4) Xanlıqlar dövründə ictimai, iqtisadi-sosial həyat və mədəniyyət: Bəhs olunan dövrdə Azərbaycanın bütün xanlıqlarının iqtisadiyyatı üçün natural təsərrüfatın mövcudluğu səciyyəvi hal idi. Burada əsas rolu feodal istehsal münasibətləri oynayırdı. Bu dövrdə əvvəllər də olduğu kimi, yenə əhalinin başlıca məşğuliyyəti əkinçilik və maldarlıq idi. Əsas şum və biçin torpaqları, yaylaqlar, qışlaqlar, suvarma qovşaqları feodalların şəxsi mülkiyyəti idi. Ölkə iqtisadiyyatında mühüm yer tutan ipəkçilikŞamaxı, Şəki, Qarabağ, Lənkəran, Naxçıvan və digər xanlıqlarda inkişaf etmişdi. Kənd təsərrüfatında arıçılılq, üzümçülük, bostançılıq, xüsusilə bağçılıq müəyyən rol oynayırdı. Bunlar, əsasən, Qarabağ, Təbriz, Marağa, Gəncə, Şəki, Quba, Urmiya, Naxçıvan və s. xanlıqlarda yayılmışdı. Abşeron özünün ətirli zəfəranı ilə məşhur idi. Burada bostançılıq da inkişaf etmişdi. Lənkəran xanlığında çəltik və şəkər çuğunduru yetişdirilirdi. Xəzər dənizi və Kür çayı sahillərində yaşayan əhali balıqçılıqla məşğul olurdu. Vergi və mükəlləfiyyətlər:Azərbaycan xanlıqlarında əsas vergi malcəhət idi. Müxtəlif xanlıqlarda onun həcmi məhsulun 1/10-lə 1/3 arasında dəyişirdi. Feodallar otlaqlardan istifadə müqabilində rəiyyətdən çöpbaşı adlı əlavə vergi alırdılar. Bağlardan toplanan bağbaşı adlı vergi məhsulun 1/10-ni təşkil edirdi. Bayram günlərində rəiyyət “hədiyyə” olaraq feodala bayramlıq gətirməli idi. Kəndli xanın atları üçün arpa verməli idi. Bu vergi at arpası adlanırdı. Rəiyyət tez-tez xanın muzdlu əsgərlərini də öz hesabına saxlamalı olurdu. Bu mükəlləfiyyət dişkirəsi adlanırdı. Rəiyyətdən həmçinin xan dəftərxanasının və inzibati idarəetmənin digər qurumlarının xərclərini ödəmək üçün mirzəyanə, kələntərlik və digər vergilər toplanılırdı. Vergiyığanlar xanın əmrinə əsasən öz xeyirlərinə darğalıq adlı vergi də toplayırdılar. Kəndlilərin gəlirinin çox hissəsi müxtəlif vergi və mükəlləfiyyətlərin ödənilməsinə sərf olunurdu. Kəndli feodalın xeyrinə olaraq bir sıra mükəlləfiyyətlər - biyar və əvrəz yerinə yetirməli idi. Biyar ildə 3 gündən 6 günədək, əvrəz isə 2 gün olurdu. Əvrəz zamanı kəndin bütün əhalisi ya qala divarı hörməli, körpü çəkməli, ya da feodalın təsərrüfat və ev işlərində birlikdə çalışmalı idi. Bu isə kəndlilərə öz təsərrüfatları ilə məşğul olmağa maneçilik törədirdi. Xanlıqların idarə edilməsi:Hər bir xanlığın başında qeyri-məhdud səlahiyyətlərə malik olan xan dururdu. Qanunverici, məhkəmə və icraedici hakimiyyət xanın əlində cəmləşmişdi. Xanlığın idarə edilməsində xanın ən yaxın köməkçisi vəzir sayılırdı. Xanlıqlar inzibati cəhətdən mahallara, mahallar da kəndlərə bölünürdü. Mahalları naiblər, kəndləri isə kəndxudalar və ya yüzbaşılar idarə edirdi. Şəhər məmurları-canişinlər də naib vəzifəsi daşıyırdılar. Bunlardan başqa şəhər məmurlarına qalabəyi, darğalar daxil