Тяхмини тявгим тематик план



Yüklə 1,34 Mb.
səhifə3/47
tarix22.04.2023
ölçüsü1,34 Mb.
#101567
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   47
pedaqoji psixologiyadan mühazirə kursu-2011.02 (2)

ƏDƏBİYYAT


  1. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı, 2002.

  2. Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri, Bakı, Ozan, 1998, 368 s.

  3. Əlizadə Ə.Ə., H.Ə.Əlizadə. Yeni pedaqoji təfəkkür: psixopedaqogikaya giriş. Bakı: 479 s.

  4. Əlizadə Ə.Ə. Əlizadə H.Ə. Pedaqoji psixologiya, I kitab. Bakı: 2010,320 s.

  5. Əlizadə Ə.Ə. Əlizadə H.Ə. Pedaqoji psixologiya, II kitab. Bakı: 2010,288 s.

  6. Əlizadə Ə.Ə. Əlizadə H.Ə. Pedaqoji psixologiya. Bakı : 2010, 600s.

  7. Əliyev B.H., Cabbarov R.V. Təhsildə şəxsiyyət problemi. Bakı: 2008

  8. Əliyev B.H. Şəxsiyyətə yeni baxış nəzəriyyəsi. Bakı, 1999.

  9. Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın əsasları. Bakı, 2002.

  10. Qədirov Ə.Ə. Yaş psixologiyası. Bakı, 2001.

  11. Qasımova L.N., Mahmudova R.M. Pedaqogika. Bakı, Caşıqoğlu, 2003

  12. Vıqotskiy L.S. Pedaqoqiçeskaə psixoloqiə. M., 1996.

  13. Zinçenko V.P. Psixoloqiçeskie osnovı pedaqoqiki. M.: 2002,

  14. Manannikova E.N. Pedaqoqiçeskaə psixoloqiə . M.: 2008

  15. Praktiçeskaə psixoloqiə obrazovanie / Pod red. N.V.Dobrovinoy. SPb., Piter, 2007.

Mövzu 2. Pedaqoji psixologiyanın tədqiqat metodları
Plan:

        1. Metodologiya və metod anlayışı

        2. Metodlara verilən tələblər

        3. Pedaqoji psixologiya metodların təsnifatı

        4. Esperiment və müşahidə metodu

Məlumdur ki, hər bir elmin müstəqil elm sahəsi kimi formalaşması üçün onun özünəməxsus metodları olmalıdır. Metodu hadisələrin təbiətinin tədqiqi üsulu, öyrənilən hadisələrə yanaşma, elmi idrakın dərketmə üsulu və s. kimi səciyyələndirirlər.


Metod hadisələrə, onların qarşılıqlı təsir prosesində və qarşılıqlı münasibətlərdə birinin ortaya çıxmasına digərinin səbəb olduğunu müəyyən etməyə imkan verir. Psixoloji ədəbiyyatlarda metodu psixoloji gerçəkliyi dərk etməyin üsul və vasitələri kimi təqdim edirlər.
Pedaqoji psixologiyanın obyekti insan olduğundan, o öz predmetinə yanaşma tərzinə görə müxtəlif metodoloji yanaşmalardan istifadə edir.
V.Q.Kazanski pedaqoji psixologiyanın tədqiqat metodlarına təlim və tərbiyə prosesində pedaqoqla qarşılıqlı təsirdə şəxsiyyətdə psixi funksiyaların dəyişilmə dinamikasının dərk edilməsi priyomları kimi yanaşır.
Təlim və tərbiyənin psixoloji qanunuyğunluqlarının öyrənilməsi metodları həm ümumi, həm də xüsusi bir elm sahəsi üçün xarakterik olan metodlar sayılır.
Pedaqoji psixologiyanın tədqiqat metodları aşağıdakı tələblərə cavab verməlidir: metodların əsaslı olması (validliyi), obyektivliyi və mötəbərliyi.
Pedaqoji psixoloji tədqiqatın validliyi meyarına görə tədqiqat metodları tədqiqatın məqsəd və vəzifələrinə müvafiq olmalı və nəzərdə tutulan bu və ya digər əlaməti müəyyən etmək və ölçmək imkanı verməlidir. Elmi tədqiqat metodlarının obyektivliyi ilk növbədə psixi olanın obyektiv təbiətindən çıxış edib, psixikanın daxili və xarici təzahürlərinin birləşdirilməsini nəzərdə tutur.
Konkret tədqiqat metodikasını elə işləmək lazımdır ki, o, hətta müxtəlif şəraitdə təkrar edildikdə belə eyni nəticə alınsın. Bu tədqiqat metodikasının mötəbərliyi adlanır.
Ümumi və pedaqoji psixologiyada tədqiqat metodlarının müəyyən prinsiplər əsasında təsnif edilməsi cəhdləri həmişə olmuşdur. Pedaqoji psixologiyada L.A.Qriqoroviç tədqiqat metodlarını aşağıdakı kimi təsnif edir:

  1. Elmi idrakın səviyyələrinə görə;

  2. Tədqiqatın məqsəd və ardıcıllığına görə;

  3. Tədqiqat obyekti ilə işləməyə görə ;

  4. Öyrənilən obyektin xüsusiyyətlərinə görə;

Aparılmış təsnifata daha geniş aspektdən yanaşsaq bu məsələləri daha aydın dərk edə bilərik. Tədqiqat metodlarının hər birinin ayrı-ayrılıqda şərhini verməyə çalışaq
I. Elmi idrakın səviyyələrinə görə tədqiqat metodlarını iki yerə bölürlər:
a) nəzəri tədqiqat metodları;
b) empirik tədqiqat metodları.
Nəzəri tədqiqat metodları problemin müəyyənləşdirilməsi, fərziyyənin irəli sürülməsi və toplanmış faktları müəyyən etmək üçün istifadə olunur. Məhz bu metodların köməyi ilə psixi hadisələrin xüsusiyyətləri, ayrı-ayrı əlamətləri ayırd edilir. Həmin faktların ümumiləşdirilməsi, sistemləşdirilməsi və təhlili ümumi və xüsusi olanı müəyyən etməyə imkan verir.
Pedaqoji və psixoloji ədəbiyyatın təhili əsasında hansı problemin aktual olduğu, hansının isə öz həlinini gözlədiyi məlum olur. Bu vəzifəni nəzəri tədqiqat metodları yerinə yetirir.
Empirik tədqiqat metodlarına müşahidə, söhbət, intervyu, eksperiment, testləşdirmə və s. daxildir.
II. Tədqiqatın məqsəd və ardıcıllığına görə pedaqoji psixologiyada tədqiqat metodları iki yerə bölünür:
1) Obyektin, prosesin, hadisənin aktual vəziyyətinin öyrənilməsi metodu. Bu zaman tədqiqatçı qarşısına təsdiqedici və diaqnostik vəzifə qoyur. Bu metodlar içərisində xarakterik təzahürləri, tipik çətinləşmələri, normadan sapmaları (yayınmaları) müəyyən etməyə imkan verən metod «eninə kəsiklər» metodudur;
2) Obyektin, prosesin, hadisələrin zamanda dəyişilmə dinamikasının öyrənilməsi metodu. Bu langyutidial metod hadisələrin təkamülünü, təşəkkül və formalaşmasını izləməyə imkan verir. Pedaqoji kollektiv bu metod vasitəsilə ümumi tədqiqatçılıq işlərini öyrənə bilər. Məsələn, bir şagird qrupunda uzun müddət tətbiq edilən yeni təlim proqramının effektivliyini məhz bu metodla müəyyənləşdirmək olar. Buraya həm də formalaşdırıcı eksperimenti də aid etmək olar ki, bildiyimiz kimi bu metod uzun illər məktəb kollektivində tətbiq edilirdi.
III. Tədqiqat obyekti ilə edilən hərəkətlərə görə yaradılan tədqiqat metodu. Bu metodlar üç yerə bölünür: obyekti öyrənmə metodu; əldə olunmuş nəticələrin işlənməsi metodu; prezentasiya metodu. Bu metodlar vasitəsilə statistik təhlilin müxtəlif növlərindən (korrelyasiya metodu, faktor analizi, klaster analizi, studyent əmsalı və s.) istifadə edilir.
IV. Öyrənilən obyektin xüsusiyyətlərinə görə tədqiqat metodları üç yerə bölünür:
a) insanın özünün və ya ayrı-ayrı qrupların öyrənilməsi metodu; bu
metod vasitəsilə insanların psixi prosesləri, psixi xassələri, psixi vəziyyətləri və fəaliyyət prosesi öyrənilir. Bu metodlar qrupuna - müşahidə, söhbət, intervyu və testləşdirmə aiddir.
b) insanın fəaliyyət məhsullarının öyrənilməsi metodu; bu metodlardan
pedaqoji psixologiyada təlim fəaliyyətinin məhsullarının öyrənilməsində istifadə olunur.
c) ayrıca xarakteristikaların əlamətlərin öyrənilməsi metodu. Qeyd
olunan metod vasitəsilə davranış göstəricilərini, fəaliyyət və onun təşkilini, eləcə də asılı olmayan kəmiyyətlərin ümumiləşdirilməsinin öyrənilməsində istifadə olunur.
Bu metod müxtəlif pedaqoqlar tərəfindən bir şagird haqqında toplanmış faktların ümumiləşdirilməsini özündə ehtiva edir.
Konkret olaraq pedaqoji-psixoloji tədqiqat metodlarının tətbiqində və ya həyata keçirilməsində 4 mərhələni fərqləndirmək olar:

  1. Fərziyyənin irəli sürülməsi – bu mərhələdə hər hansı bir qrupda və ya fərdi şəxslərdə müəyyən psixoloji problemləri öyrənmək üçün fərziyyə irəli sürülür. Fərziyyə, əsasən empirik faktlara əsaslanmalıdır.

  2. Fərziyyənin yoxlanması mərhələsi – bu mərhələdə artıq əldə olunmuş faktlar təsdiq üçün eksperimental proseduraya keçirilir. Bu zaman nəzəriyyə deyil, praktika ön plana keçir.

  3. Nəticələrin işlənilməsi mərhələsi. Bu mərhələdə əldə edilmiş faktlar kəmiyyət və keyfiyyət baxımından təhlil edilir.

  4. Bu mərhələdə isə materiallar psixoloji nəzəriyyə əsasında şərh edilir və fərziyyənin düzgünlüyü və ya yalnışlığ aydınlaşdırılır.

Müasir dövrdə pedaqoji psixologiyanın tədqiqat metodlarının təsnifatı müxtəlif istiqamətdə aparılır. Pedaqoji psixologiyanın metodlarını nəzəri və empirik metodlara bölürlər.
Nəzəri metodlar idraki fəaliyyətlə və təfəkkürlə bağlıdır. Burada əsasən abstraksiyadan, ümumiləşdirmədən, təsnifatdan və s. istifadə olunur.
Empirik metodlar isə öz növbəsində iki yerə bölünür:
İnformasiyanın toplanması (müşahidə, eksperiment, anketləşdirmə və s.) və informasiyanın işlənməsi (statistik metodlar).
Bununla bərabər obyektiv və subyektiv metodları da fərqləndirirlər.
Psixologiyanın tədqiqat metodlarının ən təkmil variantını bolqar psixoloqu O.D.Pirov vermişdir. Onları aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Müşahidə (obyektiv – vasitəli və vasitəsiz), subyektiv (vasitəli və bilavasitə);
2. Eksperiment (laborator, təbii, pedaqoji-psixoloji);
3. Modelləşdirmə;
4. Psixoloji xarakteristikalar;
5. Köməkçi metodik yanaşmalar (genetik, müqayisəli və s.).
B.Q.Ananyev O.Pirovu tənqid edərək daha əhatəli şəkildə metodların təsnifatını aparmışdır. Onlar aşağıdakılardır:
- təşkilati (müqayisəedici, longyutid və kompleks) metodlar;
- empirik metodlar (müşahidə, özünümüşahidə və eksperiment, laborator, çöl, təbii və başqaları), psixodiaqnostik metod, proseslərin və fəaliyyət məhsullarının təhlili metodu (praksiometrik metodlar), modelləşdirmə və bioqrafik metod;
- verilənlərin işlənməsi metodları: riyazi-statistik təhlil və kəmiyyət təsviri;
- interpretasiya metodları: genetik və struktur metodları (təsnifat, tipləşdirmə və s.).
M.S.Roqovina və Q.V.Zalevski əvvəlkilərdən bir qədər fərqli təsnifat təqdim etmişlər.
1) Germenevtik;
2) Bioqrafik;
3) Özünümüşahidə;
4) Müşahidə;
5) Klinik;
6) Eksperiment.
Bu metodlar içərisində psixopedaqoji müşahidə metodu xüsusi əhəmyyət kəsb edir.
Müşahidə metodu dedikdə, psixi hadisələrin cərəyanına müdaxilə etmədən onu baş verdiyi təbii şəraitdə müntəzəm və məqsədəuyğun izləmək nəzərdə tutulur. Müşahidə metodu zamanı hadisələrdə heç bir süni dəyişiklik aparılmır. Hadisələr necə təzahür edirsə, o cür də müşahidə aparılır. Müşahidə metodunun tətbiqinin əsas şərtləri aşağıdakılardır:

  1. Müşahidə məqsədyönlü olmalıdır;

  2. Müşahidə hadisələrin təbii axarına xələl gətirməməlidir;

  3. Müşahidə mütəşəkkil və ardıcıl surətdə təşkil olunmalıdır;

  4. Müşahidə onu aparan subyektin subyektiv fikirlərini əks etdirməməlidir;

  5. Əldə edilmiş nəticələr etibarlı olmalıdır.

Pedaqoji psixologiyada müşahidə metodunun müxtəlif növlərindən istifadə olunur. Bunlardan birinci növbədə geniş və məhdud müşahidəni göstərmək olar. Geniş müşahidə, adətən, geniş obyektləri əhatə edir. Bu zaman müşahidəçi müvafiq qanunuyğunluğu ortaya çıxartmaq üçün daha çox məktəbi, sinfi və şagirdi əhatə etməli olur. Məhdud müşahidə isə bir növ seçmə xarakter daşıyır. Bu zaman bir neçə müvafiq hal seçilir və onun əsasında aparılan müşahidələrdən müvafiq fikrə gəlmək olur.
Pedaqoji psixologiyada müşahidənin epizodik və sistematik növlərindən də istifadə olunur. Adından göründüyü kimi, sistematik müşahidə uzunmüddətli müşahidədir. Tədqiqatçı bir və ya bir neçə il ərzində eyni sinifdə və ya eyni şagidlər üzərində müşahidələr aparır. Bundan fərqli olaraq epizodik müşahidə dövri xarakter daşıyır və nisbətən az vaxt sərf olunur. Bu zaman müşahidə hər rüb ərzində və ya dərs ilində bir neçə dəfə aparılır. Bütün bunlarla yanaşı, müşahidə zamanı bu və ya digər psixi hadisənin təzahürünü ortaya çıxartmaq, onun səbəblərini müəyyənləşdirmək üçün uzun müddət tələb olunur. Bundan əlavə müşahidə zamanı subyektivlik faktının təzahürü qaçılmaz olur. Bu baxımdan pedaqoji psixologiyada eksperiment metodundan geniş istifadə olunur.
Müşahidədən fərqli olaraq eksperiment metodunun köməyi ilə daha qısa müddətdə daha dəqiq nəticələr əldə etmək olar.
Eksperimentdə bu və ya digər hadisələr süni şərait yaradılaraq öyrənilir. Eksperimental tədqi­qatın müəyyən sistemdə xüsusi tərkib hissələri vardır: eksperimentator, eksperi­men­tal şərait, eksperimental amil, eksperimental obyekt. Eksperimen­tin 2 növü var: təbii və laborator.
Təbii eksperiment ilk dəfə 1910-cu ildə A.F.Lazurski tərəfindən tətbiq olunmuşdur. Təbii eksperiment zamanı eksperimentator müəyyən hadisələri müşahidə etməklə əvvəlcədən düşünülmüş şəkildə situasiyalar yaradır. Məsələn, hansı materialın şagirdlərin təfəkkürünün inkişafına yüksək inkişafetdirici təsir göstərdiyini aşkara çıxarmaq üçün hazırlıq səviyyəsi eyni olan iki qrupdan birində (eksperimental qrup) təlim materialları problem situasiya yaratmaq əsasında, digərində (kontrol qrup) ənənəvi yolla öyrədilir. Hər iki qrupda şagirdlərə eyni müəllim dərs deyir və onlar bu işləri adi dərs kimi qəbul edirlər. Ona görə də heç bir həyəcan, qorxu hissi keçirmirlər. Sonra hər iki qrupda yoxlama sorğu işləri keçirələrək hansı qrupda üstünlük olduğu aşkara çıxarılır.
Pedaqoji psixologiyada pedaqoji-psixoloji eksperimentin müəyyənedici və öyrədici ( formalaşdırıcı) növlərindən də istifadə olunur.
Müəyyənedici eksperimentlərin köməyi ilə şagirdlərdə bu və ya digər psixi hadisəni, bacarıq və vərdişlərin, qabiliyyətlərin, qarşılıqlı münasibətlərin və s. inkişaf səviyyəsi aşkara çıxarılır. Şagirdlərin davranış xüsusiyyətlərini, onların tərbiyəlilik dərəcəsini, motivlərdən asılı olaraq qavramanın dəyişməsini və s. kimi məsələləri də öyrədici eksperimentlərin köməyi ilə öyrənmək mümkündür.
Öyrədici (formalaşdırıcı) eksperimentlər isə müəyyən psixoloji hadisəni, qanunauyğunluğu, keyfiyyəti öyrətmək, aşılamaq, fomalaşadırmaq məqsədi daşıyır. Öyrədici eksperiment zamanı tədqiqatçı öyrətmək, formalaşdırmaq istədiyi bilik, bacarıq və keyfiyyətlərə dair konkret plana malik olur. İş həmin plan əsasında müəyyən ardıcıllıq və sistemdə qurulur. Əldə edilmiş nəticələrin nə dərəcədə düzgün və obyektiv olduğunu müəyyənləşdirmək üçün öyrədici eksperiment zamanı eksperimentator kontrol qrup və ya siniflərdən istifadə edir. Öyrədici iş aparılan sinif və ya qrup eksperimental qrup, o biriləri isə (öyrədici iş aparılmayan, lakin ilkin vəziyyətdə eksperimental qrupla eyni səviyyədə olan) kontrol qrup adlanır. Öyrədici eksperiment başa çatdıqdan sonra həm eksperimental, həm də kontrol qruplarda öyrədici məsələ əsasında tapşırıq verilir. Əldə edilmiş nəticələr təhlil və müqayisə edilərək müvafiq nəticə çıxarılır.
Müəyyənedici və öyrədici eksperimentlər bir-birinin işini tamamlayır, tədqiqatçı bunlardan növbəli şəkildə istifadə edə bilər.
Pedaqoji psixologiyada əkizlər metodundan da istifadə olunur. Əkizlər metodu vasitəsilə əkiz uşaqların psixi inkişaf xüsusiyyətləri, uşaqların irsiyyəti, mikro mühitdə aparılan təlim-tərbiyə ilə irsiyyət arasındakı münasibətlər aşkara çıxarılır.
Bütün bunlarla yanaşı, pedaqoji psixologiyada psixodiaqnostik metodlar da mühüm rol oynayır. Psixodiaqnostik metodlar içərisində sosiometriya da mühüm yer tutur. Sosiometriya latınca «sositas – cəmiyyət», «metreo – ölçmək» deməkdir.
Sosio­metriya ilk dəfə olaraq amerikan alimi C.Moreno tərəfindən işlənilmişdir. Şəxsiyyət­lərarası münasibətləri tezliklə və nisbətən dəqiqliklə müəyyən etmək üçün bu metoddan istifadə edirlər. Sosiometriya metodunun köməyilə qrupdaxili qarşılıqlı münasibətlərin dinamikasını, qrupdaxili və qruplararası ünsiyyət prosesini müəyyənləşdirmək, psixoloji qarşılıqlı təsirin səviyyəsini və xarakterini aşkar etmək mümkündür. Bir texniki üsul kimi sosiometriya qarşılıqlı münasi­bətləri öyrənmək üçün əlverişlidir. Pedaqoji psixologiyada onun müxtəlif variantları işlənilmişdir. Sosiometriya hansı formada işlənilirsə işlənilsin onun nəticələrini müşahidə və eksperiment yolu ilə dəqiqləşdirmək lazımdır.
Şəxsiyyətlərarası münasibətləri və ictimai rəyi öyrənmək üçün tətbiq edilən metodlardan biri də intervyudur. İntervyu iki şəxsin qarşılıqlı ünsiyyətini nəzərdə tutur: biri digərinə informasiya çatdırır, o isə onu təhlil edib mənim­səyir. Qarşıya qoyulmuş məqsədə müvafiq olaraq müəyyən informasi­yanı almaq üçün verbal kommunikasiya prosesindən istifadə yolu ilə sorğu aparılması intervyu adlanır.
Bundan başqa pedaqoji psixologiyada istifadə edilən metodlardan biri də anket metodudur. Bu üsul vasitəsilə suallara yazılı cavab alınır. Anket üsulunun üstün cəhəti qısa müddət ərzində bu və ya digər məsələ haqqında müxtəlif şəxslərin rəyinin öyrənməsinin mümkün olmasıdır. Anket üsulundan sosioloji tədqiqatlarda daha geniş miqyasda istifadə edilir.
Psixologiyının başqa elm sahələrində olduğu kimi pedaqoji psixologiyada da riyazi-statistik metodlardan da istifadə olunur. Bu metod vasitəsilə müşahidə və eksperiment zamanı əldə olunmuş nəticələrin dəqiqliyini, etibarlılığını və asılılıq əmsalının əhəmiyyətlilik dərəcələrini müəyyən etmək mümkündür.
Pedaqoji psixologiyada söhbət metodu da xüsusi əhəmiyyətə malikdir. Müəllimlər pedaqoji fəaliyyətdə formal (suallar qoyulur və ona cavab verilir) və qeyri-formal (əlavə suallar verməklə situasiya aydınlaşdırılır) söhbət üsulundan istifadə edirlər.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin