Monqolların Azərbaycana II yürüşü. Canişinlik sistemi: Monqolların Azərbaycana II yürüşü (1231-1239)Çormağun noyonun başçılığı ilə işğal xarakteri daşımışdır. 1231-ci ildə Təbrizi, 1235-ci ildə Gəncəni və nəhayət 1239-cu ildə Dərbəndi işğal etməklə bütün Azərbaycana sahib oldular. Azərbaycanda mövcud olan vəziyyət düşmənə qəti müqavimət göstərməyə imkan verməsə də, bir sıra şəhərlərdə istilaçılara qarşı kəskin mübarizə getdi. Təbrizi tabe edən monqollar bir çox tanınmış sənətkarları öz paytaxtları olan Qaraqoruma göndərdilər. Monqollar Təbrizdən Gəncəyə yollandılar. Onlar uzun müddət şəhər əhalisinə qarşı vuruşmalı oldular və yalnız 1235-ci ildə şəhəri tuta bildilər. Böyük dağıntı törətdilər. Gəncə 4 il müddətində xaraba vəziyyətində qaldı. Şəmkir şəhəri yandırıldı, əhalisi qılıncdan keçirildi. Az sonra Bakı, Tovuz və digər Azərbaycan şəhərləri monqollar tərəfindən işğal olundu. 1239-cü ildə Dərbəndin tutulması ilə Azərbaycanın işğalı başa çatdırıldı. Monqolların ikinci yürüşündən sonra qələbə əldə etdikdən sonra Monqolustana qayıtmadılar və yeni ərazilərdə möhkəmləndilər. Azərbaycan və eləcə də Cənubi Qafqaz ərazisi 1239-1256-cı illərdə Ali monqol xaqanlığının təyin etdiyi canişinlər tərəfindən idarə olunurdu. Monqol canişinlərinin, xüsusilə Arqun ağanın Azərbaycanda həyata keçirdiyi siyasətin əsas mahiyyəti yerli feodalların - vassalların köçəri monqol əyanlarından asılılığını gücləndirməkdən ibarət idi. Yerli feodallar monqollara xərac və qiymətli hədiyyələr verirdilər. Onlar Ali monqol xaqanlığının tacqoyma mərasimlərində iştirak edirdilər. Hər dəfə Ali monqol xaqanlığına yeni hökmdar seçiləndə yerli feodallara öz malikanələrinin idarəsi üçün yarlıq verilirdi. Yarlıq - (türk-monqolca - sərəncam, əmr) xanların verdiyi yazılı fərmandır. Yarlıqlar, əsasən, toxunulmazlıq və imtiyazlar haqqında fərmanlar idi.