İqtisadi azadlıq – başqasının himayəsindən, ələ baxımlığından qurtarıb, öz imkanları hesabına yaşamağa qadir olmaq deməkdir. Söhbət fərdin, millətin və hər bir fərdin iqtisadi cəhətdən azad yaşaya bilməsindən gedir. İqtisadi cəhətdən azad yaşaya bilmək üçün iqtisadi gücə malik olmaq lazımdır. İqtisadi güc isə real, təbii, iqtisadi, intelektual elmi potensialdır, bu potensialı hərəkətə gətirib respublikanın ehtiyaclarını ödəmək üçün lazım olan maddi və mənəvi nemətləri istehsal etmək qabiliyyətidir, istehsalı təşkil etmək, idarəetmək bacarığıdır. İqtisadi cəhətdən güclü olmaq iqtisadi azadlığı təmin edir.
Azad iqtisadiyyat - fəaliyyəti kənar qüvvələrin təsiri ilə məhdudlaşdırılmayan, bazar qanunları ilə tənzim olunan, bazarın tələbinə uyğun fəaliyyət göstərən iqtisadiyyatdır. Burada mülkiyyət azadlığı, sahibkarlıq azadlığı, azad rəqabət, azad qiymətlər mövcuddur. İqtisadiyyat demokratik prinsiplər əsasında fəaliyyət göstərir. Ancaq bu azadlıq mütləq mənada qəbul olunmamalıdır. Belə ki, iqtisadiyyat həm təbii amillərlə bağlıdır, həm də dövlətin müdaxiləsinə, köməyinə möhtacdır.
İqtisadi müstəqillik – o deməkdir ki, 1)xalq tarix boyu yaratdığı və təbiətin ona bəxş etdiyi sərvətin sahibi olur, ona sərəncam verir və öz mənafeyinə uyğun istifadə edir. 2)cəmiyyət özünü iqtisadi cəhətdən yaşatmaq gücünə malik olur., əsasən özünün imkanlarına və tarixi reallıqlara iqtisadiyyatın ictimai formasını müəyyən edir, formalaşdırır; 3)tərəddüd etmədən xarici iqtisadi əlaqələr yaratmaq, sərbəst dünya bazarına çıxa bilmək, xarici rəqabətə qarşı davamlı olmaq, iqtisadi təxribatdan qorunmaq kimi keyfiyyətlər də iqtisadi müstəqilliyin olması deməkdir. İqtisadi cəhətdən müstəqil olan bir dövlət müstəqil maliyyə, pulkredit, gömrük, qiymət siyasəti yeritmək qüdrətinə malik olur. Ancaq iqtisadi müstəqillik verilmir, iqtisadi müstəqilliyi təmin edən milli iqtisadiyyat formalaşdırılmalıdır. Bu elə bir iqtisadiyyat olmalıdır ki, onun: 1)özünün yetkin milli bazarı və bu bazarın tələblərinə cavab verən strukturu qərarlaşsın; 2) öz dayaqları üzərində inkişaf edə bilsin və özünü təkrar istehsal etmək qabiliyyətinə malik olsun; 3) müstəqil, möhkəm valyutası, maliyyə, kredit, bank sistemi fəaliyyət göstərsin; 4)formalaşmış istehsal, bazar və sosial infrastrukturları olsun; 5)səhmanlı, çevik təsərrüfat mexanizminə və dövlət idarəçilik ənənələrinə malik olsun. Bu cür keyfiyyətlərə malik bir iqtisadiyyat sosial istiqamətli olmalıdır, ölkənin iş qabiliyyətli əhalisinin işlə təmin etməklə səciyyələnməlidir.