Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021


) Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşləri



Yüklə 315,92 Kb.
səhifə46/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   42   43   44   45   46   47   48   49   ...   90
60 saatlıq mühazirələr 2021-2022

3) Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşləri: Qacarların mənşəyi: Oğuz tayfalarından olan Qacarlar Bayat boyunun bir qolu olmuşlar. Monqol yürüşləri dövründə digər oğuz tayfaları kimi Azərbaycanda yaşayan Qacar tayfalarının da bir hissəsi qərbə doğru çəkilərək Şərqi Anadoluda və Suriyada məskən salmışdılar. XIV əsrdə Şərqi Anadoluda formalaşan Ağqoyunlu tayfa birliyinə Qacar tayfası da daxil idi. Ağqoyunlu Uzun Həsənin hakimiyyəti dövründə Diyarbəkirdə yaşayan Qacar tayfaları yenidən Azərbaycana qayıdaraq Gəncə, Bərdə və İrəvan ətrafında məskunlaşdılar. Hələ Diyarbəkirdə olduqları vaxtlarda Ərdəbil şeyxlərinin apardığı təbliğat nəticəsində digər oğuz tayfaları ilə birlikdə Qacar tayfası da şiə məzhəbini qəbul etmişdi. Səfəvilərin hakimiyyətə gəlməsində mühüm rol oynayan 7 qızılbaş tayfasından biri də Qacarlar olmuşdur. I İsmayılın müridləri arasında “Tozqoparan” ləqəbli Qara Piri bəy Qacar bir sıra döyüşlərdə igidliyi ilə fərqlənmişdi. Azərbaycan Səfəvi dövlətinin möhkəmlənməsində Qacar əmirlərinin böyük xidmətləri olmuşdur. Səfəvi şahlarının hakimiyyəti dövründə Qacar tayfasının bir qolu olan Ziyadoğlu nəsli mərkəzi Gəncə olan Qarabağ bəylərbəyliyinin irsi hakimləri sayılırdı. Şah I Abbas Ziyadoğlu nəslindən olan Hüseyn xan Qacarı Astarabad vilayətinin hakimi təyin etmişdi. Bundan sonra Azərbaycanda yaşayan qacarların böyük bir hissəsi Astarabada köçmüşdülər. Burada qacarlar 2 yerə - Qovanlı və Dəvəli qacarlarına bölündülər. 1742-ci ildə dünyaya gələn Ağaməhəmməd xanın atası Məhəmmədhəsən xan Qovanlı, anası Ceyran xanım isə Dəvəli qoluna mənsub idi. Ağaməhəmməd xan ilk təhsilini anasından almışdı. 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra hakimiyyət uğrunda başlanan mübarizədə Məhəmmədhəsən xanın apardığı döyüşlərdə onunla çiyin-çiyinə böyük oğlu Ağaməhəmməd xan də iştirak edirdi. Astarabadda möhkəmlənən Məhəmməd həsən xan Gilan, Qəzvin, İsfahanı və Cənubi Azərbaycanın bir hissəsini öz hakimiyyəti altına alsa da, 1759-cu ildə Zəndlərlə döyüşdə həlak oldu. Ağaməhəmməd xan türkman və qacarlardan topladığı qoşunla mübarizəni davam etdirdi. Döyüşlərin birində Ağaməhəmməd xan Kərim xan Zəndə əsir düşdü. Qacar tayfaları ilə münasibəti yaxşılaşdırmaq istəyən Kərim xan onu öldürməyib yanında girov saxladı. Şirazda girov qaldığı 16 ildə Ağaməhəmməd xan təhsilini mədrəsədə davam etdirib o dövrün məşhur alimlərindən elm, fəlsəfə və din tarixindən dərs aldı. Onun savad və məntiqi düşüncəsini görən Kərim xan Ağaməhəmməd xanı öz müşaviri təyin edərək mühüm dövlət işlərində onunla məsləhətləşirdi. Ağa Məhəmməd şah Qacarın yürüşləri: 1779-cu ildə Kərim xanın vəfatından sonra Ağaməhəmməd xan Şirazı tərk edib özünü Astarabada çatdırdı. Burada bir-biri ilə düşmənçilik edən Qovanlı və Dəvəliləri barışdırıb öz ətrafında cəmləşdirərək ölkəni yenidən vahid dövlət daxilində birləşdirmək üçün mübarizəyə başladı. Əsas rəqibi zəndlərlə aparılan döyüşlərdə Ağaməhəmməd xan qalib gələrək Gilanı, Mazandaranı, Xorasanın böyük bir hissəsini öz hakimiyyəti altına aldı. 1786-cı ildə zəndlərin qoşunlarını məğlub edən Qacar Tehranı dövlətinin paytaxtı elan edən Ağaməhəmməd xan şah titulu götürərək öz adına Aslan və Günəş (Şir-u-Xurşid) təsvirli qızıl pul kəsdirdi. Amma tacqoyma mərasimini imperiyanın tam bərpa olunmasınadək təxirə saldı. Cənubi Azərbaycanın birləşdirilməsinə başlayan Qacar Sərab, Qaradağ, Xoy, Urmiya xanlıqlarını özünə tabe etdi. 1790-cı ildə Təbriz Qacar vəliəhdlərinin oturduğu “dar-üssəltənə” oldu. Bundan sonra keçmiş Səfəvi imperiyasını tamamilə bərpa etmək üçün Qacarın qarşısında Cənubi Qafqazda yerləşən Şimali Azərbaycanın və Şərqi Gürcüstanın birləşdirilməsi vəzifəsi dayanırdı. Qacar Cənubi Qafqaza yürüşü bir qədər ləngitməli oldu. Bunun əsas səbəbi Rusiyanın Cənubi Qafqazı ələ keçirmək üçün fəaliyyətini artırması idi. 1783-cü ildə Kartli çarlığını öz himayəsinə götürən Rusiya Şimali Azərbaycan xanlarına da təzyiqlərini artırmışdı. Cənubi Qafqaza daxil olacağı təqdirdə Rusiya ilə toqquşmanın qaçılmaz olacağını bilən Qacarın müttəfiqə ehtiyacı var idi. Bu məqsədlə o, Osmanlı sarayına öz elçilərini göndərib danışıqlar aparmışdı. Rusiyanın Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində irəliləməsindən narahat olan İngiltərəFransa dövlətləri də Qacar dövləti ilə yaxınlaşmağa çalışırdı.  1795-ci ildə Qacar bu yürüşdə əsas hədəfi Qarabağ xanlığını tabe edib itaətdən boyun qaçıran, Rusiya ilə yaxınlaşan gürcü çarlığını cəzalandırmaq idi. Amma İbrahimxəlil xan keçmiş müttəfiqi gürcü çarı II İrakli ilə əlaqə yaratdı, Avar hakimliyindən xeyli hərbi qüvvənin Qarabağa gətirilməsinə nail oldu, Araz çayı üzərindəki Xudafərin körpüsünün partladılması haqqında əmr verdi. Qacar Şuşa üzərinə hücuma şəxsən özü başçılıq edirdi. Şuşa qalasını 33 gün mühasirədə saxlasa da, şəhərin müqavimətini qıra bilmədi. O, Şuşanın mühasirəsini dayandırıb Tiflis üzərinə yürüş etdi. Gürcüstan üzərinə yürüşdə Qacarlarla eyni kökdən olan Cavad xanın başçılığı ilə Gəncə Ziyadoğluları da iştirak edirdilər. Gürcü qoşunlarını darmadağın edən Qacar ordusu 12 sentyabrda Tiflisi tutdu. Şahın icazəsi ilə şəhər qarət edilib dağıdıldı. Tiflisin tutulmasından sonra İrəvan, Dərbənd, Bakı xanları Ağaməhəmməd xanın hakimiyyətini tanıdıqlarını bəyan etdilər. Gürcüstanı tamamilə tabe edən Qacar qoşunlarını Muğanda cəmləşdirib burada qışlamağa qərar verdi. Şah hələ də ona tabe olmayan Şəki, Şamaxı və Qarabağ xanlıqlarına qarşı hərbi əməliyyatları növbəti ilin yazına saxladı. Bu zaman Nadir şahın nəvəsi Şahruxun Xorasanda qiyam qaldırması xəbərini alan Qacar təcili İrana qayıtdı. Dövlətin vahidliyini təmin etməyənə qədər rəsmi tacqoymanı gecikdirən Ağaməhəmməd xan saray əyanlarının və yaxınlarının təkidi ilə bu mərasimi 1796-cı il 21 martda Novruz bayramı günündə keçirdi. Bundan sonra böyük qoşunla yürüş edərək Xorasanı bütünlüklə Qacarlar dövlətinə birləşdirdi. Qacarın Rusiyanın himayəsində olan Gürcüstanı tutması II Yekaterinanın əvvəlcədən planlaşdırdığı Cənubi Qafqazın işğalına başlaması üçün bəhanə oldu. 1796-cı ildə Rusiya Qacar dövlətinə rəsmən müharibə elan edib general Zubovun başçılığı altında Cənubi Qafqaza ordu yeritdi. Rus ordusu Dərbəndi, Qubanı və Bakını tutub oktyabrda Gəncə xanlığını da tabe edərək Qacar dövlətinə qarşı müharibəyə hazırlaşmağa başladı. Xorasanda olduğu zaman bu hadisələrdən xəbər alan Qacar Tehrana qayıdıb Rusiya ilə uzun sürəcək müharibə hazırlığına başladı. Bu zaman. II Yekaterinanın ölümündən sonra yeni rus çarı I Pavel Cənubi Qafqazdakı ordularını geri çağırdı. Qacar 1797-ci ildə əsas hücum hədəfi Qarabağ xanlığı idi. Şuşanı mühasirəyə alan Qacar ordusu şəhəri top atəşinə tutdu. Ibrahimxəlil xan hücum edib topları sıradan çıxarsa da, şəhərə qayıda bilməyib Dağıstana getdi. Şuşalılar bundan sonra şahla danışıq aparıb bac vermək şərti ilə müqaviməti dayandırdılar. Ağaməhəmməd şah şəhərin qarət olunmasına, əhalinin incidilməsinə yol verməmək üçün qoşuna şəhərdən kənarda dayanmaq əmri verdi. Bundan sonra Şamaxıya hücum etdi. Şah burada da alicənablıq göstərib şəhər əhalisinin qarət olunmasına imkan vermədi. Hətta qoşuna çatacaq qənimətin pulunu öz xəzinəsindən ödədi. Yenidən Şuşaya qayıdan Qacar Şimali Azərbaycanın bütün xanlarının hüzuruna gəlmələri barədə əmr verdi. Şuşaya gələn bakılı Hüseynqulu xanı, gəncəli Cavad xanı rus ordusuna müqavimət göstərmədiklərinə görə həbs etdirdi. Həbs olunanlar arasında İbrahimxəlil xanın baş vəziri Molla Pənah Vaqif və xanın qardaşı oğlu Məhəmməd bəy Cavanşir də (Batmanqılınc) var idi. 1797-ci il 17 iyunda Ağaməhəmməd şah saray xadimlərinin sui-qəsdi nəticəsində öldürüldü. Görkəmli dövlət xadimi Ağaməhəmməd şah qarşısına qoyduğu bütün məqsədlərə nail olmasa da, mərkəzləşmiş dövlət yarada bilmişdi. Onun taxtına vəliəhd təyin etdiyi qardaşı oğlu Baba xan gəldi. O özünü Fətəli şah (1797-1834) elan etdi. Şuşaya qayıdan İbrahimxəlil xan Ağa Məhəmməd şah Qacann cənazəsini hörmətlə Tehrana yolladı, sonra isə nigah diplomatiyasına əl ataraq qızı Ağabəyim ağanı Fətəli şaha ərə verməklə münasibətləri yoluna qoydu. Qacarlar dövləti İranda və Cənubi Azərbaycanda 1925-ci ilə kimi mövcud oldu. Amma Qacarlar sülaləsinin sonrakı hökmdarlarından heç biri Ağaməhəmməd şahın səviyyəsinə qalxa bilmədi.


Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin