9. XIX əsrin II yarısında burjua islahatları. Torpaq islahatı: 1861-ci il 19 fevral çar II Aleksandr (1855-1881)“Təhkimçilik hüququnun ləğv olunması haqqında” Əsasnaməni təsdiq etdikdən sonra Rusiyada islahatlar başlandı. Bu islahatlar, ilk növbədə, daxildə - ruslar yaşayan bölgələrdə aparılırdı. Feodal-kəndli asılılıq münasibətlərini ləğv etmək məqsədilə1861-ci ildə mərkəzi islahat komitəsinin yaradıldı. İslahat keçirmək üçün ilk növbədə dövlət, sahibkar və kəndlilərin pay torpaqlarının sərhədləri dəqiq müəyyən etmək məqsədlə1861-cı ildə Cənubi Qafqaz Mərz Palatası yaratdı. Mərz - tarla, bağ, bostan və s. sahəsini bir-birindən ayıran sərhəddir. 1865-ci ildə “Kənd cəmiyyətlərinin ictimai idarəsi haqqında”Əsasnamə ilə bəylərin kəndlilər üzərində polis və məhkəmə hakimiyyəti hüququ ləğv edildi, seçkili orqan olan vahid Kənd İdarəsi yaradıldı. Bəylərin Kənd İdarəsinə müəyyən təsiri qalsa da, kəndlilər üzərində hakimiyyəti bu yolla xeyli azaldı. Əsasnamənin mütərəqqi cəhətlərinə baxmayaraq, torpaqlar yenə də bəy və ağaların mülkiyyətində saxlanılır, vergilərin ümumi miqdarı dəyişməz qalırdı. 2-ci mühüm addım 1866-cı ildə bəy komissiyalarınınyaradılması oldu. Bakı, Tiflis, İrəvan və Şuşada fəaliyyət göstərən bu komissiyalar ali müsəlman təbəqəsinin tərkibini dəqiq müəyyənləşdirməli idi. Rusiya hökuməti 1870-ci il mayın 14-də Şimali Azərbaycanda sahibkar kəndlilərinə aid islahat keçirilməsini nəzərdə tutan Əsasnaməni təsdiq etdi. Əsasnamədə 3 əsas məsələyə toxunulmuşdu: 1) kəndlilərin feodal tabeliyindən azad edilməsi; 2)pay torpağı; 3) vergi və mükəlləfiyyət. Əsasnaməyə görə, sahibkar kəndlilərinin feodaldan asılılığına son qoyuldu. Kəndlinin istifadəsində olan əkin sahələri, meyvə, tut, üzüm bağları onun pay torpağı hesab edildi və kəndlinin daimi istifadəsində saxlanıldı. Kəndli öz pay torpağını satın (pulla) alıb xüsüsi mülkiyətinə çevirə bilərdi. Lakin satın alınacaq yararlı torpaqlar bir kəndli üçün 5 desyatindən çox ola bilməzdi. Bundan artıq olan torpaq sahəsi mülkədarın xüyrinə kəsilib götürülürdü. Həm də torpaq sahibinə icazə verilirdi ki, bütün yararlı torpağın 1/3 hissəsini öz ixtiyarında saxlasın. Satınalma zamanı kəndliyə dövlət tərəfindən heç bir yardım göstərilmədi. Digər tərəfdən, Azərbaycandakı torpaqların satınalma məbləği Rusiyanın mərkəzi quberniyalarında olan qiymətdən bir neçə dəfə yüksək təyin edilmişdi. Bakı quberniyasında sahibkar kəndlilərinin 1 desyatin torpaq üçün ödədikləri məbləğ Minsk quberniyasından 25 dəfə, Həştərxan quberniyasından 20 dəfə, Perm, Orenburq quberniyası kəndlilərinin ödədiyi məbləğdən 10 dəfə çox müəyyən edilmişdi. Yelizavetpol quberniyasında vəziyyət daha pis idi. Burada kəndlilər Rusiya kəndliləri ilə müqayisədə 30-40 dəfə artıq satınalma məbləği ödəməli olurdular. Bunun nəticəsi idi ki, 1870-ci il kəndli islahatı Şimali Azərbaycanda sahibkar kəndlisini torpaq mülkiyyətçisinə çevirmədi və uzun müddət ərzində o, “müvəqqəti mükəlləfiyyətli” vəziyyətində qaldı. Kəndli istifadə etdiyi torpağa görə malcəhət - məhsulun 1/10 qədər vergi ödəməli idi, məhsulun yerdə qalan hissəsindən isə sərbəst şəkildə istifadə edə bilərdi. Biyar ləğv edildi və hər desyatin pay torpağına görə pul ödənişi ilə əvəz olundu. Bu cəhətinə görə islahat burjua xarakteri daşıyırdı. İslahatdan sonra bütün Rusiyada olduğu kimi, Şimali Azərbaycan kəndində də təbəqələşmə baş verirdi. Kəndlilərin bir qismi varlanaraq qolçomağa çevrilir, aztorpaqlı və torpaqsız kəndlilər isə muzdlu işçi kimi çalışırdılar. Sahibkar kəndlilərindən sayca çox olan dövlət kəndlilərinin də vəziyyəti ağır idi. 1853-cü ildə dövlət kəndlilərinin köçmək hüququnun ləğv edilməsi, 1870-ci il islahatının onlara aid olmaması bu kəndliləri hüquqsuz və torpaqsız vəziyyətə salmışdı. Çar Rusiyasında, zadəgan övladları istisna olmaqla, müsəlmanlar hərbi xidmətə çağırılmırdılar. Rusiya müsəlmanların hərbi işi bilməsini istəmirdi. Bu səbəbdən də 1887-ci ildə hərbi xidmət əvəzinə kəndlilərin üzərinə yeni – hərbivergi adlanan əlavə mükəlləfiyyət qoyuldu. Məhkəmə islahatı:1866-cı ilməhkəmə islahatına görə, silki məhkəmələr ləğv edildi. Əhalinin bütün təbəqələri üçün ümumi məhkəmələr yaradıldı. Məhkəmə iclasları açıq keçirilməli idi. Rusiyadan fərqli olaraq, Şimali Azərbaycanda məhkəmə hakimləri əhali tərəfindən seçilmir, Qafqaz canişini tərəfindən təyin edilirdi. Məhkəmə hakimi vəzifəsinə, bir qayda olaraq, rus və ya digər xristian xalqların nümayəndəsi təyin edilirdi. Şəhər islahatı:1870-ci il iyunun 16-da Mərkəzi Rusiyada şəhər özünüidarə orqanlarının təşkili haqqında Əsasnamə qəbul edildi. Həmin Əsasnaməyə görə, Şəhər Dumasına seçkilərdə yalnız 25 yaşına çatmış, şəhərdə yaşayaraq rüsum ödəyən və müəyyən əmlaka malik olan kişilər iştirak edə bilərdilər. Bu Əsasnamə ilk dəfə 1878-ci ildə Bakı şəhərində tətbiq edildi. Əsasnaməyə uyğun olaraq, Bakı Şəhər Duması və Dumanın icraedici orqanı olanŞəhər İdarəsi yaradıldı. Şəhər İdarəsinin başçısı yalnız rus olmalı idi. Başçını Şəhər Duması seçsə də, Daxili İşlər Nazirliyi təsdiq edirdi. Şəhər Dumasının səlahiyyətlərinə şəhər təsərrüfatının idarə edilməsi, yerli ticarət və sənayenin himayə edilməsi, yanğınla mübarizə, səhiyyə,xalq təhsili kimi sahələr daxil idi. Bakı Şəhər Dumasında bütün işlər rus dilində aparılırdı. 1878-ci ildə Bakıda Dumaya seçkilər keçirildi. İlk Dumaya 72 nəfər, sonralar 75 nəfər üzv seçilmişdi. Duma üzvünə o zaman “qlasnı ” deyilirdi. Fərmana görə, azərbaycanlı nümayəndələrin sayı Duma üzvlərinin ümumi sayının yarısından çox ola bilməzdi. Milli burjuaziyanın təmsilçiləri olan Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, görkəmli ictimai xadim və maarifçi Həsən bəy Zərdabi bir neçə dəfə Şəhər Dumasına üzv seçilmiş və onun işində fəal iştirak etmişdilər. Çar hökuməti 1892-ci ildəyeni Şəhər Əsasnaməsi qəbul edərək qubernatorların şəhərlərin özünüidarə işlərinə müdaxilə etmək hüquqlarını genişləndirdi. Bu Əsasnaməyə uyğun olaraq, Yelizavetpolda (Gəncədə) tam həcmli şəhər özünüidarəsi, Lənkəran, Şəki, Şamaxı, Quba və digər şəhərlərdə isə səlahiyyətləri məhdud olan idarəçilik tətbiq edildi. İslahatların nəticəsi: XIX əsrin ikinci yarısında Rusiyanın Cənubi Qafqazda keçirdiyi islahatlar məhdud cəhətlərinə, müstəmləkə xüsusiyyətinə baxmayaraq, mühüm dəyişikliklərə səbəb oldu. Azərbaycanda yeni sosial-iqtisadi münasibətlərin yaranmasına, kapitalist sənayesinin inkişafına təkan verildi. Sənayedə və kənd təsərrüfatında gedən proseslər kapitalist cəmiyyətinə xas olan sosial təbəqələri – fəhlə (ploretariat) və milli burjuaziyanı formalaşdırdı. Ölkənin iqtisadi cəhətdən inkişafı mədəniyyətin bütün sahələrində – təhsil, elm, incəsənət və memarlıqda yüksəlişə səbəb oldu. XIX əsrin II yarısındaAzərbaycanda Avropa təhsilli yeni ziyalı nəsli meydana gəldi. Məhz bu ziyalılar xalqın maariflənməsində, milli şüurun formalaşmasında mühüm rol oynadılar. Yeni ziyalı nəsli və milli burjuaziyanın görkəmli nümayəndələri milli azadlıq hərəkatının önündə gedərək xalqı müstəqil dövlətçiliyin yaradılmasına səfərbər etdilər.