1.FH-da əhalinin mühafizənin əsas prinsipləri
İstehsalat qəzalarının səbəblərini araşdırarkən məlum olur ki, belə hallar çox vaxt işçinin istehsalat texnologiyasını pozması, istismar və təhlükəsizlik qaydalarına dəqiq riayət etməməsi, öz vəzifəsinə məsuliyyətsiz yanaşması və ya onun öhdəsindən gələ bilməməsi nəticəsində baş verir.
Buna görə də bütün obyektlərdə və xüsusən də təhlükə potensiallı müəssisələrdə qəzaların səbəblərini aşkara çıxarmaq və aradan qaldırmaq, onların ehtimal edilən nəticələrini zəiflətmək, işçilərin, avadanlığın mühafizəsini təmin etmək məqsədilə müvafiq tədbirlər kompleksi həyata keçirilməlidir. Tədbirləri konkret məzmununu-əməyin təhlükəsizliyi, mülki müdafiə üzrə tələblər, yanğın və radiasiya təhlükəsizliyi qaydaları və digər müvafiq normativ sənədlərin göstərişləri ilə müəyyən etmək lazımdır.
Bu vəzifənin yerinə yetirilməsində Respublikanın bütün dövlət, təsərrüfat, hərbi orqanları və ictimai təşkilatları, elədə də hər bir vətəndaşı fəal iştirak etməlidir. Buna respublikanın bütün əhalisini əvvəlcədən, müntəzəm və hər tərəfli surətdə mühafizə tədbirlərinin hazırlanması yolu ilə müvəffəq olmaq mümkündür. Bu sahədə göstərilən hər tərəfli fəaliyyət məqsədyönlü olmalı, hamı üçün məcburi sayılan prinsiplərə əsaslanmalıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 28 dekabr tarixli 700 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sülh və müharibə dövründəki fövqəladə hallarda əhalini mühafizəsi’ nin əsas prinsipləri” məhz belə səciyyəli sənəddir. Mühafizənin əsas prinsipləri və üsulları, mülki müdafiə üzrə digər normativ aktların işlənib hazırlanması üçün ilkin sənəddir.
Burada əhalini təbii fəlakətlərin, istehsalat qəzaların nəticələrindən və müasir qırğın silahlarının təsirindən qorunmağın üsulları, vasitələri və qaydaları müəyyən edir.
Əhalinin mühafizəsində məqsəd – fövqəladə hallarda adamların həyatının qorunması üçün lazımi şəraitin yaradılması, adamların zədələnməsinin qarşısının alınması və ya zədələnmə ehtimalının mümkün qədər azaldılması, əhalinin mühafizəsinin səmərəli olması, mühafizənin prinsiplərinin və üsullarının düzgün seçilməsindədir.
Əhali sülh dövründə-təbii fəlakətlərdən, istehsalat qəzalarından və adamların həyatı üçün təhlükə törədən digər fövqəladə hallardan; müharibə dövründə-müasir qırğın silahlarından və bu silahların işlədilməsi nəticəsində kimyəvi və başqa təhlükə potensiallı obyektlər dağılarkən yaranan ikinci zədələyici amillərdən mühafizə olunmalıdır.
FH-da əhalinin mühafizəsinin əsas prinsipləri aşağıdakılardır:
Mühafizə Azərbaycan Respublikasının bütün ərazisində ərazi-istehsalat prinsipi üzrə təşkil edilir. Respublikanın bütün əhalisi mühafizə edilməlidir; bu tədbirlər fasiləsiz xarakter daşıyır, həm sülh, həm də müharibə dövrlərində yerinə yetirilir.
Əhali yerləşən rayonların hərbi-siyasi və təbii xarakterindən, burada ehtimal edilən fövqəladə halların növündən, təhlükənin dərəcəsindən asılı olaraq mühafizə tədbirləri fərqli surətdə planlaşdırılır və həyata keçirilir.
Bu məqsədlə, sülh dövründə baş verə biləcək fövqəladə halların xarakteri və miqyası barədə proqnozlar əsasında, habelə müasir müharibələrin xüsusiyyətləri, başlanması variantları, müxtəlif növlü qırğın vasitələrinin işlədilməsi imkanları nəzərə almaqla respublikanın ərazisi zonalara ayrılır. Mülki müdafiə tədbirləri hərbi komandarlıq orqanları ilə sıx əlaqədə yerinə yetirilir.
Əhalinin mühafizəsinə müxtəlif mühafizə üsullarından kompleks halında istifadə edilməklə nail olunur ki, bu üsullardan ən əsasları-əhalinin müxtəlif mühafizə qurğularında daldalandırılması, təhlükəli rayonlardan köçürülməsi və eyni zamanda fərdi mühafizə vasitələrindən istifadə olunmasıdır.
Əhalinin mühafizəsi üzrə tədbirlər sülh dövründə əvvəlcədən hazırlanır, iqtisadi və sosial inkişaf planlarında nəzərdə tutulur və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada yerinə yetirilir.
Əhalinin mühafizəsi üzrə planlaşdırılan tədbirlərin həcmi “məqsədyönlü və kifayətdir” prinsipi ilə müəyyən edilir.
Bu prinsipdə aşağıdakılar nəzərdə tutulur:
Fövqəladə hallarda gözlənilən nəticələrin elmi proqnozu əsasında mühafizənin optimal variantlarının seçilməsi;
Mülki müdafiə vəzifələrinin xalq təsərrüfatı mənafeləri ilə əlaqələndirilməsi;
Təhlükə yaranan dövrdə qabaqcadan təşkilatı və mühəndis-texniki tədbirlərin yerinə yetirilməsi;
Mülki müdafiə obyektlərinin tikintisində yüksək keyfiyyətli parametrlərin tətbiq edilməsi;
Mühafizə vasitələrinin həm sülh, həm də müharibə şəraiti üçün yararlığının təmin olunması;
İqtisadi və sosial inkişaf planlarının tərtibində və yerinə yetirilməsində mühafizə məsələlərinə üstünlük verilməsi.
Əhalinin mühafizəsi üzrə mülki müdafiə tədbirlərində respublikanın bütün vətəndaşlarının iştirakı prinsipial şərtdir. Bu, hər adamdan öz təhlükəsizliyi üçün şəxsi məsuliyyət daşımağı, mülki müdafiə siqnallarını bilməyi və bu siqnallar üzrə düzgün fəaliyyət göstərməyi, kollektiv və fərdi mühafizə vasitələrndən istifadəni bacarmağı, habelə fövqəladə hallarda davranış və fəaliyyət qaydalarına riayət olunmasını tələb edir.
Buna mülki müdafiə biliklərini əhaliyə müntəzəm və fasiləsiz surətdə öyrətləklə nail olmaq mümkündür.
Sülh dövründə əhalinin fövqəladə hadisələrdən mühafizəsi üçün aşağıdakı tədbirlər daha vacib əhəmiyyətə malikdir.
etibarlı xəbərdarlıq sisteminin yaradılması;
mühafizə qurğuları ehtiyatlarının yaradılması;
kombinasiya üsulu ilə köçürmə tədbirlərinin planlaşdırılması və vaxtında yerinə yetirilməsi, köçürülən əhalini qəbul etmək və yerləşdirmək üçün şəhərdənkənar təhlükəsiz zonanın hazırlanması;
əhalinin fərdi mühafizə vasitələri ilə təchiz edil-məsi;
mühafizə üsullarının əhaliyə ümumi və icbari surətdə öyrədilməsi;
ərzaq və suyun radioaktiv, kimyəvi maddələrdən, güclü təsirli zəhərli maddələrdən, bakterial vasitələrdən mühafizəsinin təmin edilməsi;
radiasiya, kimyəvi və bakterioloji müşahidələrin, kəşfiyyat və laboratoriya nəzarətinin təşkili;
Rejimi tədbirlərin, sanitariya-gigiyena tədbirlərinin və radiasiya əleyhinə tədbirlərin həyata keçirilməsi.
Daimi radiasiya və kimya müşahidəsi, kəşfiyyat və laboratoriya müşahidəsinin təşkili - təhlükə barədə əhalini vaxtında xəbərdar etmək üçün vacib şərtlərdən biridir.
Fövqəladə hadisə təklükəsi yarandığı barədə xəbərdarlıq edilərkən əhali təhlükənin xarakterindən asılı olaraq aşağıdakı tərzdə fəaliyyət göstərməlidir:
kütləvi məlumat vasitələrin (radioreproduktoru, qəbuledicini) daim şəbəkəyə qoşulu saxlamalı;
şəhərdənkənar zonaya köçürülməyə hazırlaşmalı;
fövqəladə hadisə ehtimalına görə daldalanacağın (sığınacağın) yerini dəqiqləşdirməli, kənd yerlərinə radiasiya əleyhinə daldalanacaq düzəltməyə başlamalı;
fərdi mühafizə vasitələrini, o cümlədən tibbi mühafizə vasitələrini əldə etməli, onları istifadə üçün hazırlamalı.
Fövqəladə hadisələr zamanı əhalini mühafizəsinin əsas üsulları:
mühafizə qurğularında daldalanmaq;
fərdi mühafizə vasitələrindən istifadə etmək;
iri şəhərlərdən və təhlükəli sahələrdən əhalini şəhərdənkənar təhlükəsiz zonaya köçürməkdən ibarətdir.
Dostları ilə paylaş: |