Oərzəkli meyvə bitkiləri. Bu qrupa daxil olan meyvə bitkiləri meyvələrinin yeyilən hissəsinin uyğunluğuna görə bu qrupa aid edilmişdir. Onlar müxtəlif fəsilələrə və cinslərə aiddirlər. Meyvələri yalançı meyvə, yeyilən hissəsi ləpədir. Ləpə yağ və zülalla zəngindir. Meyvələri uzun müddət saxlanmaya və nəqliyyata davamlıdır. Qərzəkli meyvə bitkiləri qrupuna qoz, fındıq, pekan, badam, püstə və şabalıd aiddir.
Qoz (Juglans L.) Bu cins, öz (Juglandaceae Lindl.) fəsiləsinə aid olub, 40-a
qədər növü birləşdirir. Bu növlər dünyanın mülayim, isti qurşağında, subtropik və bəzi nümayəndələri tropik zonalarda becərilir. MDB-də bunlardan yabanı halda iki növ - yunan (J.regia L.) və mancuriya qozu (J.manschurica Maxim.), introduksiya olunmuş halda isə üç növ - qara qoz (J.nigra L.), boz (J.cinerea L.) və Zibolda qozu (J.Sİeboldiana Maxim.) becərilir.
Yunan qozu (J.regia L.) hündür boylu (25-30 m), güclü və möhtəşəm ağacdır.Çətiri geniş, kürə şəkilli, dağınıq və sıx budaqlıdır. Budaqları boz rəngli, zoğları sarımtıl-qəhvəyi rəngli və hamardır.Yarpaqları saplaq üzərində 5-9 ədəd olmaqla qarşı-qarşıya düzülmüş mürəkkəb yarpaqdır. Vegetativ tumurcuqlar nisbətən xırda olub budağın təpəsində və ya ona yaxın yerdə olur. Generativ tumurcuqlar iki tipli - erkək və dişi tiplidir.Erkək çiçək tumurcuğu sadə olub budağın böyründə, dişi çiçək tumurcuğu isə mürəkkəb olub budağın təpəsində yerləşir.Erkək çiçək tumurcuğu açıldıqda sırğa tipli çiçək topası, dişi tipli çiçək tumurcuğu açıldıqda zoğ, yarpaq və qırmızımtıl-yaşıl rənli çiçək verir.Çiçəklər topa şəklində və ya tək-tək yerləşirlər. Küləklə tozlanır. Meyvəsi quru meyvədir. Qabığı qalın, ləpəsi çətin çıxan qoz sortlarına çətənə, qabığı nazik, ləpəsi asan çıxanlara kağızı sortlar deyilir.
Kök sistemi güclü, geniş, saçaqlı və dərinə işləyəndir.Köklərin əsas kütləsi 60-80 sm-lik qatda yerləşir. Üfüqi köklərin yayılma radiusu çətrin diametrindən 3-4 dəfə böyükdür. Qoz bitkisi toxum və calaqla artırılır. Toxumla artırılan sortlar irsi əlamətlərini çox zaman saxlaya bilmir və məhsula olduqca gec (10-15 ildən sonra) düşürlər. Calaqla artırma zamanı calaqaltı məqsədilə qoz toxmacarlarından istifadə edilir. Toxmacarlara əsasən "lülə" göz calağı vurulur. Ölkəmizdə xalq seleksiyası sortları (Qum, Car, Dindi, Vənənd, Disar, Araz, Suğra və d.) ilə yanaşı gətirilmə Krasnodarets, Desertnıy, Zarya Vostoka, Avrora sortları və intensiv tipli İdeal sortu becərilir.Respublikamızda təbii halda yayılmış və böyük təsrrüfat əhəmiyyətli olan növ Yunan qozudur (J.regia L.).Hazırda 45-dən artıq ölkədə becərilir və ümumi məhsul istehsalı 1 mln tondan artıqdır.