Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021


V Mühazirə: Azərbaycan Hülakülər dövlətinin tərkibində



Yüklə 315,92 Kb.
səhifə27/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   90
60 saatlıq mühazirələr 2021-2022

V Mühazirə: Azərbaycan Hülakülər dövlətinin tərkibində.

Plan

  1. Monqolların Azərbaycana I yürüşü. Xarəzmşah Cəlaləddin.

  2. Monqolların Azərbaycana II yürüşü. Canişinlik sistemi.

  3. Monqolların Azərbaycana III yürüşü. Hülakülər (Elxanilər) dövləti.

  4. Azərbaycan Cəlarilərin hakimiyyəti dövründə (fasilələrlə 1359-1410). Toxtamış və Əmir Teymurun yürüşləri.

1. XIII əsrin əvvəlində monqol yürüşləri ərəfəsində Azərbaycan ərazisində vahid mərkəzləşmiş dövlət yox idi, ölkədə feodal pərakəndəliyi hökm sürürdü. Azərbaycanda Eldənizlər (Atabəylər) dövləti, Şirvanşahlar, Marağada Rəvvadilər nəslindən olan yerli Ağsunqurilər sülaləsi (1108-1227), Əhər, Meşkin, Sərab şəhərləri isə Əhər məlikliyinin hakimiyyəti altında idi. XII əsrin sonunda Eldənizlər sülaləsinin üzvləri arasında gedən mübarizələr dövlətin əsaslarını sarsıtdı. Sonuncu atabəy Özbək (1210-1225) feodal qruplarının əlində oyuncağa çevrilmişdi. Dövlət işləri, demək olar ki, onun iştirakı olmadan həll olunurdu. Monqolların Azərbaycana I yürüşü 1220-1222-ci illərdə CəbəSubutayın rəhbərliyi ilə  baş vermiş və əsasən qarət-qənimət və ya kəşviyyat xarakateri daşımışdır. Mövcud şəraitdən istifadə edən monqollar Azərbaycana ilk dəfə 1220-ci ildə yürüş etdilər. Zəncan, Ərdəbil, Sərab və başqa şəhərləri talan edən monqol sərkərdələri Cəbə və Subutay Təbrizə yaxınlaşdılar. Şəhər möhkəm qala divarları ilə əhatə edildiyindən onu zor gücünə zəbt etməyin çətin olacağını duyan monqollar Eldəniz Özbək ilə danışıqlar aparıb Təbrizdən böyük xərac aldıqdan sonra qışlamaq üçün Muğana yollandılar. Lakin, gürcü çarı IV Georgi ilə Atabəy Özbək arasında hərbi ittifaqın bağlanması barədə məlumat alan Cəbə və Subutay Muğandan Gürcüstana basqın etdilər. Beləliklə, monqollar müttəfiqləri qabaqlaya bildilər və onları ayrı-ayrılıqda məğlubiyyətə uğratdılar. Monqollar 1221-ci ilin əvvəllərində Gürcüstandan yenidən Təbrizə yönəldilər. Şəhər hakimi Şəmsəddin Tuğrayi xərac verməklə yenə də şəhəri qarətdən xilas edə bildi. Monqollar qəflətən Marağaya hücum edib şəhəri ələ keçirdilər və onlara ciddi müqavimət göstərən əhaliyə qanlı divan tutdular. Monqollar 3-cü dəfə Təbrizə yaxınlaşanda Özbək Naxçıvana qaçdı. Şəmsəddin Tuğrayi təbrizliləri mübarizəyə səfərbər etdi. Monqol sərkərdələri şəhər müdafiəçiləri ilə açıq döyüşə girmədən bir daha xərac almaqla kifayətləndilər. Beyləqan əhalisi amansız döyüşdən sonra təslim oldu, onlara görünməmiş zülmlər edildi. Monqollar buradan Gəncəyə tərəf üz tutdular, lakin şəhər əhalisinin ciddi müqavimətinə rast gəlib xərac almaqla kifayətləndilər və Gürcüstana getdilər. Gürcüstandan Şirvana soxulan monqollar 1222-ci ildə Şamaxını tutub dağıtdılar. Onlar 1222-ci ildə Dərbənddən keçərək şimal istiqamətində geri qayıtmağı qərara aldılar. Lakin şəhərin ciddi mühafizə olduğunu bilən monqollar hiyləyə əl atdılar və Şirvanşaha xəbər göndərib onunla sülh bağlamaq istədiklərini bildirdilər. Şirvanşah bu təklifi qəbul etdi və danışıq üçün on nəfərlik elçi heyəti göndərdi. Monqollar elçilərdən birini öldürdülər və digərlərini məcbur etdilər ki, onları gizli yolla Dərbənddən şimala keçirsinlər. Beləliklə, monqollar öz niyyətlərinə nail oldular və Monqolustana qayıtdılar. Monqolların ilk yürüşü kəşfiyyat məqsədi güdürdü və gələcək işğallar üçün zəmin yaratdı. İqtisadi və siyasi qüdrətini itirmiş Eldənizlər dövlətinin zəifləməsindən istifadə edən qıpçaqlar 1223-cü ildə Dərbənddən Azərbaycana soxulub Şirvan bölgəsini qarət etdilər. Hiylə yolu ilə Gəncəyə girib əhalini soyub taladılar. Eldənizlərdən əlini üzmüş Azərbaycan əhalisi birləşərək qıpçaqları Azərbaycandan qovdular. Ölkəmizin düşdüyü ağır vəziyyətdən bəhrələnən gürcülər1225-ci ildə torpağımıza soxulub, əhalimizə divan tutdular. Azərbaycan 1225-1231-ci illərdə Xarəzmşah Cəlaləddin ağalığı altında olmuşdur. 1225-ci ildə Azərbaycan Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddinin hücumlarına məruz qaldı. Cəlaləddin cənubdan hücuma keçərək Marağa şəhərini tutdu və bir müddət şəhərdə bərpa işləri apardıqdan sonra Təbrizə yürüş etdi. Özbək ailəsi ilə Gəncəyə, sonra isə Əlincə qalasına qaçdı və orada öldü. Onun ölümü ilə (1225-ci il) Azərbaycanda Eldənizlər dövləti süqut etdi. Təbrizlilər düşmənə qarşı mübarizəyə qalxdılar. Onlar 7 gün mərdliklə vuruşdular. Lakin Cəlaləddin şəhər əyanları ilə sazişə girib şəhəri tutdu. Gəncə, Beyləqan, Bərdə, Şəmkir və başqa şəhərlərdə işğal olundu. Marağanın tutulması nəticəsində 1227-ci ildə Ağsunqurilər dövləti süqut etdi. Şirvanşahlar isə ildə 100 min dinar xərac vermək şərtilə Cəlaləddinin hökmranlığını qəbul etməli oldular. Azərbaycanın idarə edilməsi Cəlaləddinin vəziri Şərəf-əl-Mülkün ixtiyarına verildi. Onun Təbrizdə qeyri-qanuni vergilər toplaması şəhər əhalisinin üsyanına səbəb oldu, lakin üsyan yatırıldı. Cəlaləddinə qarşı baş vermiş 1231-ci il usta Bəndərin başçılığı ilə Gəncədə üsyanı Cəlaləddin çətinliklə yatıra bildi.


  1. Yüklə 315,92 Kb.

    Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin