Gəldiyev, yormadı, heyran elədi. 
Gəldiyev sevindiyindən qışqırdı: 
- Heyran elədi? Baxanların hamısına belə təsir bağışlayır. 
- Heyran olursan, bərk də əsəbiləşirsən! 
Yəni yaxşı əsərlərin azlığına əsəbiləşirsiniz? Eybi yoxdur, yavaş-yavaş... 
- Adamları tanıya bilməməyimizə əsəbiləşirəm. 
- Doğrudur, hələ biz kadromuzu tanıyıb qiymət qoya bilməmişik. 
Kadro nədir, idarəmizin də  qədrini bilmirik. Əlbət ki, layihələri ilə 
özlərini göstərənləri ləyaqətli vəzifələrə çəkib qoymaq lazımdır. Zənnimcə
bunu hökumət özü eləyəcək. Məsələn, plan idarəsində niyə bir yaxşı 
kommunist mühəndis oturmasın?! Narkom mütəxəssis olsa, əlimizi qaralar! 
- Mən o babətdən demirəm, texniki vəzifə bəzən axmaq adam əlindədir. 
  
 


311 
 
- Aydındır ki, müsabiqə yarış vasitəsilə bu qüvvətli yoldaşları  aşkara 
çıxaranda, naşı-maşının da dalından dəyəcəyik. 
- Bu barədə deyə bilmərəm. Amma inşaat idarələrimizi belələrinin 
əlindən almalıyıq. 
Gəldiyev çaşan kimi oldu. 
- Söhbət kimin haqqındadır. 
- Elə  həmin adamın, "Ürək" müəllifınin haqqında. Mən bu layihəyə 
baxanda doğrudan heyrət etdim. Nə təhər olur, belə adamlar mühəndis adı 
alırlar? Əsərin başında müəllifm bir məktubu var ki: - injenerəm, filanam, 
görəsən hansı idarəni kor qoyur... 
Gəldiyev bir ah çəkdi: 
- Deməli bəyənmədiniz, hə? 
- Bəyənmək nədir əşi! Məncə, qeyri-qanuni də olsa, bu adamın paketini 
açmaq, harada işlədiyini bilmək, tezliklə qovmaq lazımdır. 
Layihə işindən xəbəri yoxdur. Allah göstərməsin belə mühəndisləri... 
Gəldiyev elə bir ah çəkdi ki, hənirtisini Vəzirbəyli də eşitdi: 
- Nə cəhətdən yaramır, yoldaş Vəzirbəyli? 
- Nə cəhətdən? Deyinən nə cəhətdən yarayır? Pinti bir məktəb şagirdinin 
cızmaqarası! Nə artıq, nə əskik. Guya küçələri çəkir: Bayıldan Ağ şəhərəcən 
uzanan küçəni heç bir küçə  kəsmir. Bir küçədən o birisinə keçmək üçün 
damlardan hoppanmaq lazım gələcək. Evlər üst-üstə minib. Bu üzdəniraq 
mühəndis şəhəri susuz, yolsuz, hərəkətsiz təsəvvür edir. Bina yığını! 
- Doğrudan? 
- Ayrı aləmdir! 
Professor dedikcə göy kağız gözü önündə açılır, nöqtələr, cizgilər 
görünür, Gəldiyevin səsi onu daha da qəzəbə gətirirdi. 
- Yaxşı, - dedi, - göndərin görək nə olur. 
Bu həmin Vəzirbəylidir ki, Gəldiyevin diplom alandan sonra ilk tikinti 
işinə irad tutmuş, hörmətdən salmışdı. 
Məktəbi qurtaran kimi, Gəldiyevə Bayılda fəhlə  uşaqlarına tikiləcək 
səliqəli bir bağçanın layihəsini verdilər: "Başla, tik!" dedilər. Gəldiyev 
əvvəl layihəni gözdən keçirdi; o yana çevirdi, bu yana çevirdi; axtardı,  əl 
qoyulmalı bir qulp tapdı. 
- Görün, - dedi, - dövlət pulunu göyə necə sovururlar! Bu bağça ki 
klubun böyründə tikilir, buna təzədən yan divar götürmək nəyə 
  
 
 


312 
 
lazımdır. Hazır yapışdır klubun divarına, filan qədər pul da hökumətin 
cibində qalsın. 
Gəldiyev ağıla batan söz danışırdı. Raysovetin mühəndisi onun fıkrini 
bəyəndi, öz idarəsində ağız dolusu təriflədi: 
-  İnjener buna demişəm, bax, dünən qurtarıb, bu gün camaatın səhvini 
tutur. Elə səhvlər tapır, mat qalırsan. 
Hərçənd bu barədə layihə sahibi ilə danışmaq lazım idi, ancaq Gəldiyev 
tikinti gecikməsin deyə, fəhləni töküb işlətdi. Bir ayın  ərzində binanın 
divarları tikilib qurtardı. Təsadüfən Gəldiyevin bədbəxtliyindənmi, layihə 
çəkən mühəndisin xoşbəxtliyindənmi, Vəzirbəylinin yolu Bayıla düşdü 
(Verdiyev sonra Gəldiyevi inandırmışdı ki, Vəzirbəylinin baş qaşımağa 
macalı yoxdur, dərsin saatına yüz manat alır, nə düşmüşdü öz başına Bayıla 
gəlsin. Onu gətirən var). Vəzirbəyli qıraqdan dayanıb, bağça binasını 
nəzərdən keçirdi: 
- Bunu sən tikirsən də? 
Gəldiyev sinəsini irəli verdi, layihənin səhvini danışdı, ancaq Vəzirbəyli, 
deyəsən, ona qulaq asmırdı. Qolundan tutub kənara, binanın beş-on 
addımlığına çəkdi, dayandı. Fasadı göstərdi: 
- Bir bax! 
- Mən çox baxmışam, siz də baxın! 
- Düzdür bu? 
- Düzdür! 
- Dəvənin boynu kimi düzdür! 
Gəldiyev başa düşmədi. Vəzirbəyli bir də işarə elədi. 
- Yaxşı bax! 
Gəldiyev diqqət eləyəndə  qızardı. Vəzirbəyli binanın sağ  tərəfinin bir 
metroya qədər uzun olduğunu göstərib soruşdu: 
- Başa düşürsənmi? 
- Düşürəm, bəli düşürəm. 
- Yaxşı oldu ki, düşdün, belə yerdə deyiblər, qaş qayırarkən göz 
çıxardırsan. Simmetriya hanı bəs? 
Vəzirbəyli Gəldiyevin üzünə baxdı. Gəldiyev gözünü divarlardan 
ayırmadı. Vəzirbəyli dedi: 
- Əminəm ki, axırıncı dəfə olacaq. 
O oldu-bu oldu Vəzirbəylinin yanında Gəldiyevin dili gödək idi. Əlacı 
olsaydı, "Ürəy"i onun sərəncamına göndərməzdi. Lakin yaxşı bilirdi ki, tez-
gec bu əsərə o baxmalıdır. Qabağa və tələsiyə salıb, 


313 
 
sözə basmaq, ondan, miyanə də olsa, bir rəy almaq istəmişdi. İndi onun bu 
haqdakı sözlərini eşidəndə dinəcəyi olmadı. 
Layihəni götürüb kənara qoydu, qan-tər içində Vahidin işini tapmağa 
cidd-cəhd elədi. 
 
* * * 
 
Gecənin birində  Gəldiyev evə bir dəstə  ağ, qırmızı, sarı, göy zərflər 
gətirdi. Ağca xanım təəccüblə soruşdu: 
- Yoxsa bunlar hamısı sənə gəlib? 
- Gəlib, hamısı mənim üstümə gəlib. 
- Kimlərdən? 
- Qızlardan! 
Ağca xanım əyri-əyri baxdı: 
- İnanmıram. 
- Niyə inanmırsan? 
- İnanmıram ki, bizim vilayətdə bu qədər axmaq qız ola. 
- Deməli, sən axmaqsan ki, mənə gəlmisən? 
- Mən sənə gəlməmişəm, sən mənə gəlmisən! 
Gəldiyev söz tapmadı: 
- Çox danışma, hamamxananı yandır, bir az buxar ver, bunları daşın 
üstünə qoy, nəm çəksin. 
Ağca xanım bildi ki, Gəldiyev özgənin məktublarını açmaq istəyir. 
- Niyə xalqın kağızını oxuyursan? 
- Xalqın deyil, qulluq işidir. Dəyişik salmışıq, konvertlərə hayıfım gəlir. 
Gəldiyev  əlindəki kibrit çöpünü nəm çəkmiş  zərflərin böyründən salır, 
bura-bura açırdı.  İstədiyini tapa bilməyəndə  təkrar bağlayırdı. Yeddinci 
zərfdə Vahidin əsərini öyrənə bildi: "Açıq kitab!" 
- A zalım oğlu, adını "Açıq kitab" qöyursan, daha niyə belə  bərk-bərk 
bağlayıb, məni əziyyətə salırsan! Sevincdən qayıdıb Ağca xanıma qışqırdı: - 
Ağca, çay qoy, süfrə hazırla, işimiz işdi. 
Ağca xanım qaçıb gəldi: 
- Premyanı qazanırsan? 
- Bu Vahid köpəkoğlu qoysa. 
- Vahidə nə dəxli, əsər yazan sən. 
 
  


314 
 
- Bilmirsən, çəkişir də mənnən! Mən nə yazıram, o da gedir onu yazır. 
Ağca xanım irəli yeriyib, onun əlindəki zərfı aldı, başqa zərflərin üstünə 
qoydu. 
- Qabağa sal, sən yazan qoy üstə dursun! 
Gəldiyev onun əlindən aldı: 
- Bu özgənindir, a qız. 
- Bəs hansıdır səninki? 
- Hələ hazır deyil. 
- Necə hazır deyil? Altı aydır qurdalanırsan, nə qayırırsan? Özgə işiylə 
veyillənincə, oturub qurtarsana! 
- Düz deyirsən, balam, oturum işləyim. 
Gəldiyev çayını içəndən sonra, iki stolu birləşdirdi, pəncərələri örtüb, 
qapını bağladı. Vahidin layihəsini səliqəylə düyməçələdi, başladı üzünü 
köçürməyə: 
- Ağca, buraya heç kəsi buraxmayacaqsan! Eşitdinmi? 
Düz on yeddi gün qələm, xətkeş, pərgar, rezin əlindən düşmədi. Gündüz 
iki saat idarəyə qaçıb görünür, qayıdırdı. Surətini çıxarıb qurtarandan sonra 
bağladı, üstünə öz layihəsinin adını yazdı: "Ürək". İstədi Vahidin layihəsini 
puç eləsin. Heyfı  gəldi, bir də "aydın olmayan yerləri öyrənməyə lazım 
olar" - deyə, büküb bir küncə qoydu. Ağcanı sayıq salmaq üçün əvvəlki 
tapşırığı təkrar etdi: 
- Ağca, bu otağa heç kəsi buraxmayacaqsan! Sözüm sözdü! 
 

Yüklə 2,54 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin