SİRLƏr xəZİNƏSİ



Yüklə 0,58 Mb.
səhifə3/17
tarix31.01.2017
ölçüsü0,58 Mb.
#6766
1   2   3   4   5   6   7   8   9   ...   17

BİRİNCİ SÖHBƏT



ADƏMİN XİLQƏTİ
Nə "aşiq", nə də "məşuq" kəlməsi vardı hələ,

Nə varlığın varlığa gəlməsi vardı hələ.

Yoxluğa bəxtiyarlıq işığı saçdı Adəm,

Varlığın qapısını üzünə açdı Adəm.

Ondan əvvəl pəriydi, əcinnəydi həyatda,

Bəşərin ilk atası özüdür kainatda.

Xilafət bayrağını uca tutdu dağ kimi,

Endi də, yüksəldi də tutduğu bayraq kimi.

Pakdı ki, dərs alıbdı yerdə mələklər ondan,

Torpaqdan yaranıb ki, şərəfləndi yer ondan.

Cövhəri tutqunsa da, gövhər kimi safdı o,

Zərdi, məhək daşıdı, zərgərdi, sərrafdı o,

Göyün çilçırağından işıqlıdı kamalı,

Bəşərin varlığına bir aynadı camalı.

Can bütünün qoluna qolbağı taxdı əli,

Yeddi fələk - kənizi, bilərzikli gözəli.

İki cövhər qarışdı, bir saf cövhər alındı,

Laylası yerin, göyün beşiyində çalındı.

Xələt verdi bəşərə, buna şahid fələklər,

Elə bir darğadı ki, saqisidi mələklər.

Xilqətin cəlalıdı, növrağıdı varlığı,

Qüdrətin ülviyyəti, sorağıdı varlığı.

Qırxgünlük, qığıltılı çağa olan zamandan.

Qırx yaşlı müdrik qoca - Kamal dərs aldı ondan.

Qənirsiz gözəlliyi eşqi erkən oyatdı,

Gül şaxıtək cənnətin gül bağında boy atdı.

Günəş nurlu bir gözün oldu nurlu çırağı,

Bir şeyda bülbüldü ki, məskəni - cənnət bağı.

Uçub qondu dəninə fələklərin quşları,

Səcdəsindən nə qədər ləngidi uçuşları.

Səxavəti ucundan mənimsədi bir dəni,

Atdı gözəl cənnəti, dünya oldu məskəni.

Tora saldı özünü bir dənin ucbatından,

Minnətdarlıq üzrü də tez çıxartdı yadından.

"Alqış" sözü o gündən həmdəm, yardır aləmə,

Səcdəsinə əyilmək iftixardır aləmə.

Bütün gözlər eylədi bu səcdəyə tamaşa,

Bir dönüyün səcdəsi yanlışdı başdan-başa.

Güllər səpdi üstünə cənnətin səkkiz bağı,

Hamıya qızılgüldü, İblisə bir göz dağı.

Ey bəşər! Şadlanmadı, büsat qurmadı sənsiz,

Qəlbi İrəm bağında bir an vurmadı sənsiz.

Nə izdivac, nə nəsil sözü vardı cənnətdə.

Taleyimiz hakimdi ürəyinə, beyninə,

Bir buğda bir arpaca gəlmədi heç eyninə!..

Buğdanın həsrətindən od tutub yandı bağrı,

Qəlbini, buğda kimi yarı böldü bu ağrı.

Buğdatək nə anası, nə də atası oldu,

Torpaqdaca bəslənib tez boy atası oldu.

Bəsləyib böyüdəni bu yerdi, bu torpaqdı,

Una dönən buğdatək həmişə üzü, ağdı,

Saman kimi sarıydı, qaraldı dərisi də,

Çillikdən ay üzünün xal-xaldı dərisi də.

Arpa, buğda sayağı sığındı Yer qoynuna,

Həqiqəti gizlədi, günah düşdü boynuna.

Cansız buğda nəydi ki, elə alçaldı Adəm,

Buğdanın sinəsitək lüt-üryan qaldı Adəm.

Şeytan vəsvəsəliydi, xaindi, yaramazdı,

Ürəyinə girməsə, buğda da aramazdı.

Dişbatmaz, qupquruca, daş kimi bir buğdanı

Tamahlanıb yeyəndə ağıl, düşüncə hanı?

O zamandan ki, bəşər buğda dəni yeyəndir,

Buğda açıb ağzını: "Yeyim səni" deyəndir.

Ey ömrünün kələfi dolaşan çaşqın bəşər,

Bircə buğdadan ötrü insan da tora düşər?!

Arpa cadı yeməkdən heç zaman bezikmə sən,

Adəm tamah saldığı buğdaya göz dikmə sən!

Könülün qasidisən, iblisə müti olma,

Əmirin aslanısan, qapılar iti olma.

Haçan ki, Adəm kimi tövbən bilinər sənin.

Çirkinlik ləkələrin tamam silinər sənin.

"Günahkaram" deyənin nə qorxusu, nə dərdi?!

Etirafı Adəmi peyğəmbərə döndərdi.

Bir dən onu tamaha çəkən oldu, nəhayət,

Bu yerin tarlasını əkən oldu, nəhayət,

Bir dənə şirnikdi ki, peşman qoydu əməli,

Hərislikdən özünü tora saldı öz əli.

Həyat verdi həyatsız, növraqsız yer üzünə,

Sərəndibdə şahanə çadır qurdu özünə.

Günahkar, üzüqara gəlib çatdı bu yurda,

Bədnamlıq ləkəsini yuyub atdı bu yurda.

Paltarını boyadı fələyin lil küpündə,

Hindistanda yas tutdu, gözü yaşlıydı gündə.

Fələyin lilini ki, yudu harda göz yaşı,

Gəndalaşlar bitirdi dərhal orda göz yaşı.

Ay kimi gözəlləşdi qənirsiz Çin gözəli,

Gizlədi öz saçını öz tacında öz əli

Tövbənin riqqətilə qəlbi vurdu o vaxtdan,

Yer üzündə səltənət taxtı qurdu o vaxtdan.

Ədalət tarlasını vəfa xışı xışladı,

Bərəkətli torpağı bəşərə bağışladı.

Hər naz-nemət vermişdi cənnətin xəznədarı,

Atdı altı qapılı hücrəsinə o varı.

Hər nemət onunkudur, yemək-içmək sənindir,

Tarla onun, dən onun, yalnız biçmək sənindir.

Udu yaxıb-yandıran buxurdanın közüdür,

Yüklə ulaq inlədən palançının özüdür.

Əzəl gündən hər işin sənsiz düşüb yoluna,

Nə mərhəmət görmüsən, özün şahidsən buna.

Yazda gül dəryasında gültək üzən gəmi ol,

Demirəm tikan kimi sükutun həmdəmi ol!

Xəzan vaxtı yelkən aç, könül ümmanında sən,

Qorxu-təlaş kürəsi qalama canında sən.

Gendən baxan şir sanır, şir ürəyin hanı bəs?

Hər ürəyi olana igid, cəsur deyilməz.

Şirlərin, aslanların rəsmi çoxdur sarayda,

Camı yox ki, tərpədə yüz zopa da, haray da!

Fələklərə yüksəldər hünər, cəsarət səni,

Hünərsiz alçalarsan, tapar əsarət səni.

Taleyin günəşi ki, batmağa can-atandır,

Ürək azca qorxudan dərdə, qəmə batandır.

Yoxsa uca fələkdən niyə qorxub əsirsən?

Ölkələr fatehitək çünki ona əsirsən.

Fələktək mətanətli, ətalətdən uzaq ol,

Fələkdəsən, fələklə ədavətdən uzaq ol!

Yana-yana qızışar, alova dönər atəş,

Tezcə yandığı kimi tezcə də sönər atəş.

Şirin sulu bulaqtək coşub çağla həyatda,

Şirin suyun yerini nə verər kainatda?!

Gövhər kimi saf insan zərif olar cahanda,

İnsan nəyə gərəkdir təlaşı yoxsa canda?!

Külək zirək olmasa dolanarmı çəməni?

Qaf dağından ağırsan, ətalət basıb səni.

Tikan kimi güllərə uymağın daha bəsdir,

Bənövşətək hüsnünə boylanmağın əbəsdir.

Bu dünyanın sarayı güzgüdür başdan-başa,

Öz gözün öz hüsnünə hər an eylər tamaşa.

Öz əksinə vurulma, bil ki, nədir varlığın,

Qüdrətin güzgüsündə bir zərrədir varlığın.

Özünə aşiqliyin bəllidir əməlindən,

Göylər kimi sənin də güzgü düşmür əlindən.

Zərrəcə varlığının dada bilsən duzunu,

Bu şitlikdən qaçarsan bütün ömrün uzunu.

Sədaqətə arxalan, zülmü qoyma yaxına,

Kimsəyə bel bağlama, sığın haq dərgahına.

Yaxşılığı əyandır, qulluğunda qocal sən,

Ağ olsan da üzünə, etirafla ucal sən!

Bir xəcalət ahıdır aldığın hər bir nəfəs,

Mərhəmət sahibidir imdadına çatan kəs.

ÜMİDSİZ ŞAHIN GÜNAHININ

BAĞIŞLANMASI
Röya aləmindəydi bir ədalətli padşah,

Gözlərinə göründü bir ədavətli padşah.

Dedi: "Tanrı qənimdi necə, nəydi cəzası?

Haqsızlıq günlərinə gecə nəydi cəzası?"

Zalım padşah danışdı: "Göz yumanda həyata.

Son dəfə göz dikəndə bu sonsuz kainata,

Ümid işığı gəzdim, söndü ümid məşəlim,

Hər ətəkdən yapışdım, üzüldü kömək əlim.

Halıma yanan kimdi, bir mərhəmət görmədim,

Heç kimdə insaf-mürvət, bir kəramət görmədim.

Söyüd kimi əsdirdi varlığımı bu halət,

Oldum ümidsizlikdən üzüqara, xəcalət.

Fəlakət girdabında boğulanda bu canım,

Bir tanrıya güvəndim, ona gəldi gümanım:

Ulu tanrı, yanında xəcalətəm mən sənin,

Günahını bağışla üzüqara bəndənin.

Hökmünə, fərmanına baxmamışam çox zaman,

Aman yoxdur kimsədən, özün aman ver, aman!

Ya cəza tonqalında yanmağa göndər məni,

Ya da mərhəmətinlə bəndəyə döndər məni

Hamıdan xəcalətli, kimsəsizcə bir kəsi

Bağışladı insaflı kimsəsizlər kimsəsi.

Mərhəmətə gətirdi yalvarışım, diləyim,

Zəlillik torpağında qoymadı ki, inləyim".

Kimin ki, peşmanlıqdır hər nəfəsi, hər ünü.

Qiyamətdə darğadır qovğalı məhşər günü.

Ömür boyu aldığın hər bir nəfəs ki, vardır,

Əzabına - tərəzi, həyatına - dağardır.

Dağarı gəzdirməkdə, söylə, nədir qərəzin, -

Ömrünün illərini ölçə bilsin tərəzin?!

Tərəzinin daşları, daş-qaşların olacaq?

Boş qalan dağarına göz yaşların dolacaq.

Həyat tərəzisini düz çəkməz yerin daşı,

Qoluna gil muncuğu taxan naşıdır, naşı!

Var-dövlətə qul olmaq bihudə bir həvəsdir,

Həyatının bəhrəsi bircə anlıq nəfəsdir.

Bu göylərin altında nəyin varsa bağışla,

Verdiyinin dalınca baxma küskün baxışla.

Bu dünyadan köçəndə o dünyanın qoynuna

Dağdan ağır günahın yük olmasın boynuna.

Yetimin göz yaşları ətəyinə axmasın,

Ağbirçəyin fəryadı səni oda yaxmasın.

Çürümüş köhnə fərşi gəl eylə ələk-vələk,

Gərdişini dəyişsin sinəsi dağlı fələk.

Ya kimsəsiz qəribtək intizarla köks ötür,

Ya da Nizami kimi bu dünyadan əl götür.





Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin