Sovet İttifaqında Azərbaycan. Sovet İttifaqı dövründə, bu ölkənin bir alt qurumu səciyyəsini daşıyan Azərbaycanın iqtisadi təşkilat forması və idarə etmə mexanizması ittifaqın iqtisadi strategiyası əsasında formalaşmışdı. Sənaye strukturları bütövlükdə Sovet İttifaqının ehtiyacına görə qurulmuş, böyük müəssisələrdən meydana gəlmişdir. Sovet İttifaqında mərkəzi planlama istiqamətində ölkələr arasında ixtisaslaşma və iş bölümünə aparılmışdır. Bu çərçivədə Azərbaycan iqtisadiyyatının təkan verici motor gücü xüsusiyyətindəki sənayesi keçmişdən bəri neft sənayesi olmuşdur.İxracın, əsasən, distillə edilmiş neft məhsulları, maşınqayırma və toxuculuq məhsullarıyla, şərabdan ibarət çox əhəmiyyətli bir hissəsi Rusiya və Ukrayna kimi digər respublikalarla reallaşdırılarkən, idxalın da böyük qismi yenə bu respublikalardan alınan qida məhsullarıyla, emal edilib yenidən ixrac edilmək üzrə idxal edilən xam neft məhsullarıdan formalaşırdı. Hələ Sovet İttifaqı dağılmazdan əvvəl, mütəxəssislər siyasi müstəqilliyə iqtisadi baxımdan hazır olan iki respublikadan birinin Azərbaycan olduğunu qeyd edirdilər. Əlbəttə, bu dəyərləndirmə, ölkənin sadəcə təbii ehtiyatlarının zənginliyinə deyil, ölkə iqtisadiyyatının inkişaf perspektivinə də əsaslanırdı. Belə ki, Azərbaycanın büdcə gəlirləri, xərclərindən çox idi. Hasil edilən milli gəlir, istifadə olunan milli gəlirdən yüksək olurdu. İqtisadi göstəricilər nəzərə alındıqda Sovet İttifaqı dövründə Azərbaycanın müəyyən bir inkişaf səviyyəsinə çatdığı nəzərə çarpır. Ancaq, bu dövrdə Azərbaycanın itirdikləri qazandıqlarından daha çox olmuşdur. Belə ki, bu dövrdə iqtisadiyyatın planlamasının mərkəzdən edilməsi, ölkənin iqtisadi şərtlərinin nəzərə alınmaması nəticəsini ortaya çıxardırdı. Bir çox məhsul ya xam maddəya da ara məhsul olaraq ayrı-ayrı ittifaq üzvü respublikalara ucuz qiymətə satılır,daha sonra da hazır məhsul olaraq yüksək qiymətdən Azərbaycana gəlirdi. Digər tərəfdən Azərbaycanın hər zaman ölkəyə gəlir gətirən neft və neft məhsulları, pambıq, tütün, şərab kimi məhsulların ixracçısı olmasına baxmayaraq, bu məhsulların satışından əldə edilən gəlirlər ittifaq daxilində tək bir mərkəzdə toplandığı üçün, Azərbaycan öz sərvətlərində mülkiyyət haqqına sahib deyildi. Azərbaycan iqtisadiyyatı Sovet İttifaqı tərkibində yüksək, ancaq, düzgün qiymətləndirilməyəcək bir inkişaf səviyyəsinə çatmışdı. Müstəqilliyi qazanmazdan əvvəl, son iyirmi illik dövrdə, Azərbaycan iqtisadiyyatının inkişafı stabil bir dövr keçməmişdir. Məsələn, ölkədə 1960-70-ci illərdə ortalama iqtisadi böyümə nisbəti 5.2% ikən, 1970-80-ci illər arasında 7.4%-ə yüksəlmişdir. 1980-1990-cı illər arasında isə bu nisbət kəskin bir azalma trendi göstərmişdir. İqtisadiyyat 1981-85-ci illərdə ortalama 4.9%, 1986-1990-cı illərdə isə 5-6% nisbətində azalma göstərmişdir. Xüsusilə, təbii ehtiyatların, ucuz və bol əməyin daha sıx istifadəsinə əsaslanan enerji sektoru kimi sahələrə üstünlük verilməsi, iqtisadi strukturda böhran üçün əlverişli şərait yaratmışdır. Yuxarıdakı analiz nəzərə alındıqda Sovet İttifaqının dağılmasının, sadəcə siyasi deyil, iqtisadi şərtlərdən də qaynaqlandığını görürük. Ayrı-ayrı respublikalardan təşkil olunan bir ittifaqın idarəsi sosial-iqtisadi inkişafı reallaşdırmaq baxımından ciddi problemlər törədirdi. Dünya iqtisadiyyatından təcrid olan Sovet iqtisadiyyatının mövcud vəziyyəti, nəinki inkişaf etmiş ölkələrdən, hətta inkişaf etməkdə olan ölkələrdən belə geridə qalırdı. Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın müstəqilliyinə yenidən qovuşması ilə nəticələnən planlı iqtisadiyyatın Azərbaycan iqtisadiyyatına miras qoyduğu problemlər aşağıdakı şəkildə sıralana bilər:
1. İqtisadi strukturun sağlam olmaması.
2. İstehsal gücünün regional və sektoral bölgüsünün bərabər olmaması.
3. İstehsal edilən malların həm keyfiyyətinin aşağı olması, həm də adam başına
düşən miqdarın Sovet İttifaqından iki qat az olması. 1990-cı illərın əvvəllərində
Azərbaycanda istehlakın sadəcə 50%-i daxili istehsaldan əldə edilmişdir.
4. İqtisadi strukturun sağlam olmaması nəticəsində Azərbaycanın xarici ticarətində 1980-ci illərın sonlarında ixrac idxaldan 30-40% artıq olmuşdur.
İqtisadi cəhətdən müsbət qiymətləndirilməli olan bu vəziyyət, ölkənin ərazi və coğrafi quruluşunun uyğun olmaması baxımından arzu edilməz bir vəziyyət idi. Belə ki, xam maddə və ara malların ixracın 55-60%-ni təşkil etməsi, ümimilikdə isə idxal və ixracın 45-50%-nin Rusiya ilə həyata keçirilməsi, daha sonra iqtisadi inkişafın ləngiməsinə səbəb olmuşdur. Azərbaycanın yenidən siyasi müstəqillik qazanmasının, Sovetlər İttifaqı dağılmazdan əvvəl Azərbaycan iqtisadiyyatında baş verən mənfi halların nəticəsi olan iqtisadi böhranın dərinləşdiyi bir dövrə rast gəldiyi nəzərə çarpır.