4) I Şah Abbasın (1587-1629) daxili və xarici siyasəti: İstanbul sülhünün şərtləri Səfəvilər üçün ağır olsa da, bu, Şah I Abbasa ölkə daxilində baş verən qiyamları yatırmaq, dağılmış təsərrüfatı bərpa etmək və mərkəzi hakimiyyəti möhkəmləndirmək imkanı verdi. Bundan əlavə, Səfəvilər dövləti eyni vaxtda iki dövlətlə (Osmanlı və Şeybanilər) müharibə aparmağın çətinliyindən də xilas oldu. Yeni şah yaranmış fürsətdən səmərəli istifadə etməyə başladı. İnzibati islahat. Şah I Abbas 1593-cü ildə mərkəzi Ərdəbil olan Azərbaycan bəylərbəyliyi yaratdı. İstanbul sülhünə görə, Səfəvilərdə qalan Azərbaycan mülkləri bu bəylərbəyliyə daxil edilmişdi. Yeni inzibati vahidin ilk hakimi Zülfüqar bəy Qaramanlı təyin olundu. 1598-ci ildə isə paytaxt Qəzvindən İsfahana köçürüldü. Şah paytaxtın köçürülməsindən narazı qalan Qəzvin əhalisinin könlünü almaq məqsədilə İsfahanda türklərdən ibarət “Abbasabad” adlı xüsusi məhəllə saldırdı. İtirilmiş əraziləri geri qaytarmaq üçün, ilk növbədə, ordu gücləndirilməli idi. Bu məqsədlə Şah I Abbas ordu quruculuğuna başladı. 1578-1590-cı illər Səfəvi-Osmanlı müharibəsi zamanı məğlubiyyətlərə gətirib çıxaran tayfa çəkişmələrinə son qoymaq məqsədilə tayfa başçılığında irsilik prinsipi ləğv edildi. İndi bu vəzifəni yalnız şahın rəğbətini qazanmış şəxslər tuta bilərdi. Bununla da hərbi birləşmələrin formalaşmasında qohumluq prinsipi əsaslı şəkildə sarsıdıldı. Qoşun tayfa müxtəlifliyi prinsipi əsasında təşkil edildi. Qızılbaşlara təkbaşına silah gəzdirmək qadağan olundu. Şah I Abbasın dövründə Səfəvi ordusu, əsasən, 2 hissədən ibarət idi: birbaşa şaha tabe olan daimi qoşunlardan ibarət nizami hərbi hissələr və müharibələr zamanı vilayətlərdən toplanan ənənəvi qızılbaş qoşunu. Yeni yaradılan və birbaşa şaha tabe olan daimi qoşunlara qulam, tüfəngçi və topçular aid idi. Ümumilikdə 116 min nəfər hərbçi (60 min nəfər qızılbaş qoşunu (müxtəlif tayfalardan), 20 min nəfər tüfəngçilər, 12 min nəfər şah qulamı, 500 topa xidmət edən 12 min topçu, 12 min nəfər qorçu (tayfa prinsipi) var idi. Şah mərkəzi hakimiyyətə tabe olmayan nüfuzlu qızılbaş əmirlərini vəzifələrdən uzaqlaşdıraraq gənc əmirlərlə əvəz elədi. Bəzi qeyri - türk əsilzadələri də vəzifəyə gətirdi. Kiçik yaşlarında saraya gətirilib müsəlmanlaşdınlan gürcü, çərkəz və digər etnik kökdən olan qulamlann nümayəndələrini də idarə işinə cəlb etdi. I Şah Abbas belə bir daxili siyasət yeritməklə Səfəvi dövlətinin milli - etnik mahiyyətini dəyişmək məqsədindən uzaq idi və onun ümumiyyətlə belə bir məqsədi olmamışdır. Əksinə Səfəvi imperatorluğunun qeyri - türk əhali yaşayan bölgələrinə Azərbaycan türklərini köçürürdü. Həmin vilayətlərdə qeyri - türk yerli sülalələri hakimiyyətdən uzaqlaşdırıb yerinə türk əmirləri təyin edirdi. Mötəbər qaynaq olan 1628-ci ilsiyahısında adı yazılan 76 əmirdən 54-ü türk, 15-i türk qızılbaşlığı qəbul etmiş və türk dilindən başqa heç bir dili bilməyən qulam idi. Göründüyü kimi, I Şah Abbasın dövründə Səfəvilərin idarə quruluşunda vəzifə tutan əmirlərin 72%-ə yaxımnı türk əsilzadələri təşkil edirdi. Bu da Səfəvi idarə sistemində türklərin üstün və aparıcı yer tutduğunu aydın şəkildə göstərir. Şah I Abbasın dövründə Səfəvilər dövlətinin xarici siyasəti 3 əsas istiqamət üzərində qurulmuşdu: 1. Osmanlı işğalı altında olan Azərbaycan torpaqlarını azad etmək;2. XorasanıŞeybanilərdəngeri almaq;3. Hörmüzüportuqallardan təmizləmək. I Şah Abbas 1598-ci ildə hərbi islahatı başa çatdıran kimi Xorasan yürüşünə başladı. 