MÖVZU 5. AZƏRBAYCANIN MALİYYƏ, DÖVLƏT BÜDCƏSİ, KREDİT VƏ BANK SİSTEMİ. 1. Azərbaycanın maliyyə sistemi və onun yenidən qurulmasının zəruriliyi 2. Dövlət maliyyəsi. Dövlət büdcəsi və onun strukturu 3. Vergi sistemi və vergi siyasəti 4. Sığorta sistemi 5. Kredit münasibətləri 6. Bank sistemi 1. Azərbaycanın maliyyə sistemi və onun yenidən qurulmasının zəruriliyi Maliyyə şox əsrlilik tarixə malikdir. “Maliyyə” termini latın sözü “financia”-dan əmələ gəlmişdir ki, bu da “pul ödəməsi” deməkdir. Maliyyə münasibətlərinin mövcudluğu əmtəə-pul münasibətləri ilə əlaqədardır. Azərbaycanda kapitalizmin meydana gəlməsi və əmtəə-pul münasibətlərinin inkişaf etməsi ilə onun maliyyəsi də inkişaf edir. Dövlət gəlirlərinin əsas hissəsini müxtəlif vergilər təşkil edir və dövlətin iqtisadi bazası rolunu oynayır. Maliyyə mərkəzləşdirilmiş (dövlət) və qeyri-mərkəzləşdirilmiş (müəssisə, firma və təşkilatların) pul resursları fondlarının yaradılması, bölgüsü və istifadəsi üzrə yaranan iqtisadi münasibətlər sistemidir. Bu münasibətlərin formalaşması maliyyə resurslarından səmərəli və sərbəst istifadə üçün şəraitin yaradılmasını tələb edir. Dövlət ilə müəssisə, firmalar və şirkətlər arasında olan maliyyə münasibətləri vasitəsilə dövlətin mərkəzləşdirilmiş xalis gəliri, dövlətin büdcəsi formalaşır. Azərbaycan dövlət maliyyə siyasəti dövlət, hökumət xərclərini tənzimləyir və fiskal siyasəti həyata keçirir.
Fiskal siyasət – dövlət xərcləri və vergi ilə bağlı tənzimləmə sistemidir. Büdcə vəsaitinin yaranması və istifadəsi ilə bağlı dövlətin yeritdiyi maliyyə tədbirləri sistemidir.
Maliyyə münasibətlərinin mühüm bir hissəsini də müəssisə, firma və şirkətlər və banklar arasındakı münasibətlər təşkil edir. Sahibkarlığın inkişafında, istehsalın ahəngdarlığının təmin edilməsində bank sudaları mühüm rol oynayır. Bunlarla yanaşı müxtəlif səviyyəli dövlət təşkilatları arasında maliyyə münasibətləri yaranır. Əhali ilə dövlət arasında olan geniş əhatəli maliyyə münasibətlərini xüsusi olaraq qeyd edək. O, əsasən dövlət tərəfindən əhaliyə ödəmələr formasında (pensiya, posobiya, yardım, təqaüd və s.) həyata keçir. Maliyyə vasitəsilə bölgü prosesində bölgü obyekti kimi ümumi milli məhsul, milli gəlir çıxış edir. Maliyyə məhsul satışından gələn pul gəlirlərini, xüsusən onun xalis gəlir təşkil edən hissəsinin bölgüsündə mühüm rol oynayır. Bu bölgü əlavə dəyər vergisi, aksiz vergisi, mənfəətdən fondlar üçün haqq, normalaşdırılmış (renta)tədiyyələr və mənfəətin sərbəst qalığı şəklində tədiyyələr ödəmək, fəhlə və qulluqçulara verilən əmək haqqından ötəri sosial sığorta fondu üçün əlavələr etmək, kooperativ və xüsusi müəssisələrdən gəlir vergisi almaq yolu ilə həyata keçirilir. Yəni maliyyə vasitəsilə xalis gəlirin bölgüsü və yenidən bölgüsü həyata keçirilir. Maliyyədən milli gəlirin dövlət, kooperativ və xüsusi bölmələrin sahələri arasında bölgüsü və yenidən bölgüsü üçün də istifadə edilir. Dövlət maliyyə vasitəsilə milli gəlirin çox hissəsini əhalinin sosial-mədəni ehtiyaclarına yönəldir. Belə ki, təhsil, tibb xidməti, mənzil tikintisi, pensiya, təqaüd, müavinət və s. məqsədlər üçün vəsait ayrılır. Maliyyə sistemi vasitəsilə əhalinin fərdi gəlirlərinin bir hissəsi də (vergilər, sığortalar, istiqrazlar və s. formasında) yenidən bölüşdürülür. Bu vəsaitlər dövlətin mərkəzləşdirilmiş fonduna daxil olur və məqsədli istifadə edilir. Belə bir qənaətə gəlmək olar ki, maliyyənin bölüdürücü funksiyası ümumi milli məhsul və milli gəlirin bölgüsü və yenidən bölgüsünü həyata keçirməyə xidmət edir.