3) Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşləri.
4) Xanlıqlar dövründə ictimai, iqtisadi-sosial həyat və mədəniyyət. 1) Şimal xanlıqları: XVIII əsrin ortalarından XIX əsrin I rübünün axırlarına qədər olan dövr Azərbaycan tarixinə xanlıqlar - feodal pərakəndəliyi dövrü kimi daxil oldu. Bu dövrdə Azərbaycan ərazisində 20 xanlıq, 6 sultanlıq, 5 məliklik və 1 camaatlıq mövcud olmuşdur. Azərbaycanda bir çox xanlıq və digər feodal qurumlarının meydana çıxması, ölkənin ayrı-ayrı vilayətləri arasında sabit iqtisadi əlaqələrin olmaması, natural təsərrüfatının hökmranlığı, ayrı-ayrı vilayətlərdə müxtəlif pul, çəki və ölçü vahidlərinin tətbiqi, habelə feodalların bu və ya digər ərazi üzərində öz hakimiyyətlərini quraraq müstəqilliyə can atmaq cəhdlərinin nəticəsi idi. Xanlıqların yaranmasına yardım edən amillərdən biri də Nadir şahın qətli, varisləri arasında gərgin mübarizənin başlanması və bu mübarizənin gedişində mərkəzi hakimiyyətin zəifləməsi idi. Azərbaycanın cənubunda 8 xanlıq-Təbriz, Urmiya, Xoy, Qaradağ, Ərdəbil, Sərab, Marağa, Maku, şimalında isə 12 xanlıq- Qarabağ, Gəncə, Şamaxı, Bakı, Salyan, Cavad, Dərbənd, Quba, Şəki, Lənkəran, İrəvan və Naxçıvan xanlıqları, habelə İlisu, Qəbələ, Ərəş, Qazax və Şəmşəddil sultanlıqları, Car-Baləkən camaatlığı meydana gəldi. Əhalisi xristianlığı qəbul etmiş albanlardan ibarət olan 5 məliklik: Xaçın, Vərəndə, Dizaq, Gülüstan (Talış), Çiləbörd. MəlikliklərQarabağ xanlığı ərazisində yerləşirdi və xandan asılı idilər. İlk Azərbaycan xanlıqları hələ XVII əsrin sonlarında Quba və Talış olub, buranı şahdan asılı olan irsi hakimlər tərəfindən idarə edilir və ölkə adlanırdı. Şimal xanlıqları içərisində 3 ən güclü xanlıq Quba, Şəki və Qarabağ seçilirdi. Quba xanlığı:1726-cı ildə Rus hakimiyyət orqanları Rusiyadan asılı olmaq şərtilə Hüseynəli bəyi Quba xanı elan etmişdilər. Nadir şahın ölümündən sonra qubalı Hüseynəli xan(1726−1758) müstəqil siyasət yeritməyə başlamışdır. Onun öz iqamətgahı Xudat qalası, 1735-ciildən isə Qubaşəhərinə köçürmüş və burada möhtəşəm saray tikdirmişdi. Hüseynəli xan irsilik hüququndan istifadə edərək 1756-cı ildə Salyan nahiyəsini Quba xanlığına birləşdirmişdi. Quba xanlığının yüksəlişi Fətəli xanın (1758-1789) hakimiyyətə gəlməsi ilə bağlı idi. Fətəli xanın hakimiyyəti dövrünü təhlil edəndə onun fəaliyyətini 3 mühüm sahəyə bölmək olar: 1. Vergi islahatı;2. Köçürmə siyasəti;3. Birləşdirmə siyasəti. Vergi islahatı. Fətəli xan vergi toplanması işini nizama salmaqla xəzinənin gəlirini artırmağa çalışırdı. Bunun üçün də o, vergi islahatı keçirdi. Əvvəllər vergiləri mahal naibləri toplayırdılar. Bu zaman naiblər yığılan verginin bir qismini mənimsəyirdilər. Fətəli xan bu Verginin birbaşa xəzinəyə daxil olmasını təmin etmək məqsədilə qaydanı ləğv etdi. Artıq vergini kəndxuda toplamalı və şəxsən özü xan xəzinəsinə təhvil verməli idi. Eləcə də kəndlilərin vəziyyətini yaxşılaşdırmaqdan ötrü Fətəli xanın göstərişi ilə bəzi mükəlləfiyyətlər yalnız xan yasavullarının tələbi ilə yerinə yetirilməli idi. Köçürmə siyasəti. Fətəli xanın köçürmə siyasətinin özünü də 3 yerə ayırmaq olar; 1. Əhalinin sayını artırmaq: Muğan, Gilan, Ərdəbil və digər yerlərdən Quba xanlığı ərazisini özünə daimi yaşayış yeri seçən kəndliləri, sənətkarları və bəzi feodalları bu əraziyə köçürdülər; 2. Müdafiəni gücləndirmək: Fətəli xan öz sərhədlərini möhkəmləndirmək üçün Muğandan cəngavər şahsevənlərin bir hissəsini xanlığın ərazisinə köçürdü; 3. Özünə dayaq yaratmaq: Şamaxı şəhəri ələ keçirildikdən sonra Fətəli xan burada özünə dayaq yaratmaqdan ötrü öz tərəfdarlarını Dərbənd, Quba və Salyandan Şamaxıya köçürdü. Ərazisi kiçik və əhalisi az olan Dərbənd xanlığı hərbi cəhətdən zəif olması, həmçinin yerli əhalinin onlardan çoxlu vergi alan Dərbənd xanından narazı olması və Fətəli xandan kömək istəməsi bu işi daha da asanlaşdırdı.Fətəli xan yerli əhalinin köməyi ilə 1759-cu ildə müqavimətsiz Dərbənd xanlığını Quba xanlığına tabe etmişdi. Fətəli xan Bakını Quba xanlığına birləşdirmək üçün «nikah diplomatiyası»ndan istifadə etdi. Fətəli xan bacısı Xədicə Bikəni Bakını idarə edən Məlik Məhəmməd xana ərə verdi. Nəticədə, 1767-ci ildə Bakı Quba xanlığına birləşdirildi. Artıq rəsmi sənədi ərdə Fətəli xan «Qubanın, Dərbəndin, Bakının və Salyanın hakimi» adlanırdı. Birləşdirməsiyasətinin 2-ci mərhələsində Şamaxı və Cavad xanlıqlarını birləşdirmək uğrunda mübarizə getdi. Əvvəllər Şamaxı xanı onun ərazisini dağıstanlıların hücumlarından qoruduğuna görə hər il Quba xanlığına xərac verirdi. Bir müddət sonra Şamaxı hakimləri Quba xanına xərac verməkdən imtina etdilər və nəticədə, 1765-ci ildən Quba-Şamaxı mübarizəsi başladı. Mübarizənin ilk dövründə şəkili Hüseyn xanın Şamaxı xanına kömək etməsi Fətəli xanın uğur qazanmasına mane olurdu. Yaranmış vəziyyətdən çıxış yolu arayan Fətəli xan Hüseyn xanı öz tərəfinə çəkdi. Fətəli xan Şəki xanına Şamaxı xanlığını öz aralarında bölüşdürməyi təklif etdi. 1767-ci ildə Quba-Şəki xanlıqlanmn qoşunlan Şamaxı xanlığını ələ keçirdilər və xanlığın ərazisi Fətəli xan və şəkili Hüseynəli xan arasında bölüşdürüldü. 1768-ci ilin avqustun 17-də Fətəli xan 15 min döyüşçü ilə Yeni Şamaxıya hücum edərək Şamaxı xanlığının Şəkinin payına düşən bütün mahallanm Qubaya birləşdirdi. Həmin il Cavad xanlığını da birləşdirməklə, Fətəli xan artıq bütün Şimal-Şərqi Azərbaycan torpaqlarının hökmdarı kimi çıxış etməyə başladı. Bu xanlıqlarla yanaşı, 1785-ci ildə Lənkəran (Talış) və Şəki xanlıqları da Quba xanlığından asılılığı qəbul etdi. Fətəli xan yalnız qonşu torpaqları birləşdirməklə kifayətlənmək niyyətində deyildi. Bütün Azərbaycanı, hətta İranın bəzi yerlərini ələ keçirməkdə onun planlarına daxil idi. Bu məqsədini reallaşdırmaq məqsədilə Fətəli xan hətta 1784-cü ilin yayında Cənubi Azərbaycana (bu zaman o, Ərdəbili və Meşkini ələ keçirmişdi) hücum etmişdi. Lakin Azərbaycana dair öz planları olan Rusiya və onun Cənubi Qafqazdakı əlaltısı Kartli-Kaxetiya çarlığı hər vasitə ilə buna mane olurdu. Haşiyə: 1773-cü ildə Şəki, Avar, Qarabağ xanlıqlarının və Qubaya düşmən digər Dağıstan feodal hakimlərinin birləşmiş qüvvələri Quba xanlına uğursuz yürüş etdilər. II İrakli Fətəli xana qarşı açıq çıxış etməyə cəsarət etmir, fürsət gözləyirdi. O, Qarabağ və Şəki xanlıqlarının Quba xanlığına qarşı yaranmış ittifaqına daxil oldu. 1774-cü ildə Xudat yaxınlığında baş vermiş Gavduşan döyüşündə Fətəli xan məğlubiyyətə uğrayaraq Salyana çəkildi. O, gizli yolla Dərbəndə qayıdaraq şəhərin müdafiəsini təşkilinə başladı və kömək üçün Rusiyaya müraciət etdi. 1775-ci ildə Dərbəndin mühasirəsinə son qoyuldu. Fətəli xanın ölümündən sonra Şimal-Şərqi Azərbaycan dövlət birliyi dağılmış və onu əvəz edən oğulları Əhməd xan (1789-1791) və Şeyxəli xan (1791-1806) yalnız Qubanı və Dərbəndi öz hakimiyyətləri altında saxlaya bilmişdilər. Şəki xanlığı: Şəki xanlığının əsasını Hacı Çələbi xan (1747-1755) qoymuşdur. Hacı Çələbi hələ Nadir şahın sağlığındaüsyan qaldıraraq özünü 1743-cu ildə müstəqil xan elan etsə də, onun əsas fəalliyyəti 1747-ci il Nadir şahın qətlindən sonrakı dövrə təsadüf edir. Hacı Çələbi, ilk növbədə, qonşuluğunda yerləşən Qəbələ və Ərəş sultanlıqlarını özünə tabe etdi. 1748-ci ildə Qarabağ xanlığına hücum edib, öz müttəfiqi Şamaxı xanı ilə bir aydan artıq Bayat qalasını mühasirəyə alsa da, heç bir uğur əldə edə bilmədi. Böyük itkilər verib geri qayıdaraq Qarabağlı Pənahəli xanın müstəqilliyini tanıdı. Şəki xanlığının belə aktivlik göstərməsi qonşu xanlıqları, eləcə də Kartli-Kaxetiya çarlığınınarahat edirdi. İranda şah hakimiyyəti uğrunda gedən mübarizədən istifadə edən Kartli-Kaxetiya çarları Qazax və Şəmsəddil sultanlıqlarını ələ keçirmiş Car-Balakən camatlığını, Gəncəni, hətta Qarabağı tutmağa çalışırdı. Kartli-Kaxetiya çarlarının 1751-ci ilin fevralında Car torpaqlarına etdiyi hucumunun qarşısı Hacı Çələbi tərəfindən alındı. Belə bir şəraitdə gürcü çarları Hacı Çələbiyə qarşı mübarizədə Azərbaycan xanlarının qüvvələrindən istifadə etməyi düşündülər. Gəncə, Qarabağ, Qaradağ, Naxçıvan və İrəvan xanlıqları 1752-ci ilin martında Kartli-Kaxetiya çarları ilə ittifaq bağlamaq üçün Gəncə yaxınlığında bir araya gəldilər. Lakin bu görüş heç də xanların gözlədiyi kimi nəticələnmədi. Gürcü çarları danışığa gələn Azərbaycan xanlarını əsir alıb özləri ilə Gürcüstana aparmağı qərara aldılar. Bundan xəbər tutan Hacı Çələbi vaxt itirmədən düşməni təqib edərək Qızılqaya adlanan yerdə gürcüləri məğlubiyyətə uğratdı. Hacı Çələbi xan əsirlikdən qurtardığı xanlarla görüşmədən düşməni təqibə davam etdi, nəticədə Borçalı və Qazax mahallarını ələ keçirdi. Həmin mahalların idarəsini oğlu Ağakişiyə tapşırıb Şəkiyə döndü. Hacı Çələbi xan 1755-ci ildə Şirvana yürüş etdi. Lakin Quba xanı Hüseynəli xanın Şamaxı xanına kömək etməsi nəticəsində Hacı Çələbi xanın bu yürüşü uğursuz oldu. 1755-ci ildə Hacı Çələbidən sonra hakimiyyətə oğlu Ağakişi (1755-1759) çox keçməmiş Ağakişini qayınatası qazıqumuxlu Məhəmməd xan qətlə yetirdi və hakimiyyətə gəldi. Qırx gündən sonra Quba xanı Fətəli xanın köməyi ilə Hacı Çələbinin nəvəsi Hüseyn xan (1759-1780) onu taxtdan saldı və hakimiyyəti ələ aldı. Hüseyn xan ilk dövrlərdə Quba xanlığı ilə müttəfiq münasibətləri saxlayırdı. Lakin Şamaxı xanlığı uğrunda mübarizə zamanı bu ittifaq pozuldu və keçmiş müttəfiqlər rəqiblərə çevrildilər. Tezliklə bu mübarizədə məğlub olan Hüseyn xan 1769-cu ildə Fətəli xanla müqavilə bağladı. Bu müqavilə ilə Hüseyn xan Fətəli xana lazım olduqda qoşun verməyi və Şamaxının işlərinə qarışmamağı öhdəsinə götürdü. Hüseyn xan hakimiyyət uğrunda öz qohumları və əmirləri ilə gərgin mübarizə apardı. 1779-cu ildə sui-qəsd nəticəsində öldürüldü, hakimiyyətə Hacı Çələbinin oğlu Əbdülqadir xan (1780-1783) gəldi. Bununla da Şəkidə hakimiyyət uğrunda mübarizə bir qədər də qızışdı. Bu da Şəki xanlığını həm siyasi, həm də iqtisadi cəhətdən sarsıtdı. Azərbaycanın şimal-qərbində yerləşən Car-Balakən camaatlığı Car, Balakən, Katex, Tala, Muxax və Cənik adlı azad cəmiyyətləri özündə birləşdirən sosial-siyasi qurum idi. Hər bir cəmiyyət camaat adlandırılan bir neçə kənd icmasından ibarət idi. Hər bir icma kəndxuda və qazı tərəfindən idarə olunurdu. İdarəetmə şəriət qaydalarına əsaslanırdı. Cəmiyyətdə ruhanilərin də nüfuzu yüksək idi. Camaatlığın ali orqanı xalq yığıncağı idi. Burada yalnız yetkinlik yaşına çatmış kişilər iştirak edə bilərdilər. Yığıncaqlarda camaatın bütün vacib məsələləri müzakirə edilir və qəbul olunan qərarlar qanun qüvvəsini alırdı. XVIII əsrin 50-ci illərində Car-Balakən camaatlığı Şəki xanlığından asılı vəziyyətə düşmüşdü. Camaatlıq XVIII əsrin sonlarında müəyyən müstəqillik əldə edə bilmişdi. Qarabağ xanlığı: Qarabağ xanlığı Səfəvilər dövlətində mövcud olan Qarabağ bəylərbəyliyi ərazisində yaranmış iki xanlıqdan (Gəncə və Qarabağ) biri idi. Xanlığın əsasını Cavanşirlər nəslindən olan Pənahəli xan qoymuşdu. Xanlığın əhalisinin əksəriyyətini Cavanşir, Ziyadoğlular, İyirmidördlər, Otuzikilər, Kəbirli tayfaları təşkil edirdi. 1748-ci ildə Qarabağın bir hissəsində hakimiyyəti ələ alan Pənahəli xan xanlıq ərazisində hakimiyyətini möhkəmləndirməkdən ötrü Nadir şah tərəfindən sürgün edilmiş tayfaları geri qaytardı. 1748-ci ildə düşmənlərindən və qonşu xanlıqların hücumlarından qorunmaq üçün Kəbirli mahalında Bayat qalasını tikdirdi. Bayat qalası xanlığın sərhədinə yaxın ərazidə yerləşdiyindən qonşu xanlıqların hücumu üçün açıq idi. Bu üzdən də Pənahəli xan xanlığın mərkəzini əvvəlcə Şahbulaq (1751) və daha sonra 1756-1757-ci illərdə tikilib başa çatdırılan Şuşa qalasına köçürtdü, Şuşa əvvəllər onun banisinin adı ilə Pənahabad adlandırılmışdı. Qarabağ xanlığının mərkəzləşdirmə siyasətinə qarşı çıxan xristian-alban məliklikləri tabe edildi. İlk olaraq, Vərəndə məliyi Pənahəli xanın hakimiyyətini qəbul etdi. Xaçın məliyi əvvəlcə müqavimət göstərsə də, Ballıqayadöyüşündə məğlub edildi və Pənahəli xana tabe olduğunu qəbul etdi. Tədricən digər məlikliklər — Dizaq, Çiləbörd, Gülüstan (Talış) da Qarabağ xanından asılılığı qəbul etdilər. Lakin buna baxmayaraq, onlar məkrli siyasətlərini davam etdirir, gizli olaraq xarici qüvvələrlə, xüsusən çar Rusiyası ilə əlaqələr saxlayır və onları Qarabağa yürüşə təhrik edirdilər. 1757-ci ildə Məhəmmədhəsən xan Qacarın qoşunu Qarabağa yürüş etdi. Lakin «Xatın arxı» adlı yerdə baş vermiş döyüşdə Qarabağ xanlığı qalib gəldi. Məhəmmədhəsən xan geri qayıtmağa məcbur oldu. Urmiya xanı Fətəli xan Əfşar 1759-cu ildə hücum edib Şuşa qalası 6 ay mühasirədə qaldıqdan sonra Pənahəli xan oğlu İbrahimxəlili girov verməklə şəhəri azad etdi. İbrahimxəlil xanın (1763-1806) dövründə xanlıq daha da gücləndi. İbrahimxəlil xan məlikliklərin xəyanətinə, qonşu xanlıqların hücumlarına son qoymaqdan ötrü Avar xanlığı, Gürcü çarlığı və Şəki xanlığı ilə qohumluq əlaqələri yaratdı. Öz qohumu Əsədulla bəyiTəbrizini xan taxtına çıxartdı. Tezliklə Naxçıvan, Qaradağ və bəzi digər xanlıqlar Qarabağ xanından asılı vəziyyətə düşdülər. İbrahimxəlil xan 1780-ci ildə müttəfiqi Kartli-Kaxetiya çarlığı ilə birlikdə Gəncəyə hücum edib xanlığı bölüşdürdü. 1780—1781-ci illərdə Qubalı Fətəli xanın Qarabağa yürüşlərini Kartli-Kaxetiya çarlığının yaxından köməkliyi qurtuldu. Qərbi Azərbaycan Xanlıqları (Naxçıvan və İrəvan): Səfəvilər dövləti vaxtında mövcud olan Çuxursəəd bəylərbəyliyi ərazisində Nadir şahın ölümündən sonra iki xanlıq - Naxçıvan və İrəvan xanlıqları yarandı. Naxçıvan xanlığının əsasını qoyan Kəngərli tayfasının başçısı Heydərqulu xan (1747-1763) daha qüdrətli sayılan Qarabağ xanlığına arxalanmaq qərarına gəlmişdi. Bu məqsədlə də o, Pənahəli xanla görüşmüş və hətta onun məsləhəti ilə Şəki xanına qarşı yaradılmış ittifaqa da qoşulmuşdur. Heydərqulu xanın ölümündən sonra onun varislərinin dövründə xanlıq nisbətən zəiflədi. Əvvəlcə Kərim xan Zəndin təsirinə düşdü, sonra isə Xoy, İrəvan, Qarabağ xanlıqları və Gürcü çarları Naxçıvanda özlərinə münasib adamı taxta çıxartmağa səy göstərdilər. Bu da öz növbəsində hakimiyyət uğrunda gedən mübarizənin daha da qızışmasına şərait yaratdı. İrəvan xanlığının əsasını Mir Mehdi xan Əfşar (1747—1752) qoymuşdu. Ərazisi Ağrı vadisi, Dərələyəz və Göyçə gölü arasındakı torpaqlarda yerləşirdi. 1755-ci ildə İrəvanda üsyan baş verdi. Üsyana əhali arasında böyük nüfuzu olan Həsənəli xan Qacar başçılıq edirdi. Üsyan nəticəsində o, İrəvan xanı oldu. Beləliklə, İrəvanda yerli türk qacar tayfası hakimiyyətə gəldi. Xanlığın ərazisində erməni dini mərkəzi Üçkilsə yerləşirdi. Kilsənin başçısı - katolikos İrəvan xanı tərəfindən təyin olunurdu. Xanlıq nisbətən zəif olduğundan qonşuların diqqətini cəlb edirdi. 1749-cu ildə İrəvan Qarabağ xanı Pənahəlinin, daha sonra isə Kaxetiya çarı II İraklinin hucumuna məruz qaldı və bir müddət gürcü çarlığından asılı vəziyyətə düşdu. İrəvan xanlığını zəbt etməyə çalışan Kartli və Kaxetiya çarları Üçkilsə monastrının1 katolikosu ilə əlaqə saxlayır, İrəvan xanlarına onun əli ilə zərbə endirməyə çalışırdılar. 1765-ci və 1769-cu illərdə Kartli-Kaxetiya çarının İrəvana hücumları nəticəsində xan onlara müəyyən qədər bac verməyə məcbur oldu. Lakin mərkəzi İranda hakimiyyəti ələ almış Kərim xan Zəndin tələbi ilə o vaxt İrəvanda xan olan Hüseynəli xan gürcü çarı II İrakliyə bac verməkdən imtina etdi. 1779-cu ildə Kərim xan Zəndin vəfatından sonra II İrakli İrəvan xanlığından bac tələb etdi. Hüseynəli xan gürcü çarının tələbini rədd etdi. Buna görə II İrakli 20 minlik qoşunla qəflətən İrəvana hücum etdi, lakin güclü müqavimətə rast gəlib geri çəkilməli oldu. İrəvanı tuta bilməyib bir çox kəndi qarət edən gürcü çarı geri qayıdan zaman 2500-ə yaxın ailəni də Hüseynəli xanın vermədiyi bac əvəzinə apardı. Osmanlı dövlətinə arxalanan Hüseynəli xan II İraklidən İrəvan xanlığından zorla Gürcüstana köçürdüyü ailələrin geri qaytarılmasını tələb etdi. 1781- ci ildə İrəvan xanlığı ilə Kartli - Kaxetiya çarlığı arasında bağlanmış sülh müqaviləsinə görə II İrakli 30 min tümən ödənc müqabilində həmin əhalinin geri qaytarılmasına razılıq vermişdi. İkihakimiyyətli xanlıqlar (Şamaxı və Gəncə):Şamaxı xanlığının əsasını 1747-ci ildə Hacı Məhəmmədəli bəy (mərkəz Yeni Şamaxı-Red-Ağsu)), Sərkərlər sülaləsindən olan Məhəmməd Səid və Ağasıxanqardaşları (mərkəz Köhnə Şamaxı) qoymuşdur. Digər xanlıqlardan fərqli olaraq yaranışında Şamaxıda ikihakimiyyətlik mövcud idi və bu iki qüvvə arasında mübarizədə Məhəmməd Səid xan elatlardan topladığı qoşunla 1763-ci ildə Yeni Şamaxını ələ keçirərək ikihakimiyyətliyə son qoydu. Xanlığın mərkəzi Köhnə Şamaxı şəhəri oldu. 1789-cu ildə — Fətəli xanın ölümünə qədər, əsasən, Quba xanlığının tərkibində olmuşdur. Fətəli xanın ölümündən sonra müstəqil olan Şamaxı xanlığında 1789-1792-ci illərdə hakimiyyət uğrunda mübarizə gedir. 1792-ci ildə hakimiyyətə Mustafa xan gəldi. Bundan sonra Şamaxı xanlığında bir müddət sabitlik yarandı. Gəncə xanlığının əsasını 1747-ci ildə Qacar türk soyundan olan II Şahverdi xan Ziyadoğlu (1747-1768) tərəfindən qoyulmuşdu. 1759-1761-ci illərdə Şahverdi xan Qarabağ xanlığından asılı vəziyyətdə olmuşdu. Məhəmməd Həsən xanın dövründə (1768-1778) xanlığın iqtisadiyyatı, xüsusilə ipəkçilik xeyli inkişaf etmişdi. 1780-ci ildə II İrakli və İbrahimxəlil xanın burada qaliblərin təyin etdikləri iki nümayəndə idarə etdiyindən xanlıqda ikihakimiyyətlilik yaranmışdı. 1783-cü ildə Hacı bəyin başçılığı ilə üsyan oldu və hər iki hakim Gəncədən qovuldu. 1784-cü ildə II İraklinin rus qoşunu ilə birlikdə Gəncəyə hücumunun qarşısı dağlı hakimlərinin köməyi ilə alınmışdı. 1786-cı ildə Gəncə xanlığında hakimiyyətə Cavad xan Ziyadoğlu (1786—1804) gəldi. Cavad xanın həyata keçirdiyi müdrik siyasət Gəncə xanlığının müstəqilliyini möhkəmləndirdi. 1797-ci ildə V.Zubovun başçılıq etdiyi rus qoşunları Azərbaycanı tərk edən kimi Cavad xan Qazax, Şəmşəddil və Borçalı mahallarını gürcülərdən geri almışdı. Bakı və Lənkəran xanlıqları: Bakı xanlığının əsası 1747-ci ildə Mirzə Məhəmməd xan (1747-1768) tərəfindən qoyulmuşdu. Məlik Məhəmməd xanın dövründə (1768-1784) də xanlıq Fətəli xandan aslı olaraq qalırdı. Fətəli xan 1779-cu ildə Qarabağ xanlığı ilə “birgə dostluq ittifaqı” yaratmaq məqsədi ilə Məlik Məhəmməd xanı Qarabağlı İbrahimxəlil xanla danışıqlara göndərmişdi. 1784-cü ildə 11 yaşlı II Mirzə Məhəmmməd xan (1784-1791) taxta çıxdı. Bakı xanlığında faktiki hakimiyyət Fətəli xan və onun bacısı Xədicə Bikənin əlində idi. 1789-cu ildə Fətəli xanın ölümündən soma Bakı xanlığı asılılıqdan çıxdı. Xanlığın sonuncu hakimi olan Hüseynqulu xan (1792-1806) müstəqil siyasət yeridərək üzdə qubalı Şeyxəli xanla dostluq münasibətləri saxlayırdı. Lənkəran xanlığı 1747-ci ildə tarixdə Qara xan kimi tanınan Cəmaləddin Mirzə bəy tərəfindən qoyulmuşdu. Qara xanın dövründə (1747-1786) xanlıqda siyasi sabitliyi qoruyub saxlamaq və iqtisadiyyatı inkişaf etdirmək üçün bir sıra mühüm addımlar atılmışdı. Qara xan xarici işğallardan qorunmaq üçün 1785-ci ildə Quba xanlığından asılılığı qəbul etmişdi. Qara xandan sonra hakimiyyətə Mir Mustafa xan (1786-1814) Qacar təhlükəsinə qarşı Rusiyadan kömək almaq üçün öz nümayəndələrini Peterburqa göndərmişdi. Mir Həsən xanın dövründə (1814-1826) xanlıq Rusiya tərəfindən işğal olunsa (1812-1813-cü illərdə) da, xan hakimiyyəti bir qədər gec - 1826-cı ildə ləğv edilmişdi.