2) Cənub xanlıqları: Nadir şahın ölümündən (1747) sonra İranda Nadirin varisləri arasında mərkəzi hakimiyyət uğrunda mübarizə qüvvətləndi. 1747-1751-ci illər arasında şah hakimiyyəti beş dəfə əldən ələ keçmişdi. Şah hakimiyyəti uğrunda belə gərgin mübarizənin qızışması və bu mübarizənin Azərbaycandan uzaqda Xorasanda getməsi Cənubi Azərbaycanda da bir sıra feodal hakimlərinə özlərini müstəqil aparmasına şərait yaradırdı. Təbriz xanlığı. 1747-ci ildə Əmiraslan xan Təbrizdə özünü müstəqil hakim elan edərək Təbriz xanlığının əsasını qoydu. Əmiraslan xan tezliklə Ərdəbili, Qaradağı və bir sıra Cənubi Azərbaycan torpaqlarını özünə tabe etdi. Lakin bu uğur müvəqqəti oldu. Döyüşlərin birində Əmiraslan xan öldürüldü. Bundan sonra Cənubi Azərbaycanda Fətəli xan Əfşarın başçılığı ilə Urmiya xanlığı qüvvətlənməyə başladı. Urmiya xanlığının əsasını qoyan Fətəli xan Əfşar (1747-1763) Cənub xanlıqlarının əksəriyyətini — Təbriz, Xoy, Qaradağ, Marağa və Sərab xanlıqlarını Urmiya xanlığına tabe edə bilmişdi. O, Nadir şahın sabiq sərkərdəsi əfqanlı Azad xanla ittifaq bağladı. Fətəli xan 1752-ci ildə Kərim xan Zəndin Azərbaycana işğalçılıq yürüşünün qarşısını alaraq əvvəlcə onu Miyanə, sonra isə Qəmşə döyüşlərində ağır məğlubiyyətə uğratdı. Bu dövrdə İranda mərkəzi hakimiyyət uğrunda mübarizə əsasən astrabadlı Məhəmmədhəsən xan Qacar və şirazlı Kərim xan Zənd arasında gedirdi. Bu mübarizənin gedişində Məhəmmədhəsən xan hətta bir ara Cənubi Azərbaycanın əksər ərazisini özünə tabe edərək 1757-ci ildə Qarabağ xanlığına hücum etdi. Məhəmmədhəsən xanın Şimali Azərbaycanda olmasından istifadə edən rəqibi Kərim xan Zənd Astrabada hücum etdi. Bu xəbəri alan Məhəmmədhəsən xan Şuşa qalasının mühasirəsindən əl çəkməyə məcbur oldu. Geri qayıdanda Urmiya xanlığını da özünə tabe edən Məhəmmədhəsən xan Şiraza, Kərim xan Zənd üzərinə hücum etdi. Lakin yolda sui-qəsd nəticəsində öldürüldü. Bu hadisədən sonra yenidən fəallaşan Fətəli xan Əfşar qısa müddətdə Cənubi Azərbaycanda itirilmiş mövqeyini bərpa edib 1759-cu ildə Qarabağ xanlığına hücum etdi. Tezliklə Şuşanı mühasirəyə alan Əfşar qoşunlarına məliklər də öz dəstələri ilə qoşuldular. Müqavimət göstərməyi lüzumsuz hesab edən Pənahəli xan oğlu İbrahim ağanı Fətəli xan Əfşara girov verməklə Şuşa qalasını mühasirədən azad etdi. Fətəli xanın belə uğurlar qazanması ilə barışmaq istəməyən Kərim xan Zənd 1760-cı ildəTəbrizi hucum etsə də məğlub olur. Kərim xan daha böyük qüvvə yığaraq yenidən 1761-ci ilin yayında Azərbaycana hücum etdiyi zaman Fətəli xan onu Ucan düzündə, Qaraçəmən kəndi yaxınlığında qarşıladı. Baş verən döyüşdə üstünlük əvvəlcə Fətəli xanın tərəfində olsa da, müttəfiqi xoylu Şahbaz xanın xəyanət edərək düşmən tərəfə keçməsi onu çətin vəziyyətə saldı. Buna görə Fətəli xan Urmiya qalasına çəkilməli oldu. 1762-ci ilin mayında Marağa şəhərini tutan Kərim xan burada düşərgə salıb Urmiya qalasına həmlə üçün hazırlığa başladı. Fətəli xan Əfşarın bütün düşmənlərini bir cəbhədə birləşdirmək üçün hərəkətə keçdi. Kərim xanın tələsinə düşərək ona yardım göstərənlər içərisində çox təəssüf ki, qarabağlı Pənahəli xan, qaradağlı Kazım xan, xoylu Şahbaz xan, naxçıvanlı xanı və b. da var idi. Müttəfiqlər 9 aylıq mühasirədən sonra 1763-cü ildə Urmiya şəhərini tutdular. Kərim xan Fətəli xanın uzaq qohumlarından olan Rüstəm bəyi Urmiya xanı təyin edərək bütün Azərbaycan xanlarını qələbəni qeyd etmək üçün “Şiraz qonaqlığına” apardı. Qəmşəyə çatanda isə Fətəli xan Əfşarı qətlə yetirdi. Kərim xan Zənd qonaqlıq adı ilə girov götürdüyü xanları öz xanlıqlanndan uzaqda - Şirazda saxlamaqla xanlıqları zəiflədib, gələcəkdə ələ keçirtmək istəyirdi. Ancaq “Şiraz qonaqlığı” istənilən nəticəni vermədi. Xoy xanlığı da Nadir şahın imperiyasının dağılması nəticəsində yaranan xanlıqlardan biri idi. Xanlığın ilk hakimi Şahbaz xan Dünbili (1747-1763)olmuşdur. O, Nadir şah dövründə Xoy vilayətinin hakimi təyin edilmişdi. Nadir şahın ölümündən sonra isə özünü Xoy xanlığının müstəqil hakimi elan etmişdi. Mülayim siyasət yeridən Şahbaz xan Fətəli xan Əfşarla dostluq münasibətləri saxlayıb, hətta bəzi yürüşlərdə ona kömək də göstərir. Lakin Kərim xan Zəndin 1762-ciil hücumu zamanı Şahbaz xan Kərim xanın vədlərinə aldanaraq Fətəli xana qarşı çıxmış, nəticədə girov kimi Şiraza aparılmışdır. Kərim xan Zənd bir neçə Azərbaycan xanlarını girov kimi Şiraza aparmaqla öz hakimiyyətini Cənubi Azərbaycanda yaymağa müvəffəq olsa da, tezliklə burada Əhməd xanın (1763-1786)başçılığı ilə Xoy xanlığı qüvvətlənməyə başladı. Əhməd xan Azərbaycanın bir neçə xanı, həmçinin Kartli-Kaxetiya çarları ilə diplomatik münasibətlər saxlamış, bir müddət İrəvan, Naxçıvan, Təbriz və Qaradağ xanlıqlarını da özündən asılı vəziyyətə salmışdır. 1786-cı ildə Əhməd xanın yaxın qohumları onu qətlə yetirdilər. Bununla da hakimiyyət uğrunda başlanan mübarizə xanlığı zəiflətdi.