Proqram interfeysi hesablama sistemi çərçivəsində qurğu və proqramların qarşılıqlı əlaqəsini təmin edən vasitələr məcmusudur.
İstifadəçi interfeysi istifadəçinin kompüterlə qarşılıqlı əlaqəsi üçün proqram və aparat vasitəsidir. Öz növbəsində istifadəçi interfesi əmrli və obyektyönlü ola bilər.
Əmrli interfeys istifadəçiyə kompüter resurslarının idarə olunması üçün əmrləri klaviaturadan daxil etməyə imkan verir.
Obyektyönlü interfeys obyektlər, yəni fayl, kataloq (qovluq), disk aparıcısı, proqram, sənəd və s.üzərində əməliyyatları bilavasitə həyata keçirən hesablama sisteminin resurslarını idarə edir.
Əməliyyat sisteminin yeni modifikasiyasının adı dəyişilmir, amma versiya (variant) adını alır. ƏS-nin versiyası onluq kəsr şəklində 6. 00, 3. 11, 2. 1 və s. işarə olunur. Nöqtədən soldakı rəqəmin artması sistemdə mühüm dəyişikliyin, nöqtədən sağdakı rəqəmin artması isə sistemdə cüzi dəyişikliyin edilməsini göstərir. Versiya nömrəsinin böyük olması, sistemin daha çox imkanlara malik olmasıdır.
Əməliyyat sistemlərinin təsnifatı Əməliyyat sistemlərinin aşağıdakı növləri mövcuddur:
- sistemlə eyni vaxtda işləyən istifadəçilərin sayına görə: biristifadəçi, çoxistifadəçi;
- sistemin idarəsi ilə eyni vaxtda yerinə yetirilən məsələlərin sayına görə: birməsələli, çoxməsələli;
- prosessorların sayına görə: birprosessorlu, çoxprosessorlu;
- prosessorun mərtəbələrini sayına görə: 8-mərtəbəli, 16-mərtəbəli, 32-mərtəbəli, 64-mərtəbəli; - interfeysin tipinə görə: əmrli və obyektyönlü;
- informasiya emalı rejiminə görə: paket emallı, vaxt bölgülü, real vaxta görə; - resurslardan istifadənin tipinə görə: şəbəkə, lokal.
Birinci əlamətə görə, biristifadəçi ƏS-dən fərqli olaraq, çoxistifadəçi əməliyyat sistemləri kompüterdə eyni vaxtda müxtəlif terminallarla bir neçə istifadəçinin işləməsinə imkan verir.
İkinci əlamətə görə, çoxməsələlik anlayışı mövcud hesablama sistemi çərçivəsində eyni vaxtda bir neçə proqramın paralel yerinə yetirilməsidir. Birməsələli ƏS isə eyni vaxtda yalnız bir proqramın yerinə yetirilməsinə imkan verir.
Üçüncü əlamətə görə, bir prosessorludan fərqli olaraq, çoxprosessorlu ƏS bu və ya digər məsələnin həlli üçün bir neçə prosessor resurslarının paylanması rejiminə imkan verir.