idilər. Kəndliləri itaətdə saxlamaq üçün xanlar maaflardan ibarət xüsusi dəstələr yaradırdılar. Bu maaflar xüsusi imtiyazlara malik olur, vergi və rüsumlardan azad edilirdilər. Onlar xana hərbi xidmət göstərməli, onun çağırışına əldə silah gəlməli idilər. Xanın sosial dayağını darğalar, yüzbaşılar, kəndxudalar və naiblər təşkil edirdilər. Onların heç biri xandan əmək haqqı almır və ancaq zəhmətkeş xalqın hesabına yaşayırdı. Mədəniyyət: Xanlıqlarda ədəbiyyat və memarlıq sahəsində mədəni inkişaf hiss olunurdu u dövrdə kitabxanalar əhəmiyyətli rol oynayırdı. Ərdəbildəki Şeyx Səfi kitabxanası öz şöhrətini qoruyub saxlamışdı. Keçən əsrlərdə olduğu kimi, bu dövrdə də təlim-təhsil məsələlərinə din xadimləri rəhbərlik edirdi. Tələbələr yenə də məscidlərdə, şəxsi evlərdə təşkil edilən məktəb və mədrəsələrdə təhsil alırdılar. Burada uşaqlar əvvəlcə ana dilində, sonralar isə ərəb və fars dillərində təhsillərini davam etdirirdilər. Əlifbanı tamam öyrəndikdən sonra “Quran”ı əzbərləyirdilər. Təhsil ocaqlarında, əsasən, ilahiyyat dərsi geniş tədris edilsə də, bəzən təbiət elmləri də keçilirdi. Memarlıq. XVIII əsrdə baş vermiş tarixi və sosial-iqtisadi dəyişikliklər memarlığa da təsir göstərdi. Qarabağ xanlığının qəsrləri olan Şahbulağı, Şuşa qalası, Şuşadakı Pənahəli xanın məscidi, Pənahəli xanın kitabxanası bu dövrün abidələrindəndir. Şəki xan sarayı 1763-cü ildə inşa olunmuş, şəbəkə üslubu ilə bəzədilmişdir. Sarayın üzərində ustadın adı— «Ustad Abbasqulu» yazılmışdır. 1764-cü ildə İrəvan şəhərində yerləşən Göy məscid, eləcə də Sərdar sarayı İrəvan xanı Hüseynəli xan tərəfindən tikdirilmişdir. Onun oğlu Məhəmməd xan isə 1791-ci ildə sarayın Güzgülü salonunu vəyay imarətini tikdirmişdir. XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdi. Bu əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyaların üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları − “Bağçadagüllər”, “Saxsıdagüllər”, “Bulud” və s. toxunurdu. Ədəbiyyat. XVII−XVIII əsrlərdə Azərbaycan ədəbiyyatı şifahi xalq yaradıcılığının, əsasən, aşıq nümayəndələrinin əsərlərinin təsiri altında canlı həyata, xalq dilinə daha da yaxınlaşır. Bununla yanaşı, Azərbaycan poeziyasında realizmə keçid dövrünün təməli qoyulur. Bu dövrdə poeziyada Füzuli ənənələri hələ kifayət qədər güclü olsa da, artıq bu cazibədən çıxmaq cəhdləri Saib Təbrizi, Qövsi Təbrizi kimi sənətkarların yaradıcılığında özünü birüzə verir. Molla Vəli Vidadi(1708-1808) və Molla Pənah Vaqif (1717-1797) kimi sənətkarlar sadə, canlı dildə yazdıqları əsərlərlə poeziyanı xalqa daha da yaxınlaşdırmışlar. Vaqif öz dövrünün görkəmli siyasi xadimi olmuş, Qarabağ xanlığının xarici siyasətini uzun müddət müəyyənləşdirmişdir. XVIII əsrAzərbaycan ədəbiyyatındaorta əsrlərin son, yeni dövrün isə başlanğıc mərhələsi kimi keçid xarakteri daşıyır.