Şirvan–Salyan iqtisadi rayonuna Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları daxildir.
Şirvan işıq adası, nur şəhəri sayılır. Küçələrin genişliyi, səkilər boyunca sıralanan ağaclar bu aran şəhərinin istisini azaldır. Şəhər ətrafından tapılmış arxeoloji nümunələr isə bu yerlərdə yaşayışın mövcudluğu haqqında fikirləri insanlığın ilkin çağlarına qədər aparıb çıxarır. Şəhərdə 17 sənaye müəssisəsi, o cümlədən, Avropada ən böyük açıq tipli Şirvan DRES-i, yağ zavodu, dəmir-beton məmulatları, saxsı boru, süni dəri zavodları və neft-qaz hasil edən müəssisələr fəaliyyət göstərir.
Neftçala rayonu neft, qaz və balıqçılıqla tanınır. Lakin rayonun iqtisadiyyatının əsasını pambıqçılıq, taxılçılıq, yemçilik və heyvandarlıq təşkil edir. 1996-ci ilə qədər rayonda 16 kolxoz fəalyyət göstərmişdir. Kolxozların torpaq fondu 94320 ha təşkil edirdi. Bunun 6764 hektarı dövlət fondunda saxlanılmış, 46560 hektarı yerli bələdiyyələrə, 1418 hektarı özəl təsərrüfatlara verılmışdır. 39578 hektar torpaq isə kənd əhalisinin mülkiyyyətindədir.
2021-ci ilin göstəricilərinə görə rayonda sənaye sahəsində 12 müəssisə fəaliyyət göstərir. Sənaye sahəsində əsasən mədənçıxarma, xam pambığın emalı,qazın təchizatı və bölüşdürülməsi, qeyri məhsullarının istehsalı başlıca yer tutur.[20] Burada neftçıxarma sənayesi, balıqyetişdirmə zavodları və başqa müəssisələr fəaliyyət göstərir. Rayonda texniki yod istehsal edən "Azər-Yod" MMC, xam pambığın emalı üzrə fəaliyyət göstərən “MKT İstehsal Kommersiya” MMC, quş və yumurta istehsal edən "Qaraqaşlı-broyler" ASC, əmtəəlik balıq istehsalı ilə məşğul olan "Xıllı Balıq" MMC fəaliyyət göstərir.[20] Rayonun ərazisində neftlə yanaşı, qaz, yod müalicəvi əhəmiyyətli yodlu sular,[15] xörək duzu kimi faydalı qazıntılar mövcuddur.
Regionların inkişaf proqramları
(2004-2008, 2014-2018 və 2019–2023-cü illər)
“Əsrin müqaviləsi” imzalandıqdan sonra müstəqil Azərbaycanın iqtisadiyyatında inkişaf prosesi başlamışdır. Ancaq, qoyulan investisiyalar və infrastrukturda yaxşılaşdırma və yeniden qurma işləri daha çox Bakıda həyata keçirilə bilmişdir. Bunun müqabilində, ölkənin digər regionları diqqət mərkəzindən xaricdə qalmışdır. Bu da, paytaxtla digər şəhərlər arasında sosial-iqtisadi səviyyədə mühüm fərq yaratmışdır. Bu isə, ölkə üçün təhlükəli bir vəziyyət demək idi. Büdcədə digər regionların payı təxminən 10-12% idi. Ölkədə qoyulan investisiyaların maksimum 15-17%-i digər regionlara qoyulurdu. Regionlarda ortaya çıxan işsizlik, yuxarıda da ifadə edildiyi kimi, Bakıya iş gücü axımını artırdı. İnfrastruktur, elektrik, su, təbii qaz xidmətlərində istifadədə ciddi axsamalar olurdu. Regionların sərvətlərindən səmərəli istifadə edərək; kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, qeyri-neft sektorunun; emalat sənayesinin, xidmət
və digər infrastruktur təhçizatının, turizmin inkişafını təmin etmək, məşğulluq səviyyəsini artırmaq və xalqın həyat səviyyəsini daha da yaxşılaşdırmaq məqsədiylə regionun inkişafına dair bir proqram lazım idi. Bu çərçivədə Azərbaycanın sosial-iqtisadi inkişafının sürətlənməsi haqqında 24 Noyabr 2003-cü ildə imzalanan fərman ilə ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətləri müəyyən edilərkən, eyni zamanda regionların inkişafı haqqında xüsusi bir dövlət proqramının hazırlanması haqqında da əmir verilmişdir. 11 Fevral 2004-cü ildə isə, ölkə prezidenti İlham Əliyev “Azərbaycan regionlarının 2004-2008-ci illərdə sosial-iqtisadi inkişafı ilə əlaqədar dövlət proqramının həyata keçməsi haqqında” fərman imzaladı. Təsdiq edilen proqram, Azərbaycan iqtisadiyatının tarazlı və ardıcıl inkişafını müəyyən edən çox əhəmiyyətli bir sənəddir. Dövlət Proqramında ölkənin iqtisadi regionlarının kənd təsərrüfatı, sənaye və sosial sahələrinin ikişafının sürətləndirilməsi, infrastrukturun qurulması ilə bağlı mövzular öz əksini tapmışdır.
Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.
Dövlət proqramlarının icra olunduğu 10 il ərzində ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artmışdır.
Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə enmişdir. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaratmışdır.
Son 10 ildə bütün sahələrdə böyük uğurlar qazanılmış, Azərbaycanın maliyyə imkanlarının artması, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması, sahibkarlığın dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması Azərbaycanın dünyada nüfuzunun daha da artmasına, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsinə, əhalinin həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılmasına səbəb olmuşdur.
Ölkə bölgələrinin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində son on ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir. Regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü siyasətin davamı olaraq "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" hazırlanmışdır. "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayacaqdır.
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası, regionların sürətli inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi, xüsusi ilə kəndlərin inkişafı ilə bağlı infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasından ibarət olacaqdır.
Dövlət Proqramında müəyyən edilmiş məqsədə nail olmaq üçün regionlarda infrastruktur təminatının, o cümlədən əhalinin kommunal xidmətlərlə təminatının daha da yaxşılaşdırılması, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalı istiqamətində sahibkarlığın inkişafının sürətləndirilməsi, əhalinin, xüsusi ilə kənd əhalisinin məşğulluq səviyyəsinin artırılması və yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində tədbirlərin davam etdirilməsi kimi mühüm vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur.
Dövlət Proqramında müəyyən edilmiş məqsədlərə nail olunması, eləcə də qeyd edilən vəzifələrin yerinə yetirilməsi üçün ölkədə makroiqtisadi sabitliyin qorunması mühüm əhəmiyyət kəsb edir. Makroiqtisadi sabitliyi nəzərə alaraq dövlətin büdcə siyasətində iqtisadiyyatın prioritet sahələrinin modernləşməsi və onun effektivliyinin, uzunmüddətli dayanıqlılığının təmin edilməsi üçün şəraitin yaradılması, investisiya mühitinin daha da yaxşılaşdırılması prioritet olacaqdır. İqtisadi artımın, məşğulluğun, büdcə və valyuta gəlirlərinin əsas mənbəyi kimi qeyri-neft sektoru tarazlı və dayanıqlı iqtisadi artıma nail olunmasında və yüksək gəlirli iqtisadiyyatın formalaşmasında strateji amil rolunu davam etdirəcəkdir. Bu istiqamətdə 2014-2018-ci illərdə bütövlükdə iqtisadiyyatın, o cümlədən regionlarda ayrı-ayrı sahələrin inkişafının başlıca şərtləri kimi:
• orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılması;
• vergi və gömrük dərəcələrinin optimal həddə müəyyənləşdirilməsi; • kənd təsərrüfatı məhsulları istehsalçılarının stimullaşdırılması tədbirlərinin davam etdirilməsi;
• taxıl istehsalının artırılması və rəqabət qabiliyyətinin gücləndirilməsi;
•istehsalçıların ixrac yönümlü fəaliyyətinin stimullaşdırılması;
• yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması;
• Ümumi Daxili Məhsulda qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin xüsusi çəkisinin yüksəldilməsi;
• ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə aqrar sektorun inkişafı davam etdiriləcəkdir.
Dövlətin məşğulluq siyasəti əhalinin məşğulluğunun inkişafına təsir edən investisiya mühitinin yaradılmasına, vergi, gömrük, təhsil və digər müvafiq sahələrlə bağlı siyasətin daha da təkmilləşdirilməsinə, yeni iş yerlərinin açılmasını stimullaşdıran institusional mühitin formalaşmasına yönəldilən tədbirlərin həyata keçirilməsindən ibarət olacaqdır.
Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması nəticəsində yüksək keyfiyyətli, ixracyönümlü və rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi dövlətin iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindəndir. Bu sahədə həyata keçirilən dövlət siyasəti sahibkarlığa yaradılmış fəaliyyət mühitinin daha da yaxşılaşdırılmasına, dövlət himayəsinin təkmilləşdirilməsinə və dövlət-sahibkar münasibətlərinin yaxşılaşdırılmasının təmin edilməsinə yönəldiləcəkdir. Qarşıdakı illərdə sahibkarlığın inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçiriləcəkdir:
• sahibkarlıq fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın daha da təkmilləşdirilməsi işinin davam etdirilməsi;
• dövlət-sahibkar münasibətlərinin digər institusional mexanizmlərinin daha da təkmilləşdirilməsi;
• regionlarda sahibkarların maliyyə təminatının daha da yaxşılaşdırılması;
• sahibkarlığın istehsal, bazar və sosial infrastruktur təminatının yaxşılaşdırılması, o cümlədən, müasir bazar infrastrukturu mexanizmlərinin (maliyyə, bank və sığorta sisteminin, fond bazarının, audit, ipoteka, lizinq, françayzinq kimi xidmətlərin) inkişafının sürətləndirilməsi;
• regioinlarda kiçik, orta və iri müəssisələr arasında qarşılıqlı səmərəli əməkdaşlığın, o cümlədən istehsal-kooperasiya əlaqələrinin genişləndirilməsi və gücləndirilməsi üzrə səylərin dəstəklənməsi.
Sənayeləşmə siyasətinə uyğun olaraq, regionlarda yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması və yeni müəssisələrin, sənaye məhəllələrinin yaradılması istiqamətində tədbirlər həyata keçiriləcək, innovasiya yönümlü texnologiyaların tətbiqi stimullaşdırılacaq, ixtisaslaşmış və ümumi təyinatlı sənaye parklarının yaradılması istiqamətində işlər davam etdiriləcək. Sənaye parklarının yaradılması ölkə iqtisadiyyatının inkişafına, modernləşməsinə, yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının və ölkənin ixrac qabiliyyətinin daha da genişlənməsinə, eləcə də məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli təsir göstərəcəkdir.
Ölkənin qeyri-neft sektorunun inkişafında əsas prioritet sahə olan kənd təsərrüfatının inkişafına yönələn ardıcıl islahatlar və yeni texnologiyaların cəlb edilməsi davam etdiriləcəkdir. Kənd təsərrüfatında fermerlərin birləşməsi və kooperativlərin yaradılması aqrar sektorda gəlirlərin və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətliliyinin daha da artırılmasına və beynəlxalq standartlara uyğunlaşmasına təkan verəcəkdir. Aqrar sektorun inkişafı və əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi Dövlət Proqramında əsas istiqamətlərdən biri kimi nəzərdə tutulur. Aqrar bölmənin inkişafı istiqamətləri aşağıdakılardan ibarətdir:
• aqrar bölmənin xammal istehsalı və emalı sahələrinin əlaqəli inkişafı, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılmasının stimullaşdırılması, əsas ərzaq məhsulları ilə özünü təminetmə ilə bağlı tədbirlərin davam etdirilməsi;
• aqrar bölməyə maliyyə dəstəyinin artırılması və ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafının stimullaşdırılması tədbirlərinin davam etdirilməsi;
• bitkiçilikdə və heyvandarlıqda ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi və bu sahədə təsərrüfat subyektlərinin fəaliyyətinin stimullaşdırılması;
• iri taxılçılıq və ya toxumçuluq, tingçilik, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının yaradılması;
• regionlarda kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması və satışı məqsədi ilə istixana, soyuducu və taxıl anbarı komplekslərinin (logistika mərkəzlərinin) yaradılmasının davam etdirilməsi;
• hər bir rayonun xüsusiyyəti, təbii və iqlim şəraiti nəzərə alınmaqla kənd təsərrüfatı məhsullarının istehsalının ixtisaslaşması üzrə müvafiq tədbirlərin həyata keçirilməsi;
• ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları bazarının formalaşması;
• aqrar bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsi və bazar prinsipləri əsasında fəaliyyət göstərəcək yeni strukturların yaradılması;
• kənd təsərrüfatında suvarma və meliorasiya təminatının yaxşılaşdırılması tədbirlərinin davam etdirilməsi, torpaq və su ehtiyatlarından səmərəli istifadə olunması;
• torpaqların elektron texniki uçotunun aparılması və fermerlərin elektron qeydiyyat sisteminin yaradılması istiqamətində müvafiq işlərin görülməsi.
Qeyri-neft sektorunun inkişafı istiqamətində regionlarda turizmin inkişafı qarşıdakı illərdə prioritet olaraq qalacaq, turizm ehtiyatlarının genişləndirilməsi, turistlərin istirahəti, onların
tələbatının ödənilməsi üçün zəruri olan turizm xidmətləri və digər mədəni tədbirlərin çeşidinin genişləndirilməsi və müasir standartlara uyğunlaşdırılması, turizm obyektlərinin tikintisi ilə bağlı layihələrin icrası davam etdiriləcəkdir. Turizm sahəsinin inkişaf istiqamətləri aşağıdakılardan ibarətdir:
• regionlarda turizm infrastrukturunun yüksək beynəlxalq tələblər səviyyəsində qurulmasına istiqamətlənmiş məqsədyönlü layihələrin həyata keçirilməsi;
• ölkənin bütün regionlarında turizm fəaliyyətinin stimullaşdırılması və bu sahəyə investisiyaların cəlb edilməsi məqsədilə müasir informasiya və kommunikasiya texnologiyaları vasitəsilə təşviq işinin genişləndirilməsi;
• regionlarda turizm və rekreasiya zonalarında müvafiq infrastrukturun yaradılması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, yeni turizm marşrutlarının yaradılması;
• turizm sektorunda çalışan personalın peşə hazırlığı səviyyəsinin artırılması vasitəsilə regionlarda turizm xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi;
• regionlarda müxtəlif kateqoriyalı yeni mehmanxanaların və digər yerləşdirmə vasitələrinin, turizm xidməti obyektlərinin yaradılmasının dəstəklənməsi.