1602-ci ilədək davam edən hərbi əməliyyatlar nəticəsində Səfəvilər Xorasan vilayətində öz əvvəlki hakimiyyətlərini bərpa etdilər (1598-1602). 1603-1607-ci illərdə uğurlu əməliyyatlar nəticəsində bütün Azərbaycan torpaqları və Şərqi Gürcüstan Osmanlıdan geri alındı. Belə ki, 1603-cü ildə Təbriz və Naxçıvan, 1604-cü ildə İrəvan şəhəri, 1605-ci ildə Şirvanın bir hissəsi, 1606-cı ildə Gəncə, Qarabağ və Şərqi Gürcüstan, 1607-ci ildə Şamaxı, Bakı və Dərbənd də daxil olmaqla Şirvanın qalan hissəsi Osmanlı qoşunlarından azad edildi. Nəhayət, 1612-ci ildə iki dövlət arasında Sərab (II İstanbul) sülhü imzalandı. Razılaşmaya görə, 1555-ci il Amasiya sülhünün şərtləri bərpa olundu. Rusların tikdirdiyi Terek qalasının dağıdılması barədə sultan fərmanı verilərdisə, osmanlılar şahın bu işə mane olmamasını da müqavilə şərtlərinə daxil etdilər. Lakin bu sülh tezliklə pozuldu. Şah I Abbasın Şərqi Gürcüstana yürüşlərindən narahat olan Osmanlılar yenidən hərbi əməliyyatlara başladılar. Həlledici döyüş 1618-ci ildə Sərab yaxınlığındakı Sınıq körpüadlı yerdə baş verdi. Osmanlı qoşunu məğlub olub geri çəkildi. Elə həmin il bağlanmış Mərənd müqaviləsinə görə, Sərab sülhünün şərtləri bərpa edildi. Beləliklə, Səfəvi hökmdarı Azərbaycan torpaqlarının və azad edilən digər Səfəvi ərazilərinin azad edilməsinin Osmanlılar tərəfindən tanınmasına nail oldu. Şah I Abbas bu sülhə 1622-ci ilə qədər sadiq qalmış, Osmanlı sultanı II Osman ilə dostluq münasibətlərini qoruyub saxlamışdı. Lakin II Osmanın öldürülməsi və Bağdadı idarə edən osmanlı hakiminin Səfəvilərə müraciət etməsi vəziyyəti dəyişdi. 1622-1623-cü illərdə Səfəvi qoşunları Bağdad, Kərbəla, Nəcəf, Mosul və Kərkük şəhərlərini ələ keçirdi. Osmanlılarla müharibə yenidən başlandı. I Abbas vəfat edərkən (1629) bütün Azərbaycan, Şərqi Gürcüstan, Bağdadda daxil olmaqla Ərəb İraqı Səfəvi dövlətinin hakimiyyəti altında birləşdirildi. İspan kralı II Filip İran körfəzində portuqallarla mübarizədə Səfəvilərə yardım edəcəyini də vəd etmişdi. İngiltərə ilə də əlaqələr qurulmuşdu. Məhz ingilis donanmasının yardımı ilə Şah I Abbas 1622-ci ildə portuqalları Hörmüzdən və körfəzdən çıxara bildi. Şah I Abbasın ölümündən sonra hakimiyyətə gələn nəvəsi Şah I Səfibu uğurları qoruya bilmədi. 1638-ci ildə Osmanlılar Bağdadı geri ala bildilər. Tərəflər arasında danışıqlar 1639-cu il 17 may Qəsri-Şirin sülhü ilə yekunlaşdı. Sülhün şərtlərinə görə, Səfəvilər Bağdad da daxil olmaqla Ərəb İraqını Osmanlı dövlətinə qaytardı, Zəncir qalasından şərqdə yerləşən ərazilər isə Səfəvilərə verildi. Osmanlılar Səfəvilərdən Van, Qars və Axalsıx qalalarınahücum etməyəcəklərinə dair təminat da aldılar.