Qarşıdakı illərdə də ölkənin yanacaq-enerji kompleksi sahəsində görüləcək işlər iqtisadiyyatın və əhalinin enerji resurslarına olan tələbatının daha dolğun ödənilməsini təmin etməkdən, energetika sənayesinin inkişafı, o cümlədən onun səmərəliliyini artırmaqdan ibarət olacaqdır. 2014-2018-cü illərdə bu sahədə dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardan ibarət olacaqdır:
• ölkənin enerji sistemində yeni güclərin yaradılması işlərinin davam etdirilməsi, yeni stansiyaların və ötürücü şəbəkələrin tikintisi və yenidən qurulması;
• alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi;
• regionlarda yeni istilik və su elektrik stansiyalarının tikintisi, mövcud enerji bloklarının modernizasiyası işlərinin davam etdirilməsi;
• regionlarda qaz təchizatının daha da yaxşılaşdırılması tədbirlərinin davam etdirilməsi;
• regionlarda müasir istilik sistemlərinin qurulması, mövcud istilik sistemlərinin bərpası, modernləşdirilməsi və yenidənqurulması işlərinin davam etdirilməsi.
Dövlət Proqramında qeyd olunan istiqamətlərdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla ölkə regionlarının davamlı inkişafında və "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində nəzərdə tutulan məqsədlərə nail olunmasında, eləcə də ölkə əhalisinin rifahının daha da yaxşılaşdırılmasında mühüm rol oynayacaqdır.
Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.
Dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdır. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaratmışdır.
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə (29 yanvar 2019-cu il.) “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Bu Dövlət Proqramı çərçivəsində ölkədə regionların inkişafı ilə əlaqədar tənzimlənmə sisteminin, o cümlədən qanunvericilik bazasının, institusional və iqtisadi mexanizmlərin daha da təkmilləşdirilməsi, investisiya və innovasiya fəallığının artırılması, mütərəqqi texniki avadanlıqlar və texnologiyaların tətbiqi əsasında yerli iqtisadi (təbii-iqtisadi, istehsal-texniki və elmi-texniki) potensialın gücləndirilməsi və təsərrüfat dövriyyəsinə tam cəlb olunması, buna uyğun olaraq, iqtisadiyyatın şaxələndirilməsinin genişləndirilməsi (digər müqayisəli üstünlüyə malik, əlavə dəyər yaradan məhsul və xidmət istehsalı sahələrinin də inkişaf etdirilməsi) və səmərəliliyinin yüksəldilməsi hesabına rəqabətqabiliyyətliliyinin artırılması, sahib karlığın inkişafı, məhsul və xidmət istehsalı, satışı və istehsal vasitələri bazarında rəqabət mühitinin daha da sağlamlaşdırılması, maliyyə resurslarına və bazara çıxış imkanlarının asanlaşdırılması, istehsal, sosial və bazar infrastrukturunun modernləşdirilməsi, sosial xidmətlərin çeşidinin artırılması, keyfiyyətinin yaxşılaşdırılması və aztəminatlı insanlar üçün əlça tanlığının təmin edilməsi, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, təbii ehtiyatlardan daha da səmərəli istifadə olunması və ekoloji təhlükəsizliyin qorunması üzərində nəzarətin möhkəmləndirilməsi və bu kimi digər istiqamətlərdə kompleks işlərin görülməsi nəzərdə tutulur. Nəticədə, təbii resurslardan mümkün qədər tam və səmərəli istifadə olunması, təsərrüfat subyektlərinin fəaliyyətinin gücləndirilməsi, yerlərdə yeni innovasiyalara əsaslanan məhsul və xidmət istehsalı sahələrinin dəyər zəncirinin bütün həlqələri üzrə inkişaf etdirilməsi, elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqi ilə yaşıl iqtisadiyyatın inkişafı üçün münbit şəraitin yaradılması, bununla da ölkədə neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da dayanıqlı inkişafının təmin olunması, qeyri-neft sektoru üzrə ixrac həcminin artımına nail olunması, regionlarda, o cümlədən kənd yerlərində yaşayan əhalinin layiqli məşğulluq və gəlir əldəetmə imkanlarının artması və onların sosial rifah halının yüksəlməsi, beləliklə də regionların davamlı və tarazlı inkişafının təmin olunması gözlənilir.